Azərbaycanla Kanada parlamentləri
arasında əlaqələr genişlənir
Dünən Azərbaycanda səfərdə olan Kanada parlamentinin hakim Mühafizəkarlar Partiyasının üzvlərindən ibarət nümayəndə heyəti Milli Məclisdə görüşlər keçirib.
Siyasi partiyaların rəhbərləri ilə keçirilən
görüşdə Yeni Azərbaycan Partiyasının icra
katibinin müavini Mübariz Qurbanlı qonaqlara ətraflı məlumat
verib. M.Qurbanlı
bildirib ki, Azərbaycan parlamentində 11 siyasi partiya təmsil
olunur. Ölkəmizin Kanada ilə mövcud olan əlaqələrə
böyük önəm verdiyini deyən deputat
vurğulayıb ki, hazırda iki dövlət arasında bir
çox sahələrdə əməkdaşlıq davam edir.
Bu səfər isə ikitərəfli əlaqələrin daha
da möhkəmlənməsinə böyük töhfə
olacaq.
Kanada
nümayəndə heyətinə başçılıq edən
parlamentin İcmalar Palatası sədrinin müavini, Kanada-Azərbaycan
parlamentlərarası dostluq qrupunun sədri Barri Devolin isə
qeyd edib ki, bir həftəlik səfər müddətində
onlar çox mühüm görüşlər keçirməyi
planlaşdırırlar. Azərbaycandakı sürətli
iqtisadi inkişaf onlarda məmnunluq hissi yaradıb. Kanada
parlamentinin strukturu barədə danışan B.Devolin bildirib
ki, parlament 2 palata - yuxarı və aşağı palatalardan
ibarətdir. Ölkədə çoxlu sayda siyasi partiya olsa
da, parlamentdə təmsil olunmaq çətindir.
Çünki hər hansısa bir partiya parlamentdə rəsmən
tanınmaq üçün ən azı 12 yerə sahib
çıxmalıdır. Hazırda parlamentdə 5 siyasi
partiya təmsil olunsa da, onlardan 3-ü rəsmən
tanınır. Hakimiyyətdə olan partiya Mühafizəkarlar
Partiyasıdır. Yeni Demokratlar Partiyası isə ana
müxalifət hesab olunur. Digər özəllik isə
parlament sədri və müavinlərinin müstəqil
olmasıdır. Yəni sədr və müavinlər neytral
mövqedə dayanmalıdırlar.
2011-ci
ilin noyabrından dostluq qrupunun sədri kimi fəaliyyət
göstərən Barri Devolin onu da bildirib ki, səfərin əsas
məqsədi iki ölkənin parlamentləri arasında əlaqələrin
genişləndirilməsi, Yeni Azərbaycan Partiyası ilə
təmasların möhkəmləndirilməsi, ölkə və
regiondakı vəziyyətlə tanışlıq və
ümumən ikitərəfli əlaqələrin inkişaf
perspektivlərinin müzakirəsidir.
Sonra
çıxış edən İcmalar Palatasının
üzvü Vladislav Lizon, senatorlar Yona Martin və Salma Atullahcan
bu səfərin əhəmiyyətindan danışaraq bu əlaqələrin
hər iki ölkəni bir-birinə daha da
yaxınlaşdıracağını vurğulayıblar.
Görüşdə
çıxış edən dostluq qrupunun üzvləri, Milli
Məclisin deputatları Fərəc Quliyev, Asim Mollazadə,
İlyas İsmayılov qonaqlara Azərbaycan həqiqətləri,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi, Xocalı soyqırımı ilə
bağlı ətraflı məlumat veriblər.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2013.- 5 aprel.- S.3.