1919-cu ildə Əylisdə nə baş vermişdir

 

Azərbaycanlıların soyqırımı

 

Müasir erməni  tarixşünaslığı və təbliğatı tarixin digər dövrləri kimi 1918-1920-ci illərdə Cənubi Qafqazda cərəyan etmiş hadisələri də saxtalaşdırmaqla ermənilərin türk-müsəlman xalqlarına qarşı zorakılıqlarına, ərazi iddialarına haqq qazandırmaqda davam edir. Həm Ermənistanda, həm də müxtəlif ölkələrdə yaşayan erməni tarixçilərinin (A.Ayvazyan, R.Ter-Minasyan, M.Avetisyan, E.Zohrabyan, A.Enrikyan, S.Vraçyan, V.Kevorkyan, A.Minasyan, Q.Simonyan, A.Sarkisyan, V.Xorabekyan, B.Asatryan, L.Melik-Şahnazaryan, A.Vardanyan, R.Hovanesiyan və b.) ən çox müraciət etdikləri  "sevimli" mövzulardan biri də elə 1919-cu il Əylis hadisələridir. "Sapı özümüzdən olan baltalar"dan bəziləri də həmin hadisələri təsvir edərkən yalnız erməni  müəlliflərinin uydurmalarına istinad etməyi, onlardan qidalanmağı üstün tutmaqla, əslində, erməni təbliğat dəyirmanına su tökməkdə davam edirlər. Bir sıra müasir ermənipərəst rus və dünya müəllifləri də bu yolla  gedərək 1918-1920-ci illər hadisələrinin təhlilində yalnız erməni tarixçilərin əsərlərinə müraciət edirlər (Daha ətraflı bax: Vladimir İvanov. Dearmenizaüiə Naxidjevana v XX v. Naxidjevan v XX - naçale XXI vekov: Nekotorıe faktı. Sbornik statey. M.: "Russkaə panorama", 2011, s. 18-59).

1987-ci ildə Tehranda erməni dilində H.Axnazaryanın "Qoxtan qavarı: tarixşünaslıq və memuarlar" adlı kitabı çıxmışdır (Ermənilər Ordubad bölgəsini Qoxtan adlandırmaqda davam edirlər-K.İ). H.Axnazaryan Əylis kəndində anadan olmuş, Praqa Universitetini bitirmiş və sonralar İranda  müxtəlif ali məktəblərdə dərs demişdir. Bu gün Əylis hadisələrindən bəhs edən bütün erməni tarixçiləri də öz uydurmalarında həmin hadisələrin guya yeganə sağ qalmış şahidi olan H.Axnazaryanın kitabına istinad edirlər. Yeri gəlmişkən, bu kitabın 1919-cu il hadisələri ilə bağlı hissəsi indi  internetdə  geniş tirajlanmaqdadır (www. Karabah88.kq/history/adr/18html).

Bəs erməni  tarixçilərinin və onlara züy tutanların belə saxtalaşdırmağa  çalışdıqları Əylisdə 1919-cu ildə hansı hadisələr baş vermişdir?

