Hamı səbirsizliklə gözləyir

 

Kəlbəcərin işğalından 20 il keçir

 

O müdhiş günlərdən 20 il keçir. Aylar, illər ötdükcə torpaq nisgili, yurd həsrəti bizi daha çox yandırır. Yaralar göynəyir, acı-ağrı ürəkləri sızladır. 20 il bundan əvvəlki dövrün rəhbərlərinin səriştəsizliyi ucbatından əzəmətli dağlar diyarı Kəlbəcər erməni tapdağına çevrildi.

Doğma torpaqlarından didərgin düşən nisgilli insanlar əlli altı rayonun yeddi yüzdən çox yaşayış məskəninə səpələniblər. Kəlbəcərsiz kəlbəcərlilər nəsli yetişir. O yerlərdən köçəndə əhalinin sayı 58 min nəfər idi. İndi 70.5 minə çatır. Ölkəmizin hər guşəsindən Kəlbəcərin məcburi köçkünlərinin səsi, sorağı gəlir. Kəlbəcər bütövlükdə Azərbaycanlaşdı, Azərbaycanın özü boyda Kəlbəcər dərdi yarandı. O qanlı-qadalı günlərdə erməni vəhşiliyini, başda oturanlarımızın səriştəsizliyini xatırladıqca adam sarsılır. Əzəmətli dağlar diyarı Kəlbəcəri əsla əymək olmazdı. Coğrafi mövqeyinə görə Kəlbəcər Qarabağın qala qapısı sayılır. Bu dağlıq bölgəyə yeganə yol Ağdərədən keçir. Ağdamın, Füzulinin, Qubadlının, Cəbrayılın taleyi bir növ, bu dağlar diyarından asılı idi. Kəlbəcər çox böyük əhəmiyyəti olan strateji məkandır. İki azğın erməni yuvasının arasında yerləşir. Ermənistanla 136 kilometr, Dağlıq Qarabağla 96 kilometr sərhədi var idi. Deməli, bu yerlərə xüsusi diqqətin verilməsi vacib idi.

Əgər o zaman Kəlbəcər və Laçın rayonları müdafiə edilsəydi, Dağlıq Qarabağ problemi çox asan həll edilərdi. Təəssüf ki, buna əhəmiyyət verən olmadı. Bu işə bilavasitə məsuliyyət daşıyanların başı vəzifə, hakimiyyət davasına qarışmışdı. Odur ki, yurdumuzun qala qapısı sahibsiz qaldı. Elə bu fürsətdən istifadə edən erməni yaraqlıları 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ağdabana hücuma keçərək oranı talan edib yandırdılar. 32 nəfər mülki və hərbi şəxs qətlə yetirildi, yeddi nəfər diri-diri ocağa atıldı, beş nəfər girov götürüldü, iki nəfər itkin düşdü, on iki nəfərə ağır bədən xəsarəti yetirildi.

Amansız vəhşilikdən sarsılan kəlbəcərlilər həyəcan təbili  çaldılar ki, yatmış rəhbərlər oyansınlar. Oyanmadılar, əksinə, qeyrətli oğullar cəbhə bölgəsindən uzaqlaşdırıldı. Onların yerinə səriştəsiz, səviyyəsiz adamları gətirdilər. Əhalinin təşəbbüsü ilə yaranmış könüllü batalyonlar ləğv edildi, düşmənin yolu üstündə olan bir sıra sahələr minalardan təmizləndi. Elə bil, kimsə qəsdən düşmənə yol açırdı. Bunun da nəticəsində nizam-intizam, qayda-qanun pozuldu, sərhəd zastavaları, müdafiə mövqeləri unuduldu, xaosa, dərəbəyliyə meydan açıldı, hərc-mərclik başlandı.

