Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun ilk iclası keçirilmişdir

 

Aprelin 5-də Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) ev sahibliyi ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin Qadınlar Qolunun ilk iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, Milli Məclisin deputatı Məlahət İbrahimqızı iclası açıq elan edərək ötən ilin noyabr ayında YAP-ın təşkilatçılığı ilə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasının Bakıda keçirildiyini xatırlatmışdır. Bildirilmişdir ki, bu qurumun Qadınlar Qolu və Gənclər Qolu yaradılmış, ilk iclasların isə Bakıda keçirilməsi qərara alınmışdır.

Bugünkü tədbirin qadınlar hərəkatında yeni səhifə açacağını deyən M.İbrahimqızı Azərbaycanın Asiya qadın hərəkatı ilə yanaşı, ölkəmizin bu istiqamətdəki dünyadakı mövqeyindən də danışmışdır. Qeyd olunmuşdur ki, Asiya qadınlarının böyük potensialı olsa da, onların dövlət qurumlarında təmsil olunması kifayət qədər deyildir və buna böyük zərurət vardır. Biz istərdik ki, bu istiqamətdə qazandığımız təcrübəni bir-birimizlə paylaşaq. Əminəm ki, İCAPP-ın Qadınlar Qolu özünün xoş məramı ilə Asiyanın bütün siyasi qadınlarını qanadı altına alacaqdır. Bugünkü tədbirimiz qadınlar hərəkatında yeni tarix olmaqla yanaşı, dünyada dostluq və əməkdaşlıq, sülh və bərabərlik, təhlükəsizlik və davamlı inkişaf üçün əsas rol oynayacaqdır.

İCAPP-ın təsisçisi, qurumun icraçı sədri və Daimi Komitəsinin həmsədri, Filippin parlamentinin keçmiş sədri Xose de Venesia Bakıda keçirilən bu tədbiri tarixi hadisə adlandıraraq YAP-ın timsalında ev sahibi olan Azərbaycana minnətdarlığını bildirmişdir.

Respublikamızın çoxpartiyalı demokratik sistemə malik olduğunu deyən X.Venesia insanların rifah halının yüksəldilməsində Azərbaycanı dünya ölkələrinə örnək göstərmiş və yoxsulluğun azaldılmasında əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirmişdir. Azərbaycan qadınlarının bu uğurların qazanılmasında böyük rolunun olduğunu vurğulayan natiq, YAP-ın Asiyada qadınların siyasi proseslərdə iştirakına verdiyi önəmə və bu istiqamətdəki fəaliyyətinə görə ən fəal partiya olduğunu demişdir.

Azərbaycanın qədim tarixi olduğunu qeyd edən X.Venesia bildirmişdir ki, bu ölkədə qloballaşmanın ilk addımlarını hər bir yerdə müşahidə etmək mümkündür. O demişdir ki, İCAPP-ın Qadınlar Qolunun yaradılmasında Azərbaycanın təşəbbüsü mühüm rol oynamışdır. Hazırda əsas məqsədimiz Türkiyənin də vasitəçiliyi ilə bu birliyin Avropa qolunun yaradılmasıdır. Qurumun Gənclər Qolunun da yaradıldığını vurğulayan natiq əlavə etmişdir ki, həm qadınların, həm də gənclərin İCAPP-da təmsil olunmaları və onların təşkilatlarının yaradılması bizim uğurumuzdur.

Asiya ölkələrində demokratik inkişaf proseslərində qadınların oynadığı roldan bəhs edən İCAPP-ın təsisçisi bu məkanda vahid təşkilatların yaradılması istiqamətində lazımi addımların atılmasının vacibliyini vurğulamışdır. O demişdir ki, biz hazırda Asiya əsrinin başlanğıc mərhələsində yaşayırıq. Həyata keçirilməsi vacib olan bir çox mühüm vəzifələr vardır. Asiya Parlamentinin yaradılması da bu işdə önəmli rol oynaya bilər.

Daimi Komitənin həmsədri çıxışının sonunda Asiya qadınlarını irqçiliyə, terrorçuluğa, yoxsulluğa, ekoloji və s. beynəlxalq miqyaslı problemlərə qarşı birgə mübarizə aparmağa səsləmişdir.

İlk iclasını Bakıda keçirən ICAPP Daimi Komitəsinin Qadınlar Qolunun uğurlu fəaliyyətinə inamını ifadə edən YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov qadınların siyasi proseslərdə iştirakının siyasətə yeni bir məzmun, görünüş gətirəcəyini vurğulamışdır. Ə.Əhmədov demişdir ki, siyasi prosesə nə qədər çox qadın qoşularsa, siyasət o qədər humanist, insanpərvər, bəşəri dəyərləri daha çox özündə ehtiva etmiş olar. Ülvi, nəcib, təmiz duyğuların təcəssümü olan qadınlar siyasətdə fəallıq göstərərlərsə, bəşəriyyətin qlobal problemlərinin, münaqişələrin həllində xüsusi rol oynaya bilərlər. İnanıram ki, Asiya ölkələrinin fəal qadınları bu ümidləri doğruldacaqlar.

