Bakı, Gəncə və Sumqayıt
şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının
maddi-texniki bazasının möhkəmləndirilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Son illərdə Bakı, Gəncə
və Sumqayıt şəhərlərində çoxmənzilli
binaların sakinlərinin yaşayış şəraitinin
yaxşılaşdırılması, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində əsaslı
tədbirlər həyata keçirilmiş, o cümlədən
binaların böyük əksəriyyətinin dam
örtüklərinin dəyişdirilməsi, içməli
su, kanalizasiya və istilik sistemlərinin, lift təsərrüfatının
yenidən qurulması sahəsində ciddi addımlar
atılmışdır.
Bununla
belə çoxmənzilli binaların lift təsərrüfatının
mövcud vəziyyəti bu sahədə həyata keçirilən
tədbirlərin daha da sürətləndirilməsini tələb
edir.
Bu istiqamətdə
işlərin davam etdirilməsinin vacibliyini və əhalinin
müraciətlərini nəzərə alaraq, Bakı, Gəncə
və Sumqayıt şəhərlərində lift təsərrüfatının
maddi-texniki bazasının möhkəmləndirilməsi,
dövlət mənzil fonduna aid olan çoxmənzilli binalarda
istismara yararsız liftlərin yeniləri ilə əvəz
edilməsi məqsədilə Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1.
Bakı, Gəncə və Sumqayıt şəhərlərində
çoxmənzilli binaların lift təsərrüfatının
maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi
ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan ilkin olaraq 7,0 (yeddi)
milyon manat, o cümlədən Bakı Şəhər
İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat, Gəncə
və Sumqayıt Şəhər İcra Hakimiyyətlərinin
hər birinə 1,0 (bir) milyon manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 3 aprel
2013-cü il
Azərbaycan.-2013.- 5 aprel.- S.1.