Tacikistanda çıxan Veçyorka qəzetində ümummilli lider Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilmişdir

 

Tacikistanda çıxan "Veçyorka" qəzeti Nasrullo Tuyçizodanın xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr olunmuş "O, bütün ömrünü xalqına həsr etmişdir" sərlövhəli məqaləsini dərc etmişdir.

AzərTAc həmin məqalənin mətnini təqdim edir.

XX əsr Azərbaycan tarixinin əlli ilindən çoxu Heydər Əliyevin  şəxsiyyəti, onun quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyev yeni Azərbaycanın qurucusudur. O, bu quruculuq işinə hələ 1969-cu ildə Azərbaycanın rəhbərliyinə gəlməmişdən əvvəl - XX əsrin 40-cı illərində başlamışdır. Azərbaycan tarixinin 35 illik dövrü  ulu öndərin adı ilə bağlıdır. O, bu illər ərzində Azərbaycana görə məsuliyyəti bir vətəndaş kimi öz çiyinlərində daşımış, ölkəsi və xalqı ilə birlikdə ağır və çətin sınaqlardan keçmiş, müstəqil respublika, onun bugünkü gerçəkliklərini yaratmış, işıqlı gələcəyin təməlini qoymuşdur. Bütün bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının dirçəlişi onun adı  ilə bağlıdır.

XX əsrin axırında Azərbaycanda dövlətçilik ənənələrinin dirçəldilməsi, dönməz xarakter almış müstəqilliyinin möhkəmləndirilməsi, ölkənin qətiyyətlə irəliyə doğru hərəkət etməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Bakıda ona Azərbaycan dövlətinin yüksək mükafatı, müstəqil Azərbaycanın ali ordeni - "Heydər Əliyev" ordeni təqdim edilərkən demişdi: "Biz vaxtilə Heydər Əliyevlə birlikdə başladığımız  istiqamətdə işləmişik və bundan sonra da işləməyə davam edəcəyik. Heydər Əliyev çox müdrik siyasətçi idi. Hesab edirəm ki, bu orden bütün xalqıma verilən mükafatdır. Biz həmişə yaxşı münasibətlər qurmağa çalışmışıq. Mən xalqım üçün kəşməkəşli olan o illərdə bir çox məsələlərdə həmişə Heydər Əliyevlə məsləhətləşməyə çalışmışam. O vaxtdan biz yaxşı münasibətlər qurmuşduq. Azərbaycanla dostluğumuz davam edir, biz ikitərəfli münasibətləri inkişaf etdiririk".

Heydər Əliyev CNN  teleşirkətinin müxbirinin "Azərbaycanın müstəqilliyinin və iqtisadiyyatının tam inkişaf etdirilməsi üçün hansı yenilikləri həyata keçirmək istərdiniz?" sualına cavabında demişdir: "İndi Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq əsas vəzifəmdir.  Bu sahədə çox işləmək lazımdır. Belə ki, müstəqillik əldə etmək  çətindir, lakin onu qorumaq, saxlamaq və inkişaf etdirmək daha çətindir. Məqsədim Azərbaycanı hüquqi, demokratik, sivil dövlətə çevirmək, Azərbaycanda bütün demokratik prinsiplərin inkişaf etdirilməsi üçün hər cür şərait və imkan yaratmaqdır".

Heydər Əliyev bir də bu sözləri demişdir: "Böyük şəxsiyyətlər dünyaya idrak, elm, mədəniyyət, xalqının mənəviyyatını nümayiş etdirirlər".

 

 

Azərbaycan.- 2013.- 6 aprel.- S. 3.