Yerlərdə yaranan xaosdan istifadə edən yaraqlı-yasaqlı qatı düşmən fevral ayının sonlarında iki istiqamətdə hücuma keçdi. 1993-cü il mart ayının 27-də ermənilər Ağdabanı ikinci dəfə oda qaladılar. Acınacaqlı vəziyyət daha da ağırlaşdı. Silah yox, sahib yox, müdafiə edən, yol göstərən yox. Mühasirə halqası gündən-günə daralırdı. Kəlbəcər sözün tam mənasında, sahibsiz qalmışdı. Respublika hökumətinin köməyindən əli üzülən əhali martın 31-də payi-piyada  rayonu tərk etməyə başladı. Aprel ayının 2-də Kəlbəcər rayonu erməni quldurları tərəfindən işğal edildi.

 

Düşmənlə qeyri-bərabər döyüşdə yüzlərlə şəhid verildi, 231 nəfər itkin düşdü, 130 yaşayış məntəqəsi, dünya şöhrətli "İstisu" sanatoriyası, beş yüzdən artıq sənaye, tikinti, məişət, ticarət obyekti darmadağın edildi, yüz min baş mal-qara , beş yüz min  baş qoyun-quzu, yüzlərlə maşın, texnika, avadanlıq talan olundu.

Kəlbəcərin işğalı təkcə bu dağlar diyarına yox, bütövlükdə Azərbaycana  böyük fəlakətlər gətirdi. Strateji mövqelər, hərbi üstünlüklər ermənilərin tərəfinə keçdi. Bununla da, Ağdamın, Zəngilanın, Füzulinin, Qubadlının, Cəbrayılın işğalına yol açıldı. Bu, artıq Qarabağın iflası demək idi.

 

1993-cü ilin fevralından erməni silahlı birləşmələri Ağdərə rayonunun azad edilmiş kəndlərini bir-bir yenidən tutmaqla Kəlbəcərin mühasirə halqasını getdikcə daraldırdı. Vəziyyəti belə görən respublika Müdafiə Nazirliyi martın 15-də rayonun ətrafında aparılan əməliyyatların qarşısını  almaq və müdafiəni  möhkəmlətmək barədə başdansovdu bir əmr verdi. Ən acınacaqlısı isə budur ki, o zamankı hakimiyyətin bütün qərar və göstərişləri kimi, bu əmr də icrasız qaldı.

Bir sözlə, Kəlbəcər dövrün korafəhm rəhbərlərinin naşılığı üzündən işğal edildi. Kəlbəcər, əslində, vəzifə uğrunda siyasi mübarizələrin qurbanı oldu. Bu amansız işğalın əsl mahiyyətini və ümumən Azərbaycan məkanında Kəlbəcərin yerini, rolunu ən böyük dəqiqliklə ümummilli lider Heydər Əliyev göstərmişdi. 1996-cı il aprelin 1-də Kəlbəcər rayonu ictimaiyyətinin nümayəndələri ilə  görüşdə ulu öndər demişdi: "Kəlbəcər öz coğrafi mövqeyinə  görə elə bir yerdir ki, oranı işğal etmək sadəcə olaraq mümkün deyildir. Təsadüfi deyil ki, Ermənistanın işğalçı dəstələri  Azərbaycana 1988-ci ildən hücum etmiş, Kəlbəcər isə 1993-cü il mart ayının sonunda işğal olunubdur. O vaxt Azərbaycanın bir çox bölgələri, o cümlədən bütünlükdə  Dağlıq Qarabağ, Kəlbəcərlə qonşu olan Laçın rayonu işğal edilmişdi. Amma Kəlbəcər bir ada kimi qalmışdı. Bir tərəfdən coğrafi mövqeyinə görə, digər tərəfdən isə kəlbəcərlilərin özlərinin qəhrəmanlığına görə. Demək, onu saxlamaq, qorumaq mümkün idi. Ermənistanın işğalçı qüvvələri Azərbaycanın zəbt olunmuş torpaqlarından, o cumlədən Dağlıq Qarabağdan, Laçından, başqa yerlərdən çıxarmaq üçün, şübhəsiz ki, Kəlbəcəri strateji nöqteyi-nəzərdən qoruyub saxlamaq lazım idi. Bu, bir nömrəli vəzifə idi. Ancaq təəssüf ki, o vaxt bunu etməyiblər".

