Dəyirmi masada Azərbaycan Mətbuat Şurasının internet media resursları üzrə komissiyasının fəaliyyətinin əsas istiqamətləri müəyyənləşmişdir

 

Aprelin 5-də Azərbaycan Mətbuat Şurasında (MŞ) qurumun internet media resursları üzrə komissiyasının fəaliyyətinə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə MŞ idarə heyətinin və sözügedən komissiyanın üzvləri, internet xəbər portallarının rəhbərləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan MŞ-nin sədri Əflatun Amaşov bir müddət əvvəl formalaşdırılmış komissiyanın yaranması zərurətinə toxunmuşdur. Bildirmişdir ki, son illər Azərbaycanda internetin geniş inkişaf tapması internet üzərindən yayımlanan media vasitələrinin sayının artmasına da əhəmiyyətli təsir göstərmişdir. Onların bir çoxu özlərinin jurnalistikaya aid olduqlarını bildirsələr də, bəzən bunun əksini müşahidə edirik.

"Bu tip media vasitələrinin fəaliyyətində peşə davranışı qaydalarının pozulması halları adi hal almışdır. Məsələ ilə əlaqədar Mətbuat Şurasına müxtəlif məzmunlu şikayətlər daxil olur və olmaqdadır. Müraciətlərdə ifadə olunan motivlər ümumən internet medianı ictimai tənzimləmə müstəvisində görmək üçün əsaslar verir", - deyən Ə.Amaşov tənzimləmənin sosial sifariş mahiyyəti daşıdığını, ümumiyyətlə, özünütənzimləmənin model olaraq vacibliyinin dərk edildiyini önə çəkmişdir.

Yaranmasından keçən müddət ərzində komissiyanın həyata keçirdiyi işlər barədə danışan MŞ sədri bildirmişdir ki, ilkin mərhələdə ölkənin tanınmış 30 media portalında monitorinqin aparılması nəzərdə tutulur. Monitorinq zamanı peşə davranışı qaydalarının pozulması ilə bağlı meyillər qruplaşdırılacaqdır. Növbəti mərhələdə isə prosesə cəlb olunmuş internet media resurslarının iştirakı ilə əldə edilən nəticələrin müzakirə edilməsi, problemlərin yaranması səbəblərinin araşdırılması planlaşdırılır.

MŞ-nin internet media resursları üzrə komissiyasının sədri Elnur Baimov bildirmişdir ki, şuranın tərkibindəki qurumun işi təkcə şikayətlərə rəy verilməsi ilə bitməyəcək, orada ümumən internet media məkanındakı tendensiyalara nəzər salınacaqdır.

MŞ idarə heyətinin üzvlərindən "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas internet medianın ictimai tənzimlənməsi məsələsinin jurnalistikanın maraqlarının qorunması baxımından əhəmiyyətliliyini diqqətə çatdırmışlar.

"Dəyirmi masa"da çıxış edən internet xəbər portallarının rəhbərləri internet media ilə bağlı məsələlərin hüquqi müstəvidə  tənzimlənməsinin vacibliyinə toxunmuşlar. MŞ-də internet media resursları üzrə komissiyanın fəaliyyətə başlamasının vacibliyini vurğulayaraq qurumun mövcud məkandakı proseslərə, o cümlədən xəbər portallarının üzləşdikləri çətinliklərin aradan qaldırılmasına dəstək göstərməsinin vacibliyindən söz açmışlar.

 

 

Azərbaycan.- 2013.- 6 aprel.- S. 6.