«Maraqlı insan
haqqında maraqlı kitab»
"Heydər Əliyev. Şəxsiyyət və zaman" roman-tədqiqatın
son kitabları çapdan çıxmışdır
Heydər Əliyev haqqında bədii
əsərlər, sənədli oçerklər, elmi məqalələr
çox yazılıb. Bu böyük İnsanın şəxsiyyətinin
və gördüyü işlərin miqyası o qədər
genişdir ki, onun öyrənilməsi üçün elmdə
ayrıca bir istiqamət yaratmaq vaxtı gəlib
çatmışdır. Bu əsərlər arasında Azərbaycanın
tanınmış yazıçı-publisisti, Milli Məclisin
deputatı Elmira Axundovanın "Heydər Əliyev. Şəxsiyyət
və zaman" çoxcildli roman-tədqiqatı xüsusi yer
tutur. Bu günlərdə müasir dövrün görkəmli
dövlət və siyasi xadiminin, Azərbaycan xalqının
ümummilli liderinin çoxcəhətli həyat və
yaradıcılığına həsr olunmuş bu fundamental əsərin
son beşinci və altıncı (iki hissədə) kitabları
çapdan çıxmışdır.
Mübaliğəsiz
demək olar ki, biz bu hadisəni
gözləyirdik. Təqribən beş il gözləmişik.
Elmira Axundovanın öz həyatının başlıca
layihəsi hesab etdiyi kitabın ilk dörd cildinin nəşr
olunduğu vaxtdan məhz bu qədər müddət
keçmişdir. Bu dövrdə kitab nəinki Azərbaycanda,
həm də onun hüdudlarından kənarda böyük
oxucu auditoriyası qazanmışdır ki, bu da həm Heydər
Əliyevin qeyri-adi şəxsiyyətinə çox
böyük maraqdan, həm də romanın danılmaz ədəbi-bədii
məziyyətlərindən irəli gəlir. Rusiya Milli
Kitabxanasında, Sankt-Peterburqdakı Tavriya Sarayında, Ukraynada
və Türkiyədə ilk dörd cildin təqdimatı
keçirilmişdir.
Bütün
bu illərdə Elmira xanım Heydər Əliyevin həyatı
haqqında bədii-sənədli hekayəsinin qalan cildləri
üzərində işi davam etdirmişdir. Bu, həqiqətən,
çox çətin, miqyasına görə çox
böyük zəhmət olmuşdur. Ümummilli liderin
doğmaları, uşaqlıq və gənclik dostları ilə,
əhatəsindəki yaxınları, silahdaşları ilə
görüşlər və söhbətlər,
tanınmış dövlət xadimləri və ictimai xadimlərlə
müsahibələr... Yeri gəlmişkən qeyd edək ki,
Heydər Əliyevin müasirlərinin, istər həmfikirlərinin,
istərsə də opponentlərinin xatirələri ilə
tanış olmaq imkanı kitabın dəyərini artıran
cəhətlərdir. Həmsöhbətlərin daha geniş
dairəsini əhatə etmək istəyi müəllifin
etirafına görə, romanın dördüncü və
sonrakı cildləri arasında beş il fasilə
yaranmasına səbəb olmuşdur. Paralel olaraq arxiv
materialları ilə, o cümlədən Heydər Əliyevin
şəxsi arxivi ilə çox gərgin iş
aparılmışdır. Bu arxivə o, Prezident İlham Əliyevin
icazəsi ilə buraxılmışdır.
Roman-tədqiqat
- müəllif öz əsərinin janrını belə
müəyyən etmişdir. Qazax şairi və ictimai xadimi
Oljas Suleymenov çoxcildliyə yazdığı
sözardında haqlı olaraq qeyd edir ki, bu, qeyri-adi
janrdır. O, incəsənəti və elmi, subyektiv və
obyektiv, bədii və həyat həqiqətini özündə
birləşdirir. Lakin monumentallığına, təsvir edilən
hadisələrin miqyasına, mövzuya dərindən
nüfuz edilməsinə görə bu kitab roman-epopeya
adlandırıla bilər. O, keçən əsrin 20-ci illərindən
indiki əsrin ilk illərinədək təqribən yüz
illik tarixi dövrü əhatə edir. Bu illərdə
baş vermiş mürəkkəb, ziddiyyətli, birmənalı
olmayan proseslər və hadisələr fonunda romanın
baş qəhrəmanının şəxsiyyəti, xarakteri
formalaşmış, insani və siyasi taleyi müəyyənləşmişdir.
