Ümummilli lider
Heydər Əliyevin vəfatından sonrakı 10 ildə Azərbaycan
xalqı onun tərəfindən əsası qoyulan inkişaf
xəttindən bəhrələnir
Xəbər verdiyimiz kimi, Böyük
Britaniyanın nüfuzlu "The Business Year" jurnalı Azərbaycanla
bağlı növbəti xüsusi buraxılışını
ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr
etmişdir. Jurnalda baş redaktor Ceyson Conun ulu öndər Heydər Əliyevin həyat və
fəaliyyətinə həsr olunmuş məqaləsi yer
almışdır. AzərTAc məqaləni təqdim edir.
Ümummilli
lider Heydər Əliyevin həyatı və fəaliyyəti təkcə
Azərbaycanın XX əsrdəki mürəkkəb tarixini
deyil, həmçinin ölkənin müstəqil bir dövlət
kimi yenidən yaranmasını da özündə əks
etdirir. Onun həm ömür yolu, həm də siyasi
karyerasının ilk illəri Azərbaycan xalqının
yaşadığı mürəkkəb siyasi çətinlikləri
özündə birləşdirir. Məhz gərgin əmək
nəticəsində o, Sov.İKP MK-nın Siyasi Bürosunun
üzvü və SSRİ Nazirlər Soveti sədrinin
müavini vəzifələrinə qədər yüksəldi.
Sovet rəhbərliyi tərəfindən təqiblərə məruz
qalsa da, Azərbaycanın müstəqilliyi dövründə
o, öz bilik, bacarıq və təcrübəsini ölkəsinin
inkişafına sərf etmək üçün yenidən Vətənə
qayıtdı. Onun yenidən siyasi hakimiyyətə
qayıdışı zamanın tələbi idi. Bu
qayıdış xalqın tələbi, onun zəngin təcrübəsi
və ciddi xarakteri ilə səciyyələnirdi. Heydər Əliyevin
Azərbaycan üçün gördüyü işlər
ölkənin həm o vaxtkı, həm də gələcək
inkişafına hesablanmışdı.
Başlanğıc
Heydər
Əliyev ilk müstəqil Azərbaycan Respublikasının -
Xalq Cümhuriyyətinin süqutundan cəmi bir neçə
il sonra, 1923-cü il mayın 10-da Azərbaycanın uzaq əyalətlərindən
biri olan Naxçıvanda çoxuşaqlı ailədə
dünyaya göz açmışdır. Atası dəmir
yolunda maşinist, anası isə 8 uşağın
qayğısına qalan evdar qadın idi. Bu ailədəki
uşaqların hamısının təhsilə, elmə, incəsənətə
böyük marağı var idi. Təhsil inkişafa aparan
yeganə vasitə, Sovet İttifaqının təhsil məktəbləri
isə ailənin güzəranını
yaxşılaşdırmağın yeganə
çıxış yolu kimi görünürdü. Beynəlxalq
Skautlar Assosiasiyasının sovet modeli olan pionerlər hərəkatı
Heydər Əliyevin gəncliyində mühüm rol
oynamışdır. Pionerlərin Naxçıvandakı mərkəzində
Heydər Əliyev Azərbaycanın milli musiqi aləti olan
tarda ifa etməyi öyrənərək musiqi təhsili
almışdır. Burada o, həmçinin şahmat
oynamağı da öyrənmişdir. Gənc Heydər incəsənətin
rəssamlıq və teatr sahələrində də öz
bacarığını göstərmişdir. Təxminən
14-15 yaşlarında o, pionerlərin səhnələşdirdiyi
Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran"
pyesində baş rolda oynamışdır. On altı yaşında o,
"Hamlet" pyesində baş rolu ifa etmişdir. İncəsənət
təhsili almaq üçün həmin dövrdə Leninqrad
adlanan Sankt-Peterburq şəhərinə gedən
qardaşı kimi Heydər Əliyev də rəssamlıq
bacarığını inkişaf etdirmək istəyirdi.
Doğma Naxçıvanı nadir hallarda tərk etsə də,
Bakıda Elmlər Akademiyasında çalışan digər
qardaşı onu təhsilini davam etdirməyə cəsarətləndirdi.
İrəvan
və Tiflisdən keçərək üç gün
müddətində qatarla səyahət edən Heydər Əliyev
təhsilini davam etdirmək üçün Bakıya gəldi.
O zaman Bakıda İncəsənət Akademiyası
olmadığından Heydər Əliyev təhsilini rəssamlıq
qabiliyyətini üzə çıxara biləcəyi
memarlıq sahəsində davam etdirməyi qərara aldı.