Əslində, bu hadisələri 1918-1920-ci illərdə bölgədə cərəyan edən proseslərin kontekstindən kənarda təhlil etmək düzgün olmazdı. Birinci Dünya müharibəsindən sonra Cənubi Qafqazda yaranmış mürəkkəb hərbi-siyasi vəziyyətdən istifadə edən erməni siyasi liderləri əzəli Azərbaycan torpaqlarında öz milli dövlətlərini yaratmaq planlarını həyata keçirməyə başladılar. Bu planın gerçəkləşdirilməsində əsas  maneə isə həmin torpaqların əsl sahibləri olan Azərbaycan türkləri idilər. Öz sərsəm məqsədlərinə nail olmaq üçün ermənilər İrəvan quberniyasında,  Naxçıvanda, Zəngəzurda, Qarabağda və Azərbaycanın başqa bölgələrində yerli türk-müsəlman əhaliyə qarşı kütləvi qətliamlar həyata keçirir, vəhşiliklər törədirdilər. Erməni daşnaklarının göz dikdikləri ərazilərdən biri də qədim Naxçıvan torpağı idi. Rusiyada baş vermiş inqilab nəticəsində Qafqaz cəbhəsinin ləğv edilməsi ilə əlaqədar bölgəni tərk edən rus qoşunları hər yerdə olduğu kimi, Naxçıvanda da özlərinə məxsus olan hərbi ləvazimatları, silah-sursatı erməni daşnak hərbi hissələrinə verir, onlar isə bu silah-sursatdan müsəlmanlara qarşı istifadə edirdilər. Eyni zamanda, bölgədə yaşayan erməni əhalisi də sürətlə  silahlandırılır, müsəlman əhalinin deportasiyası üçün hazırlıq görülürdü. Beləliklə, yerli  azərbaycanlılarla müqayisədə  kifayət qədər hərbi üstünlüyə malik ermənilər bölgədə yaranmış mürəkkəb geosiyasi və hərbi vəziyyətdən istifadə edərək 1918-ci ilin əvvəllərindən başlayaraq bölgənin etnik vəziyyətini zor  gücünə öz xeyirlərinə dəyişmək üçün azərbaycanlı əhaliyə qarşı kütləvi vəhşilik hərəkətlərinə başladılar. Yalnız naxçıvanlı liderlərin azərbaycanlı əhalinin müdafiəsini təşkil etmələri, eləcə də Kazım Qarabəkirin başçılığı altında türk qoşunlarının şimal-şərq cəbhəsində uğurlu  əməliyyatları naxçıvanlıları məhv olmaq təhlükəsindən xilas etdi və ermənilərin Bakıda, Qubada, Şamaxıda törətdikləri  soyqırımıları burada da davam etdirmələrinə imkan vermədi.

1918-ci ilin yayında  Andranikin quldur dəstəsinin Naxçıvana soxulması ilə bölgə əhalisi üçün  yenidən həyəcanlı dövr başlamışdır. Onun gəlməsindən cürətlənən bölgədəki erməni yaraqlı dəstələri də yenidən fəallaşaraq Andranikin qoşunları ilə birgə Naxçıvan və Ordubadın türk-müsəlman əhalisinə qarşı  azğınlıqlar törətmişdilər. Andranikin məqsədi Naxçıvanda möhkəmlənmək, sonra isə Zəngəzurdan və Qarabağdan keçərək Bakıda  Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak sovet hökuməti ilə birləşmək idi. Lakin onun Naxçıvanı ələ keçirmək cəhdləri yerli özünümüdafiə dəstələrinin qəhrəmanlıqları sayəsində  heç bir nəticə  vermədi. 1918-ci ilin iyulunda Türkiyənin XI Qafqaz diviziyasının hissələri ilə döyüşdə məğlubiyyətə uğramış Andranik Naxçıvan şəhərini ələ keçirə bilməyərək Ordubada geri  çəkilmiş,  buradakı Azərbaycan kəndlərinə divan tutduqdan sonra Oxçuçay vadisi ilə Zəngəzura - Gorusa çəkilmişdi. Naxçıvan bölgəsinin erməni quldur dəstələrindən azad edilməsi ilə burada nisbi sakitlik yaranmışdı.

