«Kiyevski
teleqraf» qəzetində
ümummilli lider Heydər Əliyev haqqında məqalə dərc
olunmuşdur
"Kiyevski
teleqraf" qəzetinin 2 aprel nömrəsində Kiyev Milli
Aviasiya Universiteti Beynəlxalq Münasibətlər
İnstitutunun beynəlxalq hüquq kafedrasının professoru,
həmvətənimiz Arif Quliyevin məqaləsi dərc
olunmuşdur.
"O,
böyük vətəndaş idi. Heydər Əliyev: "Mən
fəxr edirəm ki, azərbaycanlıyam..." sərlövhəli
məqalədə böyük siyasi xadim Heydər Əliyevin
Azərbaycan dövlətçiliyi tarixində rolu
vurğulanır. Müəllif yazır: "İnsanı onun
gördüyü işlər böyük edir, lakin
böyük işlər görmək üçün
insanların fövqündə durmaq deyil, onlarla birlikdə
olmaq lazımdır. Heydər Əliyev Azərbaycanın
ağır müstəqillik və təşəkkül
yolunu xalqı ilə birlikdə, çiyin-çiyinə
keçmiş, son dərəcə mürəkkəb
dövrdə onun qurtuluşu naminə görünməmiş
fədakarlıq nümayiş etdirmişdir. Onun qəlbi
milyonlarla azərbaycanlının qəlbi ilə bir
döyünmüşdür. Müasir Azərbaycanda əsrin
üçdə birindən çox hissəsinin dövlət
quruculuğu, iqtisadi dirçəlişi, siyasi şüuru,
siyasi həyatı Heydər Əliyevin adı ilə sıx
bağlıdır".
O,
sarsılmaz iradəyə, qeyri-adi intellektə, siyasi
uzaqgörənliyə, tarixi təcrübəyə, strateq və
mütəfəkkir müdrikliyinə malik böyük siyasi
xadim, ümummilli lider idi. A.Quliyev məqaləsində Azərbaycan
xalqının ulu öndərinin ömür yolunun əsas məqamlarını təqdim etmişdir.
Müəllif Heydər Əliyevin sovet hakimiyyəti illərində siyasi fəaliyyətini qiymətləndirərək qeyd edir ki, o, həmin dövrdə geridə qalmış, yalnız xammal istehsal edən aqrar Azərbaycan Respublikasını qısa müddətdə neft və pambıq istehsalı üzrə lider mövqe tutan, inkişaf etmiş ölkəyə çevirə bilmişdir. O illərdə Heydər Əliyevin rəhbərliyi altında güclü iqtisadi baza yaratmaq, Azərbaycanın gələcək müstəqilliyinin təməlini qoymaq mümkün olmuşdur. Nəticədə kifayət qədər qısa tarixi müddət ərzində respublikada yaxşılığa doğru əhəmiyyətli dəyişikliklər baş vermişdir: yeni zavodlar, fabriklər, elektrik stansiyaları, neft mədənləri, suvarma və nəqliyyat sistemləri inşa edilmişdir.
Professor
vurğulayır ki, Heydər Əliyev Azərbaycan dilinə
dövlət dili statusu verilməsinə nail olmuşdur ki, bu
da 1978-ci ilin Konstitusiyasında qanunvericilik qaydasında təsbit
edilmişdir. O dövrdə belə bir addım qəhrəmanlığa
bərabər addım sayılırdı.
Məqalədə
Heydər Əliyevin sovet hökumətinin ali rəhbərliyində
işlədiyi dövrdə Ukrayna qarşısında xidmətlərinə
xeyli yer verilmişdir. Belə ki, ötən əsrin 80-ci illərində
Dunay və Dnepr çaylarının birləşdirilməsini
nəzərdə tutan layihə hazırlanmışdı ki,
bu da irimiqyaslı ekoloji fəlakətə gətirib
çıxara bilərdi. Heydər Əliyev layihə müəlliflərini
bu təşəbbüsdən imtina etməyə inandıra
bilmişdi. Bundan əlavə, onun köməyi ilə
"Obolon" zavodu inşa edilərək işə
salınmışdır. Heydər Əliyevin təşəbbüsü
ilə uşaq qidası fabriki tikilmiş, habelə o, Kiyev metropoliteninin
tikintisinə dəstək göstərmişdir.
Heydər
Əliyev Kiyev şəhərinin Fəxri vətəndaşı,
Ukrayna Prezidenti yanında Dövlət İdarəçiliyi
Akademiyasının Fəxri doktoru adlarına layiq
görülmüşdür. Azərbaycanın Kiyevdəki səfirliyi
yanında salınmış yeni park, habelə Regionlararası
Heyəti İdarəetmə Akademiyası onun adını
daşıyır. Xaricdə Heydər Əliyevin ilk abidəsi
də Kiyev şəhərində ucaldılmışdır.
