Bakıda məktəblilərin
«Ətraf mühitin mühafizəsi» VII Beynəlxalq Layihə
Olimpiadasının açılış mərasimi
olmuşdur
Aprelin 5-də Bakıda məktəblilərin
ümummilli lider Heydər Əliyevin anadan olmasının 90
illiyinə həsr edilmiş "Ətraf mühitin mühafizəsi"
VII Beynəlxalq Layihə Olimpiadasının
("Inepo-Euroasia") açılış mərasimi
olmuşdur.
Mərasimdə
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva
iştirak etmişdir.
AzərTAc
xəbər verir ki, mərasim Heydər Əliyev adına
İdman-Konsert Kompleksində keçirilmişdir. Azərbaycanın
Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri,
Dövlət Neft Şirkəti, İDEA kampaniyası,
İctimai Televiziya və Radio Yayımları Şirkəti,
"Çağ" Öyrətim İşlətmələri
Şirkəti və "Inepo-Euroasia" Ekologiya İctimai
Birliyinin birgə təşkilatçılığı ilə
keçirilən olimpiadaya dünyanın 45 ölkəsindən,
o cümlədən Azərbaycan, Türkiyə, Almaniya,
Macarıstan, İndoneziya, Qazaxıstan, Laos, Böyük
Britaniya, Rusiya, Malayziya, Bolqarıstan, Pakistan, Tailand,
Gürcüstan, Ukrayna, Türkmənistan, Rumıniyadan 500-dək məktəbli
qatılmışdır. Xarici ölkələrdən təqdim
olunan layihələrdən
52-si, Azərbaycandan təqdim olunan layihələrdən
isə 78-i seçilmişdir.
Olimpiadanın
məqsədi Azərbaycanda və dünyada artmaqda olan ekoloji
problemlərin həlli və ətraf mühitin mühafizəsi
istiqamətində gənc nəsli məlumatlandırmaqdan,
şagirdlərdə ekoloji bilikləri inkişaf etdirməkdən,
ekoloji məsələlər üzrə maarifləndirməni
genişləndirməkdən ibarətdir.
Mərasimdə
ümummilli lider, müstəqil dövlətimizin memarı və
qurucusu Heydər Əliyevin əziz xatirəsi yad olunmuş, Azərbaycanın
Dövlət himni səsləndirilmişdir.
Məktəblilərin
"Ətraf mühitin mühafizəsi" Beynəlxalq Layihə Olimpiadası
Təşkilat Komitəsinin idarə heyəti Heydər Əliyev
Fondunun vitse-prezidenti, beynəlxalq "Baku"
jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər
Təşkilatının sədri, İslam Əməkdaşlıq
Təşkilatının Gənclər Forumunun Baş əlaqələndiricisi,
"Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti
üzrə Beynəlxalq Dialoq"- IDEA-nın rəhbəri
Leyla xanım Əliyevanın müvafiq sahədə təşəbbüsünü
və fəaliyyətini təqdirəlayiq hesab edərək
onun "Ekoloji Mühitin Qorunmasına Görə"
xüsusi Beynəlxalq Şərəf Mükafatı ilə təltif
edilməsi haqqında qərar qəbul etmişdir.
Mükafat
Leyla xanım Əliyevaya təqdim olunmuşdur.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva mərasimdə
"Planetimizin ekoloji müasirliyi" mövzusunda
çıxış etmişdir.
Leyla xanım Əliyevanın
çıxışı
- Əziz
dostlar!
Hörmətli
qonaqlar!
Xanımlar
və cənablar!
Sizi Azərbaycanda
salamlamaqdan çox şadam!
Gərgin
əməklərinə və dəyərli töhfələrinə
görə "Ətraf mühitin mühafizəsi" Beynəlxalq Layihə
Olimpiadasının təşkilatçılarına təşəkkür
etmək istəyirəm.
Bu tədbirin
Avropa, Asiya və Yaxın Şərqin kəsişmə
nöqtəsi kimi strateji bir məkanda, o cümlədən zəngin
təbii ehtiyatlara malik nadir bir ölkədə keçirilməsi
xüsusilə təqdirəlayiqdir.
Azərbaycan
təkcə Avropanın enerji təhlükəsizliyinə
verdiyi töhfələrə görə deyil, həm də
Şərq müdrikliyini və Qərb inkişafını
özündə birləşdirən zəngin tarixi və mədəniyyəti
ilə tanınır.
Bu gün
ölkəmiz bir sıra təşəbbüsləri həyata
keçirməklə həm özünün ekoloji vəziyyətini
yaxşılaşdırmış, həm də qonşu
ölkələrə bu sahədə əlindən gələn
köməyi əsirgəməmişdir.