Lakin Türkiyənin Birinci Dünya müharibəsindəki məğlubiyyətindən sonra Naxçıvanın üstünü yenidən qara buludlar aldı. 1918-ci ilin sonunda türk qoşunlarının Naxçıvan bölgəsini tərk etmələri ilə əlaqədar olaraq onun əhalisinin taleyi üçün təhlükə daha da artmağa başladı. Ermənilərin Naxçıvana dair ərazi iddialarının qarşısını almaq, Azərbaycanın əsas ərazisindən ayrı düşən bölgənin Azərbaycan Xalq Cümhuriyyəti ilə birləşməsinə şərait yaratmaq məqsədi ilə  burada vətənpərvər qüvvələr tərəfindən Araz-Türk Respublikası adlı dövlət qurumu yaradıldı. Eyni zamanda, AXC hökuməti bölgədə öz suveren hüquqlarını təmin etmək üçün bir sıra hərbi-siyasi, diplomatik addımlar atdı. Ermənilərin Naxçıvanı öz iradələrinə tabe etdirmək cəhdləri yerli əhalinin inadlı müqaviməti sayəsində tam iflasa uğradı. Erməni işğalçılarına qarşı əsl müharibəyə çevrilən azadlıq mübarizəsi başlandı. 1919-cu ilin iyulun sonlarında baş vermiş hərbi hadisələr işğalçı qoşunların bölgədən tam çıxarılması və erməni ağalığına son qoyulması ilə nəticələndi. Polkovnik Qarakeşişov, general Şelkovnikov, Humpa paşa (Yapon) kimi türkün qanına susamış zabitlərin başçılıq etdikləri nizami qoşunlar belə, azərbaycanlıların özünümüdafiə dəstələrinin hücumuna tab gətirə bilmədilər. Artıq döyüşlər İrəvanın yaxınlığında gedirdi, yalnız müttəfiqlərin müdaxiləsi nəticəsində hərbi əməliyyatların dayandırılması ermənilərin tam məğlubiyyətinin qarşısını aldı. Azərbaycanın baş naziri N.Yusifbəylinin ifadə etdiyi kimi, İrəvan quberniyasının bütün türk rayonu, o cümlədən Naxçıvan, istilaçıları devirərək öz təbii orqanizmi - Azərbaycanla birləşməyə hazır olduğunu bildirdi. Hətta bölgənin erməni icması belə, yığıncaqlar keçirərək, Azərbaycan hökumətinin hakimiyyətini tanıdığını bildirdi. Ermənilərin ingilisləri əvəz etmiş amerikalıların köməyi ilə Naxçıvan bölgəsini yenidən ələ keçirmək cəhdləri də bir nəticə vermədi. Lakin ermənilər Naxçıvanla bağlı xülyalarından əl çəkmək istəmir, bölgəyə həm şərqdən (İrəvandan), həm də şimaldan (Zəngəzurdan) ciddi təhlükələr yaradırdılar.

1919-cu ilin sonlarında bölgədə vəziyyət yenidən gərginləşdi. Vedibasardan Mehriyə qədər Naxçıvanın bütün sərhədləri boyu, eləcə də Zəngəzur qəzasında ermənilər hücum üçün güclü hazırlıq aparır, bölgəyə əlavə silahlı qüvvələr gətirirdilər. Ordubadda və onun Zəngəzurla sərhəd ərazilərində daha mürəkkəb şərait yaranmışdı. Ermənilərin uzun sürən hazırlıqdan sonra Zəngəzurun Qafan, Sisyan, Mehri bölgələrində, Oxçu dərəsi və Gığıdərəsi ərazilərində dinc əhaliyə qarşı etnik təmizləmə əməliyyatları yüzlərlə müsəlman kəndlərinin yox edilməsi ilə nəticələndi. Zəngəzurun Ordubada yaxın Oxçu, Şabadın, Pirdavdan, Atqız kəndlərində xüsusi qəddarlıqlar törədilmiş, bu kəndlərin 1000 nəfərdən çox əhalisindən yalnız 216-sı canlarını qurtararaq min cür əzab-əziyyətdən sonra Ordubadın kəndlərində, o cümlədən Aşağı Əylisdə sığınacaq tapmışdılar (bəzi mənbələrə görə isə bu kəndlərin 4000 əhalisindən yalnız 261-i sağ qalmışdı (İbrahim Ethem Atnur. Muxtariyyət ərəfəsində Naxçıvan. Naxçıvan, 1998, s. 266). Yeri gəlmişkən, erməni daşnakları bu kəndlərin əhalisinə qarşı 1905-1906-cı illərdə də insanlığa yaraşmayan qəddarlıqlar törətmiş, sonuncular isə öz yurd-yuvalarını tərk edərək Ordubada pənah gətirməli olmuşdular. Yalnız zəngəzurlu və ordubadlı könüllülərdən ibarət özünümüdafiə dəstələrinin igidliyi sayəsində ermənilər məğlub edilmiş, həmin kəndlərin əhalisi öz ocaqlarına qayıtmışdılar. Bu hadisələrdə Ordubadın ermənilər yaşayan Yuxarı Əylis, Danakert, Çənnəb və başqa kəndlərində yaradılmış silahlı quldur  dəstələri də fəal iştirak etmişdilər (Bax: M.S.Ordubadi. Qanlı illər, B., 1991, s.126-140). 1918-1919-cu illərdə də Zəngəzurun  adı çəkilən kəndlərinin türk əhalisi ikinci dəfə qaçqınlıq həyatı yaşamalı oldu. Lakin 1906-cı ildən fərqli olaraq  1919-cu ildə onlara öz doğma yerlərinə qayıtmaq müyəssər olmadı.

