Azərbaycan Respublikası Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət
Fondunun vəsaitinin istifadəsi Qaydaları
Əlavə II
Azərbaycan
Respublikası Prezidentinin 2 aprel 2013-cü il tarixli fərmanı ilə təsdiq
edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu qaydalar Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (bundan sonra - Fond) vəsaitinin istifadəsi mexanizmini və şərtlərini müəyyən edir, o cümlədən layihələr üzrə ərizələrin qəbulu, layihələrin ekspertizasının keçirilməsi, onların maliyyələşdirilməsi, monitorinqi və idarə edilməsi məsələlərini tənzimləyir.
1.2. Fondun vəsaitləri Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyaları (bundan sonra - İKT) sahəsinin inkişafının prioritet istiqamətləri üzrə investisiya və müsabiqə layihələrinin maliyyələşdirilməsinə, eləcə də İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin nizamnamə kapitalındakı iştirak payına, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşuna yönəldilir.
1.3. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, Nazirlər Kabinetinin qərar və sərəncamlarında, dövlət proqramlarında İKT-nin inkişafı ilə bağlı nəzərdə tutulan konkret layihələrin Fondun vəsaiti hesabına həyata keçirilməsi məqsədi ilə Fondun Müşahidə Şurasının (bundan sonra - Şura) müəyyən etdiyi forma və qaydada sahibkarlıq subyektləri arasında müsabiqə keçirilir.
1.4. Qaytarılan güzəştli kredit vəsaitləri, habelə digər daxilolmalar Fondun hesabında saxlanılır və bu qaydaların 1.2-ci bəndində nəzərdə tutulmuş məqsədlər üçün yenidən istifadə olunur.
2. Layihələrin maliyyələşdirilməsi mexanizmləri
2.1. Fond layihələrin maliyyələşdirilməsinin aşağıdakı mexanizmlərini tətbiq etmək hüququna malikdir:
2.1.1. İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunu;
2.1.2. müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra - müvəkkil kredit təşkilatı) vasitəsilə güzəştli kreditlər şəklində İKT sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyələşdirilməsini;
2.1.3. innovativ və tətbiqi elmi-texniki layihələrin (startap layihələri) qrant maliyyələşdirilməsini.
2.2. Hər bir maliyyələşmə mexanizmi üzrə ümumi prinsiplər bu qaydalarla müəyyən edilir. Layihələrin dəqiq icrasını təmin etmək məqsədi ilə Şura tərəfindən hər bir maliyyələşmə mexanizmi üzrə əlavə reqlamentlərin təsdiq edilməsi nəzərdə tutulur.
3. İnvestisiya fəaliyyəti
3.1. Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin fəaliyyətində payçı və ya səhmdar kimi iştirak etməkdir.
3.2. Layihənin investisiya formasında maliyyələşdirilməsi hüquqi şəxsin nizamnamə kapitalının bir hissəsinin Fondun maliyyə vəsaiti hesabına formalaşdırılması və ya artırılması yolu ilə həyata keçirilir.
3.3. Bu zaman Fond ilə həmin hüquqi şəxs arasında forması Şura tərəfindən təsdiq edilən müqavilə imzalanır. Müqavilədə layihənin icrası ilə bağlı maliyyə-təsərrüfat tədbirləri, layihənin nəticələri, layihənin idarə edilməsi və monitorinq mexanizmləri və layihənin reallaşması ilə əlaqədar digər tədbirlər əks olunur.