Universitetə qəbul olmaq üçün o, rus dilində
aparılan qəbul imtahanlarından keçməli idi. O
dövrdə Naxçıvanda olduqca az sayda rusdilli insanlar var
idi və buna görə də qəbul imtahanlarından
keçmək üçün o, Bakıda qısa müddətdə
bu dili öyrənməli oldu. Təqaüd almasına
baxmayaraq, bu kiçik məbləği bir qədər
artırmaq üçün o, gecə növbəsində
işləməyə başladı. Əvvəlcə tikinti
sənayesində fəhlə, daha sonra isə
qardaşının köməyi ilə Elmlər
Akademiyasının Coğrafiya İnstitutunda
çertyojçu işləmişdir.
1939-cu ildə
Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə
daxil olduqdan sonra o, yenidən teatr sevgisini
reallaşdırmağa başladı. Universitetin
üçüncü kursunda onun təhsili İkinci Dünya
müharibəsinin başlaması ilə yarımçıq
qaldı. Cəbhədən uzaqda yerləşməsinə
baxmayaraq, Bakı faşist liderlərinə yağlı tikə
kimi görünürdü. Çünki sovet silahlı
qüvvələrinin müharibəyə tab gətirməsinə
səbəb məhz Bakının zəngin neft yataqları
idi. Fəhlə sinfinə mənsub olan Heydər Əliyev
pionerlər hərəkatının üzvü olmasına və
təmiz keçmişinə görə Stalinin hakimiyyəti
dövründə böyük uğur hesab edilən bir məqsədə
- təhlükəsizlik orqanlarında qulluğa keçməyə
nail oldu. 1942-ci ildə o, təhlükəsizlik xidmətlərində
ilk uğurunu, yəni leytenant rütbəsini qazandı. Həmin
ildə onun atası vəfat etdi. Heydər Əliyev 1969-cu ildə
Sovet Siyasi Bürosu tərəfindən Azərbaycan SSR-in rəhbəri
seçilənə qədər, yəni 26 il ərzində təhlükəsizlik
xidməti orqanlarında qulluq etmişdir.
İlk hakimiyyət
Bu iki əhəmiyyətli
tarix arasında o, Azərbaycan Dövlət Universitetinin tarix
fakültəsini bitirmiş, ailə qurmuş və
uşaqları dünyaya gəlmişdir. O, 1948-ci ildə Zərifə
xanımla evlənmiş, qızı Sevil (1955-ci il) və
Prezident vəzifəsində atasının yolunu davam etdirən
oğlu İlham (1961-ci il) dünyaya gəlmişdir. Heydər
Əliyevin siyasi səriştəsi və gərgin fəaliyyəti
sovet təhlükəsizlik liderlərinin diqqətini cəlb
etmiş və 1967-ci ildə o, general rütbəsinə layiq
görülmüşdür. Elə bu rütbə ilə o,
Azərbaycanın siyasi səhnəsinin pərdələri
arasından çıxaraq 1969-cu ildə Azərbaycanın
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə
yüksəlmişdir.
Azərbaycan
SSR-in lideri olaraq o, müasir Azərbaycan Respublikasının əsasını
təşkil edən siyasət yürüdür və sovet
sistemi daxilində mövcud olan bir çox münaqişələri
öz ölkəsindən uzaq tutmağa
çalışırdı. O, iqtisadiyyat sahəsində
ölkənin Sovet İttifaqına verdiyi zənginlikdən əhalinin
bəhrələnməsini təmin edərək sürətli
təsərrüfat və iqtisadi inkişaf proqramları həyata
keçirirdi. İncəsənət və təhsil sahəsində
o, bütün azərbaycanlıların inkişafına nail
olmağa çalışırdı. Onun Azərbaycan dilini
qorumaq istəyi 1977-ci ildə SSRİ Konstitusiyasının qəbulundan
bir il sonra bu dilin Azərbaycan SSR-in rus dili ilə yanaşı,
ikinci rəsmi dil olaraq qəbul edilməsi ilə nəticələndi.
Onun hakimiyyəti dövründə Prezident Aparatı və
Milli Məclis kimi mühüm dövlət orqanlarının
binaları tikilib istifadəyə verildi. Bu qurumlar mərkəzi
sovet sisteminin orqanları hesab olunsalar da, Azərbaycan müstəqilliyini
bərpa etdikdən sonra öz əsas vəzifələrini
yerinə yetirəcəkdilər. Bugünədək onlar Azərbaycanın
suverenliyinin əsas rəmzləri olaraq qalır. Sovet sisteminin
məhdudiyyətləri daxilində
sıxışdırılsa da Heydər Əliyev Azərbaycan
SSR-ə rəhbərlik etdiyi müddətdə xalqda Azərbaycan
sevgisini yüksəltməyə
çalışmışdır. Bu isə çətin
vaxtlarda azərbaycanlılar tərəfindən yüksək
qiymətləndirildi. Lakin onun bacarıq və səriştəsi
yenidən sovet rəhbərliyinin diqqətini çəkdi.