Arxada erməni quldurları Ordubadın azərbaycanlılar yaşayan kəndlərini ələ keçirmək və mahalın erməni kəndləri ilə birləşərək Ordubad və Culfa rayonlarını işğal etmək istəyirdilər. Ermənilərin sonrakı planlarında şərqdən, qərbdən və şimaldan  eyni zamanda hücum etməklə Naxçıvan bölgəsini tam nəzarət altına almaq dururdu.

Ermənilərin bu istiqamətdə əsas ümidləri Ordubadın Əylis kəndi idi. Ermənilərin və azərbaycanlıların qarışıq yaşadığı bu kəndin (kənd faktik olaraq iki hissədən ibarət idi. Ermənilər əsasən Yuxarı Əylisdə yaşayırdılar - K.İ.) erməni icması uzun müddət Azərbaycanın və Naxçıvanın qanuni hakimiyyətini tanımaqdan imtina etmiş, yerli üsyankar erməni  qüvvələrinin əsas dayaq bazasına çevrilmişdi. 1919-cu ilin yayında və payızında Njde, Kasparyan, Gülnəzəryan Melik-Musayan kimi  quldurların başçılığı altında burada çox sayda hərbi qüvvə cəmləşdirilmişdi. Qonşu türk kəndləri tez-tez onların terroruna  məruz qalırdı.

Ermənilərin Zəngəzurdan Ordubada gözlənilən hücumlarının qarşısını almaq və yerli əhalinin təhlükəsizliyini təmin etmək üçün kəndlərdə yuva salmış silahlı quldur dəstələrini tərksilah etmək zərurəti yaranmışdı.