3.4. Hüquqi şəxsin fəaliyyətinə nəzarət Fondun səhmdar və payçı kimi malik olduğu hüquqlara əsasən həyata keçirilir.
3.5. İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin nizamnamə kapitalındakı iştirak payı, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşu aşağıda qeyd edilən prinsiplərə əsaslanır:
3.5.1. Fondun İKT sahəsində fəaliyyət göstərən və ya yeni təsis edilən kommersiya hüquqi şəxslərinin nizamnamə kapitalına investisiya qoyuluşu barədə qərarı iştirak payı təklif edilən hüquqi şəxslərin fəaliyyətinin kommersiya səmərəliliyini əks etdirən biznes-planlarının təhlili və onların təsisçilərinin, habelə digər iştirakçılarının sahibkarlıq fəaliyyəti sahəsində malik olduğu təcrübə və əldə etdiyi nailiyyətlərin nəzərə alınması əsasında qəbul edilir;
3.5.2. Fond investisiya qoyduğu hüquqi şəxsin nizamnamə kapitalında üstün iştirak payına malik olmamalıdır;
3.5.3. kommersiya təşkilatının nizamnamə kapitalına qoyulan investisiya üçün Fondun Müşahidə Şurasının müəyyən etdiyi müddət bitdikdə, Fond əldə etdiyi iştirak payını bazar qiymətləri ilə sataraq kommersiya təşkilatındakı iştirakına xitam verir.
3.6. Fond investisiya fəaliyyəti ilə əlaqədar aşağıdakıları həyata keçirir:
3.6.1. xarici investorları ölkənin İKT sahəsinə dəvət etmək istiqamətində tədbirlər görür;
3.6.2. birgə müəssisələrin yaradılması məqsədi ilə xarici investorların yerli hüquqi şəxslərlə iş birliyi qurmasına yardım edir;
3.6.3. İKT sahəsinə investisiya qoymaq üçün layihələri müəyyən edir, onların sənaye və maliyyə ekspertizasını keçirir;
3.6.4. Fond üçün investisiya qoyuluşu obyekti ola biləcək innovativ layihələri olan perspektivli hüquqi şəxsləri seçir;
3.6.5. perspektivli investisiya layihələri olan hüquqi şəxslərə investisiya müqavilələrinin hazırlanmasında konsaltinq xidməti göstərir;
3.6.6. investisiyaların həyata keçirilməsi üçün investorların konsorsiumunu formalaşdırır;
3.6.7. Fondun vəsaitlərinin investisiyası çərçivəsində müstəqil və ya investorlar konsorsiumunun tərkibində əməliyyatlar aparır;
3.6.8.
Fondun investisiya portfelini idarə edir.
3.7. Fondun vəsaitləri
İKT sahəsində aşağıda qeyd olunan istiqamətlər
üzrə fəaliyyət göstərən sahibkarlıq
subyektlərinə investisiya olunur:
3.7.1. tətbiqi elmi tədqiqat və təcrübi-layihə
işlərinin aparılması;
3.7.2. innovativ layihələrin yaradılması;
3.7.3. yeni texniki sınaq qurğularının
yaradılması;
3.7.4. yeni nümunəvi texnikanın
yaradılması və istehsalı;
3.7.5. yeni texnologiyaların yaradılması;
3.7.6. proqram təminatı vasitələrinin
yaradılması;
3.7.7. informasiyanın
qəbulu, emalı, təhlili və ötürülməsi
sahəsində yeni xidmətlərin yaradılması;
3.7.8. elmi tədqiqat işlərinin istehsalata tətbiqi,
onların kommersiyalaşdırılması.
4. Müvəkkil
kredit təşkilatları vasitəsilə güzəştli
kreditlərin təqdim edilməsi
4.1. Fondun vəsaitlərinin
sahibkarlıq subyektlərinə çatdırılması
müvəkkil kredit təşkilatları vasitəsilə
onların öz adından və öz riskləri hesabına həyata
keçirilir.
4.2. Şura tərəfindən
müəyyən edilmiş meyarlara uyğun olaraq Azərbaycan
Respublikasının Mərkəzi Bankı tərəfindən
lisenziya verilmiş müvəkkil
kredit təşkilatı güzəştli kreditlərin verilməsində
iştirak edə bilər.
4.3. Müvəkkil
kredit təşkilatları ilə Fond arasında vəsaitlərin
istifadə şərtlərini nəzərdə tutan
müqavilə imzalanır. Cari il üzrə
hər bir müvəkkil bank üçün kredit xətti
onun sifarişi əsasında müəyyən edilir. Kredit vəsaitləri layihənin icra tələbindən
asılı olaraq sahibkarlara tam və ya mərhələli
şəkildə verilir. Fond müvəkkil
kredit təşkilatı ilə sahibkarlıq subyektləri
arasında bağlanılacaq müqavilədə digər məcburi
şərtlərin olmasını tələb edə bilər.