1982-ci ildə
Heydər Əliyev bir azərbaycanlı üçün
inanılmaz uğura nail oldu: Sovet Siyasi Bürosunun tam
hüquqlu üzvü təyin edildi. O, təkcə bu vəzifəyə
təyin edilən ilk azərbaycanlı deyil, həm də Sovet
İttifaqı tarixində əsrin yazılmamış
qanunlarına rəğmən həmin ali kürsüyə
yüksələn ilk müsəlman olmuşdur. Siyasi
Büronun tam hüquqlu üzvü kimi Moskvada
çalışan Heydər Əliyevin Azərbaycandakı
hakimiyyətini onun dəstək verdiyi insanlar davam etdirdi. Həmin
dövrdə o, sovet rəhbərliyinin Mixail Qorbaçov,
Qriqori Romanov (Qorbaçovun rəqibi) və SSRİ-nin gələcək
xarici işlər naziri, Gürcüstan Prezidenti Eduard
Şevarnadzenin də daxil olduğu "gənc nəslinin"
bir hissəsi hesab olunurdu. Bundan əvvəl isə Heydər Əliyev
SSRİ Nazirlər Soveti sədrinin müavini təyin
olunmuşdu. Bu vəzifədə o, 1987-ci ildə məcburi təqaüdə
göndərilənə qədər çalışdı.
Siyasi Büronun üzvü olmaq ona dünyaya
çıxış şansı qazandırdı və xarici
ölkələrə səfərlər zamanı o, sovet
sisteminin zəifliyini daha yaxşı başa düşməyə
başladı.
1980-ci illərdə
sovet rəhbərliyində sürətlə Brejnev, Andropov və
Çernenko hakimiyyətləri dəyişən zaman gənc
nəsil hakimiyyətə gəlmək şansı qazandı.
Mixail Qorbaçov Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsinin baş katibi vəzifəsinə yüksəldi və
onun hakimiyyətdə olduğu dövrdə aşkarlıq və
yenidənqurma təşəbbüsləri meydana gəldi. Bu
təşəbbüslər isə 1991-ci ildə Sovet
İttifaqının süqutu ilə nəticələndi.
Qorbaçovun
hakimiyyətə gəldiyi 1985-ci ildə Heydər Əliyevin
həyat yoldaşı akademik Zərifə xanım vəfat
etdi. Heydər Əliyev 1987-ci ildə Qorbaçovun təzyiqi
ilə istefaya gedənə qədər Siyasi Büroda
çalışmaqda davam etdi. Ona Azərbaycana
qayıtmağa icazə verilmədi və partiyanın Moskva ətrafındakı
mülkünə sürgünə göndərildi. Sovet
imperiyasının zəiflədiyi 1990-cı ilin ortalarında
doğma Vətəni Azərbaycan qonşu erməni millətçilərinin
hücumu təhlükəsi qarşısında qalanda o,
sürgündən xilas olmağı bacardı.
Oraya və geriyə
1990-cı
ilin Qara Yanvar hadisələri Heydər Əliyevi
sarsıtdı. Doğma Azərbaycanda müstəqilliyə
qovuşmağa can atan xalqına qarşı Sovet
İttifaqı rəhbərliyinin törətdiyi vəhşilik
və Bakıda onlarla insanın öldürülməsi onun
sovet sisteminə olan bütün inamını yox etdi. O,
özünün və ailə üzvlərinin həyatını
təhlükəyə ataraq Kommunist partiyasının
üzvlüyündən istefa verdi və Vətənə
qayıtmaq üçün yollar düşünməyə
başladı. Moskvada ev həbsində olduğu zaman onun
sürgündən xilas olmaq cəhdlərinin
qarşısı sovet rəhbərliyi tərəfindən
alındı və nəhayət, 1990-cı ilin iyulunda o,
Bakıya qayıda bildi. Azərbaycanın o vaxt hakimiyyətdə
olan iqtidarı ona Bakıda yaşamaq imkanı vermədilər.
