Heydər Əliyev
- 90: Müasir Azərbaycan dövlətinin banisi və qurucusu
"Azərbaycan"
qəzetinin Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə birgə
keçirdiyi "dəyirmi masa"
Xalqımız
ümummilli lider Heydər Əliyevin 90 illik yubileyini qeyd etməyə
hazırlaşır. Şanlı yubileyin ölkə
miqyasında layiqincə keçirilməsini təmin etmək
məqsədilə Prezident İlham Əliyev yanvarın 21-də
"Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
90 illik yubileyi haqqında" sərəncam imzalayıb. Sərəncama
əsasən, ulu öndərin 90 illiyi müxtəlif formada,
dövlət səviyyəsində geniş qeyd olunacaqdır.
"Azərbaycan"
qəzetinin kollektivi də yubiley tədbirlərinə start
vermişdir. Bu dəfə redaksiya yolunu respublikanın
regionlarına salmışdır. Belə ki, növbəti
"dəyirmi masa" Mingəçevir şəhərində
keçirilmişdir.
Mingəçevir Şəhər
İcra Hakimiyyətinin inzibati binasında baş tutan tədbiri
giriş sözü ilə açıq elan edən "Azərbaycan"
qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar
SADIQOV dedi:
-
2013-cü ildə əlamətdar tarixi hadisələrin - Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasının 95, Milli Qurtuluş missiyasının 20 ili
tamam olur. Dövlətçilik tariximiz üçün
bu hadisələrin önəmi yetərincə əhəmiyyətlidir.
Bu il
qeyd edəcəyimiz mühüm hadisələrdən biri də
Azərbaycan xalqının böyük oğlu, dövlətçilik
tariximizdə əvəzsiz xidmətləri olan dahi şəxsiyyət,
dünya şöhrətli siyasətçi, ümummilli lider
Heydər Əliyevin anadan olmasının 90 illik yubileyidir. "Dəyirmi
masa"ya da xalqımız üçün son dərəcə
əlamətdar olan bu hadisə münasibətilə
toplaşmışıq. Azərbaycan xalqının son əsrdə
dünyaya bəxş etdiyi böyük vətəndaş, azərbaycançılıq
məfkurəsinin parlaq daşıyıcısı, müdrik
siyasi xadim kimi tarix səhifələrində silinməz iz
qoymuş Heydər Əliyevin milli dövlətçiliyimizin
formalaşmasında, möhkəmləndirilməsində və
inkişafında misilsiz fəaliyyəti hələ bundan sonra
da öyrəniləcək və hər birimiz
üçün örnək olaraq qalacaqdır!
Azərbaycanı
müstəqil dövlət quruculuğuna aparan keşməkeşli
və şərəfli yol dahi öndərin hakimiyyətə
birinci rəhbərliyi dövründən başlayır. 1969-cu
ildə Azərbaycana rəhbər seçilən Heydər Əliyevin
dövlətə rəhbərliyinin ilk günlərindən
respublikada böyük bir inqilabın başlandığı
göz önündə idi. Heydər Əliyev respublikaya rəhbərliyinin
ilk illərində qazandığı uğurlarla
xalqını, dövlətini sevən rəhbər
olduğunu sübuta yetirdi. Ulu öndər respublikanın
üzləşdiyi problemləri ilk gündən düzgün
müəyyənləşdirməklə onların həlli
üçün lazımi iradə, qətiyyət və
prinsipiallıq göstərdi. Fitri istedadı, yüksək təşkilatçılıq
və idarəçilik məharəti ilə Azərbaycanı
cəmi bir neçə ilə dinamik inkişaf yoluna gətirməyə
müvəffəq oldu. İdarəçilikdə mütərəqqi
yeniliklərin tətbiqi, milli kadrların önə çəkilməsi
yolu ilə cəmiyyətin normal inkişaf ahəngini təmin
etdi.
Ümummilli
lider Heydər Əliyev iqtisadi inkişafla yanaşı,
respublikada ilk növbədə milli-mənəvi ruhu yüksəltməklə
azərbaycanlıların öz tarixi ənənələrinə,
köklərinə bağlılığını möhkəmləndirməyə
çalışırdı. Müxtəlif tədbirlərdə
azərbaycanca çıxış etməklə cəmiyyətə
milliləşmənin zəruriliyi
çağırışını yayır, doğma dilə,
dinə, dəyərlərə bağlı olmağı,
tarixi irsi yaşatmağı ictimai fikrə böyük
müdrikliklə təlqin edirdi. Heydər Əliyevin rəhbərliyi
altında həyata keçirilən tədbirlər Azərbaycanda
milli özünüdərki gücləndirir, müstəqil
düşüncəyə, dövlətçilik təfəkkürünə
yol açırdı. Böyük öndər sovet
ideologiyasının bütün maneələrini yararaq Azərbaycanda
milli özünüdərk məsələlərini önə
çəkməyi, cəmiyyəti bütün sahələr
üzrə mənəvi yüksəlişə
ruhlandırmağı, ona qol-qanad verməyi
bacarmışdı.
XX əsrin
90-cı illərində Azərbaycan dövlət müstəqilliyini
bərpa etdiyi zaman dünya miqyasında mürəkkəb və
ziddiyyətli geosiyasi proseslər baş verirdi. Belə bir
şəraitdə müstəqil dövlət qurmaq son dərəcə
müdrik, yaradıcı və çevik yanaşma tələb
edirdi. Heydər Əliyev bu vəzifəni 1993-cü ildən
etibarən uğurla yerinə yetirməyə başladı. Həmin
ilin may-iyununda dövlət böhranının, hakimiyyətsizliyin,
xaosun, başıpozuqluğun kulminasiya nöqtəsinə
çatması ilə ölkədə vətəndaş
müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi
yarandıqda xalq təkidlə Heydər Əliyevin hakimiyyətə
gətirilməsi tələbi ilə ayağı qalxdı,
bu, ümummilli hərəkata çevrildi. 15 iyun 1993-cü il
tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Həmin
gün müdrik siyasətçinin, təcrübəli və
iradəli dövlət xadiminin hakimiyyətə tarixi
qayıdışı baş verdi. Dahi şəxsiyyət Azərbaycanın
idarəçilik sükanı arxasına keçərək
qısa müddətdə milli dövlətçilik
doktrinasını irəli sürdü və onun sürətli
icrasına başladı. Üzləşdiyi çətinliklərə,
maneələrə, dövlət çevrilişi cəhdlərinə
cəsarətlə sinə gərərək mübarizlik, əyilməz
iradə, dəmir məntiq, özünəinam və siyasi
uzaqgörənlik kimi fövqəlkeyfiyyətlərdən məharətlə
bəhrələnən Heydər Əliyev xalqımızı
vətəndaş müharibəsindən, müstəqilliyimizi
itirmək təhlükəsindən qurtardı, müasir
tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu
kimi daxil oldu!
Bu
gün Azərbaycan dövləti, Azərbaycan xalqı
Prezident İlham Əliyevin rəhbərliyi altında gələcəyə,
inkişafa doğru məhz Heydər Əliyevin təməlini
qoyduğu yol ilə inamla irəliləməkdədir. Ötən
10 ilin siyasi, iqtisadi, sosial mənzərəsi göstərir
ki, Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin
siyasi kursunun varisliyini təmin edə biləcək alternativsiz
siyasi lider olduğunu təsdiqləmiş, ictimai inamı tam
doğrultmuşdur. Dövlət başçısının
fəaliyyətinin üstün cəhəti məhz bundan ibarətdir
ki, o, mövcud gerçəklikləri obyektiv şəkildə
qiymətləndirməyi, milli maraqlar naminə cəsarətli
addımlar atmağı, yaranmış ekstremal şəraitdə
ən optimal qərarlar qəbul etməyi, ölkənin
taleyüklü problemlərinə həssaslıqla
yanaşmağı bacarır.
Qeyd
etdiyim kimi, Heydər Əliyev hələ sovet dövründə
Azərbaycanı cəmi bir neçə ilə dinamik
inkişaf yoluna gətirməyə müvəffəq
olmuşdu. Azərbaycanın bütün şəhər və
rayonları kimi, Mingəçevir də o zaman böyük
inkişaf yolu keçmişdi. Məhz həmin dövrdə
Mingəçevirin Azərbaycanın sənaye istehsalında
payı əhəmiyyətli dərəcədə
artmışdı.
Mingəçevir
bu gün də inkişaf yolundadır. Həyata keçirilən
sosial-iqtisadi inkişaf proqramları şəhərin yüksəlişinə
böyük töhfələr verib. Son illərdə burada
onlarla istehsal müəssisələri yaradılıb.