4.4. Kredit vəsaiti
bu qaydaların 5.7-ci və 5.9-cu bəndlərinə uyğun
olaraq verilir. Kredit vəsaiti yalnız tam istifadə
olunduqdan sonra müvəkkil kredit təşkilatı tərəfindən
kredit xəttinin istifadə və ya yeni kredit xəttinin
açılması üçün müraciət edilir.
4.5. Müvəkkil
kredit təşkilatlarına kreditlərin verilməsi
aşağıdakı qaydalara əsasən həyata
keçirilir:
4.5.1. müvəkkil kredit təşkilatlarının
Fonddan cəlb etdikləri vəsaitlərin ümumi məbləğinin
qalığı onların nizamnamə kapitallarının 150
faizinədək ola bilər;
4.5.2. müvəkkil
kredit təşkilatları istifadə etdikləri vəsaitlər
üzrə əsas borc və hesablanmış faizləri hər
ay üzrə növbəti ayın 3 (üç) bank
günündən gec olmayaraq Fonda ödəməlidirlər;
4.5.3. müvəkkil kredit təşkilatlarının
Fond qarşısında öhdəliyi, onların
sahibkarlıq subyektlərinə olan münasibətlərindən
asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən
güzəştli kreditlər, faizlər və digər
öhdəliklər üzrə ödənişlərin həyata
keçirilməsindən asılı olmayaraq, müvəkkil
kredit təşkilatları Fond qarşısında öz
öhdəliklərini müqavilə şərtlərinə
uyğun olaraq yerinə yetirməlidirlər. Müvəkkil
kredit təşkilatları 1 (bir) ay ərzində öhdəliklərini
icra etmədikdə, Fond vəsaitlərinin qaytarılması
üçün qanunvericiliyə uyğun tədbirlər
görür;
4.5.4. müvəkkil kredit təşkilatları tərəfindən
sahibkarlıq subyektlərindən qanunvericiliklə və Şura tərəfindən müəyyən
olunmuş şərtlərdən başqa digər şərtlərin
(əlavə faizlərin ödənilməsi və s.) tələb
olunması barədə şikayətlərə Şura tərəfindən
baxılır və belə faktlar təsdiq olunduğu təqdirdə
Şura müvəkkil kredit təşkilatına yeni vəsaitlərin
ayrılmasını dayandırır və ya müvəkkil
kredit təşkilatı kimi onun xidmətindən imtina edir.
5. Kreditlərin
sahibkarlıq subyektlərinə ayrılması və onlardan
istifadə edilməsi
5.1. Müvəkkil
kredit təşkilatları bu qaydalara uyğun olaraq Fondun vəsaitlərini
öz adlarından və öz riskləri hesabına yerləşdirirlər.
5.2. Fondun vəsaiti
hesabına güzəştli kredit almaq üçün
sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatlarına
müraciət edirlər. Müvəkkil kredit təşkilatları
müraciətləri qeydiyyata alır və sahibkara müraciətin
qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd
təqdim edir. Müvəkkil kredit təşkilatları
10 (on) bank günündən gec olmayaraq öz biznes
maraqlarına və Fondun müəyyən etdiyi investisiya layihələrinin
tərtib olunmasına dair minimal tələblər və qiymətləndirmə
meyarlarına əsaslanaraq investisiya layihələrini təhlil
edir və müsbət qiymətləndirdiyi layihələrə
dair Fondun müəyyən etdiyi məlumatları və sənədləri
Fonda təqdim edir. İnvestisiya layihəsi mənfi
qiymətləndirilən sahibkarlıq subyektlərinə isə
müvəkkil kredit təşkilatları tərəfindən
3 (üç) bank günü müddətində əsaslandırılmış
imtina məktubu təqdim edilir.
