Azərbaycan Diplomatik Akademiyası «Bank of Baku» ilə əməkdaşlıq haqda anlaşma memorandumu imzalamışdır

 

Azərbaycan Diplomatik Akademiyası "Bank of Baku" ilə əməkdaşlıq haqda anlaşma memorandumu imzalamışdır.

İmzalanma mərasimində Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev və "Bank of Baku" ASC  idarə heyətinin sədri Fərid Hüseynov təşkilatların əməkdaşlıq quracaq sahələrini müəyyənləşdirmişlər.

Belə ki, növbəti beş il ərzində ADA-da yüksək akademik göstəricilər nümayiş etdirən tələbələr "Bank of Baku" tərəfindən təsis edilən təqaüddən yararlana biləcək, ADA İxtisasartırma Proqramları isə bank əməkdaşları üçün xüsusi təlim kursları təşkil edəcəkdir.

Qarşılıqlı əməkdaşlıq həmçinin ADA tələbələri və məzunlarının "Bank of Baku"da işə və təcrübə toplama proqramlarına cəlb edilməsi, birgə elmi-praktiki  konfransların keçirilməsi və gələcəkdə bank və maliyyə sahəsinə aid yeni ixtisasların açılmasını nəzərdə tutur.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 5 aprel.- S.3.