Bütün bunlar qürur hissi doğurur. İndi isə
çıxış üçün söz Mingəçevir
Şəhər İcra Hakimiyyətinin
başçısı Niyazi Bayramova
verilir.
Niyazi BAYRAMOV:
-
Müasir Azərbaycanın milli inkişafı
xalqımızın dahi oğlu və ümummilli lideri Heydər
Əliyevin adı ilə bağlıdır. Ötən əsrin
70-ci illərindən indiyədək həyatımızın
bütün sahələrindəki inkişaf və əldə
olunan uğurlar şəriksiz olaraq Azərbaycan
xalqının böyük oğlu, görkəmli dövlət
və siyasi xadim, bir sözlə, fenomen şəxsiyyət
olan Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyi və
onun gərgin əməyi nəticəsində
qazanılmışdır. 1969-cu il iyul ayının 14-dən
başlayan və Prezident İlham Əliyev tərəfindən
böyük uğurla davam etdirilən geniş anlamda dirçəliş,
tərəqqi və milli inkişaf epoxası, sözün əsl
mənasında, Heydər Əliyev epoxası adlanır.
Bəli,
1969-cu ilin iyulunda Azərbaycanın siyasi rəhbərliyinə
seçilən Heydər Əliyev çox gözəl
başa düşürdü ki, respublikanın gələcək
inkişafında əsas strateji amil ölkənin
iqtisadiyyatının tezliklə dirçəldilməsidir. Görülən
məqsədyönlü tədbirlər nəticəsində
çox qısa bir zaman kəsiyində Azərbaycan aqrar
ölkədən gündən-günə inkişaf edən sənaye
ölkəsinə çevrildi. Belə ki, 1980-ci ildə sənaye
məhsulu istehsalının həcmi 1970-ci ilə nisbətən
2,9 dəfəyə qədər artdı.
Maşınqayırma sənayesində istehsalın həcmi
5,3 dəfə, kimya və neft-kimya sənayesində 3 dəfədən
çox, yeyinti sənayesində isə 4 dəfədən
çox artmışdı. Sənayenin struktur quruluşunda
maşınqayırma kompleksinin xüsusi çəkisi
1960-cı ildə 5,1 faizdən 1982-ci ildə 16,4 faizə,
kimya və neft-kimya, meşə sənayesi kompleksi müvafiq
olaraq 4,1 faizdən 8,7 faizə, tikinti materialları sənaye
kompleksi 2,7 faizdən 3,2 faizə, yeyinti sənayesi kompleksi 2 dəfədən
çox artdı.
O
dövrdə Azərbaycanda müasir texnologiyaya əsaslanan
neft sənayesi və neft emalı üzrə yeni-yeni müəssisə
və zavodların yaradılması ölkəmizdə bu
strateji məhsulun istehsalını və emalını nəzərəçarpacaq
dərəcədə artırdı. Məhz o illərdə Xəzər
dənizi hesabına Azərbaycanda neft sənayesinin gələcək
inkişafını nəzərə alaraq Bakıda unikal bir
zavod - dərin dəniz özülləri zavodu tikildi.
Ümumiyyətlə, 1969-1982-ci illərdə respublikada
müxtəlif təyinatlı 320-yə yaxın sənaye
müəssisəsi tikilib istifadəyə verildi.
Bundan
əlavə, ulu öndərin uzaqgörən siyasəti nəticəsində
ölkədə milli kadrların yetişməsi, onların
Rusiyanın və digər müttəfiq respublikaların ali məktəblərinə
oxumağa göndərilməsi istiqamətində çox
böyük işlər aparılırdı. O illərdə
SSRİ-nin nüfuzlu ali məktəblərində on beş
mindən yuxarı azərbaycanlı gənc təhsil
almağa göndərilmişdi. Bu, ölkənin milli
kadrlarının yetişdirilməsi sahəsində irəliyə
doğru atılmış ən mühüm addımlardan idi.
Bütün
bunlar Azərbaycanın Heydər Əliyevin rəhbərliyi
dövründə sürətli iqtisadi inkişafa nail
olmasının əyani sübutudur.
Heydər Əliyevin hazırladığı milli
inkişaf strategiyası əsasında Azərbaycan sürətli
inkişaf yoluna çıxarıldı. Bu inkişaf həyatın
bütün sahələrini əhatə edirdi.
Heydər
Əliyevin 1969-1982-ci illərdəki rəhbərliyinin ən
mühüm və ən əhəmiyyətli
uğurlarından biri azərbaycançılıq məfkurəsinin,
milli özünüdərkin inkişafı oldu. Milli mənafelər
üzərində qurulan Heydər Əliyev idarəçiliyi
Azərbaycanın milli inkişaf strategiyasının təməlini
qoymaqla milli şüurun inkişafına çox güclü
təsir göstərmişdir. Bütün bunlardan ruhlanan
ziyalılarımız xalqımızın qəhrəmanlıq
tarixini, milli adət-ənənələrimizi,
soykökümüzü daha da yaxından öyrənir, milli
özünüdərk əsasında onları yeni məzmunda
inkişaf etdirirdilər.
Ulu
öndərin azərbaycançılıq naminə öz
xalqı qarşısında böyük tarixi xidmətlərindən
biri də onun Azərbaycan dilinə göstərdiyi diqqət
və qayğı idi. Heydər Əliyevin bilavasitə təşəbbüsü
və səyi ilə Azərbaycan dili respublikanın
Konstitusiyasında hələ 1977-ci ildə dövlət dili
kimi təsbit edilmiş və tətbiq olunmağa
başlanmışdır.
Respublikamızın
digər bölgələri kimi, Mingəçevir şəhərinin
də inkişafında ümummilli lider Heydər Əliyevin
çox böyük əməyi olmuşdur. Onun gündəlik
diqqət və qayğısı, şəxsi nəzarəti
altında tikilib istifadəyə verilmiş Zaqafqaziyada ən nəhəng
enerji müəssisəsi olan "Azərbaycan" İstilik-
Elektrik Stansiyası indi müstəqil Azərbaycan dövlətinin
inkişafına xidmət edir. Hələ 1980-ci ilin oktyabr
ayında Mingəçevirdə olarkən yol
maşınları və "Azərkabel"
zavodlarının, toxuculuq kombinatının, su-elektrik
stansiyasının, "Kür" Avarçəkmə
Bazasının kollektivləri və şəhər ictimaiyyəti
nümayəndələri ilə keçirdiyi
görüşlərində Heydər Əliyev
respublikamızın 4-cü sənaye mərkəzi
adlandırdığı Mingəçevirin gələcək
inkişaf perspektivlərindən danışmış,
qarşıda çox mühüm vəzifələrin
durduğunu qeyd etmişdi.
Ulu
öndərin 1969-1982-ci illərdə respublikamızda rəhbərlik
etdiyi dövrdə Mingəçevirdə texniki rezin məmulatları,
şüşə lifi, yol-tikinti maşınları təmiri
zavodları, "Aqrarsənaye" DBM, 2 çörək
zavodu, poliqrafiya müəssisəsi, evtikmə kombinatı
inşa olunmuş, "Azərkabel", yol
maşınları və izolit zavodlarının ikinci növbələri,
"Kür" Olimpiya Təlim İdman Mərkəzinin yeni
korpusları istifadəyə verilmişdir.
Toxuculuq
kombinatının bütün əsas istehsal sahələri
başdan-başa müasir texnika əsasında yenidən
qurulmuşdur. Həmin illər, Heydər Əliyevin təbirincə
desək, təkcə energetiklərin, toxucuların və
kimyaçıların deyil, "bütün Azərbaycanın
gözəl şəhəri"nə çevrilməkdə
olan Mingəçevir üçün, sözün həqiqi
mənasında, quruculuq və yaradıcılıq
dövrü, böyük inkişaf və tərəqqi illəri
olmuşdur. Şəhərdə 8130 şagirdlik 8 orta ümumtəhsil
məktəbi, 2240 uşaq yerlik 8 məktəbəqədər
tərbiyə müəssisəsi, Gənc Texniklər
Stansiyası, səhiyyə müəssisələri və digər
obyektlər tikilib əhalinin istifadəsinə verilmişdir.
Sosial
həyatın ən mühüm göstəricisi kimi dəyərləndirilən
mənzil tikintisinin həcmi 1969-1982-ci illərdə 1955-1970-ci
illərlə müqayisədə 8 dəfədən çox
artmışdır. Hər il Mingəçevirdə təqribən
35-40 min kvadratmetrdən çox yaşayış sahəsi
sakinlərin istifadəsinə verilirdi.