5.3. Fond 10 (on) bank günü müddətində
Fondun vəsaitləri hesabına maliyyələşdirilmək
üçün təqdim olunmuş layihələri
ekspertizadan keçirir və kiçikhəcmli kreditlər
istisna olmaqla, müvəkkil kredit təşkilatlarının
təqdim etdiyi layihələrin bilavasitə yerində ilkin
monitorinqini həyata keçirir.
5.4. Ekspertizanın
nəticəsindən asılı olaraq, Fond müraciətlərin
təmin olunması və ya onlardan imtina edilməsi barədə
müvəkkil kredit təşkilatlarına rəsmi məlumat
verir. Müvəkkil kredit təşkilatı
müraciətlərin təmin olunması haqqında Fondun
müsbət qərarını aldıqdan sonra kreditlərin
sahibkarlara ayrılması haqqında son qərarı verir.
5.5. Sahibkarlıq
subyektləri ilə kredit müqaviləsi bağlandıqdan
sonra müvəkkil kredit təşkilatları tərəfindən
kredit vəsaitinin ayrılması barədə Fonda sifariş
göndərilir. Fond 3 (üç) bank
günü ərzində vəsaitlərin müvəkkil
kredit təşkilatlarına ayrılmasını təmin
edir. Ayrılmış vəsait müvəkkil
kredit təşkilatının müxbir hesabına daxil
olduqdan sonra kredit təşkilatı 2 (iki) bank günü ərzində
vəsaiti sahibkarlıq subyektinin hesabına
köçürür və bu barədə Fonda və
sahibkarlıq subyektinə məlumat verir.
5.6. Fondun güzəştli
kreditlərindən istifadə etmək üçün
investisiya layihəsi təqdim etmiş bütün
sahibkarlıq subyektləri haqqında müvəkkil kredit təşkilatları
tərəfindən hər rüb bitdikdən sonra növbəti
ayın ilk 5 (beş) bank günündən gec olmayaraq Fonda məlumat
verilməlidir. Təqdim olunacaq məlumatın
forması Fond tərəfindən müəyyənləşdirilir.
5.7. Sahibkarlıq subyektlərinə
Fondun vəsaitlərindən aşağıdakı hədlərdə
güzəştli kredit vəsaiti verilir:
5.7.1. 10
000 manatdan 50 000 manatadək - kiçikhəcmli kreditlər;
5.7.2. 50
001 manatdan 500 000 manatadək - ortahəcmli kreditlər;
5.7.3. 500
001 manatdan 5 000 000 manatadək - böyükhəcmli kreditlər.
5.8. Hər bir
sahibkarlıq subyektinin Fondun vəsaitləri hesabına
aldığı güzəştli kreditin (o cümlədən,
bir investisiya layihəsi üzrə) maksimum həddi 5 000000
manatdan artıq ola bilməz.
5.9. Fondun güzəştli
kreditlərinin müddətləri aşağıdakı kimi
müəyyən edilir:
5.9.1. kiçikhəcmli kreditlər üçün
- 3 (üç) ilədək;
5.9.2. ortahəcmli kreditlər üçün - 5
(beş) ilədək;
5.9.3. böyükhəcmli kreditlər
üçün - 10 (on) ilədək.
5.10.
Fondun kreditlərinin illik faiz dərəcəsi 1 faiz müəyyən
edilir.
5.11.
Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə
tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək
həddinin cəmi kredit məbləğinin 5 faizindən
artıq olmamalıdır.
5.12. Fond
tərəfindən büdcə vəsaitləri istisna olmaqla
digər mənbələrdən cəlb olunan vəsaitlərə
həmin mənbələrlə bağlanılan müqavilələrdə
nəzərdə tutulmuş faizlər nəzərə
alınmaqla bu qaydaların 5.10-cu və 5.11-ci bəndləri tətbiq
edilir.
5.13.