Bakıda
məlum qanlı Yanvar hadisələrindən sonra o vaxtlar
gözdən salınmış Heydər Əliyev həyatını
təhlükə altına qoyaraq Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyində jurnalistlər və
ictimaiyyət qarşısında kəskin bəyanatla
çıxış edərək, Azərbaycan xalqına
qarşı dəhşətli cinayət törətmiş
şəxsləri pisləmiş və onların cəzalandırılmasını
tələb etmişdir. Bununla da, o, qəhrəmanlıq,
yenilməzlik və doğma xalqına sədaqət
nümayiş etdirmişdir. Müəllif yazır: "O,
yüksək tribunadan keçmiş sovet dövlətinin rəhbərlərinin
ünvanına mərdi-mərdanə ittihamlar səsləndirərək,
öz Vətəninin ərazi bütövlüyünün
müdafiəsinə qalxmış ilk insanlardan biri
olmuşdur".
1993-cü
ilin əvvəlində Azərbaycanda siyasi vəziyyət son dərəcə
gərginləşmiş, Azərbaycan ərazisinin bir hissəsi
çox sürətlə erməni silahlı birləşmələri
tərəfindən işğal edilmiş, minlərlə azərbaycanlı
məcburi köçkünə çevrilmiş, ölkə
vətəndaş müharibəsi həddinə
çatmış, onun dövlətçiliyi təhlükə
ilə üzləşmişdir. O, dəhşətli və
ağır günlərdə azərbaycanlılar gələcəyə
inamı itirməmişdilər. Onlar vəziyyəti sabitləşdirməyə
və xalqı fəlakətdən qurtarmağa qadir
güclü liderə ehtiyac hiss edirdilər. Heydər Əliyev
məhz belə bir lider oldu. Azərbaycan xalqı onda öz
nicat yolunu gördü və öz taleyini Heydər Əliyevə
etibar etmək istəyi ilə israrla mövcud hakimiyyətin dəyişilməsini
tələb etdi. Xalqının əzablarını görən
Əliyev yenidən ölkənin rəhbərliyinə qayıtdı.
1993-cü ilin oktyabrında Azərbaycan xalqı onu Azərbaycan
Respublikasının Prezidenti seçdi.
1993-cü
ildə Heydər Əliyevin hakimiyyətə
qayıdışı ilə Azərbaycanın həyatının
bütün sahələrində qəti dönüş
baş verdi. Respublikada ictimai-siyasi sabitlik bərqərar oldu,
parçalanma və dövlət çevrilişi təhlükəsi
aradan qalxdı. Heydər Əliyev ilk növbədə milli həmrəyliyə
nail oldu. O, xalqı vahid ideologiya ətrafında sıx birləşdirərək,
ona sabahkı günə inam hissi aşılaya bildi. Heydər
Əliyevin müstəqil və sabit dövlət quruculuğu
yolunda atdığı addımlar nəticəsində Azərbaycanın
milli mənafelərinin keşiyində durmağa qadir olan milli
ordu yaradıldı.
Ümummilli
liderin ən böyük xidmətlərindən biri yeni neft
strategiyasının işlənib hazırlanmasıdır.
1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"
adlanan ilk neft müqaviləsinin imzalanması Azərbaycanın
iqtisadi inkişafında böyük rol oynadı. Neftin
satılmasından əldə edilən maliyyə vəsaiti
rasional siyasət sayəsində cəmiyyətin bütün
sahələrinin yaxşılaşdırılmasına
yönəldildi. Bundan sonra ölkə daxilində bərqərar
olmuş nisbi sabitlik və Azərbaycanın beynəlxalq aləmdə
möhkəmlənməsi Heydər Əliyevin işləyib
hazırladığı neft strategiyasının təsirli
olduğunu təsdiq edir.
Bu
gün Heydər Əliyevin cəmiyyətin bütün təbəqələrinin
maraqlarını ifadə edən, insanların hüquq və
azadlıqlarını, milli dövlət strukturunun
maraqlarını və açıq cəmiyyətin ən
yüksək dəyərlərini müdafiə edən
siyasi-iqtisadi xətti Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Arif
Quliyev məqaləsini bu sözlərlə bitirir: "Heydər
Əliyevin missiyası böyük xilaskar missiyası idi. Onun
böyük işləri, yaratdığı dövlət,
nurlu ideyaları əbədi yaşayacaqdır. Heydər Əliyev
kimi insanlar dünyada çox azdır. O, xalqının
qurtuluşu və xoşbəxtliyi üçün təkbaşına
bütöv bir ordunun görə biləcəyindən
çox iş görmüşdür".
AzərTAc
Azərbaycan.-2013.- 5 aprel.- S.2.