Bu
gün 20 minə yaxın insanın yaşadığı
Energetiklər yaşayış massivini Mingəçevirdən
ayrı təsəvvür etmək mümkün deyildir. Çox
qısa bir müddət ərzində Heydər Əliyev
dühasının əbədi parlaq işığıyla
nura boyanan şəhərimizin bu yeni yaşayış
massivində onlarla çoxmərtəbəli
yaşayış evi, 3 orta ümumtəhsil məktəbi, 4
uşaq bağçası - körpələr evi, doğum
evi, poliklinika, tibb məktəbi, uşaq musiqi məktəbi, mədəniyyət
və digər sosial obyektlər tikilib istifadəyə
verilmişdir. Bütün bunlar milli inkişaf
strategiyasının əsasını qoymuş ümummilli
lider Heydər Əliyevin öz xalqı, milləti
qarşısında, onun gələcəyi naminə
gördüyü cahanşümul işlərin yalnız bir
hissəsidir.
1991-ci
ilin oktyabrında Azərbaycan xalqının XX əsrdə
ikinci dəfə əldə etdiyi dövlət müstəqilliyi
təhlükə altında olanda Azərbaycan dövlətinin
son dərəcə ciddi ictimai-siyasi problemlərlə, iqtisadi
çətinliklərlə, hərbi qarşıdurma ilə
üzləşdiyi tarixi anlarda xalqımız ulu öndər
Heydər Əliyevə müraciət etdi və onun hakimiyyətə
qayıdışını zəruri saydı. Heydər Əliyevin
1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı
ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni
həyatında, beynəlxalq əlaqələrində əsaslı
dönüş yarandı. Elmi əsaslarla beynəlxalq norma və
prinsiplərə uyğun müstəqil dövlət
quruculuğu prosesi başlandı. Milli Ordu formalaşdı,
torpaqlarımızın müdafiə olunması ilə
bağlı mühüm addımlar atıldı. Atəşkəsə
nail olmaq üçün bütün siyasi və diplomatik
vasitələr işə salındı və bunun nəticəsində
1994-cü ilin mayında atəşkəsə nail olundu.
Ulu
öndər Heydər Əliyevin dahiliyi onda oldu ki, o, xalqın
itmiş inamını özünə qaytara bildi. Bu yolda
gördüyü hər bir işdə xalqa
arxalandığını dönə-dönə bildirirdi.
Çıxışlarının birində demişdir:
"Mənim yaratdığım hər bir şey mənim
üçün əzizdir. Zavod da, fabrik də, elektrik
stansiyaları da, yol da, körpü də, ev də, bina da,
saray da - hər bir şey. Amma mənim üçün hər
şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir,
mənim torpağımdır".
Məhz
Heydər Əliyevin yeritdiyi uzaqgörən xarici siyasət,
diplomatik səylər nəticəsində dünya birliyi
Dağlıq Qarabağ ətrafındakı hadisələrlə
bağlı kimin haqlı, kimin haqsız olduğunu dərk
etdi, Azərbaycanın yalnız öz ərazisinin
bütövlüyünə, sərhədlərinin
toxunulmazlığına yönəlmiş haqq işini
müdafiə etməyə başladı.
Ümummilli
liderin yenidən respublika rəhbərliyinə
qayıdışı Azərbaycan iqtisadiyyatının
dünya iqtisadiyyatına inteqrasiyasına imkan verdi. Ulu öndər
bütün daxili və xarici təzyiqlərə baxmayaraq,
1994-cü il sentyabrın 20-də ölkəmizin təbii sərvətlərinin,
ilk növbədə Xəzərin Azərbaycan sektorundakı
neft və qaz yataqlarının birgə istismarı sahəsində
dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq
əlaqələri yaratmağa müvəffəq oldu. Vaxtilə
bağlanmış neft müqavilələri müvəffəqiyyətlə
həyata keçirilir və öz müsbət bəhrəsini
verir. Bu gün Azərbaycan dünyanın inkişaf etmiş
dövlətləri ilə çoxşaxəli diplomatik əlaqələr
saxlayır, ən nüfuzlu beynəlxalq təşkilatların,
birliklərin iqtisadi və maliyyə qurumlarının
üzvü kimi uğurla çıxış edir. Ölkəmizin
dünya birliyində nüfuzu gündən-günə
artır, dövlətimiz beynəlxalq və regional siyasətin
həyata keçirilməsində getdikcə daha fəal
iştirak edir.
Müasir
Azərbaycan dövlətinin yaradıcısı və
qurucusu, xalqımızın böyük oğlu, ümummilli
lider Heydər Əliyevin layiqli davamçısı Prezident
İlham Əliyevin rəhbərliyi altında bütün
respublikamız, o cümlədən Mingəçevir şəhəri
sabaha doğru inamla irəliləyir. Məhz onun rəhbərliyi
ilə doğma Azərbaycan özünün yeni inkişaf
dövrünü yaşayır, həyatımızın
bütün sahələrində böyük nailiyyətlər
qazanılır. Əhalinin yaşayış şəraiti,
maddi rifah halı günbəgün yaxşılaşır.
Heç şübhəsiz, bütün bunların əsasında
ümummilli lider Heydər Əliyevin yaxın və uzaq gələcək
üçün hazırladığı və bizə miras
qoyduğu milli inkişaf strategiyası durur.
Bəxtiyar SADIQOV:
- Azərbaycan
iqtisadi sahədə keçid dövrünü başa vurub. Ölkəmizdə
yeni tipli iqtisadiyyatın formalaşması prosesi həm də
iqtisadi sahədə keçmiş ənənələrin bərpa
olunması ilə müşayiət edilir. Mingəçevir
isə hələ sovet dövründən Azərbaycanın əsas
sənaye mərkəzlərindən biri olub. Bu gün də sənaye
sahələri Mingəçevirdə dinamik inkişaf edir və
yeni tipli iqtisadiyyat bu şəhərin yüksəlişində
əsas amilə çevrilir. Bütün bunlar barədə
danışmaq üçün söz turizm kollecinin direktoru,
iqtisad elmləri doktoru, professor Əyyub Əyyubova verilir.
Əyyub ƏYYUBOV:
-
Heydər Əliyev respublika rəhbərliyində olduğu
bütün mərhələlərdə respublikanın
iqtisadiyyatının inkişafına, insanların həyat səviyyəsinin
yüksəldilməsinə, ölkəsinin ittifaqda və
dünyada tanınmasına, beynəlxalq aləmdə
nüfuzunun daha da artmasına nail olmaq üçün hər
şey etmişdir. Hələ sovetlər birliyi dönəmində
xammal istehsalçısı və geridə qalmış aqrar
respublika kimi tanınan Azərbaycan məhz Heydər Əliyevin
sayəsində sürətli inkişaf yoluna
çıxmış, yaradılan nəhəng istehsal, sənaye
müəssisələrinin fəaliyyətə
başlaması ilə iqtisadiyyat yüksəlmişdi. Azərbaycanda
o zamanlar ittifaq əhəmiyyətli hesab edilən bir sıra nəhəng
müəssisələr fəaliyyətə
başlamışdı. 250-dən çox zavod, fabrik,
istehsalat sexləri tikilib istifadəyə verilmişdi. Bakı
Məişət Kondisionerləri, Bakı Məişət
Soyuducuları, "Ulduz" elektrik cihazları, "Azon",
şampan şərabları, dərin dəniz özülləri
zavodları kimi nəhəng sənaye müəssisələri
bu qəbildəndir. Bakı Metropoliteninin "Ulduz",
"Koroğlu", "Qara Qarayev", "Neftçilər",
"Nizami" stansiyaları məhz həmin illərdə
istifadəyə verilmişdir.
Həmin
illərdə doğma şəhərimiz Mingəçevir də
daim ölkə başçısının diqqət mərkəzində
olmuşdur. Ulu öndər respublikaya rəhbərlik etdiyi illərdə
texniki rezin məmulatları, şüşə lifi
zavodları, yol-tikinti maşınlarının təmiri,
"Aqrarsənaye" DBM və
çörək zavodları, poliqrafiya müəssisəsi,
"Azərkabel", yol maşınları, izolit
zavodlarının ikinci növbələri, "Kür"
Olimpiya Mərkəzinin yeni korpusları insa olunmuşdur. Şəhərdə
8130 şagird yerlik 8 orta ümumtəhsil məktəbi, 2240
yerlik səkkiz məktəbəqədər uşaq müəssisəsi,
1848 çarpayılıq xəstəxana, poliklinika, şahmat
məktəbi, Gənc Texniklər Stansiyası və sair
obyektlər tikilib istifadəyə verilmişdir. 1969-1982-ci illərdə
hər il Mingəçevirdə 35-40 min kvadratmetrdən
çox yeni mənzil sahəsi tikilmişdir. 1981-ci il
oktyabrın 20-də Az-DİES müəssisəsi istifadəyə
verilmiş və açılışında ulu öndər
Heydər Əliyev şəxsən iştirak etmişdir. Bu
illərdə Mingəçevirin iqtisadi göstəriciləri
daha da yüksəlmiş, gənc şəhər daha da
genişləndirilmiş, müasir şəhərlər səviyyəsinə
çatdırılmış, təkcə respublikada deyil,
ittifaqda da yaxşı tanınmışdır.