Kreditlərdən istifadə üzrə güzəşt
müddəti kredit verilmiş hər bir sahibkarlıq subyekti
üçün fəaliyyətin xarakterindən asılı
olaraq nağd pulun hərəkəti barədə məlumat əsasında
müəyyən edilir və kreditin istifadə müddətinin
ilk yarısını əhatə edir. Güzəşt
müddətində sahibkarlıq subyektləri yalnız faiz
borclarını ödəyir, əsas borc üzrə isə hər
hansı ödəniş həyata keçirmirlər. Müvəkkil kredit təşkilatları
sahibkarlıq subyektləri üçün müəyyən
etdikləri güzəşt müddəti barədə Fonda məlumat
verməlidir.
6. Vəsaitlərin sahibkarlıq
subyektləri tərəfindən geri qaytarılması
6.1. Sahibkarlıq subyektlərinin
vaxtından əvvəl ödədikləri faizlər və
ya əsas borc müvəkkil kredit təşkilatı tərəfindən
3 (üç) bank günündən gec olmayaraq Fondun xəzinə
hesabına köçürülməlidir. Müvəkkil
kredit təşkilatları tərəfindən həmin vəsaitin
Fondun xəzinə hesabına köçürülməsi 30
(otuz) bank günündən çox gecikdirilərsə,
Şura müvəkkil kredit təşkilatına yeni vəsaitlərin
ayrılmasını dayandırır və ya müvəkkil
kredit təşkilatı kimi onun xidmətindən imtina edir.
6.2. Fond,
sahibkarlıq subyektləri tərəfindən əsas borc və
faizlərin müvəkkil kredit təşkilatına ödənilməsi
müddəti ilə müvəkkil kredit təşkilatları
tərəfindən Fonda köçürülməsinin
üzləşməsini apara və ya bunun üçün Azərbaycan
Respublikasının Mərkəzi Bankına müraciət edə
bilər. Belə müraciət daxil olduğu təqdirdə,
Azərbaycan Respublikasının Mərkəzi Bankı öz
səlahiyyətləri daxilində müvəkkil kredit təşkilatında
yoxlama aparan zaman bu məsələni də
araşdırır və Fonda məlumat verir.
6.3. Vəsaitlərin
sahibkarlıq subyektləri tərəfindən geri
qaytarılmaması və ya gecikdirilməsi müvəkkil
kredit təşkilatını Fond qarşısındakı
öhdəliklərdən azad etmir.
7. Qrant maliyyələşdirilməsi
7.1. Fond Əsasnaməsində qeyd
olunan prioritetlərə uyğun olaraq, şəffaflıq
şəraitində müsabiqə
əsasında fiziki və hüquqi şəxslərin qrant
maliyyələşdirilməsini həyata keçirir.
7.2. Müsabiqə
üzrə ərizələrin qəbulu, ilkin təhlili və
kodlaşdırılması, daimi və müstəqil ekspertlərin
seçilməsi, müstəqil ekspertlər haqqında məlumat
bazasının yaradılması və
kodlaşdırılması Fondun müvafiq bölməsi tərəfindən
yerinə yetirilir.
7.3. Müsabiqədə
iştirak etmək məqsədilə hər bir fiziki və
hüquqi şəxs ərizə ilə Fonda müraciət
etməlidir.
7.4. Fondun Əsasnaməsinə
əsasən müsabiqə layihələri ilkin və kompleks
ekspertizaların nəticələrinə uyğun olaraq
seçilir.
7.5. Fondun müvafiq
bölməsi və daimi ekspertləri tərəfindən 15
(on beş) iş günü müddətində
kodlaşdırılmış layihələrin ilkin
ekspertizası keçirilir, ilkin ekspertizanın nəticələri
sistemləşdirilir və qərar qəbul edilir. İlkin
ekspertizanın nəticələrinə uyğun olaraq
aşağıdakı qərarlardan biri qəbul edilir:
7.5.1. layihənin tam olmaması və ya Fondun fəaliyyətinə
və prioritetlərinə uyğun gəlməməsi səbəbindən
layihədən imtina edilməsi. Bu halda ərizəçi
müvafiq qaydada məlumatlandırılır;
7.5.2. ərizənin növbəti mərhələyə
buraxılması və kompleks ekspertizanın keçirilməsi
haqqında qərarın qəbul edilməsi.
