Azərbaycanı uğurla inkişaf etdirən, güclü ölkəyə çevirən lider

 

Böyük Britaniyanın nüfuzlu "The Business Year" jurnalı Prezident İlham Əliyevi dünyada "İlin adamı" elan etdi

 

Azərbaycan nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevrilib. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü iqtisadi siyasət nəticəsində inkişaf tempi yüksələn xətlə davam etmiş, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmişdir.

Son 10 ildə həyata keçirdiyi çevik və məqsədyönlü siyasətlə özünü təcrübəli dövlət xadimi, bacarıqlı rəhbər kimi təsdiqləməsi, real ideya və proqramlarla insanların inam və etimadını qazanması cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətlərinə malik olduğunu bir daha təsdiqləmişdir. Cənab İlham Əliyev səlahiyyətlərinin icrasına başladığı ilk gündən cəmiyyətin bütün siyasi qüvvələrinin, sosial qruplarının, dini-etnik konfessiyalarının birliyini təmin etmək istiqamətində ardıcıl siyasət yürütmüşdür. Məhz bu keyfiyyətləri sayəsində də idarəçilikdə yüksək uğurlara imza atmış, cəmiyyətin əsas və həlledici hissəsini arxasınca apara bilmişdir.

Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi rəsmi Bakının mövqelərinin güclənməsi ilə müşayiət olunur. Azərbaycan Prezidenti İlham Əliyev praqmatik, peşəkar siyasətçi olaraq əməli addımları ilə hər bir vətəndaşın maraq və mənafelərinin qorunmasına dövlət təminatının olduğunu praktik surətdə təcəssüm etdirir. Azərbaycanın yaxın-uzaq ölkələrlə münasibətləri qarşılıqlı maraqlar, sivil birgəyaşayış prinsipləri əsasında inkişaf edir. Neftlə, qazla zəngin bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan daha çox demokratikləşmə yolunda qazandığı uğurlarla Avratlantik məkana inteqrasiya edir. Dövlətimiz demokratik ideallara, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini sübuta yetirir. Eyni zamanda, bərabərhüquqlu tərəfdaşlıq və tarazlı xarici siyasət prinsiplərinə sadiq olan rəsmi Bakı hansısa dövlətin Azərbaycanın daxili işlərinə qarışmasına da qətiyyətlə yol vermir.

Ölkə həyatının bütün sahələrində əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında, eləcə də jurnallarda təqdir olunur və respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır. Prezident İlham Əliyevin ölkəmizin davamlı inkişafı sahəsində həyata keçirdiyi tədbirlərlə bağlı vaxtaşırı olaraq nüfuzlu jurnallarda geniş məqalələr dərc olunur. Xatırladaq ki, Böyük Britaniyanın məşhur "The Times" qəzetində və saytında Azərbaycan Prezidenti İlham Əliyevin adı 2012-ci ildə dünyada diqqəti ən çox cəlb edən və nüfuz sahibi sayılan 100 nəfərin siyahısına daxil edilmişdi. "The Times" qəzeti yazmışdı ki, Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələr sırasında yer alıb.

Məqalədə həmçinin göstərilmişdi ki, Bakıda ticarət mərkəzlərinin və beşulduzlu hotellərin sayı artır, bu isə onu "Xəzər sahilində Dubay" adlandırmağa əsas verir. Qəzetin reytinqinə siyasətçilərdən Azərbaycan Prezidenti ilə yanaşı, ABŞ Prezidenti Barak Obama, AFR Kansleri Angela Merkel, Böyük Britaniyanın Baş naziri Devid Kemeron daxil edilmişdi.

