Gənclər Fondunun Müşahidə Şurası ilk iclasını keçirmişdir

 

Aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının yeni təyin edilmiş heyətinin ilk iclası keçirilmişdir.

Gənclər Fondunun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bütün üzvlərin iştirak etdiyi iclasda təşkilati məsələlərə baxılmışdır. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov Müşahidə Şurasının sədri, gənclər və idman nazirinin müavini İntiqam Babayev Şura sədrinin müavini, "Gənclərin İntellektual İnkişafına Yardım" İctimai Birliyinin idarə heyətinin sədri Seymur Orucov Şuranın katibi seçilmişlər.

Müşahidə Şurasının reqlamenti təsdiq edildikdən sonra, 2012-ci il dekabrın 26-dan 2013-cü il fevralın 15-dək elan edilmiş ikinci qrant müsabiqəsi çərçivəsində A (yerli layihələr), B (beynəlxalq layihələr) və C (fərdi layihələr) kateqoriyaları üzrə Fonda təqdim edilmiş layihələrə baxılmışdır. Qeyd edilmişdir ki, göstərilən müddətdə qeyri-hökumət təşkilatları və yaradıcı gənclərdən cəmi 387 layihə təklifi daxil olmuş, onlardan  132-si gənclər təşkilatı olmadığına görə müsabiqədən kənarlaşdırılmışdır. Beləliklə, A kateqoriyası üzrə 147, B kateqoriyası üzrə 34, C kateqoriyası üzrə 74 layihə (cəmi 255 layihə) Müşahidə Şurasının müzakirəsinə təqdim olunmuşdur.

Müzakirələr nəticəsində Müşahidə Şurası A kateqoriyası üzrə 117, B kateqoriyası üzrə 18, C kateqoriyası üzrə 35 layihənin (cəmi 170 layihə) maliyyələşdirilməsi barədə qərar qəbul etmişdir. Həmin layihələrin maliyyələşdirilməsinə cəmi

1 389 740 manat vəsait ayrılmışdır (ikinci qrant müsabiqəsinin yekunları aprelin 5-də Gənclər Fondunun saytında yerləşdiriləcəkdir).

Müşahidə Şurasının iclasında yaxın aylarda növbəti qrant müsabiqəsinin elan edilməsi barədə razılığa gəlinmişdir.

Qeyd edək ki, Gənclər Fondu Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ilin 19 dekabr tarixli fərmanı ilə Gənclər və İdman Nazirliyinin yanında yaradılmışdır. Bir il sonra - 2012-ci il dekabrın 29-da dövlət başçısının fərmanı ilə qurumun statusu dəyişdirilərək, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu adlandırılmışdır. Dövlət başçısının sərəncamı ilə Fərhad Hacıyev Fondun icraçı direktoru təyin edilmişdir.

Fondun fəaliyyətinə ümumi nəzarəti Müşahidə Şurası həyata keçirir. Şuranın 9 üzvündən 5-i dövlət orqanlarını, 4-ü isə gənclər təşkilatlarını təmsil edir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 mart tarixli sərəncamı ilə aşağıdakı şəxslər Müşahidə Şurasının üzvü təyin olunmuşlar:

Dövlət orqanlarından:

Tahir Süleymanov - Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini;

İntiqam Babayev   - gənclər və idman nazirinin müavini;

Qulu Novruzov     - təhsil nazirinin müavini;

Nazim Səmədov     - mədəniyyət və turizm nazirinin müavini;

Cavid Məmmədov    - Maliyyə Nazirliyinin sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini

Gənclər təşkilatlarından:

Şahin Seyidzadə   - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri;

Şahin İsmayılov   - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri;

Seymur Orucov     - "Gənclərin İntellektual İnkişafına Yardım" İctimai Birliyi idarə heyətinin sədri;

Nurəddin Mehdiyev - "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri

 

 

Azərbaycan.-2013.- 4 aprel.- S.4.