XXI əsrin
astanasında Azərbaycanın müstəqil inkişaf yoluna
qədəm qoyması ölkəmizin gələcək
sosial-iqtisadi təkamülündə dönüş nöqtəsi
oldu. Bu təkamül prosesində taleyüklü dəyişikliklərin
meydana gəlib genişlənməsi üçün zəmin
yarandı. Lakin tarixi təcrübə göstərir ki, zəngin
təbii sərvətlərə malik olan ölkələrdə
müstəqilliyin qorunub saxlanılması bəzən onun əldə
edilməsindən daha çətin və mürəkkəb
olur. Düşmən təcavüzünə məruz qalan və
təcrübəsiz dövlət başçıları tərəfindən
idarə edilən Azərbaycanda bu, daha da çətin idi.
Ölkəmiz yalnız dövlət müstəqilliyini itirmək
təhlükəsi ilə deyil, eyni zamanda, keçmişdə
olduğu kimi, xanlıqlara
parçalanmaq təhlükəsi ilə
qarşı-qarşıya qalmışdı.
Dövlət
idarəçiliyi sahəsində zəngin təcrübəyə
malik olan ümummilli lider Heydər Əliyevin müdrik daxili və
xarici siyasəti ölkəni bürümüş dərin
siyasi, iqtisadi, sosial böhran və sarsıntılardan
çıxararaq müstəqillik yolu ilə inamla irəliləməsi
üçün möhkəm zəmin yaratdı. Azərbaycan
Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Azərbaycan
öz dövlət müstəqilliyini əldə etdikdən
sonra gedən proseslər, təəssüflər olsun ki,
ölkəmizi uçurum kənarına gətirmişdi.
Sosial, iqtisadi, siyasi, hərbi böhran hökm
sürürdü. Azərbaycan torpaqları Ermənistanın
işğalçı qüvvələri tərəfindən
zəbt olunurdu, ölkədə xaos, anarxiya, hərc-mərclik
mövcud idi, vətəndaş müharibəsi
başlamışdı. O illərdə
baş verən iqtisadi tənəzzül ölkəmizi
çox çətin vəziyyətə
salmışdı".
Daxili
çəkişmələrə son qoyulması, möhkəm
sabitliyin təmin olunması, atəşkəs haqqında
razılaşma əsasında erməni təcavüzünün
dayandırılması, "Əsrin müqaviləsi"nin
imzalanması, balanslaşdırılmış xarici siyasət
və qonşu dövlətlərlə münasibətlərin
normallaşdırılması bütün diqqəti ölkədə
çoxdan yığılıb qalmış sosial-iqtisadi
problemlərin həllinə yönəltməyə imkan verdi.
Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin
fəaliyyəti nəticəsində ölkəmizin
sosial-iqtisadi inkişafı və dünya təsərrüfat
sisteminə inteqrasiyası sahəsində çox
böyük nailiyyətlər əldə olundu. Ən
böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə
ölkəmizdə aparılan müstəqil dövlət
quruculuğu prosesində iqtisadi islahatların və
inkişafın mahiyyət etibarilə yeni bir modeli - Azərbaycan
modeli yarandı. Azərbaycan neftinin dünya bazarlarına
çıxarılması üçün 1996-cı ildə
Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin
istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas
ixrac neft kəmərinin inşası ilə bağlı
sazişin imzalanmasına, beləliklə də ixrac
marşrutlarının diversifikasiyasına nail olundu.
Sahibkarlığı
inkişaf etdirmək, əlverişli biznes və investisiya
mühiti yaratmaqla ölkəyə xarici investisiyaları cəlb
etməklə, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə
həyata keçirilən iqtisadi siyasətin səciyyəvi
xüsusiyyətlərindən biri olmuşdur. Həyata
keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində
Azərbaycanda sahibkarlar təbəqəsi
formalaşmış, özəl sektorun ölkənin
sosial-iqtisadi inkişafında rolu daha da artmışdır.
Respublikamızda
həyata keçirilən işlər Mingəçevirdə
də öz parlaq təzahürünü tapmışdır.
Burada dövlət əmlakının özəlləşdirilməsi
işi uğurla həyata keçirilmişdir və hazırda
bazar iqtisadiyyatının subyektləri kimi bir sıra müəssisələr
Mingəçevir və bütövlükdə respublika
iqtisadiyyatına öz sanballı töhfəsini verməkdədir.
"Azərbaycan İES" MMC, "Mingəçevir SES
silsiləsi" MMC, AzYOLMAŞ, Akkord Maşınqayırma,
Mingəçevir İzolit Zavodu və müəssisələri
yeni istiqamətlər və yeni texnologiyalar əsasında fəaliyyətini
quraraq beynəlxalq rəqabətədavamlı məhsul
istehsalını uğurla həyata keçirirlər. Yeni
texnologiyalara əsaslanan və ən müasir tələblərə
cavab verən "Kür" Elektron Avadanlıqları
Zavodunun şəhərdə fəaliyyətə
başlaması da bu dövrün ən əhəmiyyətli
hadisələrindən hesab edilə bilər. Bunlardan
başqa, "İnterenerji" yüksək gərginlikli
elektron beton dayaqları zavodu, asfalt zavodu, yeni
qum-çınqıl karxanaları, mərmər zavodunun fəaliyyətə
başlaması həm yeni iş yerlərinin yaradılması
baxımından, həm də şəhərin
iqtisadiyyatının yüksəlməsi baxımından
çox əhəmiyyətli olmuşdur. Bu müəssisələr
yalnız şəhərimizin iqtisadiyyatına töhfə
vermir, həm də müasir və inkişaf etmiş bir şəhər
kimi beynəlxalq aləmdə də tanınır. Ulu öndərin
respublika Prezidenti olduğu dövrdə iqtisadiyyatın
inkişafı ilə yanaşı, həm də əhalinin
sosial rifah halının yüksəlməsi və şəhərimizin
abadlaşması istiqamətində də uğurlu nəticələr
əldə edilmişdir.
Bu
uğurlar məhz ümummilli lider Heydər Əliyevin müəyyən
etdiyi kurs nəticəsində mümkün olmuşdur. Bu kursu
ləyaqətlə və müvəffəqiyyətlə davam
etdirən Prezident İlham Əliyev respublikamıza daha
böyük nailiyyətlər qazandırır. Məhz bu
kursun həyata keçirilməsi respublikamızı və
doğma şəhərimizi tanınmaz dərəcədə
gözəlləşdirmiş, yeniləşdirmiş,
abadlaşdırmış və inkişaf etdirmişdir.
Prezident İlham Əliyev son illərdə iki dəfə
şəhərimizdə olmuş və hər gəlişində
yeni-yeni müasir müəssisələrinin, obyektlərin
açılışını etmişdir. Cənab Prezident
Mingəçevirə gələrkən şəhərimizin
yeni inkişaf istiqamətləri, xüsusilə turizm
imkanları haqqında öz qiymətli tövsiyələrini
vermişdir. Mingəçevirdə ən yüksək səviyyədə
yenidən qurulan və istifadəyə verilən
"Kür" Olimpiya Tədris İdman Mərkəzi,
dördulduzlu "Kür" hoteli, "River Side" hoteli,
yaraşıqlı parklar, meydan və xiyabanlar, yaradılan
infrastrukturlar şəhərimizi həm gözəlləşdirmiş
və həm də onun turizm imkanlarını
artırmışdır. Kür sahil parkının yüksək
zövqlə yenidən qurulması, Bayraq meydanının
yaradılması, Heydər Əliyev prospektinin genişləndirilməsi
şəhəri daha da cazibədar etmişdir. Təsadüfi
deyil ki, ölkə başçısının sərəncamı
ilə Azərbaycanda yeganə olan turizm kolleci də məhz
Mingəçevirdə fəaliyyət göstərir. Kollecin
bugünədək hazırladığı 3 min nəfərədək
mütəxəssis həm şəhərimizin, həm də
respublikamızın turizm müəssisələrində
yüksək servis nümunələrinin təqdim edilməsinə
öz töhfələrini verməkdədir. Əminik ki,
yaxın gələcəkdə turizm gəlirləri Mingəçevirin
iqtisadiyyatında sanballı çəkiyə malik
olacaqdır.
Şəhərimizin
sakinləri Heydər Əliyev kursunun yeganə düzgün və
uğurlu yol olduğunu yaxşı başa düşür,
qiymətləndirir və qarşıdakı prezident
seçkilərində bu kursun ən layiqli
davamçısı, ölkəmizə yeni-yeni uğur
qazandıran Prezident İlham Əliyevə səs vermək əzmindədirlər.