Bu baxımdan Elmira Axundova müəyyən vaxtdan sonra Heydər
Əliyevin özünün də çox böyük təsir
göstərdiyi zaman fonunda onun portretini yaratmaqla son dərəcə
mürəkkəb bir vəzifəni yerinə yetirmişdir.
Nə qədər
yüksək bədii dəyərə malik olsa da, Elmira
Axundovanın roman-tədqiqatı tarixi şəxsiyyət
haqqında sadəcə ədəbi əsər deyildir. Onun
başlıca fərqləndirici cəhəti budur ki, romanda janra xas olan bədii təxəyyül
məhsulu yoxdur. Roman Heydər Əliyev haqqında
yaxın-uzaq müasirlərinin söhbətləri əsasında
qurulmuşdur. Şahidlərin, bu və ya digər dövrlərdə
Heydər Əliyevlə işləmiş, onun çevrəsində
olmuş insanların yüzlərlə xatirəsindən elə
bir insan obrazı yaranır ki, müasir Azərbaycanı onsuz
təsəvvür etmək mümkün deyildir.
Romanın
beşinci kitabı "Naxçıvan
dönüşü" adlanır. Bu kitab Heydər Əliyevin
tərcümeyi-halında "Naxçıvan dövrünə"
həsr olunmuşdur və 1990-cı ilin iyulundan 1993-cü ilin
iyununadək olan zaman kəsiyini əhatə edir. Müəllif
kitaba ön sözündə oxucuya müraciətdə
yazır ki, bu nəinki Naxçıvan Muxtar
Respublikasının, həm də bütün Azərbaycanın
tarixində ən mürəkkəb, həmçinin ən əlamətdar
dövrlərdən biridir. Məhz bu illərdə Azərbaycan
ağır məhrumiyyətlərə, ümidsizliyə
düçar olmuşdu: "Qara Yanvar" faciəsi,
Xocalı soyqırımı, Ermənistanın təcavüzü
nəticəsində Şuşa, Laçın və Kəlbəcərin
işğalı, yüz minlərlə azərbaycanlının
öz doğma yurdlarından kütləvi surətdə
qovulması. Amma məhz bu illərdə ölkənin ən
müxtəlif guşələrində Azərbaycanın
suverenliyi və dövlət müstəqilliyi uğrunda
mübarizəyə qalxmış geniş xalq kütlələrinin
misli görünməmiş fəallığı
müşahidə edilmişdir. E.Axundova yazır: "Heydər
Əliyevin siyasi iradəsi ilə idarə olunan və istiqamətləndirilən
Naxçıvan Muxtar Respublikasının parlamenti o vaxt Azərbaycanın
azadlığı və istiqlaliyyəti uğrunda əsl
mübarizə qərargahına çevrilmişdi. Burada,
Naxçıvanda əsl inqilabi qərarlar qəbul olunur və
sonradan bütün respublikaya yayılaraq yeni dövlətin
siyasi və iqtisadi simasında ciddi dəyişikliklər
edirdi".