7.6.
Müstəqil və daimi ekspertlər tərəfindən 20
(iyirmi) iş günü müddətində hər layihə
üzrə kompleks ekspertiza keçirilir və
ekspertizanın nəticəsini özündə əks etdirən
rəy, arayış və tövsiyələr Fonda təqdim
edilir.
7.7. Fondun
müvafiq bölməsi və daimi ekspertləri tərəfindən
Şurada baxılmaq üçün hər layihə üzrə
müvafiq sənədlər toplusu hazırlanır. Bu sənədlər toplusu əsasında
Şuranın iclasında müzakirələr aparılır,
rəy və tövsiyələr verilir, müsabiqənin
qalibləri müəyyən edilir.
7.8. Layihələrin
maliyyələşdirilməsi Fondla müsabiqənin qalibi
(layihə rəhbəri) arasında bağlanmış
müqavilə əsasında həyata keçirilir. Layihənin xərclər smetası, biznes planı və
praktiki nəticələrinin istifadəsi ilə bağlı
xüsusi öhdəlikləri nəzərdə tutan
müvafiq sənədlər müqaviləyə əlavə
olunur.
7.9. Layihələr
üzrə qrantlar kiçik, orta və böyük həcmli
olmaqla, 36 (otuz altı) ay müddətinədək
ayrılır.
7.10. Bir
layihə üzrə qrant maliyyələşdirilməsinin həcmi
300 000 manatdan çox olmamalıdır.
7.10.1.
Sahibkarlıq subyektlərinə Fondun vəsaitlərindən
aşağıdakı hədlərdə qrant vəsaiti
verilir:
7.10.1.1. 10 000 manatdan 100
000 manatadək - kiçikhəcmli qrantlar;
7.10.1.2. 100 001 manatdan
200 000 manatadək - ortahəcmli qrantlar;
7.10.1.3. 200 001 manatdan
300 000 manatadək - böyükhəcmli qrantlar.
7.11.
Müsabiqə əsasında layihələrin seçilməsi
daimi və müstəqil ekspert komissiyaları tərəfindən
həyata keçirilən ilkin və yekun ekspertizaların nəticələrinə
uyğun olaraq yerinə yetirilir.
7.12. Layihənin
maliyyələşdirilməsi üç mərhələdə
həyata keçirilir:
7.12.1. 12
ay müddəti əhatə edən birinci mərhələdə
ilkin maliyyələşdirilmə həyata keçirilir. Bu mərhələdə
layihənin biznes-planına uyğun olaraq işlərin təşkilinə
qrantın ümumi məbləğinin 20 faizi ayrılır;
7.12.2.
12-24 ay müddəti əhatə edən ikinci mərhələdə
maliyyələşdirilmənin davam etdirilməsinə dair qərar
ilkin mərhələnin nəticələrinə uyğun
olaraq qəbul edilir. Layihənin ilkin mərhələsinin nəticələri
layihənin biznes-planında qeyd olunan proqnoz göstəricilərinə
müvafiq olaraq qənaətbəxş hesab edildiyi təqdirdə,
layihənin aralıq maliyyələşdirilməsinə
qrantın ümumi
məbləğinin 30 faizi ayrılır;
7.12.3.
24-36 ay müddəti əhatə edən sonuncu mərhələdə
müvafiq prosedura uyğun olaraq, layihənin son maliyyələşdirilməsinə
qrantın ümumi məbləğinin qalan 50 faizi
ayrılır. Bu
mərhələdə layihənin
kommersiyalaşdırılması məqsədi ilə layihəyə
digər investorların vəsaitlərinin cəlb olunması əsas
şərt hesab edilir.
