Narkomanlığa
və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə
Qarşı Mübarizə üzrə Dövlət
Komissiyası ötən ilin hesabatını
açıqladı
Aprelin 5-də Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Dövlət Komissiyası
"Narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının qanunsuz dövriyyəsi və
narkomanlığın yayılması ilə mübarizə
üzrə Proqram"ın (2007-2012-ci illər) icrası ilə
bağlı 2012-ci ilin yekunlarına həsr olunmuş
iclasını keçirib. İclasda aidiyyəti nazirlik, komitə
və təşkilatlar tərəfindən bu sahədə
görülən işlər müzakirə olunub.
Baş
nazirin müavini, komissiyanın sədri Əli Həsənov
iclası açaraq bildirib ki, hesabat dövrü ərzində
hüquq-mühafizə orqanları tərəfindən
narkomaniyaya qarşı mübarizədə 2590 fakt aşkar
edilib. Qanunsuz dövriyyədən ümumi çəkisi
1 ton 371 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr
götürülüb. Aşkar edilən cinayət
faktlarından 780-i satış, 1660-ı saxlama, 136-sı əkin,
14-ü isə digərləri olub. Qanunsuz dövriyyədən
çıxarılan narkotik vasitələrin 49,2 faizini həşiş,
27,4 faizini marixuana, 11,9 faizini tiryək, 7,8 faizini isə heroin təşkil
edib.
Əli
Həsənovun sözlərinə görə, narkotik vasitələrin
daha çox götürüldüyü şəhərlər
Bakı, Sumqayıt, Gəncə və cənub
zonasıdır: "Hesab edirəm ki, bu rəqəmlər hələ
reallığı əks etdirmir. Ona görə də bu
istiqamətdə aidiyyəti qurumlarla çox ciddi şəkildə
əməkdaşlıq etmək lazımdır ki, real vəziyyəti
ortaya çıxaraq. Nə qədər reallığı əks
etdirsək, bir o qədər də öz gələcəyimizə
xidmət etmiş olacağıq. Əks halda, ona qarşı
real mübarizə apara bilməyəcəyik. Beynəlxalq təşkilatlara
da müraciət etmişik ki, bu məsələdə bizə
kömək etsinlər".
Komissiya sədri narkotik vasitələrin marşrut xətlərinə də toxunaraq bildirib ki, ölkəmizin ərazilərinin işğalı ilə əlaqədar idxal olunan narkotik vasitələrin marşrutları Ermənistanın və digər qonşu ölkələrin nəzarətindədir. Bunlar bir neçə ölkəni birləşdirən beynəlxalq marşrutu əhatə edir. Əfqanıstan-İran-Azərbaycan, Əfqanıstan-Orta Asiya-Azərbaycan və Əfqanıstan-İran-işğal altında olan Azərbaycan əraziləridir. Sonuncu marşrut BMT-nin hesabatlarına daxil edilməyib. Lakin vəziyyət barədə quruma rəsmi məlumat göndərilib ki, bunu mütləq nəzərə alsınlar.
İclasda
2012-ci ildə götürülən narkotik vasitələrin
"qara bazar"da ümumi dəyəri 23 milyon 143 min ABŞ
dolları təşkil etdiyi qeyd olunub. Bununla
yanaşı, ötən il ölkə ərazisində əkilib-becərilən
və yabanı halda bitmiş 336 tondan artıq narkotik tərkibli
bitkilər məhv edilib. 2012-ci il ərzində narkotiklərlə
bağlı cinayət əməllərinə görə 2181
nəfər cinayət məsuliyyətinə cəlb olunub ki,
onların da 74 nəfəri xarici ölkə vətəndaşları
olub. Bunlardan 44-ü İran İslam Respublikası, 13-ü
Gürcüstan, 9-u Rusiya Federasiyası, 7-si Əfqanıstan,
1-i isə Slovakiya Respublikasının vətəndaşıdır.