Beşinci
kitabda Heydər Əliyev Moskvadan Bakıya, sonra isə Mərkəzin
və Azərbaycanın o vaxtkı rəhbərliyinin sərt
təzyiqinə məhəl qoymadan ağuşunu öz dahi həmyerlisinə
açmış Naxçıvana qayıtdıqdan sonra
baş vermiş gözlənilməz dəyişikliklərdən,
onun muxtar respublikanın parlamentinin sədri seçilməsindən
ətraflı söhbət açılır. Zəngin faktiki
material əsasında sərt blokada şəraitində
yaşayan, demək olar ki, yarımac,
istiliksiz, işıqsız qalmış
Naxçıvanın Heydər Əliyevin siyasi iradəsi və
təşkilatçılıq istedadı sayəsində erməni
işğalı təhlükəsini özündən
uzaqlaşdıraraq həyata qayıtmasından, iqtisadi islahatlara
başlamasından bəhs olunur. Yeni Azərbaycan
Partiyasının yaradılması tarixindən muxtar
respublikada ictimai asayişin nizama salınmasına, qanunsuz
silahlı dəstələrin tərk-silah edilməsinə,
Xalq Cəbhəsinin Naxçıvanda sabitliyi pozmaq və
qanlı qarşıdurma yaratmaq cəhdlərinin
qarşısının alınmasına yönəldilmiş
tədbirlərdən bəhs edən səhifələr
çox böyük maraqla oxunur.
Bəzən
gözlənilməz və qəfil baş verdiyi güman edilən
tarixi proseslərdə də, şübhəsiz, daxili
qanunauyğunluq olur. Məhz bu qanunauyğunluq 1993-cü ilin
iyununda - ölkənin ən ağır çağında,
onun bugünkü və gələcək taleyinin həll
olunduğu məqamda Heydər Əliyevi yenidən hakimiyyətə
gətirdi. "Heydər Əliyev. Şəxsiyyət və
zaman" çoxcildliyinin iki hissədən ibarət olan
sonuncu, altıncı kitabı on ili əhatə edən bu
dövrə həsr olunmuşdur. Yenə də xatirələr,
sənədlər, yerli və xarici mətbuatda dərc
olunmuş yazılardan parçalar vasitəsilə o illərin
mənzərəsi canlandırılır, bir neçə
addım irəlini görən əsl strateqin, siyasət
qrossmeysterinin xarakteri əks etdirilir. Kitabda Heydər Əliyevin
o illərdəki çoxcəhətli fəaliyyəti - onun
xarici siyasəti, neft strategiyası, ictimai-siyasi sabitliyin təmin
olunması, ordunun qurulması, Qarabağ probleminin həlli,
iqtisadiyyatda, təhsildə islahat, demokratik proseslərin
inkişaf etdirilməsi, tam siyasi sistemin, diasporun
formalaşdırılması sahəsində göstərdiyi
səylər, milli-mənəvi, mədəni dəyərlərin,
Azərbaycan dilinin qorunub saxlanmasına göstərilən
qayğı dərindən təhlil olunur. Bütün bu
titanik fəaliyyət ölkəni dağılmaq və dünya
xəritəsindən silinmək təhlükəsindən
xilas etmiş, yeni əsrə qədəm qoymasına yol
açmış, indiki sürətli yüksəlişin
fundamental əsasını qoymuşdur.
Kitabın
dəyəri həm də ondadır ki, burada Heydər Əliyevin
idarəetmə metodları, iş prinsipləri,
komandasının üzvləri ilə münasibətləri,
yeniliyə qeyri-adi dərəcədə açıq
olması, siyasi kübarlığı və alicənablığı göstərilir.
Bu, özünü əfsuslar olsun
ki, onun həyatında çox baş vermiş xəyanətə
də mərhəmətlə yanaşmağı
bacarmasında büruzə verir. Onun üçün dövlətin
və xalqın mənafeyi həmişə ən yüksəkdə
olmuşdur.
Sənədlərlə
zəngin olması, şahidlərin söhbətlərinin,
xatirələrinin səmimi və açıq olması, əsərin
dilinin sadəliyi və aydınlığı sayəsində
roman birnəfəsə oxunur. Kitabda təsvir olunan hadisələr,
bu və ya digər vəziyyətlərdə Heydər Əliyevin
gördüyü işlər və atdığı
addımlar müdriklik dəryasıdır, səbir, təmkin,
prinsipiallıq, özü və insanlar qarşısında hədsiz
dərəcədə dürüst olmaq dərsidir. Burada hər
şeydən ibrət almaq olar: onun vəziyyəti dərindən
təhlil edərək yeganə düzgün qərar qəbul
etmək bacarığından da, yaradıcı
ziyalıların nümayəndələrinə münasibətindən
və sadə insanların qayğılarına diqqətlə
yanaşmasından da.
