Bir neçə gündən sonra Bakıda beynəlxalq iqtisadi
forum işə başlayacaq
Belə mötəbər
tədbirə Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin
iqtisadiyyatına dünyadakı
marağın artmasından xəbər verir
Cari ilin yanvar ayında keçirilən Davos Forumunda "Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı Strateji Dialoq"un Azərbaycanda keçirilməsinə qərar verildi. Bakı forumunda regionun inkişafının bir çox aktual məsələləri geniş şəkildə müzakirə olunacaq. Tədbirdə son illər regionda hansı islahatların keçirildiyi, kiçik və orta sahibkarlığın vəziyyəti, insan kapitalının istifadəsi üçün hansı işlərin görüldüyü məsələləri də diqqət mərkəzində olacaq. Bununla yanaşı, iqtisadiyyata yerli və xarici investisiyaların qoyuluşu, xarici və yerli investorların üzləşdiyi problemlər, regionun coğrafi üstünlüyü, tranzitdən savayı ticarətdə regionun rolu, ölkələr regionda sahibkarlığı necə dəstəkləyə bilərlər və s. mövzular geniş şəkildə müzakirə ediləcək.
Belə bir nüfuzlu tədbirin Azərbaycanda keçirilməsi, təbii ki, təsadüfi deyil və bu amil ilk növbədə ölkəmizin dünyada günbəgün artan nüfuzu ilə bağlıdır. Amma o da həqiqətdir ki, Azərbaycan belə mövqeyə birdən-birə sahib olmamışdır və bunun üçün qısa, lakin uğurlu yol keçmişdir.
"Əsrin müqaviləsi" bağlanandan sonra istər ölkə daxilində, istərsə də xarici mətbuatda tez-tez Azərbaycanda "Holland sindromu"nun təkrar olunacağı barədə materiallar dərc olunurdu. Bəzi qüvvələr elə hesab edirdilər ki, Azərbaycan iqtidarı yalnız neft amilindən istifadə etməklə kifayətlənəcək. Lakin belə olmadı. Dövlətin apardığı düzgün siyasət nəticəsində iqtisadiyyatın bütün sahələri paralel olaraq inkişaf etdirildi.
Neft satışından əldə olunan gəlirlər ilk növbədə iqtisadiyyatın şaxələndirilməsinə yönəldildi. Bu məqsədlə elmi və praktiki cəhətdən əsaslandırılmış dövlət layihələri həyata keçirildi. Öncə ölkəmizdə dövlət mülkiyyətinin özəlləşdirilməsinə start verildi. Bu sahədə aparılan islahatlar tədricən öz səmərəsini verməyə başladı. Beləliklə, Azərbaycanda yeni sahibkarlar sinfi formalaşdı. Dövlətin sahibkarlara yaratdığı münbit şərait nəticəsində kiçik və orta sahibkarlar zaman keçdikcə iri sahibkarlara çevrildilər.
Dünya praktikasında iqtisadiyyatın kreditləşməsi mühüm əhəmiyyət kəsb edir. Odur ki, Azərbaycan hökuməti yerli sahibkarları kreditlə təmin etməklə bərabər, xarici sahibkarları da Azərbaycan iqtisadiyyatına kapital qoyuluşuna təşviq edirdi. Bu məqsədlə ilk növbədə qanunvericilik bazası dünya standartlarına uyğunlaşdırıldı. Nəticədə xarici şirkətlərdə ölkəmizə inam yarandı. Onlar gördülər ki, ölkəmizə kapital qoyub iş görməkdə risk etmirlər. Qanun onların hüquqlarını və kapitalını qoruyur. Yaradılan münbit investisiya mühiti qısa zaman kəsiyində xarici kapitalın Azərbaycana axmasına imkan verdi. Elə buna görə də Azərbaycan MDB məkanında ən çox xarici kapital qoyulan ölkəyə çevrildi. Bu proses indi də davam edir. Bir sıra beynəlxalq təşkilatlar Azərbaycanda olan münbit investisiya mühitini öz hesabatlarında dönə-dönə vurğulayırlar. Bu da ölkəmizə daha çox xarici kapitalın axmasına imkan yaradır. Çünki xarici şirəktlər bu beynəlxalq təşkilatların mötəbər rəylərinə inamla yanaşırlar.
