Daşkənddə Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş mərasim keçirilmişdir

 

Azərbaycanın Özbəkistandakı səfirliyi Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) ulu öndərin anadan olmasının 90 illiyi münasibətilə mərasim keçirmişdir.

Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun nümayəndələri iştirak etmişlər.

Əvvəlcə qonaqlar adından ulu öndərin AMM-in qarşısındakı abidəsi önünə əklil və təzə-tər çiçəklər qoyulmuşdur. Mərasim iştirakçıları foyedə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif dillərdə çap olunmuş kitablardan ibarət sərgi ilə tanış olmuşlar.

Tədbiri Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev açmış, ulu öndərin həyatı və fəaliyyəti haqqında məlumat vermişdir. Səfir demişdir ki, Heydər Əliyev həm keçmiş SSRİ dövründə, həm də müstəqil Azərbaycanın rəhbəri olarkən Özbəkistan ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirmişdir. Özbəkistanla əlaqələrimizin bu səviyyəyə qalxmasında ulu öndər Heydər Əliyev və Özbəkistan Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olmuşdur.

H.Quliyev demişdir ki, ulu öndər 1996-cı ilin sonunda Özbəkistanda rəsmi səfərdə olarkən Daşkənddə yeni açılmış Teymurilər Tarixi Dövlət Muzeyinə də getmiş və xatirə kitabına ürək sözlərini yazmışdır. Muzeyin direktoru Nazim Xabibullayev ulu öndər Heydər Əliyevin xatirə kitabına yazdığı mətnin çərçivəyə salınmış fotosurətini səfirə təqdim etmişdir.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova "Heydər Əliyev və insan hüquqları" mövzusunda məruzə etmişdir. Bu mövzuda geniş söhbət açan deputat demişdir ki, insanlar arasında dostluq liderlər arasında dostluqdan başlanır. O qeyd etmişdir ki, dövlətlərimizin liderlərinin başladığı bu dostluq əlaqələri bu gün Azərbaycan və Özbəkistanın dövlət başçıları İlham Əliyev və İslam Kərimov tərəfindən uğurla davam etdirilir. R.Aslanova demişdir ki, Azərbaycan bu gün nə əldə etmişdirsə, bu, Heydər Əliyev siyasətinin nəticəsidir.

Milli Məclisin deputatı Qənirə Paşayeva "Heydər Əliyev, Azərbaycanın xarici siyasəti və diaspor" mövzusunda məruzə etmişdir. Q.Paşayeva demişdir ki, ulu öndərin düşüncə və fikirləri təkcə Azərbaycanla məhdudlaşmırdı. Xarici ölkələrdə yaşayan soydaşlarımız və türkdilli dövlətlər daim onun diqqət mərkəzində idi. Heydər Əliyev Özbəkistanda özünü Vətənindəki kimi hiss edirdibunu dilə gətirirdi. Ulu öndər hansı ölkəyə gedirdisə, orada yaşayan diasporumuzun üzvləri ilə görüşür, qayğı və problemləri ilə maraqlanırdı. Mən jurnalist kimi Heydər Əliyevi xarici səfərlərdə müşayiət edənlər arasında olmuşambütün bunları öz gözlərimlə görmüşəm. Ulu öndər soydaşlarımızla görüşlərində həmişə deyərdi ki, yaşadığınız ölkənin dilini yaxşı bilməlisiniz, bununla bərabər Azərbaycan dilini də unutmamalısınız, bu sizin ana dilinizdir. Ümummilli lider belə görüşlərdə azərbaycanlıları birliyə çağırırdı.

Milli Məclisin deputatı Aydın Abbasov Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin tarixindən danışmış, ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd etmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, SosiologiyaHüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə "Heydər Əliyev, elm və dövlətçilik", həmin institutun şöbə müdiri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə "Heydər Əliyev, vətəndaş cəmiyyəti və gender siyasəti", professor Habil Qurbanov "Heydər Əliyev və qanunvericilik", Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov  "Özbəkistan və Azərbaycan xalqları arasında dostluq və əməkdaşlığın möhkəmlənməsində ölkə rəhbərlərinin rolu", səfirliyin hərbi attaşesi Elbrus Orucov "Heydər Əliyev və Azərbaycan Ordusu" mövzularında məruzələr etmişlər.

Daşkənddə yaşayan tanınmış soydaşımız, Azərbaycanın və Özbəkistanın xalq artisti Firudin Səfərov demişdir ki, Heydər Əliyev bütün digər sahələr kimi ədəbiyyat və mədəniyyəti də yaxşı bilirdi, mədəniyyət xadimləri ilə dostluq edirdi. Xalqımızın tanınmış şəxsiyyətləri - SSRİ xalq artistləri Niyazi, Fikrət Əmirov, Qara Qarayev, Arif Məlikov və başqaları ilə dostluq edir, daim onların konsertlərinə gedirdi.

Mərasim böyük konsert proqramı ilə başa çatmışdır.

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

 Daşkənd

Azərbaycan.-2013.- 4 aprel.- S.2.