Biz
regionun lider ölkəsiyik və bizim ekoloji siyasətimiz
birbaşa olaraq təbii ehtiyatların səmərəli
istifadəsi, istehsalı və istehlakına yönəlmişdir.
Əziz
dostlar, qısa bir müddət bundan əvvəl biz yeni əsrə
sosial pərakəndəlik, zorakılığın
artması, tarazlığın pozulması və istismarın
güclənməsi kimi ciddi problemlərlə qədəm
qoyduq.
Qəbul
etmək istəmədiyimiz həqiqət göstərir ki,
çoxlarımız bizdən sonrakı nəsilləri deyil,
yalnız özümüz barədə
düşünürük. Bəzən elə hərəkət
edirik ki, sanki təbiətin bir hissəsi deyilik. Təbiətdə
məskunlaşdığımızı və onun bir
parçası olduğumuzu fikirləşməkdənsə,
biz təbiətin mərkəzində oturub onu idarə etdiyimizi
düşünürük. Bu
yanaşma ilə gələcəkdə qlobal faciələrin
yaşanacağını demək o qədər də çətin
deyildir.
Buna
görə də bu gün gələcəklə
bağlı mübarizəmiz məktəblərdə və
ali təhsil müəssisələrində ekoloji təhsilin əsaslarına
söykənməlidir. Ölkələrimizin gələcəyinin
asılı olduğu gənclər indi daha savadlı, mədəni
və peşəkardırlar.
Xanımlar
və cənablar, 11 iqlim qurşağından 9-nun mövcud
olduğu Azərbaycan heyrətamiz
təbiətə və zəngin bioçeşidliyə malik
bir ölkədir. İnanırıq ki, indiki nəslin təbiəti
gələcək nəsillər üçün qorumaq
vaxtı gəlib çatmışdır.
Artıq
iki ildir ki, biz IDEA (Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti
üzrə Beynəlxalq Dialoq)
beynəlxalq ictimai maarifləndirmə kampaniyasını
başlatmışıq. Bu
kampaniya həm ətraf mühitin mühafizəsi, həm də
gənclər siyasəti sahələrində bir sıra
işlər həyata keçirmişdir. Kampaniyamızın
devizi olan "Qlobal ətraf mühitin
tarazlığını yaratmaq üçün gənclərin
qüvvəsinin səfərbər edilməsi" bizə səylərimizi
gənclərə yönəltməyə və onları ətraf
mühitə olan münasibəti dəyişməkdə əsas
vasitə kimi görməyə imkan verir.
Ötən
il IDEA Ətraf Mühit Kampaniyası çərçivəsində
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasında Resurs Mərkəzi
açılmışdır. Bu mərkəz yaratmaq, qorumaq və
maarifləndirmək istəyənlərin evinə
çevrilmişdir. Biz IDEA Resurs Mərkəzinin innovasiya, rəhbərlik
və fəal tədbirlər vasitəsilə
yaratdığı fərqin şahidi olmuşuq. İlk dəfə
olaraq IDEA Kampaniyası BMT-nin Ətraf Mühit Proqramı ilə
birlikdə ölkəmizin paytaxtında "Yaşıl həftə"
təşkil etmişdir.
Kampaniyamızın
yarandığı ilk gündən biz "Böyük Qafqaz
beşliyi" deyilən, yox olmaq təhlükəsi ilə
üzləşən beş heyvan növünü - ayı,
qartal, canavar, ceyran və Qafqaz bəbirini müəyyən
etmişik.
Təkcə
Azərbaycanda deyil, bütün dünyada gənclər
arasında dialoq, maarifləndirmə, liderlik və əməkdaşlığı
gücləndirmək üçün dünyanın müxtəlif
yerlərindən olan ətraf mühitin gənc müdafiəçiləri
ilə əməkdaşlıq qurmuşuq. Məsələn,
IDEA kampaniyası Ümumdünya Vəhşi Təbiəti
Mühafizə Fondunun (WWF) Rusiya nümayəndəliyi
arasında əməkdaşlıq haqqında memorandum
imzalamışdır. Bu da bizə Qafqaz bizonunu IDEA-nın nəsli
tükənməkdə olan heyvanlar siyahısına əlavə
etmək imkanı vermişdir. Hazırda Türkiyənin
eyniadlı təşkilatı ilə belə bir sənəd
imzalamaq üzərində iş aparılır.