Hesab edirəm ki, Qadınlar Qolunun ilk iclasının Bakıda keçirilməsi heç də təsadüfi deyildir. Çünki ölkəmizdə siyasi proseslərdə qadınlar xüsusi fəallıq göstərir, respublikamızın inkişafına töhfələrini verirlər. Azərbaycanda qadın hüquqlarının tam şəkildə ifadə olunması, qadınların həyatımızın bütün sahələrində, o cümlədən siyasətdə yaxından iştirak etmələri üçün imkanlar və şərait yaradılmışdır. Eyni zamanda, Asiya qadınlarının fəallaşmasına da çox böyük ehtiyac vardır. Bu qitənin qarşısında duran böyük məsələlərin həllini qadınların iştirakı olmadan reallaşdırmaq mümkün deyildir. XXI əsrin Asiya əsri kimi tarixə düşməsində, eləcə də digər mühüm problemlərin həlli prosesində qadınların iştirakı çox mühümdür.

İCAPP-ın Qadın Qolunun strukturlaşmasına, güclənməsinə böyük ehtiyac olduğunu deyən Ə.Əhmədov qeyd etmişdir ki, bu, Asiya siyasətinə yeni məzmun gətirəcəkdir. Asiyanın qarşısında duran əzəmətli vəzifələrin yerinə yetirilməsini asiyalı qadınların fəal və fədakar iştirakından kənarda təsəvvür etmək mümkün deyildir. İstər yoxsulluğun, istər ayrı-ayrı münaqişələrin aradan qaldırılmasında, istərsə də daha yüksək iqtisadi irəliləyişdə qadınların iştirakının təmin edilməsi çox böyük məna və əhəmiyyət daşıyır. Asiya mühüm inkişaf və dəyişikliklər ərəfəsindədir. Əminəm ki, İCAPP-ın Qadın Qolu da bu vəzifənin yerinə yetirilməsinə öz töhfəsini vermək iqtidarındadır.

Bununla yanaşı, səmərəli fəaliyyət göstərmək üçün təsisatlanmağa da ehtiyac vardır. Bu gün burada məsləhətləşmələr əsasında bir təşkilat komitəsi yaradıla bilər ki, payızda Seulda keçiriləcək növbəti toplantıda qurumun fəaliyyətini təmin etmiş olsun. Çünki rəhbərliyin seçilməsi vacibdir ki, Qadınlar Qolu təşkilatlanaraq proseslərdə önəmli rol oynaya bilsin.

Keçirilən iclasın Asiya qitəsində siyasi proseslərdə insanpərvərliyin, humanizmin daha da güclənməsinə, inkişafa öz töhfəsini verə biləcəyini deyən Ə.Əhmədov iştirakçılara uğurlar arzulamışdır.

Milli Məclis Sədrinin müavini Bahar Muradova İCAPP-ın Qadınlar Qolunun Azərbaycanda keçirilməsini yüksək dəyərləndirərək qarşıdakı aylarda qurumun Gənclər Qolunun da Bakıda keçiriləcəyini bildirmişdir.

Azərbaycan qadınının öz keçmişinə, milli və mənəvi, eləcə də bəşəri dəyərlərə sadiq olduğunu deyən B.Muradova qadınlara ilk səsvermə hüququnun da ötən əsrin əvvəlində məhz ölkəmizdə verildiyini xatırlatmışdır.

O demişdir ki, Azərbaycanın Asiya ölkələri ilə ikitərəfli və çoxtərəfli münasibətlərə can atması və bunun real nəticələrinin ortada olmasının da çox ciddi əsasları vardır. Asiya bu gün özünün inkişaf dövrünü keçirir. Bir sıra tənəzzüllərdən kənarda qalmağı bacaran Asiya innovasiyaları, yeni texnologiyaları, tarixiliyi və müasirliyi ilə seçilmişdir.

İCAPP-ın Qadınlar Qolunun geniş fəaliyyət göstərərək siyasi proseslərə öz töhfəsini vermək imkanına malik olduğunu söyləyən B.Muradova sülh, əmin-amanlıq, ədalət uğrunda mübarizədə Azərbaycan qadınlarının dünya ölkələrinin qadınları, o cümlədən asiyalı qadınlarla birgə olduqlarını və bu hədəflərə çatmaqda üzərlərinə düşən vəzifənin öhdəsindən uğurla gələcəklərinə inamını ifadə etmişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə çıxışında Azərbaycanda dövlət qadın siyasətinə toxunmuşdur.

