Azərbaycanda urbanizasiya
siyasəti: Postindustrial çağırışlara cavab
Qədim
şəhər mədəniyyətinə malik olan Azərbaycan
postindustrializm dövründə urbanizasiya sahəsində
yerli və qlobal çağırışlara cavab verən
siyasət yürüdür. Azərbaycan dövləti şəhərlərin
coğrafi genişlənməsi, urbanizasiya, şəhər
infrastrukturunun yaxşılaşdırılması və
şəhər mədəniyyətinin inkişafı istiqamətində
mühüm addımlar atır. Resursla zəngin müsəlman
ölkəsi Malayziyanın təcrübəsi də göstərir
ki, sürətli sosial-iqtisadi inkişaf urbanizasiya prosesini
gücləndirir.
Son illər
Azərbaycanda kiçik və orta şəhərlərin
periferiyanı cəlb etməklə coğrafi genişlənməsi
həyata keçirilir. Azərbaycan Respublikası Milli Məclisinin
qəbul etdiyi qərar layihəsinə əsasən Qəbələ
şəhərinə ətrafdakı 2095 hektar ərazi birləşdirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
bu qərarı 20 noyabr 2012-ci ildə təsdiqlədi. 21 dekabr
2012-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi
Gəncə şəhəri ərazisinin Daşkəsən,
Goranboy, Göygöl və Samux rayonlarının sərhədlərində
qismən dəyişikliklər edilməsi yolu ilə 2694
hektar genişləndirilərək 12,5 min hektara
çatdırılması barədə qərar layihəsi qəbul
edib. 5 mart 2013-cü ildə Azərbaycan Respublikasının
Milli Məclisi Masallı şəhərinin ərazisinin ətraf
kəndlərin hesabına 353 hektardan 2540 hektara qədər,
başqa sözlə, təxminən 7 dəfə
artırılması barədə qərar layihəsini qəbul
edib. Yaxın perspektivdə Şahbuz şəhəri ərazisinin
1821,6 hektar artırılaraq 2826,6 hektara və Ağdaş
şəhəri ərzasinin 1237 hektar artırılaraq 2307
hektara çatdırılması planlaşdırılır.
Beləliklə,
regional inkişafın nüvələri - əyalət şəhərlərinin
miqyasları məhz kənd ərazilərinin, əhalisinin və
başqa resurslarının hesabına artır. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi
siyasəti yeni dövrün
çağırışlarına cavab verərək
urbanizasiya məfhumuna yeni baxışı ortaya qoyur. Əgər
əvvəllər Azərbaycanda urbanizasiya əyalətlərdən
Bakıya olan daxili miqrasiyanı ehtiva edirdisə, hazırda
miqrasiya vektorları əyalət şəhərlərinə
istiqamətlənib. Yeni dövrdə urbanizasiya müstəqilliyin
ilk illərində olduğu kimi, Bakının geridə
qalmış regionların fonunda sürətlə
böyüməsinə xidmət etmir. Əksinə, regional
inkişafın lokomotivi ola biləcək əyalət şəhərləri
sürətlə inkişaf etməklə urbanizasiyanın
müsbət nəticələr verməsini göstərən
lakmusa çevrilir.
Son illər
Azərbaycanda şəhərlər coğrafi genişlənmə
ilə yanaşı, həm də əhalinin sayında
xüsusi çəkisinə görə öz mövqelərini
gücləndirir. Müstəqilliyin ilk illərində Azərbaycanda
şəhər əhalisinin xüsusi çəkisi
azalmağa başladı və Dövlət Statistika Komitəsinin
məlumatına görə, 1999-cu ildə 51,1 faizə
düşdü. 2002-ci ildən şəhər əhalisinin
sayının artması prosesi baş verib. 2012-ci ildə 9
milyon 235 min nəfər əhalinin 52,9 faizi, başqa sözlə,
4 milyon 889 min nəfəri şəhərdə
yaşayıb. Təkcə son 10 ildə Azərbaycanda şəhər
əhalisinin sayı təxminən 700 min nəfər
artıb. Özü də bu artımın yalnız 276 mini məhz
paytaxt şəhəri Bakının hesabına baş verib.