Qeyd etmək
istəyirəm ki, son 10 il ərzində ölkəmiz Qafqaz bəbirinin
mühafizəsi istiqamətində xeyli iş
görmüşdür. Regionun faunasının ən nadir
növlərindən biri olan bu heyvan Azərbaycanın iki milli
parkında görünmüşdür. Halbuki uzun illər
onlar heç yerdə müşahidə edilməmişdir. Bu
gün bu nadir və nəsli tükənməkdə olan bir
heyvanın Azərbaycanda görünməsindən sonra bizim əsas
vəzifəmiz bu və digər nadir canlıların
müdafiəsini və təhlükəsiz
yaşayışını təmin etməkdir.
Biz
regionun, xüsusilə də Azərbaycanın ekoloji mühitinin
qorunmasına yönələn maarifləndirmə layihələrində
bir çox uğurlar qazanmışıq. Bizim "IDEA
Yaşıl Azərbaycan Naminə" təhsil və təlim
layihəsi ekoloji məsələlərdə maarifləndirməni
artırmış və nəzəri və praktiki biliyi
möhkəmləndirmişdir. Təlimatçılarımız
Azərbaycanın 20-dən artıq şəhərində səkkiz
min orta məktəb şagirdi arasında ətraf mühitə
dost münasibətlə bağlı təlimlər
keçmişdir. Fəxrlə deyə bilərəm ki,
kampaniyamızın təşəbbüsü ilə növbəti
tədris ilində ölkəmizin orta məktəblərində
ətraf mühitlə bağlı dərslər kurikuluma
salınmışdır.
Bizim fəaliyyətimiz
təkcə maarifləndirmə proqramları ilə məhdudlaşmır.
Bu yaz bizim Litva, Rusiya, Böyük Britaniya, İtaliya və
Qırğızıstandan olan tərəfdaşlarımız
ölkələrinin paytaxtlarındakı parklarda quş
yuvaları yerləşdirəcəklər. Bu layihə təbiətin
qorunması və müdafiəsi naminə olan birliyi bir daha
nümayiş etdirəcəkdir.
Əziz
dostlar, biz hamıya aydın olan bir faktı - insanın
hökmranlıq etdiyi bir planetdə
yaşadığımızı qəbul etməliyik. Əhalinin
sayının artması və təbii ehtiyatlardan istifadənin
artımı Yer kürəsini geriyə dönməz bir şəkildə
dəyişdirir. Kənd təsərrüfatı,
balıqçılıq, sənaye, turizm və beynəlxalq
ticarət vasitəsilə insanlar planetimizi təsəvvüredilməz
bir şəkildə dəyişdirmişlər.
Təbii
ehtiyatların dəyəri pul ilə ölçülə
bildiyi halda, təmiz havanın, təbii landşaftın və
pozulmamış ekoloji sistemin dəyəri heç bir pul
vahidi ilə ölçülə bilməz. Onlar dəyərsizdirlər.
Mən gələcəklə
bağlı ümidliyəm. Təbiət və onun mühafizəsi
ilə bağlı biliklərə yiyələnən
hazırkı nəsil gələcək nəsil
üçün yarana biləcək təhlükələrin
qarşısını almağa qadirdir.
Bu məsələdə
hamımız əlimizdən gələni əsirgəməməliyik.
Planetimizin təhlükəsizliyi, xoşbəxtliyi və gələcəyi
Olimpiadada nümayiş etdirilən layihələrin
icrasından asılıdır. Planetimizin bütün seqmentlərini
- təmiz hava, içməli su, təhlükəsiz qida məhsulları
və s. kimi subyektləri, bir sözlə,
övladlarımıza
ötürəcəyimiz dünyanı müdafiə etmək
üçün qüvvələrimizi birləşdirməliyik.
Bütün
iştirakçılara uğurlar arzu edirəm və
onların gərgin fəaliyyətlərini dəstəklədiyimi
bildirirəm.
Çox
sağ olun.
* * *
Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ)
prezidenti Rövnəq Abdullayev bildirmişdir ki, artıq VII dəfədir,
ölkəmizin paytaxtı "Ətraf Mühitin Mühafizəsi"
Beynəlxalq Layihə Olimpiadasına
ev sahibliyi edir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin
anadan olmasının 90 illik yubileyinə həsr olunmuş
builki olimpiada çərçivəsində müxtəlif
ölkələrdən yüzlərlə məktəbli bir
araya gələrək öz maraqlı layihələri ilə
son zamanlar bütün bəşəriyyəti narahat edən
və prioritet sahələrdən birinə çevrilən ətraf
mühitin qorunmasına töhfələrini verir.