Heydər Əliyev Naxçıvana getməyə məcbur
oldu. Məhz Naxçıvanda o, Ali Məclisin deputatı
olaraq siyasi fəaliyyətini yenidən bərpa etdi. 1990-cı
ildə Azərbaycan SSR-ə rəhbərlik edən Ayaz
Mütəllibov Moskvanın göstərişi ilə Heydər
Əliyevin fəaliyyətinə hər vəchlə mane
olmağa çalışırdı. Mütəllibovun
hakimiyyəti dövrü Azərbaycanda
özbaşınalıq və Dağlıq Qarabağın
tam nəzarətdən çıxması ilə xarakterizə
olunur. 1992-ci ildə Xocalı soyqırımından sonra onun
hakimiyyətdə qalması artıq qeyri-mümkün idi və
o, Moskvaya qaçmaqla hakimiyyətinə son qoydu. Bütün
bu müddət ərzində Heydər Əliyev blokada şəraitində
olan Naxçıvanda əhalinin təhlükəsizliyi və
güzəranı üçün ciddi tədbirlər
görür, mühüm qərarlar qəbul edirdi. Əbülfəz
Elçibəyin prezidentliyi dövründə Azərbaycan
sovet sisteminin dağılmasından sonra iqtisadi tənəzzül
və Dağlıq Qarabağda davam edən müharibə vəziyyətində
idi. 1993-cü ilin iyununda Elçibəy güclənən
siyasi böhranı aradan qaldırmaq üçün Heydər
Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev Ali Məclisin
sədri seçildi. 1993-cü ilin iyun ayının sonunda
Elçibəyin prezident vəzifəsindən
uzaqlaşması ilə Heydər Əliyev konstitusional olaraq
prezident vəzifəsini icra etməyə başladı.
1993-cü ilin oktyabrında keçirilən seçkilər
onun prezidentliyini rəsmiləşdirdi. Müstəqilliyini bərpa
edən Azərbaycanın taleyi artıq Heydər Əliyevin əllərində
idi və onun çiynində dövləti qorumaq və onun gələcəyini
planlaşdırmaq kimi çətin bir vəzifə dururdu.
Hakimiyyət dövrü
Heydər
Əliyev ikinci dəfə Azərbaycan lideri olaraq hakimiyyətdə
idi. Lakin bu dəfə o, artıq sovet əsarəti altında
olan bir respublikanın deyil, müstəqil dövlətin rəhbəri
idi. Onun xalqı qarşısında ən böyük xidmətlərindən
biri Azərbaycanı parçalanmaqdan xilas etməsi,
1994-cü ildə Dağlıq Qarabağ müharibəsində
atəşkəsə nail olması idi. Elə həmin il o,
dünyanın aparıcı neft şirkətləri ilə Azərbaycanın
uzunmüddətli iqtisadi dirçəlişini təmin edən
"Əsrin müqaviləsi"ni imzaladı. Təkcə bu
uğurlar onun siyasi bacarığını sübut etməyə
kifayət idi. İkinci müstəqil respublikanın birincinin
taleyini yaşamaması üçün Heydər Əliyev əsas
öhdəliyin iqtisadiyyatı gücləndirmək və
daxili sabitliyi bərpa etmək olduğunu
düşünürdü.
1995-ci ildə
ölkənin Konstitusiyası qəbul olundu. Hakimiyyətdə
olduğu iki prezidentlik dövrü ərzində Heydər Əliyev
ölkə iqtisadiyyatını gücləndirməyə
kömək edən xarici sərmayə axını vasitəsilə
bazar iqtisadiyyatına keçidi təmin etdi. Ölkədə
aparılan digər islahat Sovet İttifaqına məxsus
kollektiv təsərrüfatın özəl təsərrüfata
keçməsi olmuşdur. Dilçilik sahəsində o,
1930-cu illərdə Stalin rejiminin məcburiyyəti altında
qəbul edilən kirill əlifbasını ləğv edərək
latın əlifbasının qəbul edilməsinə nail
olmuşdur.
Xarici
siyasət sahəsində Heydər Əliyev Qərbdə tərəfdaşlar
axtarmağa və bununla da Azərbaycana gələcəkdə
yardım edə biləcək dostlar qazanmağa
başladı. 1999-cu ildə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin
inşası ilə bağlı müqavilənin
imzalanması onun xarici siyasətini daha da möhkəmlətmiş
və neft-qaz sənayesində Azərbaycanın iqtisadi
bazarını şaxələndirməyə nail olmuşdur.
Bu dövrdə həyata keçirilən islahatların bir
çoxu onun vəfatından sonra öz bəhrəsini verməyə
başladı. Bununla belə, onun əsasını qoyduğu
uzunmüddətli inkişaf xətti Azərbaycanın iqtisadi
dirçəlişinin əsasını təşkil edir.
2003-cü
ilin dekabrında Heydər Əliyev 80 yaşında vəfat
etdi. Onun qurub-yaratdığı Azərbaycan keçmiş
sovet respublikaları arasında ən güclü ölkələrdən
birinə çevrildi. Artıq iqtisadiyyatı güclənən
Azərbaycanın inkişafının yeni mərhələsi
başlayıb. İqtisadi keçid mərhələsi
başa çatıb. İkinci müstəqil Azərbaycan
Respublikasının taleyi artıq təhlükəsizdir.
İnkişaf yolunun üfüqləri aydındır.
Azərbaycan.- 2013.- 6 aprel.- S. 3.