Zəngəzurun yuxarıda adları çəkilən kəndlərinin ermənilər tərəfindən dağıdılması nəticəsində oradan qaçqın düşmüş və Ordubada pənah gətirmiş əhalinin bir hissəsi Aşağı Əylisdən erməni əhalisini çıxarmış və onlar Yuxarı Əylisə köçmüşdülər. Türk zabiti Ədib bəyin başçılığı altında ordubadlıların özünümüdafiə qüvvələri Əylis ermənilərini tərksilah etməyə nail olmuş, onları Zəngəzur qaçqınlarının qəzəbindən qorumaq və təhlükəsizliyini təmin etmək, mümkün təxribatların qarşısını almaq üçün 1919-cu il dekabrın 25-də erməni əhalisinin Əylis kəndindən köçürülməsini təşkil etmişdilər. Özü də erməni təbliğatının əksinə olaraq bu əməliyyatı türklər  (Osmanlı türkləri-K.İ.) deyil, məhz Ordubadın yerli özünümüdafiə dəstələri həyata keçirmişdilər. Çünki 1919-cu ildə Naxçıvanda heç bir türk nizami hərbi dəstəsi yox idi. Onlar buranı 1918-ci ilin dekabrında  tərk etmişdilər (İbrahim Etnur, s.88). Ədib  bəy özü bir neçə türk zabiti (Xəlil bəy, Naci bəy, Osman Nuri bəy) və 7 əsgərlə Naxçıvan əhalisini erməni  hücumlarından  müdafiə etmək üçün könüllü olaraq  türk ordusunu tərk edərək 1919-cu ilin mayında Naxçıvana gəlmiş,  bölgənin erməni təcavüzündən müdafiəsində əvəzsiz  xidmətlər göstərmişdir. Türk nizami qoşun hissələri Naxçıvana ikinci dəfə yalnız 1920-ci ilin əvvəllərində daxil olmuşlar (İbrahim Etnur, s.238). Naxçıvanlılar bu gün də Ədib bəyin və digər türk zabitlərinin xatirəsini əziz tuturlar. Təbii ki, Əylis əməliyyatı zamanı hər iki tərəfdən tələfat olmuşdu. Ermənistan hakimiyyət dairələri və mətbuatı Əylisdə baş verən hadisələr ətrafında hay-küy salaraq bundan Azərbaycan hökumətinə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə başladılar. Ermənistan XİN-in Azərbaycan XİN-ə göndərdiyi notada Əylisdə 1400 adamın öldürüldüyü iddia olunurdu. Müasir erməni müəllifləri öz xislətlərinə sadiq qalaraq həlak olanların sayını 1600-ə qaldırmışdılar (A.Ayvazyan. Naxçıvan 1905 və 1918-1919-cu illər döyüşlərinin odlu həlqəsində İrəvan, 2005, s.361 (erməni dilində). Ermənilər bununla bağlı Cənubi Qafqazdakı Antanta komandanlığına müraciət etmiş, dünya mətbuatında Azərbaycan əleyhinə yeni böhtan kompaniyasına başlamışdılar.

 Əslində, Əylis hadisələri erməni millətçilərinin Zəngəzurda həyata keçirdikləri etnik təmizləmə siyasətinin labüd nəticəsi idi. Məhz bu siyasət nəticəsində Zəngəzur qaçqınları labüd ölümdən qurtulub Naxçıvan qəzasına gələrək evsiz-eşiksiz, soyuq havada qaldıqlarından Əylis kəndinə gələrək ermənilərin boşaltdıqları evləri tutmuşdular (Azərbaycan qəzeti, 1920, 24 yanvar).

Halbuki Zəngəzurda müsəlmanlara qarşı  törədilmiş qırğınlara və onların Əylisə gəlmələrinə qədər nə Əylisdə, nə də Naxçıvanda ermənilərin kompakt  yaşadıqları digər kəndlərdə onlara qarşı hər hansı planlaşdırılmış zorakılıq halları baş verməmişdi. Türk hərbi komandanlığının Naxçıvandakı nümayəndəsi Xəlil bəy özü 1918-ci ildə bir müddət Əylis  kəndində qalmış və bu müddətdə burada yerli ermənilərə qarşı hər hansı  insident baş verməmişdi. Bunu erməni müəllifləri, o cümlədən H.Axnazaryanın özü də etiraf edir.

1919-cu il noyabrın 23-də Azərbaycan və Ermənistan arasında bağlanmış  müvəqqəti sazişə görə hər iki tərəf öz qoşunlarını Zəngəzurdan çıxarmalı idilər.  Azərbaycan tərəfi münaqişəni dinc yolla nizamlamaq məqsədi ilə siyasi iradə və xoş niyyət nümayiş etdirərək bölgədən  qoşunları dərhal geri çəksə də, ermənilər  nəinki öz imzalarına sadiq qaldılar, əksinə, quldur Dronun başçılığı ilə Zəngəzura əlavə nizami qoşun hissələri yeritdilər. Zəngəzurun və Dərələyəzin dinc müsəlman əhalisinə divan tutan erməni qüvvələri  Qarabağı və Naxçıvanı ələ keçirmək uçun buradan hərbi plasdarm kimi istifadə etməyə başladılar.