Bəxtiyar SADIQOV:
-
İnkişafın Azərbaycan modelinin əsas xüsusiyyətlərindən
biri sosial sahənin inkişafıdır. Bu da Azərbaycanın
sosial təmayüllü dövlət olmasının göstəricisidir.
Azərbaycanda əhalinin bütün təbəqələri
dövlətin diqqətini daim hiss edir. Xüsusən
qaçqın və məcburi köçkünlərin
sosial şəraitinin yaxşılaşdırılması, əhalinin
məşğulluq probleminin aradan qaldırılması,
müharibə əlillərinin, veteranların mənzil təminatı,
gənclərin və ahılların spesifik problemlərinin həlli
buna misaldır. Bu barədə danışmaq
üçün söz Mingəçevir Şəhər Əhalinin
Sosial Müdafiəsi Mərkəzinin sosial məsələlər
və güzəştlər üzrə aparıcı məsləhətçisi
Rza İsmayılova verilir.
Rza İSMAYILOV:
- Ulu
öndər, müasir və müstəqil Azərbaycanımızın
qurucusu Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində
bu tədbirin keçirilməsi hər birimizin ürəyincədir.
Heydər Əliyev haqqında fikir söyləmək həddən
artıq böyük məsuliyyət tələb edir. Bu
böyük azərbaycanlı istər sovetlər, istərsə
də sonrakı dövrdə hakimiyyətin sükanına,
sözün əsl mənasında, xalqının xilaskarı
kimi gəlmişdir. "Mənim Azərbaycana
qayıtmağım, xalq deputatı seçilməyim barədə
cürbəcür şayiələr yayılıb. Bunlara
cavab olaraq bəyan edirəm ki, doğma Vətən
torpağına heç də yenidən hakimiyyətə
qalxmaq, kimdənsə qisas almaq üçün yox, ancaq və
ancaq respublikanın bu ağır və çətin
dövründə xalqın dərdinə şərik
olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə,
azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm.
Məni bir azərbaycanlı kimi bu hüquqlardan heç kəs
məhrum edə bilməz" deyən Heydər Əliyev
keçən əsrin 90-cı illərinin əvvəlində,
Azərbaycanın ölüm, ya qalım məqamında həyatını,
fiziki varlığını təhlükəyə ataraq onun
müstəqil dövlət kimi mövcudluğunun qorunub
saxlanması, inkişafı və tərəqqisi
üçün mübarizəyə qalxdı.
Əvvəlki
iqtidarların yeritdiyi yarıtmaz siyasətin nəticəsi
olaraq 1993-cü ildə yüz minlərlə insan məcburi
köçkünə çevrilmişdi. Bu qədər
insanin yerləşdirilməsi, ən azından onların
minimum ehtiyaclarının ödənilməsi həmin zamanda
mümkünsüz görünürdü. O dövrün
tarixini bir daha vərəqləsək, görərik ki, bu gərginlik
yalnız və yalnız ulu öndərin zəngin təcrübəsi
və şəxsi nüfuzu sayəsində aradan
qaldırıla bilərdi. Sonrakı dövrlərdə isə
Heydər Əliyev siyasi kursu, onun müsbət nəticələri
bu problemin aradan qaldırılmasına köklü şəkildə
təsir göstərdi.
Artıq
bir neçə ildir ki, bütün respublika ərazisində
çadır şəhərcikləri ləvğ edilib. Ölkəmizin
müxtəlif yerlərində qaçqın və məcburi
köçkünlərin yerləşdirilməsi
üçün müasir infrastruktura malik, bütün
kommunal təchizatlarla təmin edilmiş, göz oxşayan,
yaraşıqlı yaşayış massivləri tikilib. Təkcə
Mingəçevirə o dövrdə təxminən 3 min
qaçqın və 20 minə yaxın məcburi
köçkün soydaşlarımız pənah gətirmişdi.
Onlar məktəblərdə, uşaq bağçalarında,
müəssisə və təşkilatların inzibatı
binalarında və bir sıra
uyğunlaşdırılmış binalarda məskunlaşmışdılar.
Bu ailələrin bir hissəsi, daha dəqiqi, 412 ailə artq
10 ilə yaxındir ki, yeni salınmış "Yeni həyat"
qəsəbəsinə köçürülüb. Yaxın
zamanlarda isə onların bir hissəsi şəhərimizin
şərq girəcəyində inşa edilmiş,
bütün müasir infrastruktura malik 502 mənzillik
yaşayış kompleksinə köçürüləcəklər.
XX əsrin
90-cı illərinin əvvəlində Sovetlər
İttifaqının dağılması ilə əlaqədar
iqtisadiyyatı məhv olaraq tənəzzülə
uğramış ölkədə vətəndaşların
işsizlik problemi ən aktual, həlli təxirəsalınmaz
bir məsələ sayılırdı. Mingəçevirdə
fəaliyyət göstərən müəssisələrin
böyük əksəriyyəti isə ittifaq tabeli idi. Zavod və
fabriklərin işciləri iş tapmaq, ailələrinə
bir parça çörək qazanmaq məqsədilə
dörd bir yana səpələnmişdilər.
Ayrı-ayrı sahələrin yüksəkixtisaslı mütəxəssisləri,
peşəkar kadrları ölkədən xaricə getmək
məcburiyyətində idilər. Burada da Heydər Əliyevin
kadrlara həssas münasibəti öz nəticəsini
çox gözlətməli olmadı. Aparılan uğurlu
siyasət nəticəsində əhalinin məşğulluğunun
təminatı tədricən bərpa olunmağa
başladı. Hər il ölkəmizin bütün şəhər
və rayonlarında o, cümlədən Mingəçevirdə
yeni istehsal müəssisələri yaradılır, dayananların
fəaliyyəti bərpa edilir, ənənəvi əmək
yarmarkaları keçirilir və bu əmək bazarında vətəndaşlarımız
özlərinə münasib iş tapırlar. Son dövrlərdə
qəbul edilmiş "Məşğulluq strategiyası"
işaxtaranların münasib və davamlı işlə təmin
olunmasına daha geniş imkanlar yaratmışdır.
Artıq
Azərbaycan dünya birliyinə kifayət qədər
inteqrasiya edib, iqtisadi inkişafı isə hər kəsi heyrətləndirməkdədir.
Qısa bir zamanda əhalinin yoxsulluq səviyyəsinin 49 faizdən
6 faizə enməsi kimi təəccübləndirməz?
Çünki indi o zamandır ki, dünyanın iqtisadi
baxımdan qüdrətli və aparıcı dövlətləri
çox ciddi böhrandan özlərini xilas etmək
üçün müxtəlif üsullara əl atırlar.
Əlbəttə, Vətənimizin inkişafı daha böyük olardı, mənfur qonşularımız tərəfindən ədalətsiz müharibəyə cəlb olunmasaydıq! Bu müharibəyə kimlər necə qiymət versələr də, sözün əsl mənasında, bu, elə Vətən müharibəsidir. Düşmən üzərində zəfər çalacağımıza zərrə qədər də şübhəmiz yoxdur! 1993-cü ilin sonu və 1994-cü ilin əvvəlində aparılan son dərəcə uğurlu hərbi əməliyyat düşmənlərimizi atəşkəs müqaviləsinə imza atmağa məcbur etdi. Müharibənin aktiv fazasında 10 minlərlə əsgər və zabitlərimiz şəhid olmuş və ya döyüşlərdə öz fiziki sağlamlıqlarını itirmişlər. Təkcə Mingəçevir səhərindən 322 nəfər şəhid getmişdir. 200 nəfərə yaxın sakin isə əlil olmuşdur. Bu kateqoriyadan olan vətəndaşlarımızın sosial müdafiəsini gücləndirmək üçün dövlətimiz ilbəil müvafiq addımlar atır. Onların sağlamlıqlarının qorunması və müalicələrinin ölkə daxilində, lazım gəldikdə xaricdə təşkil edlməsi, pulsuz avtomobillərlə təmin olunması, mənzil-məişət şəraitinin ildən-ilə yaxşılaşdırılması və bu məqsədlə xüsusi növbəlik əsasında mənzillərin verilməsi, pensiya və təqaüdlərin artırılması, daimi olaraq qayğılarının çəkilməsi və həmişə diqqətdə saxlanması ulu öndərin bütün dövlət məmurlarına birmənalı şəkildə tövsiyə və tapşırığı kimi qəbul edilmişdir. Bu məsələdə ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısını xüsusi vurğulamaq istərdim!