Beləliklə, əyalət şəhərlərində əhalinin
artım sürəti Bakı ilə müqayisədə daha
sürətlə gedir. Dövlət Statistika Komitəsinin məlumatına
əsasən, 2002-2012-ci illərdə Bakının əhalisi
14,9 faiz artdığı halda, Azərbaycanın digər
şəhərlərində artım 17,9 faiz olmaqla
paytaxtı 3 faiz bəndi üstələmişdir. Şəhər
əhalisinin artımında təkcə Bakı və digər
şəhərlərin arasında deyil, həm də
regionların daxilində də nisbət dəyişir. Məsələn,
Azərbaycanın Naxçıvan Muxtar Respublikasında şəhər
əhalisinin xüsusi çəkisi 2002-ci ildəki 26,7 faizdən
2012-ci ildə 29,1 faizə çatıb. Beləliklə, məntiqi
olaraq Azərbaycanda əhalinin ən sürətlə
artımı paytaxtda və kəndlərdə deyil, məhz
region şəhərlərində baş verir.
Malayziyanın
urbanizasiya təcrübəsi göstərir ki, kiçik və
orta şəhərlərin inkişafı məhz dövlətin
dəstəyi və özəl sektorun iştirakı ilə
baş verməlidir. Son illər Azərbaycanın
regionlarındakı şəhərlərdə infrastrukturun
(xüsusilə yol, elektrik, təbii qaz, kanalizasiya təminatı
və s.) yaxşılaşdırılması, abadlıq
işləri və yeni iş yerlərinin yaradılması
kiçik və orta şəhərlərin əhali və biznes
üçün daha əlverişli olmasına gətirib
çıxarıb. Hətta dövlət büdcəsi də
şəhərlərin öncüllük etdiyi regional
inkişafı hiss edir: 2012-ci ildə Azərbaycan
Respublikasında şəhər və rayonların yerli gəlirlərinə
aid olan məbləğ 499,4 milyon manat və ya 2011-ci illə
müqayisədə 11,7 faiz artmışdır. Beləliklə,
urbanizasiya yerli gəlir və xərcləri tənzimləmək
üçün mərkəzləşdirilmiş xərclərdən
ayrılan vəsaitin azalmasına xidmət edir və mərkəzi
hakimiyyətin yükünü azaldır. Azərbaycan dövləti
şəhərlərin vergi potensialının
artırılması üçün daha bir addım
atmışdır: bu ildən başlayaraq şəhər və
rayonlarda vergi ödəyiciləri (mənfəət vergisi
istisna olmaqla) bütün vergi və ödənişləri
yerli büdcəyə edəcəklər. Bunun nəticəsidir
ki, 2013-cü ildən Sumqayıt şəhəri və
Abşeron rayonundan sonra Şirvan şəhərinin də
yerli gəlirləri xərclərini tam ödəyəcəkdir.
Azərbaycan dövləti tədricən kiçik və orta
şəhərlərin maliyyə müstəqilliyinə
çatmasını dəstəkləyir.
Sahibkarlığa
Kömək Milli Fondunun xətti ilə həyata keçirilən
layihələrin əksəriyyəti (südlük və ətlik
istiqamətli cins heyvandarlıq kompleksləri, quşçuluq
təsərrüfatları, ət kəsimi və emalı
müəssisələri, çörək istehsalı
zavodları, üzüm emalı müəssisələri,
meyvə-tərəvəz emalı müəssisələri və
digər sənaye müəssisələri) region şəhərlərinin
sənaye potensialının inkişafına və bu potensiala
xidmət edəcək kənd təsərrüfatının
modernləşdirilməsinə istiqamətlənib.
