Bakı Forumu Azərbaycanın inkişaf modelinin dünyada qəbul olunmasının təsdiqidir

 

Son illər respublikamız sürətlə inkişaf edir. Bu amil dünyanın diqqətini Azərbaycana yönəldib. Ölkəmiz artıq ən mötəbər beynəlxalq tədbirlərə, idman və musiqi yarışlarına, konfranslara, forum və zirvə toplantılarına ev sahibliyi edir. Bunlar hamısı müasir və müstəqil Azərbaycanın beynəlxalq imicinə müsbət təsir etməklə, həm də dövlətimizin maraqlarını təmin edən faktlardır.

2012-ci ildə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, Dünya Bankının Azərbaycan üzrə II İqtisadi Siyasət Forumunun, "Milli iqtisadiyyatın inkişafı və səmərəliliyinin yüksəldilməsi" mövzusunda beynəlxalq elmi-praktiki konfransın, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının, din və dövlət mövzusunda beynəlxalq konfransın, Qəbələdə IV Beynəlxalq musiqi festivalının və sair tədbirlərin keçirilməsi Azərbaycanın dünyada artan nüfuzundan xəbər verir. Respublikamız tədbirləri dövlət maraqlarımıza uyğun şəkildə qurur. 2012-ci ildən əvvəlki dövrlərdə keçirilən tədbirlər də sübut etdi ki, Azərbaycan Cənubi Qafqazda bütün sahələr üzrə müasir dövrün aktual məsələlərinin müzakirə olunduğu geosiyasi mərkəz statusunu qazanıb.

Azərbaycan bu günlərdə belə tədbirlərdən birinə də ev sahibliyi edəcək. Bu, aprelin 7-8-də Bakıda "Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı Strateji Dialoq" mövzusunda keçiriləcək Ümumdünya İqtisadi Forumudur. Forumda sahibkarlar, iri şirkətlərin rəhbərləri, habelə bir çox dövlət və hökumət başçıları da iştirak edəcəklər. Bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi, qeyd etdiyimiz kimi, heç də təsadüfi deyil. Çünki Azərbaycanın son illər əldə etdiyi iqtisadi uğurlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətələndirilir. Ölkəmizin regionda lider dövlətə çevrilməsi artıq sübuta ehtiyac olmayan faktdır. Azərbaycan iqtisadi inkişafına görə 3 ildir ki, MDB ölkələri arasında birinci yerdədir və dünyanın iqtisadi cəhətdən inkişaf edən 50 ölkəsindən biri hesab olunur. Məhz Azərbaycanın bu təcrübəsinin, habelə iqtisadi inkişaf modelinin regional və qlobal yayılmasının vacibliyini nəzərə alaraq bu forumun Azərbaycanda keçirilməsi qərara alınmışdır.

Xatırladaq ki, Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi barədə ümumi razılıq yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun icraçı sədri ilə görüşündə əldə edilmişdir. Forum dövlətimizin və xalqımızın tarixinə yazılan mühüm hadisədir. Dünya İqtisadi Forumunun Azərbaycanda keçirilməsinin ən böyük əhəmiyyəti həm də ondadır ki, qlobal, regional siyasi və biznes elita Bakıya toplaşacaq. Regionda qlobal inkişafın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə ediləcək. Bu müzakirələr dövlət və özəl sektorun gələcək inkişaf strategiyalarının formalaşdırılması baxımından olduqca önəmlidir. Forum  Azərbaycanın əldə etdiyi uğurların beynəlxalq aləmə çatdırılması baxımından da çox əhəmiyyətlidir. Tədbirdə Azərbaycanın iqtisadi artım tempi və onun davamlığının, sosial göstəricilərinin yaxşılaşmasının, ölkə iqtisadiyyatına yatırılmış  investisiyalar və onun keyfiyyətinin, həyata keçirilmiş digər irimiqyaslı infrastruktur  layihələrin, əldə olunan nailiyyətlərin nümayiş etdirilməsi üçün əlavə imkanlar yaranacaq.

Azərbaycan iqtisadiyyata investisiyaların cəlb edilməsi istiqamətində uzun illərdir uğurlu siyasət aparır. Bu siyasətin nəticəsində Azərbaycana müstəqillik illərində bütövlükdə 130 milyard dollardan çox investisiya qoyulmuşdur. Onun da təxminən yarısı xarici investorların payına düşür. Bu mənada forum Azərbaycanın iqtisadiyyatına gələcəkdə də xarici investisiyaların cəlb edilməsi üçün böyük önəm kəsb edir. Azərbaycanlı iş adamları forum iştirakçıları arasında geniş maliyyə imkanlarına malik investorlarla birbaşa əlaqə quracaq və bununla da, həyata keçirdikləri və keçirmək istədikləri layihələr barədə açıq fikir mübadiləsi araracaq və xarici həmkarları ilə kənar müdaxilə olmadan birbaşa təmasda olacaqlar.