Komissiya
tərəfindən ötən ilin yanvar, iyun və dekabr
aylarında Bakı Neft Mədən
və Maşınqayırma Zavodunun inzibati ərazisində məhkəmə
hökmləri üzrə 1 ton 452 kiloqramdan artıq müxtəlif
növ narkotik vasitələr kütləvi informasiya vasitələrinin
nümayəndələrinin iştirakı ilə yandırma
üsulu ilə məhv edilib. 2007-2012-ci illər ərzində
isə hüquq-mühafizə orqanları tərəfindən
qanunsuz dövriyyədən çıxarılmış 8 ton
300 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr,
o cümlədən "Xaş-xaş" şərti
adı altında həyata keçirilən kompleks tədbirlər
nəticəsində qəsdən əkilib-becərilən və
yabanı halda bitmiş 1857 tondan artıq narkotik tərkibli
bitkilər yaşıl kütlə halında məhv edilib.
Tədbirdə
qeyd olunub ki, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin
31.12.2012-ci il tarixə olan məlumatına əsasən 27910 nəfər
narkoman qeydiyyata alınıb. Onlardan 21999 nəfəri
dispanser, 5911 nəfəri profilaktik qeydiyyatda olan, 567 nəfəri
isə anonim müalicə alanlardır. Səhiyyə Nazirliyi
QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına
əsasən, 2012-ci ilin sonunadək respublika QİÇS-lə
Mübarizə Mərkəzində IIV-infeksiyası təsdiq
olunmuş 3784 nəfər rəsmi qeydiyyata
götürülmüşdür. IIV-ə yoluxmuş
insanların 3025-i (79,9 faiz) kişi, 759-u (20,1 faiz)
qadındır.
Komissiyanın
işçi qrupunun rəhbəri Məzahir Əliyev isə
çıxışında xatırladıb ki, ötən il
ərzində Təhsil Nazirliyi, Gənclər və İdman
Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi və digər aidiyyəti qurumlar ilə
birlikdə respublikanın orta ixtisas müəssisələrində
narkomanlığın insan orqanizminə mənfi təsiri barədə
inşa yazıları, rəsm müsabiqələri təşkil
edilmiş, fərqlənən şagirdlərə diplomlar
paylanmışdır. Maarifləndirmə işlərinin
davamı kimi bir sıra şəhər və rayonlarda aidiyyəti
qurumların nümayəndələri ilə birlikdə tədbirlər
keçirilərək "Narkomanlıq bəşəriyyətin
faciəsidir", "Narkotiklərə yox deyək" və
s. mövzularda iştirakçılara ətraflı məlumat
verilmişdir. Eyni zamanda, Qlobal Fondun maliyyə və
YUNİSEF-in texniki dəstəyi ilə ümumtəhsil məktəblərinin
I-XI siniflərində fakültativ məşğələlər
üçün nəzərdə tutulmuş saatlar
hesabına həftədə 1 saat olmaqla, "Həyati
bacarıqlara əsaslanan təhsil" adlı fakültativ
kurs tədris olunmuş, kursun dərs vəsaitinə
narkomaniyanın zərəri, sağlam həyat tərzi, zərərli
vərdişlər və s. barədə mövzular daxil
edilmişdir.
İclasda
bəzi nazirlik, komitə və QHT rəhbərlərinin fikirləri
dinlənildikdən sonra baş nazirin müavini Əli Həsənov
sözügedən məsələnin bəşəri problem
olduğunu bildirib və buna qarşı mübarizədə hər
kəsi birliyə və məsuliyyətli olmağa
çağırıb. Bildirib ki, ölkədə
narkomanların faktiki sayı daha böyükdür.
Çünki əksəriyyəti
bunu gizlədir və həkimə müraciət etmirlər.
Komissiya sədri onu da əlavə edib ki, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə ölkədə tam hüquqi baza yaradılıb: "Bu istiqamətdə 25 qanun qəbul edilib, 33 Prezident sərəncamı və fərmanı imzalanıb. Nazirlər Kabineti 20 qərar verib. İki dövlət proqramının icrası başa çatdırılıb, 3-cü dövlət proqramı isə hazırlanıb dövlət başçısına təqdim olunub. Yəqin ki, yaxın günlərdə o da təsdiqini tapacaq. Bu porqram 2013-2018-ci illəri əhatə edəcək. Bu sahədə BMT-nin üç konvensiyasına qoşulmuşuq.
Elgün MƏNSİMOV
Azərbaycan.- 2013.- 6 aprel.- S. 7.