Maraqlıdır
ki, Azərbaycanda şəhər əhalisinin xüsusi çəkisi
- 52,9 faiz Çindəki eyni göstəriciyə (52,6 faiz)
çox yaxındır. Çin qarşıdakı 10 il ərzində
40 trilyon yuan (6,4 trilyon ABŞ dolları) xərcləməklə
daha 400 milyon insanı kəndlərdən şəhərə
köçürmək istəyir. Məqsəd Çinin
iqtisadi inkişafının mühərriki sayıla biləcək
varlı istehlakçı təbəqəsinin
formalaşdırılmasıdır. Çin hökuməti
daxili istehlakçı tələbinin nə qədər
güclü bir qüvvə olmasının və Çin
iqtisadiyyatına qlobal böhran şəraitində əlavə
təkan verməsinin fərqindədir. Beləliklə,
urbanizasiya Çində orta təbəqənin mövqelərinin
gücləndirilməsinə xidmət edir. Elə bu səbəbdəndir
ki, qlobal iqtisadi böhrana baxmayaraq, Çin iqtisadiyyatı
illik 7-8 faizlik artım tempini saxlayır. Orta təbəqənin
azaldığı ABŞ və Avropa iqtisadiyyatı isə
staqnasiyadan çıxa bilmir. Çin və Qərbin iqtisadi
islahat fəlsəfəsində ən ciddi fərq ondadır
ki, birinci daxili istehlakın artırılmasını, ikinci isə
rəqabət qabiliyyətinin yüksəldilməsini hədəf
olaraq seçib. Hələlik praktika Çinin daha
düzgün yolda olduğunu sübut edir. Çin hökumətinin
stimullaşdırdığı urbanizasiya nəticə
etibarilə orta təbəqənin güclənməsi - onun
maddi rifah halının yaxşılaşdırılması,
alıcılıq qabiliyyətinin yüksəlməsi, əmək
məhsuldarlığının artması yolu ilə iqtisadi
inkişaf tempinin yüksək səviyyədə
saxlanılmasına xidmət edir. Çində urbanizasiya
imkanlar və resurslar nəzərə alınmaqla planlı
şəkildə həyata keçirilir və məqsəd
2020-ci ildə 1,4 milyard nəfərlik əhalinin 60 faizinin
şəhərlərdə yaşamasını təmin etməkdir.
BRİCS ölkələrinin başqa bir üzvü Hindistan
da şəhər əhalisinin 2030-cu ilə qədər 75
faiz həddinə çatdırılmasını hədəfləyib.
Türkiyənin
aqrar ölkədən inkişaf etmiş sənayə dövlətinə
çevrilməsində urbanizasiyanın böyük rolu
olmuşdur. 1950-ci ildə Türkiyə əhalisinin cəmi 25
faizi şəhər əhalisi idisə, hazırda bu göstərici
70 faiz həddinə çatıb. Əgər əvvəllər
Türkiyənin qərb sahilləri və Mərmərə
bölgəsi daha sürətlə şəhərləşirdisə,
hazırda "Anadolu pələngləri" adlanan ikinci dərəcəli
şəhərlər daha yüksək templə inkişaf
edir. Bu təmayül Azərbaycanda region şəhərlərinin
paytaxta nisbətən daha sürətlə inkişaf etməsinə
bənzəyir.
Braziliya təcrübəsi
isə göstərir ki, aşırı sürətli
urbanizasiya iri şəhərlərdə "sosial
tıxaclar" yaradır. Məsələn, San-Paulu şəhərinin
infrastrukturu və iqtisadi potensialı sürətli
urbanizasiyanın tələblərinə cavab verə bilmədiyindən
şəhərdə həddən artıq yüklənmə
getmişdi. Bu təmayül Sovet İttifaqı
dağılandan sonra bütün müttəfiq respublikalarda
bu və ya digər dərəcədə təzahür
etmişdir. Buna görə də urbanizasiya planlı şəkildə
tənzimlənməlidir. Əvvəlcə infrastruktur və
iş yerləri yaradılmalı,
sonra urbanizasiya stimullaşdırılmalıdır. Azərbaycanda
urbanizasiyanın keyfiyyət və kəmiyyət etibarilə
yeni mərhələyə qədəm qoymasının əsasında
ilk növbədə 2004-2008-ci və 2009-2013-cü illərdə
regionların sosial-iqtisadi inkişafı dövlət
proqramları dayanır. Bunun nəticəsidir ki, Azərbaycanın
kiçik və orta şəhərləri urbanizasiyanın
aşırı təzyiqi ilə üzləşmir, əksinə,
urbanizasiya və şəhərlərin inkişaf tempi
dialektik vəhdətdə olmaqla
sinxronlaşdırılıb.