 

Qeyd olunmuşdur ki, müstəqil Azərbaycanda qadın siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan qadınları dövlət qurumları, hüquq-mühafizə orqanları, sənaye və biznes sahələrində təmsil olunmuşlar.

Dünya təcrübəsi göstərir ki, müasir dövrdə hər bir ölkədə insan hüquqlarının başlıca komponentlərindən biri gender bərabərliyinin təmin olunmasıdır. Bu sahədə mövcud problemlərin həlli istiqamətində məqsədyönlü və davamlı addımlar atmadan ölkədə vətəndaş cəmiyyəti quruculuğuna, sosial-iqtisadi inkişafa nail olmaq mümkün deyildir. Gender bərabərliyinin təmin olunması bilavasitə güclü dövlət dəstəyi ilə mümkündür. Məhz buna görə də dövlət başçısı İlham Əliyev müstəqil Azərbaycanda qadın hüquqlarının qorunması və inkişafı siyasətinin formalaşdırılmasına böyük diqqət yetirir.

Əminliklə deyə bilərik ki, elm və təhsildə qadınlarımız öz potensiallarını tam reallaşdırmaq imkanı qazanmışlar. Ölkəmizdə qadın alimlər arasında 3 akademik, Milli Elmlər Akademiyasının 12 müxbir üzvü, 117 elmlər doktoru, 1328 elmlər namizədi vardır. Prezident Administrasiyasında, Nazirlər Kabinetində, güc strukturlarında, təhlükəsizlik və ədliyyə sistemində çalışan qadınlarımız vardır. Səhiyyə sistemində 71, təhsil sahəsində çalışanların isə 78 faizini qadınlar təşkil edir. Parlamentdə təmsil olunan qadınların sayı artmışdır. Bələdiyyə orqanlarına seçilən qadınların sayı 4 faizdən 26 faizə yüksəlmişdir. Bütün bunlar ölkəmizdə dövlət qadın siyasətinin uğurlu nəticələri əsasında mümkün olmuşdur.

Ölkəmizin ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş 1 milyon vətəndaşımızın 156 minini qaçqın, 297 min 731-ni isə məcburi köçkün qadınlar təşkil edir.

Dövlət Komitəsinin sədri bildirmişdir ki, bu gün 300-dən çox siyasi partiyanı özündə birləşdirən İCAPP geniş imkanlarından istifadə etməklə qadınların problemlərinin həlli istiqamətində bir çox nailiyyətlər əldə edə bilər.

Təşkilatın baş katibi və Daimi Komitənin həmsədri Çanq Eui-Yonq iclasın yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirərək İCAPP-ın Qadınlar Qolunun Bürosunun yaradılması təklifini irəli sürmüşdür. Diqqətə çatdırılmışdır ki, iştirakçılara əvvəlcədən paylanılmış sənəddə 2013-2014-cü illərdə Büro üzvlüyünə namizədlərin adları qeyd olunmuşdur.

Təklif olunan namizədlərin adlarını açıqlayan Çanq Eui-Yonq vurğulamışdır ki, Büro üzvləri fəaliyyətin əlaqələndirilməsinə, proqramların həyata keçirilməsinə nəzarət etməklə yanaşı, eyni zamanda, İCAPP Qadınlar Qolunu digər beynəlxalq təşkilatlarda, forumlarda təmsil edəcəklər. Seçiləcək Bürö üzvlərinin səlahiyyətləri İCAPP Qadınlar Qolunun növbəti toplantısınadək davam edəcəkdir.

Sonda təklif olunan namizədlər ümumi razılıqla Büro üzvü seçilmişlər.

Daha sonra tədbir bölmə iclasları ilə davam etdirilmişdir.

Bölmə iclaslarında geniş potensiala və resurslara malik olan Asiyanın siyasətçi qadınlarının qitənin gələcək inkişafında, bölgədə sülhün, əmin-amanlığın və davamlı inkişafın əldə olunmasında əməkdaşlıqlarının qurulması və digər məsələlər müzakirə olunmuşdur.

Yekun iclasda İCAPP Qadınlar Qolunun Bakı Bəyannaməsi qəbul edilmişdir.

İclasda Türkiyə, Çin, Rusiya, Pakistan, İran, İraq, Hindistan, Yaponiya, Koreya Respublikası, Qırğızıstan, Laos, Liviya, Monqolustan, Myanma, Nepal, Sudan, Tailand, Banqladeş, Malayziya, Filippin, Kamboca, Nikaraquadan 60-dan çox qadın siyasətçi və ictimai xadim, bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak etmişlər.

 

 

Azərbaycan.- 2013.- 6 aprel.- S. 6.