"Caspian" İnformasiya Mərkəzinin təşəbbüsü ilə Böyük Britaniyanın nüfuzlu "Populus Limited" şirkətinin Azərbaycanda min respondent arasında keçirdiyi rəy sorğusunun nəticələri də maraq doğurmuşdu. Respondentlərin 95 faizi Azərbaycan Prezidenti İlham Əliyevə etimad göstərdiklərini, 96 faizi isə onun siyasətini bəyəndiklərini vurğulamışdılar. Qurumun rəhbəri qeyd etmişdi ki, indiyədək Qərb ölkələrində keçirilən rəy sorğularında dövlət başçısına bu dərəcədə etimad göstərilməsi faktı qeydə alınmamışdır. Respondentlərin böyük əksəriyyəti Azərbaycanda nəqliyyat infrastrukturunun, səhiyyənin, təhsilin və digər sahələrin inkişaf etdiyini bildirmişlər. Müstəqil şəkildə aparılmış sorğunun nəticələrinə əsasən, ümumilikdə respondentlər Azərbaycanın təhlükəsiz, uğurla inkişaf edən, güclü bir ölkə olduğu qənaətinə gəlmişlər. 

Böyük Britaniyanın nüfuzlu "The Business Year" jurnalı bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi dünyada "İlin adamı" elan edib. Ölkə başçısı "İlin adamı" mükafatına son beş ildə Azərbaycanın dinamik inkişafına, dünyanın geosiyasi məkanda fəal iştirakına, BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin təmin olunmasına, "Azərspace" ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə Azərbaycanda, bölgədə və dünyada internetin, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına verdiyi önəmli töhfələrə, habelə Azərbaycanın mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar forumların, konfransların, idman yarışlarının keçirildiyi mərkəzə çevrilməsindəki xidmətlərinə görə layiq görülüb. Prezident İlham Əliyev Böyük Britaniyanın nüfuzlu "The Business Year" jurnalına müsahibəsində ölkəmizin davamlı inkişafını belə xarakterizə edib: "Azərbaycan bu gün iqtisadi potensialı baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır. Biz artıq dayanıqlı iqtisadiyyata malik ölkəyə çevrilmişik. Qətiyyətlə demək olar ki, 2003-cü ildə qarşıya qoyduğumuz bütün məqsədlərə nail olduq. Dünyanın aparıcı iqtisadi və maliyyə qurumuları hazırda Azərbaycanın uğurlarını qeyd edir, bütün hesabatlarda biz öncül mövqelər tuturuq. Keçən il dünyanın aparıcı "Fitch", "Moody's" və "Standart & Poor's" reytinq agentlikləri əksər inkişaf etmiş ölkələrin kredit reytinqini aşağı saldıqları halda, ölkəmizin reytinqini artırmışlar. Azərbaycan BMT-nin İnkişaf Proqramının insan inkişafı ilə bağlı hesabatına əsasən "yüksək insan inkişafı" ölkələri qrupuna yüksəlmişdir. Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmiz dünyada 46-cı, MDB məkanında isə 1-ci yerdədir. Bu il Davos İqtisadi Forumunun Azərbaycanda keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Bu, ölkəmizin iqtisadi nailiyyətlərinin dünya birliyi tərəfindən təsdiq edilməsi deməkdir.

Gördüyünüz kimi, ötən 10 ildə əldə edilmiş uğurların, xalqımız üçün qürur mənbəyi olan hadisələrin siyahısı çox genişdir. Azərbaycan tarixində ilk dəfə olaraq 2011-ci ildə yüksək rəqabət şəraitində BMT Təhlükəsizlik Şurasına üzv seçildi, 2012-ci ilin mayında isə təşkilata sədrlik etdi. Hesab edirəm ki, bu, müstəqillik illərində ölkəmizin davamlı inkişafına, dünyada qazandığı hörmətə, qlobal təhlükəsizliyə töhfələrinə verilən beynəlxalq qiymət olmuşdur".

"The Business Year" jurnalının baş redaktoru Ceyson Con nəşrin Azərbaycana həsr olunmuş növbəti xüsusi buraxılışının təqdimat mərasimində bildirib ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu Azərbaycanın davamlı tərəqqisini təmin etməyə yönəlib. Nüfuzlu jurnalın baş redaktoru tərəfindən səslənən bu fikirlər ölkəmizin davamlı inkişaf etdiyini və bunun beynəlxalq miqyasda da etiraf olunduğunu bir daha təsdiq edir.