Azərbaycan tarixən dünyada neft ölkəsi kimi tanınıb və bu gün də belə tanınmaqda davam edir. Lakin ölkəmiz, qeyd etdiyimiz kimi, qeyri-neft sektorunun inkişafına ciddi önəm verir və bu məqsədlə bir sıra uğurlu layihələr həyata keçirir. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda yüzlərlə iri və orta qeyri-neft sənayesi müəssisələri fəaliyyət göstərir və onlar keyfiyyətli məhsul istehsal edir. Hətta bu məhsulların bir çoxu dünya bazarında analoji mallarla ciddi rəqabət aparır və bazarda özünə alıcılar tapır. Yeri gəlmişkən təkcə bir faktı qeyd edək ki, yalnız ötən il qeyri-neft sektorunda 9,7 faiz artım qeydə alınmışdır. Bu da ölkə iqtisadiyyatını şaxələndirməklə bağlı dövlətin həyata keçirdiyi siyasətin uğurlu nəticəsidir.
Azərbaycanda xarici və daxili kapitalın paralel şəkildə istifadə olunmasına böyük əhəmiyyət verilir. Son illər isə iqtisadiyyatımıza daxili investisiyaların qoyuluşu üstünlük təşkil edir. Bunun iki səbəbi var. Birincisi, dünya maliyyə böhranı şəraitində xarici sərmayədarların kapital qoymaq imkanları azalıb. İkincisi isə ölkəmiz neftdən daha çox gəlir əldə etdikcə daxili investisiyaların iqtisadiyyata qoyulmasına şərait yaranır. Ötən il Azərbaycan iqtisadiyyatına 22 milyard dollardan çox kapital qoyulub. Onun 13 milyardı daxili, 9 milyard dollara yaxını xarici investisiyadır. İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan kimi kiçik bir ölkəyə 9 milyard xarici investisiyanın qoyulması çox uğurlu nəticədir. Bu onu göstərir ki, ölkəmiz xarici investorlar üçün etibarlı tərəfdaş olmaqda davam edir.
Həmçinin dünyanın bir sıra aparıcı kredit reytinq agentlikləri də ölkəmizin kredit reytinqini artırmşdır. İndiki maliyyə böhranı şəraitində bu, ölkəmiz üçün vacib olan bir məsələdir. Öz ölkələrində kapital qoyuluşuna ümidini itirmiş şirkətlər verilən belə yüksək qiymətdən sonra Azərbaycanda iş görməyə maraq göstərirlər. Burada bir məqama xüsusi toxunmaq istərdik. Ötən əsrin 90-cı illərində Azərbaycana gələn hətta orta və kiçik şirkətlər də kapital qoyuluşu üçün dövlətdən xüsusi zəmanət istəyirdilər. Ancaq indi ölkəmizə yüz milyonlarla dollar sərmayə qoyan xarici investorlar bu barədə düşünmürlər.
Dünyada "Azərbaycan iqtisadi modeli" termini tez-tez işlənilir. Bu da
təsadüfi deyil.
Çünki sovetlər birliyindən
eyni iqtisadi və siyasi idarəetmə sistemi ilə ayrılan müttəfiq respublikaların
heç biri Azərbaycanda qazanılan iqtisadi uğurları əldə edə bilməyib. Baxmayaraq ki, bu respublikaların bəziləri
neft və digər karbohidrogen ehtiyatlarına görə
hətta bizdən üstündürlər. Qeyd etdiyimiz
kimi, Azərbaycan iqtisadi modelinin ən önəmli cəhəti neft sektoru ilə paralel qeyri-neft sektorunun inkişafıdır.