Azərbaycanda
urbanizasiya prosesi kəndlərin tamamilə silinməsi
anlamına gəlməməlidir. Əksinə, kənd təsərrüfatının
modernləşdirilməsi və məhsuldarlığın
artırılması nəticə etibarilə rəqabət
qabiliyyətinin yüksəlməsinə gətirəcək.
Kənd təsərrüfatı sahəsində qənaət
edilən əmək resursları isə urbanizasiya prosesi
çərçivəsində şəhərə transfer
edəcək. Bu gün dünyada sürətlə genişlənən
"rəqəmsal nəsil" Azərbaycanda da
formalaşır və əmək resurslarının keyfiyyət
və kəmiyyət etibarilə yeni mərhələyə qədəm
qoyması prosesinə öz töhfəsini verir.
Prezidentin
yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM)
apardığı tədqiqat sübut edir ki, şəhərlər
cəmiyyətin dayanıqlığını təmin edən
orta təbəqənin formalaşmasında mühüm rol
oynayır. Məsələn, Azərbaycanda orta təbəqənin
əsas hissəsi şəhərlərdə yaşayır. Tədqiqat
nəticələri şəhərlərin əhalinin təhsil
səviyyəsinin artmasına daha çox təsir göstərdiyini
sübut edir. Belə ki, SAM-da aparılan tədqiqatlar sübut
edir ki, ali təhsilli orta təbəqənin böyük bir
qismi yerli şəhərlərdə və ya böyük əksəriyyət
Bakıda formalaşmışdır. Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan 2020: Gələcəyə
baxış" İnkişaf Konsepsiyasında deyilir ki, indidən
ənənəvi iqtisadiyyatdan bilik iqtisadiyyatına
keçidin əsası qoyulmalı, bunun üçün həlledici
olan insan kapitalının adekvat inkişafı ön plana
çəkilməlidir. Şəhər mühiti insan
kapitalının inkişafı və bilik
iqtisadiyyatının qurulması üçün yaxşı
zəmin hazırlayır.
Azərbaycan
dövləti hazırda işğal altında olan ərazilərdə
də işğaldan sonra urbanizasiya siyasətini həyata
keçirmək niyyətindədir. Bununla əlaqədar Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev demişdir:
"Füzulinin bərpası, işğaldan azad edilmiş
torpaqların inkişafı, burada görülən işlər
Azərbaycan dövlətinin gücünü göstərir.
Onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü
bərpa edəndən sonra hazırda işğal altında
olan bütün ərazilər də belə gözəl, abad
yerlərə çevriləcək. Bütün
yaşayış məntəqələri, bütün kəndlər,
o cümlədən Şuşa və Xankəndi şəhərləri
Azərbaycan ərazi bütövlüyünü bərpa
etdikdən sonra qurulacaq, yenidən tikiləcək və Azərbaycan
vətəndaşları orada yaşayacaqlar. Hər birimiz
öz işimizlə o tarixi günü
yaxınlaşdırırıq".
Beləliklə,
Azərbaycan dövləti urbanizasiya prosesini qısa, orta və
uzunmüddətli dönəmdə sistemli olaraq nəticəyə
hesablanmış bir siyasət olaraq həyata keçirir.
Urbanizasiya Azərbaycan iqtisadiyyatının rəqabət
qabiliyyətinin artırılması və əhalinin sosial
rifahının yaxşılaşdırılması, habelə
onun dünyagörüşünün və həyat tərzinin
qlobal çağırışlarla
uzlaşdırılması məqsədlərinə xidmət
edir.
Fərhad MƏMMƏDOV,
Azərbaycan Respublikasının
Prezidenti
yanında Strateji Araşdırmalar Mərkəzinin
direktoru
Vüsal QASIMLI,
Azərbaycan Respublikasının
Prezidenti yanında
Strateji Araşdırmalar Mərkəzinin
şöbə müdiri
Azərbaycan.-2013.- 4 aprel.- S.4.