ABŞ-da çıxan Washington Times qəzetində Kerri Qarabağ münaqişəsinin həllinin açarı necə ola bilərdi sərlövhəli məqalə dərc olunmuşdur

 

ABŞ-da çıxan nüfuzlu "Washington Times" qəzeti tanınmış politoloq, "Dünya okeanı: Avrasiya geosiyasəti və Qərbin taleyi" kitabının müəllifi Aleksandros Pitersonun "Kerri Qarabağ münaqişəsinin həllinin açarı necə ola bilərdi" sərlövhəli məqaləsini dərc etmişdir. Məqalədə Dağlıq Qarabağ münaqişəsinin həllinin ABŞ üçün əhəmiyyətindən danışılır.  Müəllif yazır ki, ABŞ-da Dağlıq Qarabağ münaqişəsi Birləşmiş Ştatların müdaxiləsinin məqsədəuyğun sayılmadığı "anlaşılmaz və son dərəcə dolaşıq etnik münaqişə" kimi qəbul edilir, lakin ABŞ artıq çoxdan bu münaqişəyə dərindən qarışdığı üçün vəziyyətdən yeganə çıxış yolu onun həlli üzrə səyləri artırmaqdır. Piterson yazır ki, ABŞ-ın indiki dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsinin təfərrüatı ilə yaxşı tanışdır. O, hələ senator ikən ABŞ-ın fəal erməniləri qrupunu təmsil edirdi. "Amma dövlət katibi olduqdan və seçicilərinin çevrəsini tərk etdikdən sonra diqqətini ABŞ-ın milli mənafeləri üzərində cəmləyə bilər".

Dağlıq Qarabağ münaqişəsinin həlli çox vacibdir, çünki münaqişə zonası İrandan şimalda və NATO-nun Türkiyədəki bazasının yaxınlığında yerləşir. Özü də Xəzərdən Avropayadək mühüm enerji arteriyaları Azərbaycandan keçir. Üstəlik, növbəti  ilyarım ərzində hərbi əməliyyatların yenidən başlanması ABŞ qoşunlarının Azərbaycan dəhlizi vasitəsilə Əfqanıstandan çıxarılmasını zərbə altında qoya bilər.

Məqalə müəllifi yazır ki, münaqişədə tarazsızlıq mövcuddur, çünki ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın Ermənistanla sıx müttəfiqlik əlaqələri vardır. Ermənistanda Rusiya ordusunun 3000 əsgər, yüzlərlə tank və zirehli texnika, MİQ təyyarələri, raket əleyhinə sistem və s-dən ibarət 102-ci hərbi bazası yerləşir. Rusiya Ermənistanın sərhədlərini qoruyur, iqtisadiyyatına, o cümlədən onun enerji sektoruna büsbütün nəzarət edir. Piterson hesab edir ki, Amerika tarazsızlıq vəziyyətini, xüsusən, dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin incəliklərinə bələd olmasını nəzərə alaraq, həmin məsələdə üstünlüyə nail olmalıdır.

 

 

Yusif BABANLI

 

Vaşinqton

 

Azərbaycan.- 2013.- 6 aprel.- S. 2.