Vaşinqtonun nüfuzlu Vudro Vilson Mərkəzində
keçirilmiş konfransda
Azərbaycan diqqət mərkəzində olmuşdur
Vaşinqtonda
yerləşən nüfuzlu Vudro Vilson Mərkəzinin Kinan
İnstitutu və Qlobal Təhlükəsizliyin Təhlili
İnstitutu tərəfindən "Qafqazı dünyaya birləşdirmək:
Dəmir yolları və boru kəmərləri"
mövzusunda konfrans keçirilmişdir.
Konfransın
aparıcıları qismində Vudro Vilson Mərkəzi Kinan
İnstitutunun direktoru Vilyam Pomerants və Heritic Fondunun baş
tədqiqatçısı Ariel Koen çıxış
etmişlər.
A.Koen
Azərbaycanda enerji sahəsinin tarixindən və ölkəmizin
bu sektorda mühüm rolundan, eyni zamanda, Xəzərin enerji
resurslarının Avropa enerji təhlükəsizliyinin təmin
edilməsində əhəmiyyətindən
danışmışdır.
Tədbirin əvvəlində ABŞ-ın enerji nazirinin köməkçisi Conatan Elkind çıxış edərək regionda həyata keçirilən enerji layihələrinin tarixindən danışmışdır. Nazir köməkçisi Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihəsinin gerçəkləşməsindən, bu prosesin həyata keçirilməsi zamanı rast gəlinən çətinliklərdən söz açmış və layihənin region ölkələri arasında əməkdaşlıq nümunəsi olduğunu qeyd etmiş, "Cənub" qaz dəhlizinin vacibliyini vurğulamışdır.
Konfrans çərçivəsində keçirilən "Dəmir İpək Yolu: Avropa və Asiyanı birləşdirərək" adlı ilk panel müzakirəsində iştirak edən Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Nərgiz Qurbanova çıxışında ölkəmizin regional tranzit qovşağına çevrilməsindən danışmış və bunun xüsusilə də, 2014-cü ildə NATO qüvvələrinin Əfqanıstandan çıxarılması kontekstində daha da aktuallaşdığını bildirmişdir. N.Qurbanova ölkəmizdə nəqliyyat infrastrukturunun ən yüksək standartlara cavab verməsi məqsədilə bu sahəyə yatırılan sərmayə, bu istiqamətdə həyata keçirilən irimiqyaslı layihələr, həmçinin gömrük prosedurlarının sadələşdirilməsi ilə bağlı tədbirlər barədə panel iştirakçılarını məlumatlandırmışdır. İştirakçılar xüsusilə, Ələt beynəlxalq dəniz limanı, Heydər Əliyev Beynəlxalq Aeroportu və Bakı-Tbilisi-Qars dəmir yolunun regional və qlobal əhəmiyyətini qeyd etmişlər. Ermənistanın regionda həyata keçirilən layihələrdən kənarda qalmasının məhz rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyinin nəticəsi olduğu bildirilmişdir.
"Boru kəməri siyasəti: İnteqrasiya, əməkdaşlıq, şaxələndirmə" adlı ikinci paneldə çıxış edən ABŞ Dövlət Departamentinin Qafqaz və Regional Münaqişələr Ofisinin direktoru Castin Fridman "Cənub" qaz dəhlizinin uzun müddətdir ki, ABŞ administrasiyasının prioritetlərindən hesab edildiyini, bp şirkətinin beynəlxalq əlaqələr üzrə baş direktoru Qreq Sanders isə Avropa ölkələrinin enerji tələbatının ödənilməsi baxımından Azərbaycan qazının və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) layihəsinin əhəmiyyətindən danışmışlar.
Konfransda əsas natiq qismində çıxış edən Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı, səfir Xəzər İbrahim Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin qlobal proseslərin ən mühüm iştirakçıları olan Avropa və Asiyanı birləşdirəcəyini qeyd etmişdir. O, eyni zamanda, Cənubi Qafqazda mövcud münaqişələrin həll edilməsi və regionun bütöv, sabit və inkişaf edən bölgəyə çevrilməsi üçün nadir imkanın yarandığını qeyd etmişdir.
Konfrans ABŞ dövlət qurumları, akademik dairələri, diplomatik korpus və mətbuat nümayəndələri tərəfindən böyük maraqla qarşılanmışdır.
Konfransda
Türkiyə və Gürcüstan səfirliklərinin
nümayəndələri də çıxış
etmişlər.
Yusif BABANLI,
AzərTAc
Vaşinqton
Azərbaycan.-2013.- 4 aprel.- S.4.