Ancaq burada bir məqama xüsusi
toxunmaq istərdik. Azərbaycan iqtisadi modelində ölkənin inkişafına
geniş spektrdə yanaşılır. Belə ki,
ölkəmizdə neft,
qeyri-neft, aqrar, turizm, xidmət sektoru ilə bərabər, insanların
həyat səviyyəsini
yüksəldən sosial
layihələr də
uğurla həyata keçirilir. Dövlət sosial-infrastruktur layihələrinin
reallaşmasına milyardlarla
manat vəsait xərcləyir. Dünyanın heç bir yerində əhalinin rifahı naminə ölkəmizdəki qədər
investisiya qoyulmur.
Belə uğurlu siyasətin nəticəsidir ki, son bir neçə ildə minlərlə müxtəlif təyinatlı
sosial layihə həyata keçirilib.
Azərbaycanda əhalinin yarısı kəndlərdə yaşayır. Deməli, onların
əsas məşğuliyyəti
kənd təsərrüfatı
ilə bağlıdır.
Bu yerdə qeyd
edək ki, MDB məkanında ilk dəfə
torpaq islahatı Azərbaycanda həyata keçirilib. Ölkəmiz aqrar islahatları həyata keçirərkən
bəziləri düşünürdü
ki, riskə yol verilir. Lakin ümummilli lider Heydər Əliyev aqrar islahatların keçirilməsində israrlı
idi. Zaman göstərdi ki,
ölkəmiz doğru
yol tutub. Hazırda Azərbaycanın aqrar sektoru sürətlə inkişaf edir və bu sahədə
məhsul istehsalı ilbəil artır. İndi Azərbaycanda keçmiş SSRİ dövründəkindən
çox mal-qara və quş bəslənilir, daha çox taxıl, meyvə-tərəvəz, bostan
və s. məhsullar istehsal olunur. Bu, təsadüfi deyil. Dünyanın çox az
yerində dövlət
Azərbaycandakı qədər
aqrar sektora güzəştlər edir.
Azərbaycanın qazandığı iqtisadi
uğurlar dünyanın
beynəlxalq təşkilatlarının
diqqətindən yayınmır. Bütün mötəbər
tədbirlərə Azərbaycan
nümayəndələri dəvət
olunur. Onların Azərbaycanın iqtisadi inkişaf modeli barədə etdiyi məruzələr xarici həmkarlarında böyük maraq doğurur. Azərbaycan Prezidenti İlham
Əliyev Ümumdünya
Davos İqtisadi Forumunda ən mötəbər qonaq kimi qarşılanır.
Dövlət başçısının bu tədbirlərdə keçirdiyi görüşlər
bunu bir daha sübut edir. Həmin görüşlərdə müxtəlif dövlətlərin
başçıları, beynəlxalq
maliyyə qurumlarının
və transmilli şirkətlərin rəhbərləri
Azərbaycanla əməkdaşlıq
etməkdə maraqlı
olduqlarını söyləyirlər.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafın
yekunlarına və
2013-cü ildə qarşıda
duran vəzifələrə
həsr olunmuş iclasında ölkəmizin
beynəlxalq aləmdə
qazandığı uğurları
barədə belə demişdir: "İqtisadiyyatımız,
ümumiyyətlə, digər
mötəbər beynəlxalq
qurumlar tərəfindən
yüksək qiymətləndirilir.
Dünya
Bankının hesabatlarında
biznesin aparılması
üçün Azərbaycan
yüksək yerlərdədir.
Ümumdünya Davos İqtisadi
Forumunun hesablamalarına
görə, Azərbaycan
iqtisadiyyatı rəqabətqabiliyyətliyinə
görə 46-cı yerdədir.
MDB məkanında 1-ci yerdədir. Bax budur görülmüş
işlərin nəticəsi
və əlbəttə,
biz bu müsbət dinamikanı gündəlik
həyatda da görürük. Bizim maliyyə
imkanlarımız artır.
Bu ilin büdcəsi
də rekord səviyyədədir, 20 milyard
manata yaxın olan vəsait xərclənəcəkdir".
Rüstəm KAMAL,
Azərbaycan.-2013.- 3 aprel.- S.1-3.