Qeyd
olunmuşdur ki, son illər Azərbaycanda ətraf mühitin
qorunması sahəsində yaxşı nəticələr əldə
edilmişdir. Bu məsələ Azərbaycan Prezidenti İlham
Əliyevin diqqət mərkəzindədir. Dövlətimizin
başçısı tərəfindən 2010-cu ilin Azərbaycanda
"Ekologiya ili" elan olunması bunun bariz nümunəsidir.
ARDNŞ-in
ekologiya və ətraf mühitin qorunması sahəsində həyata
keçirdiyi tədbirlərdən bəhs edən R.Abdullayev
xatırlatmışdır ki, rəhbərlik etdiyi qurum bu sahədə
uğurlarına görə müxtəlif mükafatlara layiq
görülmüşdür.
R.Abdullayev
diqqətə çatdırmışdır ki, Azərbaycan
Prezidenti İlham Əliyevin "Qara qızılı insan
kapitalına çevirmək" təşəbbüsünə
birincilər sırasında qoşulan Dövlət Neft
Şirkəti tərəfindən müasir inkişafın tələblərinə
uyğun yeni nəslin formalaşdırılması, beynəlxalq
səviyyəli mütəxəssislərin yetişdirilməsi
istiqamətində davamlı tədbirlər həyata
keçirilir. Hər il azərbaycanlı məktəblilər
qurumun dəstəyi ilə dünyanın müxtəlif
ölkələrində keçirilən olimpiadalarda və
bilik yarışmalarında iştirak edir, yüksək nəticələr
qazanırlar. Ətraf mühitə diqqət və
qayğı, yaşından asılı olmayaraq hər bir
insanın həyat amalı olmalıdır.
Ekologiya və
təbii sərvətlər naziri Hüseynqulu Bağırov
müasir dünyada və Azərbaycanda mövcud ekoloji problemlərdən,
onların həlli istiqamətində reallaşdırılan tədbirlərdən
danışmışdır. Ətraf mühitin
qorunmasının vacibliyini vurğulayan nazir ümummilli lider,
dahi şəxsiyyət Heydər Əliyevin bu sahəyə
xüsusi önəm verdiyini xatırlatmışdır.
Ulu
öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev
tərəfindən uğurla həyata keçirildiyini qeyd edən
H.Bağırov Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və
ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın,
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın
ekologiya və ətraf mühitin qorunması məsələsinə
daim böyük əhəmiyyət verdiklərini
vurğulamışdır.
Beynəlxalq
Olimpiada barədə fikirlərini bildirən nazir gənclərdə,
məktəblilərdə ekoloji biliklərin inkişaf etdirilməsinin
vacibliyini söyləmişdir.
Təhsil
naziri Misir Mərdanov ulu öndər, müasir və müstəqil
dövlətimizin banisi və qurucusu Heydər Əliyev siyasətinin
əhəmiyyətindən danışmış, dahi rəhbərin
siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini bildirmişdir.
Nazir Azərbaycan
Prezidenti İlham Əliyevin ekologiya və ətraf mühitin
qorunmasına xüsusi önəm verdiyini diqqətə
çatdırmışdır.
"Ətraf
mühitin mühafizəsi" Beynəlxalq Layihə
Olimpiadasının hər il keçirildiyini qeyd edən nazir
olimpiadada iştirak edən ölkələrin və məktəblilərin
sayının ilbəil artdığını söyləmişdir.
O, qeyd etmişdir ki, bu il keçirilən olimpiadada
dünyanın 45 ölkəsindən 500-dək məktəbli
iştirak edir. Olimpiadaya Azərbaycan məktəbliləri 78
layihə təqdim etmişlər.
Nazir
olimpiadada azərbaycanlı şagirdlərin də uğur
qazanacaqlarına əminliyini vurğulamışdır.
M.Mərdanov
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanı
təltif olunduğu mükafat münasibətilə təbrik
etmişdir.
Nazir, eyni
zamanda, beynəlxalq tədbirin təşkilatçılarına
təşəkkürünü bildirmiş,
iştirakçılara uğurlar arzulamışdır.
Sonra Heydər
Əliyev adına İdman-Konsert Kompleksinin foyesində təşkil
edilmiş sərgi ilə tanışlıq olmuşdur.
Olimpiadaya
təqdim edilən layihələr münsiflər heyəti tərəfindən
qiymətləndiriləcək və qaliblər aprelin 6-da
keçiriləcək mərasimdə mükafatlandırılacaqlar.
AzərTAc
Azərbaycan.- 2013.- 6 aprel.- S. 7.