Azərbaycanda İKT sahəsində
qazanılan təcrübə
Braziliya üçün
maraqlı və faydalıdır
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Braziliyanın ölkəmizdə diplomatik missiyasını başa vuran səfiri Sergio de Souza Fontes Arrudan ilə görüş olmuşdur.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan ilə Braziliya arasında dostluq müstəvisində davam edən əlaqələrdən söz açan nazir Əli Abbasov gələcəkdə də ölkələrimiz arasında ikitərəfli münasibətləri genişləndirmək və tərəfdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğumuzu bildirmişdir.
Azərbaycanda 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edildiyini xatırladan Sergio Arruda isə ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun dinamik inkişafının müşahidə edildiyini vurğulamışdır. Azərbaycanda bu sahədə qazanılan təcrübənin Braziliya üçün də maraqlı və faydalı ola biləcəyinə diqqət çəkən səfir bu haqda məlumatları artıq öz hökumətinə təqdim etdiyini söyləmişdir.
Ötən
il Braziliyada keçirilmiş ümumdünya
"Açıq Hökumət Tərəfdaşlığı"
(AHT) üzrə nazirlər toplantısı və illik sammitdə
iştirakı ilə bağlı Braziliya səfirliyinin
göstərdiyi fəaliyyəti yüksək dəyərləndirən
nazir Əli Abbasov bu tədbirdən sonra ölkəmizdə
İKT-nin tətbiqi ilə dövlətin idarəedilməsi,
"Elektron hökumət", elektron xidmətlərin
genişləndirilməsi və s. kimi faydalı tədbirlərin
həyata keçirildiyini, eyni zamanda Azərbaycanın AHT təşəbbüsünə
qoşulduğunu, bununla bağlı tədbirlər
planının hazırlanaraq ölkə Prezidenti tərəfindən
imzalandığını, müvafiq sənədə
uyğun olaraq, artıq konkret işlərin icrasına
başlanmasını qeyd etmişdir. Ölkələrimiz
arasında İKT sektorunda təcrübə mübadiləsinin
genişləndirilməsi məqsədilə
qarşılıqlı səfərlərə ehtiyac
olduğunu söyləyən nazir bu görüşlərin hər
iki tərəf üçün faydalı və əhəmiyyətli
ola biləcəyinə əminliyini bildirmişdir. Bakıda ənənəvi
olaraq hər il keçirilən "Bakutel" sərgi-konfransına
Braziliyanın müvafiq nazirliyi və informasiya
texnologiyaları şirkətlərini
də dəvət edən nazir Azərbaycanda "Yüksək
Texnologiyalar Parkı"nın yaradılması üzrə
işlərin aparılmasını, növbəti tədris
ilindən İnformasiya Texnologiyaları Universitetinin, tezliklə
isə İnformasiya Texnologiyalarının İnkişafı
Dövlət Fondunun fəaliyyətə
başlayacağını əsas gətirərək, ölkəmizdə
bu sahəyə sərmayə qoyulması üçün əlverişli
mühitin və geniş imkanların
yarandığını, eyni zamanda gələcəkdə
Braziliya şirkətlərinin sərmayələrinin Azərbaycan
üzərindən region ölkələrinə
ixracının mümkünlüyünü
vurğulamışdır.
Azərbaycan.-2013.- 4 aprel.- S.5.