Azərbaycan
gəncliyinə dövlətin xüsusi münasibətinin
olması hər il fevralın 2-də gənclər
gününün qeyd edilməsi, Azərbaycanımızın
müstəqilliyinə, demokratiyanın inkişafına xidmət
edəcək yeni gənclər təşkilatlarının
yaranması, gənclərin dünyanın
sayılıb-seçilən universitetlərində təhsil
almalarına şərait yaradılması, onların tükənməz
enerjilərinin düzgün istiqamətləndirilməsi ilə
özünü büruzə verir. Hələ sovetlər
dövründə ulu öndər Azərbaycan gənclərinin
ittifaqın müxtəlif şəhərlərinin ali məktəblərində
təhsil almalarına daim şərait yaratmışdı.
Sonralar bu gənclər təhsillərini başa vurduqdan sonra
yüksəkixtisaslı mütəxəssislər kimi xalq təsərrüfatının
müxtəlif sahələrində
çalışmış və onların potensialı bu
gün də öz bəhrəsini verməkdədir.
Zamanında böyük çətinliklərlə üzləşməyinə
baxmayaraq, məhz Bakıda C.Naxçıvanski adına Hərbi
Məktəbin açılmasına nail olan Heydər Əliyev
gəncləri hərbi peşələrə istiqamətləndirməklə
bugünkü Azərbaycan Ordusunun zabit korpusunun özəyini
yaratmış oldu. Bu, gələcəyə
hesablanmıs strateji addım idi.
Ulu
öndər ahılların spesifik problemlərinin həllinə
də xüsusi qayğı ilə yanaşırdı. Bu
gün ahıllara və tənha vətəndaşlarımıza
sosial xidmətin təşkilinə xüsusiləşdirilmiş
qurumlar cəlb edilmişlər. Sosial xidmət işçiləri
ahıllara və tənha insanlarımıza evlərində
xidmət göstərirlər. Bundan başqa, xüsusi mərkəzlər
fəaliyyət göstərir ki, burada ahıl insanlar tam
dövlət qayğısı ilə əhatə
olunmuşlar. 90-cı illərin əvvəllərində
tamamilə unudulmuş İkinci Dünya müharibəsinin
iştirakçılarına ikinci həyat vermiş ulu
öndər Qələbənin 50 illik yubileyinin təntənəli
gecəsində iştirak etmiş və bu münasibətlə
nitq söyləmişdi. Qələbədən sonra 50 il
yaşamaq hər müharibə iştirakçısına nəsib
olmasa da, buraya toplaşmış ahıl qəhrəman
insanlara Heydər Əliyevin verdiyi qiymət Respublika veteranlar,
ağsaqqallar şuralarının fəaliyyətində də
bir dönüş yaratdı.
Hər
birimizin qəlbində bir Qarabağ nisgili var, bu problemin həllinin
başa catdırılması üçün ömür ulu
öndərə vəfa etmədi. Nə yaxşı ki bu
gün Heydər Əliyevin siyasi kursunun İlham Əliyev kimi
layiqli davamçısı var! Biz inanırıq ki, məhz
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə böyük qələbəyə nail olacağıq!
Bəxtiyar
SADIQOV:
-
İnkişaf olan yerdə, təbii ki, abadlıq da var,
quruculuq da. Kompleks yüksəlişi bunsuz təsəvvür
etmək mümkün deyil. İndi Azərbaycanın hər
bir bölgəsində sürətli abadlıq və quruculuq
işləri aparılır, şəhərlərimizin, kənd
və qəsəbələrimizin siması dəyişir,
gözəlləşir. Mingəçevir şəhərinin
də küçələri ilə gəzdikcə,
buranın xeyli abadlaşdığının şahidinə
çevrilirsən. Görülən işlər ondan xəbər
verir ki, abadlıq və quruculuq
Mingəçevir şəhərində də əsas fəaliyyət
istiqamətlərindəndir. Bu barədə danışmaq
üçün söz Mingəçevir
Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin
rəisi Əli Ağamirova verilir.
Əli
AĞAMİROV:
-
Mingəçevirə şəhər statusu 1948-ci ildən
verilsə də, onun bir şəhər kimi inkişafı ulu
öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi
dövründə olmuşdur. Çox sevindirici haldır ki,
bu siyasət Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi
zamanı da böyük uğurla davam etdirilir. Ölkə
Prezidenti İlham Əliyev tərəfindən qəbul edilən
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"nın
uğurla icra edilməsi Azərbaycanın digər
regionları kimi, Mingəçevir şəhərinin də
sürətli inkişafının başlanmasına şərait
yaratdı. Bunun ardınca "Azərbaycan Respublikası
regionlarının (2009-2013-cü illərdə) sosial-iqtisadi
inkişafı" Dövlət Proqramının qəbul
edilməsi və icrası yerli müəssisələrin
inkişafına şərait yaratmaqla yeni iş yerlərinin
açılmasına, sahibkarlıq mühitinin
yaxşılaşdırılmasına, məşğulluq səviyyəsinin
artırılmasına, yoxsulluğun azaldılmasına səbəb
oldu. Məhz bu proqramların icrası şəhərimizdə
abadlıq-quruculuq işlərinə təkan verdi. Son illərdə
aparılan abadlıq-quruculuq işləri nəticəsində
şəhərimizin siması xeyli dəyişmiş, əhalinin
istirahətinin təşkili üçün Heydər Əliyev
parkı, İlk Qurucular parkı, Tibb İşçiləri
parkı, Bələdiyyə parkı, Sağ Sahil parkı,
Sahil parkı yaradılmış, "Teatr", "Qələbə"
meydanları yeniləşdirilmiş, yerüstü keçid
tikilib istifadəyə verilmiş, Heydər Əliyev prospekti,
İ.İslamzadə, M.Füzuli, M.F.Axundov, S.Vurğun,
Ş.İ.Xətai, D.Əliyeva, Vidadi, Qurbani, Maqomayev, Sabir, 20
Yanvar, N.Nərimanov və digər küçələrdə
yenidənqurma işləri həyata keçirilmiş, şəhərdə
60-dan çox nümunəvi məhəllə
yaradılmışdır.
Şəhərimizdə
son illərdə 60-dan artıq binanın yumşaq dam
örtüyü şifer dam örtüyü ilə əvəzlənmiş,
25 binanın dam örtüyü isə metal kirəmit və
"ondulin" örtüklə yenidən qurulmuş, 20-dən
çox binanın fasadları alkopan örtüklə üzlənmiş,
170 binanın fasadı rənglənmişdir. Prospekt,
küçə, məhəllədaxili yollar və səkilərə
680 min kvadratmetrdən çox asfalt örtük qoyulmuş,
şəhərdə 3 yeni fəvvarə
quraşdırılmışdır. Təkcə 2012-ci ildə
şəhərin giriş qapısından 2 kilometr məsafədə
Heydər Əliyev prospekti genişləndirilmiş, yeni səki
daşları düzülmüş, prospekt boyunca 400 ədəd
düralüminium materialından işıq dirəkləri
quraşdırılmış, əlavə olaraq şəhərin
parklarına 200 ədəd xüsusi işıqlandırma
sistemi qoyulmuşdur.
Yeni
inşa olunmuş Dövlət Bayrağı meydanı şəhərimizin
ən görkəmli yerlərindən birinə
çevrilmişdir. Meydanın 2000 kvadratmetrə yaxın ərazisi
xüsusi daşlarla bəzədilmiş, ərazidə 1000-ə
yaxın ağac və gül kolları əkilmişdir.