Romanın
ilk dörd kitabını oxuyanların hamısı bu fikirdədir
ki, o, müəllifin öz qəhrəmanına ehtiram və məhəbbətinin
məhsuludur. Bunu Elmira Axundova özü də etiraf edir.
SSRİ xalq rəssamı Tahir Salahovun qeyd etdiyi kimi, o, Heydər
Əliyev haqqında yersiz uzun-uzadı epitetlərdən istifadə
etmədən yazır. O, qəhrəmanını iş
başında, gündəlik əməkdə, real vəziyyətlərdə,
bəzən kəskin və münaqişəli vəziyyətlərdə,
insanlarla qarşılıqlı münasibətdə göstərir,
oxucunun özünün nəticə çıxarmasına
imkan verir. Bir sözlə, Oljas Süleymenovun təbirincə
desək, bu, doğrudan da, "qeyri-adi zamanda
yaşamış maraqlı insan haqqında maraqlı
kitabdır". Roman haqqında başqa tanınmış
insanların da rəyləri bunu təsdiq edir.
Tanınmış tarixçi Roy Medvedev yazır: "Mən tarixçi və siyasi bioqrafiyalar üzrə peşəkaram, bütün sovet və rus liderlərindən yazmışam, lakin bizim janrda hələ belə kitab olmamışdır. Çəkinmədən deyirəm ki, liderlər haqqında kitablar cərgəsində bu, ən yaxşısıdır. Elə yazıçılar, tarixçilər, müəlliflər tanıyıram ki, yaxşı kitab yaza bilərdilər, amma onlar yetərincə obyektiv deyillər. Burada isə müəllifin çox böyük obyektivliyi müşahidə edilir".
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın fikrincə, əsərin dəyəri zəngin materiala söykənməsindədir. Elmira xanım baş vermiş proseslər barədə öz konsepsiyasını əks etdirir və bu proseslərdə Heydər Əliyevin müəyyənedici rolunu aydın şəkildə göstərir. Unikal şəxsiyyətə həqiqətən, heyran olan müəllif heç yerdə subyektivliyə, çox mürəkkəb problemlərin işıqlandırılmasında konyunktur mülahizələrə yol vermir. Müəllif həmişə tarixi həqiqətə sadiq qalır.
Tarix elmləri doktoru, professor Eldar İsmayılov yazır: "Heç kəsin öz fikrini başqalarına təlqin etməyə haqqı yoxdur. Amma əgər 30 ildən çox müddət ərzində ölkənin qeyri-adi, sözün əsl mənasında, böyük şəxsiyyət tərəfindən idarə olunduğuna istər bizim ölkədə, istərsə də ondan kənarda yaşayan insanları inandırmaq lazım gələrsə, zənnimcə, bu gün E.Axundovanın kitabından yaxşı analoq göstərmək çətindir".
... Öz həyatının başlıca kitabını yazmaq səadəti hər yazıçıya nəsib olmur. Elmira Axundovaya bu, qismət olmuşdur. Müəllif kitablarından birinin müqəddiməsində yazır: "Bəzən məndən soruşurlar: "Heydər Əliyev haqqında daha nə qədər yazacaqsınız?" Açıq etiraf edirəm: "Yəqin ki, bütün həyatım boyu". Təəccüblü heç nə yoxdur. Axı, rus tarixçisi Rudolf İvanovun qeyd etdiyi kimi, "...dahi insanlarda bir çox öyrənilməmiş keyfiyyətlər olur, onların aşkara çıxarılmasına və ifadə olunmasına zaman və insanlar kömək edəcəkdir".
AzərTAc
Azərbaycan.-2013.- 5 aprel.- S.2.