Son illər Azərbaycan investisiya cəlb edən ölkədən həm də investisiya ixrac edən ölkəyə çevrilmişdir. Forumda azərbaycanlı investorlar xarici ölkələrdə yatıra biləcək sərmayələrinin hansı layihəyə qoyulması baxımından aparılmış müzakirələr zamanı seçim imkanları əldə edəcəklər. Bu da ona şərait yaradacaq ki, investisiyalar daha əlverişli, daha mənfəətli layihələrə yönəldilsin.                   

Azərbaycan regionda investisiya reytinqi almış yeganə ölkədir. Belə tədbirlərin ölkəmizdə keçirilməsi beynəlxalq təşkilatlara göndərilən müsbət mesajlardan biridir. Bu da Azərbaycanın reytinqinin gələcəkdə daha da yüksəlməsi baxımından çox vacibdir. Forumun ölkəmizdə keçirilməsi həm də Azərbaycanın daha yaxından tanıdılması, nüfuzunun artması, imicinin daha da yaxşılaşması baxımından faydalıdır. Çünki sözügedən forum həm də dünyanın biznes və siyasi elitasının görüş yeridir. Burada dünyanın siyasi və biznes elitasının nümayəndələri toplaşaraq regionun inkişafını və inkişaf perspektivlərini müzakirə edəcəklər. Bir məqam da maraqlıdır ki, keçən il dekabr ayının sonlarında Prezident İlham Əliyevin fərmanı ilə "Azərbaycan-2020: "Gələcəyə baxış inkişaf konsepsiyası" qəbul edilmişdir ki, bu forumun Azərbaycanda keçirilməsi həmin inkişaf konsepsiyasında müəyyən edilmiş hədəflərə nail olunmasında xarici təcrübənin öyrənilməsi üçün əlverişli imkandır.

Forumun birinci sessiyasında "Cənub Qafqaz və Mərkəzi Asiya regionunun gələcəyinə ümumi baxış" mövzusu müzakirə ediləcək. Nəzərdə tutulur ki, Cənubi Qafqaz və Mərkəzi Asiya inkişaf potensialı daha az reallaşdırılan, ancaq olduqca böyük inkişaf potensialına malik olan regionlardandır. Odur ki, dünya ölkələrinin enerji ehtiyatlarına artan tələbatın təmin edilməsində həmin regionların rolu ilə bağlı fikir mübadiləsi aparılacaq. Forumun başqa bir sessiyası "Sahibkarlıq və insan kapitalı: imkanlar və çağırışlar" mövzusuna həsr olunacaq. Bu sessiyada region ölkələrində həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyatın dinamik inkişafı, özəl sektor və sahibkarlıq üçün yaradılmış  şəraitlə bağlı məsələhətlərə dair müzakirələr aparılacaq. "Maliyyə və uzunmüddətli investisiya: imkanlar və çağırışlar" mövzusunda sessiyada Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinə son illər qoyulan investisiyaların həcminin artırılması diqqət mərkəzində olacaq. Tədbirin "Ticarət və təchizat şəbəkələri: imkanlar və çağırışlar" mövzusunda keçirilən sessiyasında isə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının Şərq və Qərb, Şimal və Cənub arasında əlverişli çoğrafi mövqedə yerləşməsinin üstünlüklərindən danışılacaq.

Forumun digər maraqlı bir sessiyası "Azərbaycanın gələcəyinə baxış: yeni iqtisadiyyata doğru" mövzusunda olacaq. Bu sessiyada Azərbaycanın getdikcə artan iqtisadi imkanları, Avropanın enerji təhlükəsizliyinin təminatında rolu, ölkədə yaradılmış əlverişli investisiya mühiti, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektoruna, xüsusilə də, innovativ texnologiyalara qoyulan investisiyalar və s. məsələlər müzakirə olunacaq. "Enerji və təbii resurslar: gələcəyə yol", "Sahibkarlıq və insan kapitalı: gələcəyə yol", "Maliyyə və uzunmüddətli investisiya:  gələcəyə yol" adlı sessiyalarda da qeyd edilən sahələrdə imkanlarla bağlı müzakirələr aparılacaq.

İqtisadi İnkişaf Nazirliyinin iqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, iqtisad elmləri  doktoru, professor Ədalət Muradovun fikrincə, bu forum Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında əməkdaşlığın və inteqrasiyanın inkişafına öz töhfəsini verəcək. Bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etmək isə Azərbaycanın dövlət maraqlarına uyğundur. Belə tədbirlər milli və dövlət maraqlarımızın müdafiəsi baxımından da diqqətçəkəndir.

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.-2013.- 4 aprel.- S.5.