1920-ci ilin martında ermənilər Vedibasar, Qarabağ və Azərbaycanın digər bölgələri ilə yanaşı, Naxçıvanı da ələ keçirmək üçün hərbi əməliyyatlara başladılar.  Onlar Ordubad istiqamətində külli miqdarda hərbi qüvvə toplamışdılar. Hərbi texnika və sayca üstünlük hesabına ermənilər Aza kəndini ələ keçirmiş, martın 8-də Ordubad şəhərini mühasirəyə almışdılar. Naxçıvandan gəlmiş könüllülərin köməyi ilə ermənilər itki verərək geri çəkilsələr də, martın 21-də, Novruz bayramı günü min nəfərdən çox qüvvə ilə  yenidən qəflətən hücuma keçərək  Ordubadın bəzi kəndlərini ələ keçirmiş,  sonra isə şəhərə hücum etmişdilər. Türk zabiti Ədib bəyin başçılığı ilə Naxçıvandan gəlmiş 500 nəfərlik hərbi qüvvənin Aza kəndi yaxınlığında düşmənə vurduğu ağır zərbə nəticəsində ermənilərin Ordubad mahalını ələ keçirmək cəhdləri puça çıxmış, onlar məğlub olaraq Zəngəzura çəkilməli olmuşdular.

Yeri gəlmişkən, ermənilər bu hücum zamanı da Ordubadın azərbaycanlı əhalisinin gözünü qorxutmaq üçün onlara qarşı insanlığa sığmayan, görünməniş vəhşiliklər həyata keçirmişdilər. Dırnıs kəndində erməni vandalları Mustafa adlı gəncin bədənini tikə-tikə doğrayaraq kisəyə yığmış, anasına göz dağı olsun deyə, qapısının qabağına atmışdılar. Hücum zamanı Əylisin şimalında yerləşən Nurdeh kəndi daha çox ziyan çəkmişdi. Bu gün  Azərbaycan xəritəsində həmin kəndin adını tapmaq mümkün deyildir. 1920-ci ilin martında ermənilər bu kəndi yerlə yeksan etmiş, kəndin sağ qalmış sakinləri uzun məhrumiyyətlərdən sonra Yuxarı Əylisdə və qonşu kəndlərdə, ermənilərin tərk etdikləri evlərdə məskunlaşmış, Zəngəzurdan didərgin düşmüş müsəlmanlarla eyni taleyi yaşamağa məcbur olmuşdular.

Ermənilər sonrakı dövrlərdə də Naxçıvan diyarını ələ keçirmək  üçün çoxlu   cəhdlər göstərsələr də, bölgə əhalisinin qətiyyətli mübarizəsi, Azərbaycan rəhbərliyinin prinsipial mövqeyi sayəsində onların bütün planları alt-üst edilmişdi.

Heç şübhəsiz, bu gün ermənilərin soyqırımına məruz qalmaları haqqında bütün dünyaya bar-bar bağıranlar bu kimi faktları bilməmiş deyillər. Lakin bütün bunlar onlara öz ədalətsiz və xəyanətkar mövqeyindən geri çəkilməsi üçün kifayət edəcəkmi? Bu suala isə yalnız onların özləri cavab verə bilərlər.

 

 

Kamran İSMAYILOV,

AMEA-nın A.A.Bakıxanov adına

Tarix İnstitutunun

 aparıcı elmi işçisi,

tarix üzrə fəlsəfə doktoru

 

Azərbaycan.-2013.- 4 aprel.- S.6.