8. Layihələrin monitorinqi
8.1. Müvəkkil kredit təşkilatları
Fond tərəfindən müəyyən edilmiş qaydalara əsasən
ildə iki dəfədən az olmayaraq Fondun vəsaitlərinin
hər bir sahibkarlıq subyekti tərəfindən investisiya
layihəsi üzrə istifadə edilməsinin monitorinqini
aparır və bu barədə Fonda hesabat verirlər. Hesabatın strukturu və forması Fond tərəfindən
müəyyən edilir. Müvəkkil
kredit təşkilatı tərəfindən aparılan
monitorinq zamanı güzəştli kredit vəsaitinin təyinatı
üzrə istifadə edilməməsi halları aşkar
edildikdə, müvəkkil kredit təşkilatı güzəştli
kreditin və hesablanmış faiz borcunun vaxtından əvvəl
ödənilməsini sahibkarlıq subyektindən tələb
etməlidir. Sahibkarlıq subyektinin öz
öhdəliyini yerinə yetirib-yetirməməsindən
asılı olmayaraq, müvəkkil kredit təşkilatı
10 (on) bank günü ərzində bu layihə üzrə əsas
kredit və faiz borcunu bütövlükdə Fondun hesabına
köçürməlidir.
8.2. Vəsaitlərin
təyinatı üzrə istifadəsinə nəzarət etmək
məqsədilə Fond maliyyələşdirdiyi sahibkarlıq
subyektlərində müstəqil monitorinqlər apara bilər.
8.3. Müsabiqə
layihələrinin monitorinqini Fondun müvafiq bölməsi və
ya Fondun sifarişinə əsasən müstəqil ekspertlər
həyata keçirirlər.
8.4. Müsabiqə
layihələrinin monitorinqi aşağıdakı məqsədlərlə
həyata keçirilir:
8.4.1. layihə icraçısının imzalanan
müqaviləyə əsasən Fondun qarşısında
götürdüyü öhdəliklərin yerinə yetirilməsini
qiymətləndirmək;
8.4.2. layihə üzrə risklərin
azaldılması və aradan qaldırılması
üçün tədbirlər görmək;
8.4.3. layihələrin icrası üzrə müvafiq
məlumatları layihələrin monitorinq bazasına daxil etmək.
8.5. Müsabiqə
layihələrinin monitorinqi layihə
icraçısının təqdim etdiyi müvafiq sənədlərin
(təqdim olunan layihələrin hüquqi, maliyyə-iqtisadi və
elmi-texniki təhlili də daxil olmaqla) yoxlanılması yolu ilə
yerinə yetirilir.
8.6. Müsabiqə
layihələrinin monitorinqi zamanı Fondun vəsaitlərinin
təyinatı üzrə istifadəsi yoxlanılır,
müvafiq sənədlər üzrə layihə
icrasının faktiki və proqnoz göstəriciləri
müqayisəli şəkildə təhlil edilir, təqdim olunan
sənədlər (illik audit yoxlamaları, rüblük və
illik maliyyə hesabatları və digər məlumatlar) əsasında
onun maliyyə vəziyyəti araşdırılır.
8.7. Fond tərəfindən
aparılan monitorinq zamanı güzəştli kredit vəsaitinin
təyinatı üzrə istifadə edilməməsi halları
aşkar edildikdə, Fondun yazılı tələbinə əsasən
həmin sahibkarlıq subyektinə verilmiş güzəştli
kredit və faiz borcu müvəkkil kredit təşkilatı tərəfindən
sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini
icra edib-etməməsindən asılı olmayaraq 10 (on) bank
günü ərzində bütövlükdə Fondun
hesabına köçürülür. Tələb
edilən vəsaitin köçürülməsi 30 (otuz) təqvim
gününü keçdiyi təqdirdə, Fond gecikdirilən
məbləğin qaytarılması üçün
qanunvericiliyə uyğun tədbirlər görür.
8.8. Fond tərəfindən müəyyən edilmiş monitorinqin
keçirilmə qaydalarının müvəkkil kredit təşkilatları
tərəfindən 3 (üç) dəfə və daha
çox pozulması halları aşkar edildikdə, Fond tərəfindən
müvəkkil kredit təşkilatına yeni vəsaitlərin
ayrılması dayandırılır və ya o, müvəkkil
kredit təşkilatları sırasından
çıxarılır.
Azərbaycan $g 2013.- 3 aprel.- S.4-5.