Bakıda «AİTF-2013» Azərbaycan Beynəlxalq turizm

səyahətlər sərgisinin təntənəli açılışı olmuşdur

 

Aprelin 4-də "Bakı Ekspo" sərgi və toplantı mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, "İTE Group plc" və onun tərəfdaşı "İteca Caspian" MMC-lərin təşkilatçılığı ilə "AİTF-2013" 12-ci Azərbaycan Beynəlxalq turizm və səyahətlər və 7-cı Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgilərinin rəsmi açılışı olmuşdur.

AzərTAc xəbər verir ki, tədbirdə yerlixarici turizm şirkətlərinin təmsilçiləri iştirak etmişlər.

Sərginin açılış mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək ölkəmiz müstəqillik qazandıqdan sonra turizm infrastrukturunun yaradılması və inkişafı istiqamətində görülmüş işlərdən danışmışdır.

Ə.Qarayev demişdir ki, ötən il ölkəmizi 2 milyon  500 min  xarici vətəndaş ziyarət etmişdir: "Çalışırıq bu rəqəm qarşıdakı beş ildə daha da artsın. Azərbaycan bu gün Dünya Turizm Təşkilatının ən fəal üzvlərindəndir və ölkənin turizm sektoru çox böyük inkişaf yolundadır. Məhz bunun nəticəsidir ki, ölkəmizdə turizm obyektlərinin sayı artmaqdadır. Cari ilin ən uğurlu işlərindən biriŞahdağ Qış-Yay Turizm Kompleksinin istifadəyə verilməsidir. Fəaliyyətə başlamasından keçən qısa müddətdə yeni kompleksi 50 minə yaxın yerli və əcnəbi turist ziyarət etmişdir."

"AİTF" sərgisinin günbəgün artan nüfuzundan söz açan nazir bildirmişdir ki, artıq ənənə halını almış bu sərgi çərçivəsində görüşlər keçirilir, əməkdaşlıq müqavilələri imzalanır, turizmlə bağlı yeni proqramlar, qiymətlər barədə məlumatlar açıqlanır.

Bu möhtəşəm sərgidə iştirakçı ölkələrin coğrafiyası da hər il genişlənir. Məhz bunun nəticəsidir ki, "AİTF-2013" sərgisində 60-dan çox istiqaməti təqdim edən 35 ölkədən 251 şirkət iştirak edir.

Bildirilmişdir ki, sərgiyə Dünya Turizm Təşkilatı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən dəstək verilir.

Diqqətə o da çatdırılmışdır ki, bu il "AİTF" sərgisində Monteneqro, Tailand, Tunis, Kanada, Mərakeş və Monakonun turoperatorları ilk dəfə iştirak edirlər. Ənənəvi turizm marşrutları arasında Türkiyə, Gürcüstan, Çex Respublikası və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr yer almışlar. Sərgidə 20 ölkə öz milli stendləri ilə çıxış edir. Həmçinin sərgidə Azərbaycanın 20-dən çox rayonunun turizm potensialı nümayiş olunur.

Tədbirdə çıxış edən "İTE Group plc" şirkətinin direktoru Edvard Stroon hər il Azərbaycanda keçirilən bu sərginin tarixi əhəmiyyətindən söz açmışdır. Bildirmişdir ki, ötən dövr ərzində Azərbaycanda təşkil edilən sərgilərdə iştirak edən xarici şirkətlərin sayı yetərincə olmuşdur. Bu da ölkədə yaradılmış münbit şəraitdən xəbər verir.

Sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olmuşlar.

İştirakçı ölkələr sərgidə turizm sənayesinin müxtəlif istiqamətlərini təqdim etmişlər. Bura hava yolları və aviaagentliklər, turoperatorlarturizm agentlikləri, mehmanxanalar, mehmanxana şəbəkələri, sanatoriyalar, pansionatlar, macəra istirahəti üzrə ixtisaslaşan şirkətlər, habelə işgüzar səfərlərin, idman, ekoloji və maarifləndirici turizmin, eləcə də elit istirahətin təşkili ilə məşğul olan şirkətlər daxildirlər.

Sərgidə tibbi turizmgeniş şəkildə təqdim edilmişdir. Bu il ilk dəfə olaraq sərginin ekspozisiyasında sürətlə populyarlıq qazanan "Xaricdə əmlak" adlı bölmə də təmsil olunmuşdur.

Sərgi aprelin 6-dək davam edəcəkdir.

 

Azərbaycan.-2013.- 5 aprel.- S.6.