The Herald qəzetində Azərbaycan diqqət mərkəzindədir - Dünya İqtisadi Forumu Bakıda keçiriləcəkdir sərlövhəli məqalə dərc edilmişdir

 

ABŞ-da çıxan "The Herald" qəzetində "Azərbaycan diqqət mərkəzindədir - Dünya İqtisadi Forumu Bakıda keçiriləcəkdir" sərlövhəli məqalə dərc edilmişdir.

Nəşrin yazdığına görə, ölkə hökumətlərinin yüksək vəzifəli şəxsləri,  beynəlxalq şirkətlərin və vətəndaş cəmiyyətlərinin başçıları, ümumən 200-dən çox adam Dünya İqtisadi Forumunda iştirak etmək üçün Bakıya gələcəkdir.  Cənubi Qafqazın  və Mərkəzi Asiyanın gələcəyi haqqında strateji dialoq çərçivəsində keçiriləcək forumda regionda investisiyasların perspektivləri və onun sonrakı inkişafı məsələləri müzakirə ediləcəkdir. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə,  2013-cü ildə, Avropanın iqtisadi tənəzzül vəziyyətində olduğu bir vaxtda regionda iqtisadi artım 7 faiz təşkil edəcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab bu ilin yanvarında Davos görüşündə strateji dialoq çərçivəsində tədbiri Bakıda keçirmək barədə razılığa gəlmişlər. Forumda sənaye, nəqliyyat, infrastruktur, təbii sərvətlər, kənd təsərrüfatı, maliyyə və telekommunikasiya sahələrinin inkişafına dair məsələlər müzakirə ediləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2013.- 6 aprel.- S. 2.