Ötən ilin ən gözoxşayan yerlərindən biri
Sahil parkı olmuşdur. Ötən əsrin 70-ci illərində
inşa olunmuş bu park uzun zaman baxımsız vəziyyətə
düşmüş, şəhərimizə yaraşmayan bir
guşəyə çevrilmişdi. Şəhər
rəhbərliyinin şəxsi təşəbbüsü ilə
bu park müasir tələblər səviyyəsində
yenidən qurularaq şəhər sakinlərinin istifadəsinə
verilmişdir. 500 metr uzunluğu, 60 metr eni olan bu parkda indiyədək
1500 kvadratmetr döşəmə daşı, 2000 metrdən
artıq səki daşları qoyulmuş, 20 min kvadratmetr sahədə
yaşıllıq salınmış, 3 min ədəd ağac
və gül kolu əkilmiş, 2000 kubmetr münbit torpaq
döşənmişdir. Parkda ilk dəfə olaraq gənclər
üçün məşq mərkəzi
yaradılmış və uşaqlar üçün
kiçik gəmi gətirilmişdir. Eyni zamanda, parkda
İngiltərə istehsalı olan saat
quraşdırılmış, 2 ədəd fəvvarə
inşa edilmiş, 300-dən çox müasir tələblərə
cavab verən oturacaqlar qoyulmuşdur. Parkı əhatə
edən ərazidə 2 ədəd 12 mərtəbəli və
1 ədəd 6 mərtəbəli, həmçinin 4 və 3 mərtəbəli
binaların, eləcə də 20-dən çox fərdi həyət
evlərinin fasadları təmir edilmişdir. Sahil
parkında Kür çayı sahilinə 500 metr məhəccərlər
çəkilmiş, həmçinin ərazidə 6 ədəd
bulaq inşa edilmişdir. Bir sözlə, park
çox yüksək zövqlə salınmış,
müasir tələblərə cavab verir. Ümumilikdə
götürüldükdə, 2012-ci ildə şəhərdə
əsaslı tikinti-quraşdırma və təmir işlərinə
7.221.883 manata qədər pul xərclənmişdir. Ötən
il 6, 11 saylı məktəblər, 1, 16 saylı uşaq
bağçaları əsaslı təmir edilmiş, 3
saylı məktəbdə 20 yeni sinif otağı olan korpus
tikilib istifadəyə verilmişdir. Bundan başqa, 3861
kvadratmetr tamet düzülmüş, 5740 kubmetr qırma
daş qoyulmuş, 9510 metr yola səki daşları
döşənmişdir. Bundan əlavə, şəhərdə
636 metr su borusu dəyişdirilmiş, 385 metr kanalizasiya
boruları əvəzlənmişdir. 8466 metr ərazidə
yol bardürləri düzülmüşdür, məhəllələrə
200 ədəd zibilqabı qoyulmuşdur.
Bütün
bu işlər 2013-cü ildə də davam etmişdir. Belə
ki, il ərzində ərazisi 5 ha olan "Dostluq" parkı əsaslı
surətdə yenidən qurulacaq, Kür çayının
körpüsünədək Heydər Əliyev prospektinin
genişləndirilməsi, səki daşlarının yenilənməsi,
yeni asfalt örtüyün qoyulması, işıqlandırma
sisteminin əsaslı yenidənqurulması işləri
görüləcəkdir. "Azərbaycan" İES
yaşayış massivində yerləşən Natəvan və
Naxçıvan küçələrində yeni səki
daşlarının düzülməsi və asfalt
örtüyün döşənməsi, həmin ərazidə
C.Əliyev küçəsində sakinlərin istirahəti
üçün yeni parkın salınması, Sağ Sahil
yaşayış massivində Təbriz küçəsində
asfalt örtüyünün yenilənməsi, Kür
çayının sağ sahilində yeni inşa olunan istirahət
kompleksinin tikintisinin başa çatdırılması, ərazidə
abadlıq işlərinin görülməsi, Kür
çayının sağ və sol hissələrini birləşdirən
asma yolun inşası, 2 ümumtəhsil məktəb və 2
uşaq bağçası-körpələr evində əsaslı
təmir işlərinin aparılması, çimərliyə
gedən 2-ci yolun asfaltlanması və ərazinin
abadlaşdırılması, Heydər Əliyev Mərkəzinin
və Gənclər Evinin tikintisinin başa
çatdırılması, statistika idarəsinin, Dövlət
Sosial Müdafiə Fondunun şəhər şöbəsinin
yeni inzibati binalarının tikintisinin başa
çatdırılması və s. işlər bu il
qarşımızda duran vacib məsələlərdəndir.
Bundan
başqa, şəhərdə dövlət proqramına
uyğun olaraq su-kanalizasiya şəbəkəsində
başlanmış əsaslı yenidənqurmanın sürətləndirilməsi,
istilik təchizatı sahəsində aparılan işlərin
genişləndirilməsi ilə yanaşı, Boz dağın
ətəyi bağ sahələrinə təbii qazın
çəkilişi də başa
çatdırılacaqdır. Ən sevindirici hadisələrdən
biri şəhərin orta məktəblərində və fin
qəsəbəsində məskunlaşmış məcburi
köçkün ailələrinin yeni salınmış
şəhərciyə köçürülməsi və həmin
məktəblərin əsaslı təmir edilməsi olacaq.
Əminliklə
qeyd etmək istəyirəm ki, şəhərimizdə
aparılan bu abadlıq və quruculuq işləri əsası
ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş və bu gün ölkə Prezidenti İlham Əliyevin
rəhbərliyi altında qətiyyətlə və uğurla
davam etdirilən siyasətin tərkib hissəsidir. Hər bir
mingəçevirli bu işlərə görə ölkə
Prezidentinə minnətdardır.
Bəxtiyar SADIQOV:
- 9
il öncə fəaliyyətə başlayan Heydər Əliyev
Fondunun gördüyü işlər ulu öndərin
adına layiqdir. Mərhəmət və xeyirxahlıq
ünvanı olan Heydər Əliyev Fondu ölkəmizin
bütün bölgələrində məktəb, xəstəxana
və digər sosial təyinatlı obyektlərin tikintisinə,
təmir olunmasına, tarixi-mədəni abidələrin,
komplekslərin yenidən qurulmasına böyük töhfələr
verir. Fond Mingəçevirdə də xeyirxahlığın,
mərhəmətin və quruculuğun əsas ünvanına
çevrilib. Söz Mingəçevir Şəhər Təhsil
Şöbəsinin müdir müavini Nailə Məmmədovaya
verilir.
Nailə MƏMMƏDOVA:
-
Tarix dəyişir, zaman dəyişir, lakin humanizmə, insanpərvərliyə
əsaslanan yüksək dəyərlər mənəvi təsir
gücünü qoruyub saxlayır. Ədalətlilik,
dürüstlük, xeyirxahlıq və xeyriyyəçilik,
humanizm keçmişdə də, bugünkü qloballaşma
dövründə də insanlığın ən ali,
ülvi, müqəddəs dəyərlərindən
sayılır. Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin zəngin irsini və siyasi
ideyalarını təşviq edən Heydər Əliyev Fondu
da məhz bu mənəvi ideallara tapınmaqla cəmiyyətin
yüksək rəğbətini, etimadını
qazanmışdır.
2004-cü
ildən fəaliyyətə başlamış fond təhsil,
səhiyyə, mədəniyyət, idman, elm və texnologiya,
ekologiya, sosial və digər sahələrdə müxtəlif
layihələr həyata keçirərək yeni cəmiyyət
quruculuğunda fəal iştirak edir, ölkənin
sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Ulu
öndərin həyata keçirdiyi dövlət siyasətinin
mahiyyətini özündə əks etdirən insanpərvərlik
və humanizm ideallarından çıxış edən
fondun başlıca məramlarından biri qayğı və
yardıma ehtiyacı olanlara hərtərəfli köməyin
göstərilməsidir.
Bu
baxımdan Heydər Əliyev Fondu, onun prezidenti, UNESCO və
ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyeva ölkəmizin maraqları naminə
xeyirxahlıq, mərhəmət və quruculuq sahəsində
olduqca mühüm işlər aparır.
Azərbaycan
uşaqlarının ən böyük dostu və ən
böyük himayədarı olan Mehriban xanım Əliyevanın və onun rəhbərlik
etdiyi fondun Azərbaycan təhsilinin inkişafında xüsusi
yeri var. Bilirik ki, təhsil müəssisələrinin əsas
vəzifəsi vətəndaşa keyfiyyətli təhsil verməkdir.
Keyfiyyətli təhsil üçün isə yeni məktəblərin
tikilməsi, müasir avadanlıqların olması vacib amildir.
Möhtərəm Prezident İlham Əliyev "Yeni məktəblər
yüksək səviyyədə tikilməli və müasir
avadanlıqlarla təchiz olunmalıdır" tələbini
irəli sürmüşdür.
Məktəblərin
infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər
Əliyev Fondunun, şəxsən onun Prezidenti Mehriban xanım
Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir. Məhz
fondun təşəbbüsü ilə
reallaşdırılan "Yeniləşən Azərbaycana
yeni məktəb" və "Uşaq evləri və
internat məktəbləri" proqramları çərçivəsində
ölkəmizdə və şəhərimizdə
böyük işlər görülmüşdür. Belə
ki, şəhərimizdə 1200 yerlik yüksək standartlara
cavab verən müasir dizaynlı texniki-humanitar liseyin
binası tikilərək istifadəyə verilmiş, TR və
HET liseyin yerləşdiyi bina təmir edilmiş və
avadanlıqlarla, laboratoriyalarla təchiz edilmişdir.
Fondun
yaxından köməyi ilə ayrı-ayrı fənlər
üzrə 140 adda tədris-əyani vəsait hazırlanaraq məktəblərimizə
verilmişdir. Nəfis tərtibatlı bu vəsaitlər tədrisin
keyfiyyətli qurulmasına müsbət təsir göstərmişdir.