Prezident İlham Əliyev ötən 10 illik fəaliyyəti dövründə məhz ölkə üçün taleyüklü, strateji əhəmiyyətli hadisələrin müəllifinə çevrilmiş, onun ardıcıl və sistemli surətdə həyata keçirdiyi islahatlar cəmiyyətin mənəvi yüksəlişinə və birliyinə xidmət etmişdir. 2003-2012-ci illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu göstərmişdir.

Dövlət başçısı ulu öndər Heydər Əliyevin irəli sürdüyü inkişaf strategiyasını inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Prezident İlham Əliyevin prezidentliyi dövründə məhz bu postulat əsas götürülmüş, iqtisadiyyat həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. Başqa sözlə, praqmatik liderlik keyfiyyətlərinə malik Prezident İlham Əliyev keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir. İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazasını möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Ötən illərdə respublika iqtisadiyyatında islahatlar kursu inamla davam etdirilmiş, xüsusən də, regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlığın inkişafına və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılmışdır.

İqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan hazırda özünəməxsus milli inkişaf modeli ilə tanınır. Bu modelin üstün cəhətləri ilə bağlı beynəlxalq maliyyə qurumlarında geniş müzakirələr, təhlillər aparılır. Respublikamız son illərdə bütün investisiya layihələrini daxili resursları hesabına reallaşdırmaqla yanaşı, regionda sərmayədar dövlət kimi çıxış edir. Ukrayna, Gürcüstan, Moldova, İçveçrə, Rusiya və digər dövlətlərin iqtisadiyyatına sərmayə qoyur. Bütün bunlar həm də respublikamızın inkişaf etməkdə olan ölkədən inkişaf etmiş ölkəyə çevrilmək əzmini nümayiş etdirir. Əslində, Azərbaycan bu gün adambaşına düşən 7000 dollarlıq milli gəlirlə orta inkişaf etmiş ölkələr qrupunda yer alır.

Prezident İlham Əliyevin yürütdüyü uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə Avratlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq sezilir. Bu xarici siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur. Azərbaycan hazırda sülh və əməkdaşlıq paytaxtı kimi tanınır. Belə bir müsbət imicin formalaşmasında cənab İlham Əliyevin təşəbbüsü ilə respublikamızda keçirilən beynəlxalq toplantıların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Avropa ailəsinə inteqrasiya edən Azərbaycan cəmiyyəti bütün liberal dəyərləri mənimsəmiş, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində mühüm uğurlara imza atmışdır. Ötən dövrdə Avropa Şurası qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsi prosesi başa çatmış, ölkəmiz Avropa Birliyinin "Yeni qonşuluq siyasəti", "Şərq tərəfdaşlığı" proqramlarına, habelə NATO-nün "Fərdi əməkdaşlıq üzrə fəaliyyət planı"na qoşulmuş və bu  istiqamətdə mühüm addımlar atmışdır.

Dövlətimizin başçısı ölkədə makroiqtisadi inkişafı təmin etməklə yanaşı, Azərbaycan üçün bir sıra taleyüklü məsələlərin yoluna qoyulmasına da nail olmuşdur. Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilmiş, vaxtilə bir çoxlarına əfsanə kimi görünən bu layihələr reallığa çevrilərək Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasını təmin etmişdir. Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyi sisteminin əsas təminatçısı qismində çıxış etməsi danılmaz faktdır.

Azərbaycan Prezidenti İlham Əliyevin ötən 10 illik fəaliyyətinin təhlili göstərir ki, bu müddətdə konturları hələ Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bütün konsepsiyalar uğurla davam etdirilmiş, zəruri hallarda məhz onun təşəbbüsü ilə dövrün tələblərinə uyğun olaraq keyfiyyət dəyişikliklərini özündə əks etdirmişdir. Bütün bunların fonunda ölkə vətəndaşlarının böyük əksəriyyəti cənab İlham Əliyevə etimad göstərir, onun rəhbərliyi altında respublikamızın qarşıdakı illərdə daha böyük uğurlar qazanacağına inanırlar. Əldə olunan uğurların beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər, eləcə də jurnallarda təqdir olunması respublikamızın davamlı inkişaf yolunda olduğunu və dünyada nüfuzunun artdığını təsdiqləməkdədir.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.- 2013.- 6 aprel.- S. 2.