Deməli, gözəlliklər diyarı Kəlbəcər müvəqqəti əldən getdi. Lakin ölkənin hər yerinə səpələnmiş məcburi köçkünlərə qayğı və diqqətin göstərilməsi, onlara minimum həyat şəraitinin yaradılması vacib idi. Bu sahədə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə genişmiqyaslı işlər görülməyə başlandı. Məcburi köçkünlər hər sahədə dövlət qayğısı ilə əhatə olundular.

Ulu öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin  2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nda və həmin proqrama edilmiş əlavələrdə Kəlbəcər rayonu ilə bağlı 33 tədbirin icrası nəzərdə tutulmuşdur. Tədbirlərdən bir hissəsi icra olunmuş, qalanların həyata keçirilməsi ilə bağlı işlər davam edir.

Dövlət proqramının icrası ilə əlaqədar Kəlbəcər rayonundan olan məcburi köçkünlər üçün Qəbələ rayonunun Zarağan qəsəbəsində 133, Yevlax şəhərində 218 ailəyə çoxmərtəbəli yaşayış evləri tikilmiş, orada yüzlərlə köçkün yeni mənzillərlə təmin olunmuşdur. Goranboy rayonu ərazisində hər şəraiti olan yeni qəsəbələr salınmış, 596 ailə hər bir şəraiti olan mənzillərdə yerləşdirilmişdir. Naftalan şəhərindəki sanatoriyalarda və digər ictimai binalarda sığınacaq tapmış  200 ailə üçün Goranboy şəhərində çoxmərtəbəli yaşayış evləri tikilmişdir. Şəki rayonunda Prezident İlham Əliyevin iştirakı ilə təzə qəsəbənin açılışı olmuşdur. Burada da onlarca kəlbəcərli ailəsi evlə təmin edilmişdir. Bir sözlə, son illərdə rayon əhalisindən 7356 nəfəri yeni mənzil almışdır.

Kəlbəcərlilər həmişə, hər yerdə dövlətin qayğı və diqqətini görür, bütün hüquqlardan normal qaydada istifadə edir, işləyir, təhsil alır, öz adət-ənənələrini yaşadırlar.

Əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün sistemli surətdə bir sıra işlər görülüb. Kəlbəcərlilər dövlətin köməyini daim yüksək qiymətləndirirlər. Onların yalnız bir qayğısı, bir istəyi var - o da doğma yurd həsrətidir. Qarabağın digər bölgələri kimi, Kəlbəcərin də işğaldan azad olunması, məcburi köçkünlərin ata-baba yurdlarına qayıtması gününü hamı səbirsizliklə gözləyir.

Dövlət başçısı İlham Əliyevin çoxcəhətli fəaliyyətinin də məğzi, məqsədi elə budur. Cənab İlham Əliyev xalqımızın arzu və istəyini ifadə edərək demişdir: "Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Ermənilər oraya XIX əsrin əvvəllərindən köçürülmüşlər. Bir dəfə Azərbaycanda, türk torpağında erməni dövləti yaradılıb, burada ikinci erməni dövlətinin yaradılmasına biz heç vaxt imkan vermərik. Hüquqi cəhətdən haqq-ədalət bizim tərəfimizdədir, çünki Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi qəbul ediliborada göstərilir ki, Ermənistanın işğalçı qüvvələri Azərbaycanın zəbt olunmuş torpaqlarından qeyd-şərtsiz çıxmalıdır. Ermənistan buna əməl etmir. Yəni, hüquqi əsaslar tam imkan verir ki, Azərbaycan öz dövlət suverenliyini, ərazi bütövlüyünü bərpa etsin".

Müstəqil Azərbaycanın iqtisadi-siyasi və hərbi qüdrətinin yüksəlməsi, dövlət başçısının müdrik siyasəti sayəsində beynəlxalq nüfüzunun getdikcə artması belə bir möhkəm inam yaradır ki, işğal altında olan torpaqlar tezliklə azad ediləcəkdir. Kəlbəcərli məcburi köçkünlər qəlbən inanırlar ki, hökmən doğma ata-baba torpaqlarına qayıdacaqlar.

 

 

Əhməd İSAYEV,

Azərbaycan.-2013.- 3 aprel.- S.5.