Azərbaycan
hökumətinin 3 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq
olunan "Xüsusi qayğıya ehtiyacı olan
(sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin
təşkili ilə əlaqədar İnkişaf
Proqramı"nda bu qəbildən olan uşaqların təhsil
hüququnun yerinə yetirilməsi, onlar üçün bərabər
təhsilalma şəraitinin yaradılması, inteqrasiyalı
(inklüziv) təlimə keçidin
reallaşdırılması öz əksini
tapmışdır.
Proqramın
icrası istiqamətində Heydər Əliyev Fondunun müstəsna
xidmətləri var. Belə ki, fond tərəfindən
xüsusi qayğıya ehtiyacı olan kimsəsiz, valideyn himayəsindən
məhrum, müəyyən mənada cəmiyyətin diqqətindən
kənarda qalan uşaqların təhsilinin təşkili,
onların təhsil aldığı müəssisələrin
maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi
istiqamətində məqsədyönlü işlər
görülmüşdür. Şəhərimizin
texniki-humanitar liseyi və 6 saylı tam orta məktəblərində,
10 və 16 saylı uşaq bağçalarında xüsusi
qayğıya ehtiyacı olan uşaqların inteqrasiyalı təlimi
üçün qrup və siniflər fəaliyyət göstərir.
Qeyd edilən bağça və məktəblərdə
müvafiq olaraq 30 və 28 uşaq tərbiyə və təhsillə
əhatə olunur. Bu uşaqların fəaliyyətlərinin
uğurlu alınması üçün köməkçi
müəllimlər ayrılmış, onlara məktəb ləvazimatları,
hərəkət üçün araba
ayrılmışdır.
Şəhər
internat tam orta məktəbinin də şagirdləri
qayğıdan kənarda qalmamışlar. Belə ki, proqram
çərçivəsində məktəb İKT
avadanlığı, texniki təlim vasitələri, əyani
vəsaitlər almışdır.
Qeyd
edilənlər bir daha sübut edir ki, Heydər Əliyev Fondu
mərhəmət rəmzidir. Xüsusi qayğıya
ehtiyacı olan uşaqları hər zaman diqqətdə
saxlayan Mehriban xanım Əliyeva əslində bu missiyası
ilə həmin uşaqların xoşbəxt gələcəyinə,
onların layiqli vətəndaş kimi formalaşmasına təminat
yaradır.
Ölkəmizdə
xüsusi qayğıya ehtiyacı olan uşaqlarla aparılan
işlər, həmçinin De-institutlaşdırma
Proqramında öz əksini tapmışdır ki, burada risk
qrupuna daxil olan uşaq və ailələrə alternativ xidmətlərin
göstərilməsi nəzərdə tutulur.
Bu
qayğı mərkəzlərindən biri də şəhərimzdə
yerləşən Uşaq və Ailələrə Dəstək
Mərkəzidir. Mərkəzdə sağlamlıq
imklanları məhdud olan uşaqların inkişafı, təhsili,
cəmiyyətə adaptasiyası üzrə tədbirlər
keçirilir, həmçinin uşaqların ailələrinə
psixoloji, hüquqi dəstək xidmətləri göstərilir,
uşaqlar gündə 2 dəfə yeməklə təmin
olunurlar. Mərkəzdə defektoloq və loqoped xidməti də
göstərilir, valideynlər üçün təlim və
seminarlar təşkil edilir. Bu məsələlərə də
Heydər Əliyev Fondunun daim qayğısı vardır.
Ana,
uşaq və Azərbaycan genofondunun qorunması məsələsi
bu gün səhiyyə sahəsindən və eyni zamanda onun
bir qolu olan Mingəçevir səhiyyəsinin də prioritet
istiqamətlərindəndir. Heydər Əliyev Fondunun BMT-nin
Uşaq Fondu və Səhiyyə Nazirliyi ilə birgə
keçirdiyi "Azərbaycanda ana südü ilə
qidalanmanın mövcud problemləri və onların aradan
qaldırılmasının yolları" mövzusunda milli
konfransından sonra şəhərimizdə bu sahədə
maarifləndirmə işi gücləndirilmiş, yeni
doğulan uşaqlar arasında ölüm və onkoloji xəstəliklərin
azalması müşahidə olunmuşdur.
Heydər
Əliyev Fondunun mədəniyyət sahəsində
gördüyü işlər də misilsizdir. Azərbaycan
muğamını dünya musiqi sənətinin zirvəsinə
qaldıran, onu dünyanın dörd bir yanında tanıdan və
sevdirən fond tərəfindən ölkəmizdə hər
il müxtəlif beynəlxalq miqyaslı festival və
müsabiqələr keçirilir. Təbii ki, bütün
bunlar Mingəçevirdə də mədəniyyətin və
incəsənətin inkişafını
stimullaşdırır. Son zamanlar şəhərimizdə bu
sahələrdə yaranan canlanma, eləcə də musiqi məktəblərimizdə
muğam şöbələrinin açılması, müxtəlif
musiqi müsabiqələrinin keçirilməsi bunun bariz
nümunəsidir. Şəhər kitabxanalarının bədii
fondunun zənginləşdirilməsi, Heydər Əliyev Mərkəzinin
nəfis tərtibatı, eksponatların əldə edilməsində
də fondun böyük dəstəyi olmuşdur.
Bu
gün hər bir mingəçevirli Heydər Əliyev Fondunun
fəaliyyətini böyük diqqət və maraq hissi ilə
izləyir və hər birimiz bu qənaətdəyik ki, Heydər
Əliyev Fondu genişmiqyaslı fəaliyyəti ilə Azərbaycanın
sosial-iqtisadi, mədəni tərəqqisinə böyük
töhfələr verir.
Bəxtiyar
SADIQOV:
-
Tarixdə nadir şəxsiyyətlərdən biri kimi iz qoyan
ümummilli lider Heydər Əliyevin xidmətləri və keçdiyi
ömür yolu haqqında çox deyilsə də, əsrlər
boyu bu mövzuya müraciət olunacaq və onun zəngin irsi
həmişə dərin, əhatəli, ətraflı elmi əsaslarla
öyrənilərək gələcək nəsillərə
çatdırılacaqdır. Çünki xarakter, mahiyyət
və fəaliyyət etibarı ilə uca olan ulu öndər
ancaq Vətən, xalq amalı ilə yaşayaraq təkcə
Azərbaycanın deyil, bütövlükdə
insanlığın həyatında önəmli bir şəxsiyyət
olmuşdur. Onun Azərbaycana rəhbərliyinin əsrin
üçdə biri qədər dövrünü əhatə
edən zaman kəsiyi əbədiyaşar öndər Heydər
Əliyev dühasının nümayişi hesab oluna bilər.
Bu dövr Azərbaycan xalqının həyatında intibah
dövrü olmuşdur. Ulu öndər Heydər Əliyev həmin
zaman kəsiyində Azərbaycan xalqının, Azərbaycan
torpağının adını bütün dünyada uca zirvələrə
qaldırmış və özünün şəxsiyyət
bütövlüyü ilə doğma Vətəni Azərbaycanı
bütövləşdirmiş və hər yerdə onu
layiqincə təmsil etmişdir.
Bu
böyük şəxsiyyətin zəngin irsini
araşdırarkən məlum olur ki, onun ölkə
üçün gördüyü nəhəng işləri,
dəyərli və əzəmətli ideyalarının həyata
keçirilməsini hər kəs öz sahəsində hiss
edir, bunun təzahürünü daha aydın və dərindən
dərk edir. Və hər kəs bir həqiqəti qəbul
edir ki, Azərbaycanın müstəqilliyinin son 20 ili ərzində
sosial-iqtisadi həyatımızın ayrı-ayrı istiqamətlərində
əldə olunmuş uğurlar ümummilli lider Heydər Əliyevin
milli inkişaf strategiyasının və onun icrası sahəsində
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
həyata keçirdiyi sürətli islahatların məntiqi nəticəsidir.
Bu il
Azərbaycanda Prezident seçkiləri keçiriləcəkdir.
Azərbaycan ictimaiyyətinin müxtəlif kəsimləri
artıq cənab İlham Əliyevin namizədliyini irəli
sürüb. Yüz minlərlə üzvü olan həmkarlar
təşkilatları və respublika ağsaqqalları öz
qurultaylarında cənab İlham Əliyevin namizədliyini dəstəklədiklərini
bəyan ediblər. Onların bu qərarı bütün Azərbaycan
xalqının arzu və istəyinin təcəssümüdür.
İnanırıq ki, builki prezident seçkisində də cənab İlham Əliyevin qələbəsi
bir daha Heydər Əliyev siyasətinin alternativsizliyinin
növbəti nümayişi olacaqdır!
Azərbaycan.- 2013.- 6 aprel.- S. 4-5.