Bakıda
yaşayan 57 min məcburi köçkün ailəsinin
köçürülməsinə
başlanılmışdır
"Bakıda yaşayan 57 min məcburi
köçkün ailəsinin köçürülməsinə
başlanılmışdır". Bu sözləri Baş
nazirin müavini, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənov aprelin
5-də jurnalistlərə açıqlamasında demişdir.
Əli
Həsənov bildirmişdir ki, ötən il Azərbaycanda məcburi
köçkünlər üçün 4 min yeni mənzil
tikilmiş və 20 minə yaxın məcburi
köçkün yeni mənzillərə
köçürülmüşdür.
Komitə
sədri qeyd etmişdir ki, məcburi köçkün ailələri
üçün
Müşfiqabadda 1440, Masazırda isə 760 mənzildən
ibarət qəsəbələrin açılışı
olmuşdur. Bu il də məcburi köçkünlər
üçün 4 minə qədər mənzilin tikilməsi
nəzərdə tutulur.
Əli Həsənov sözünə
davam edərək demişdir: "Gəncə, Bərdə,
İmişli, Balakən, Qəbələ və
İsmayıllı rayonlarında məcburi
köçkünlər üçün binalar tikiləcəkdir.
Həmçinin Lökbatandakı Ümid qəsəbəsi
də yenilənəcəkdir. Beləliklə, bu il 20 minə
yaxın məcburi köçkün yeni mənzillərə
köçürüləcəkdir".
Əli Həsənov vurğulamışdır ki, 9-cu mikrorayonda yarımçıq tikililərdə məskunlaşan məcburi köçkünlərin köçürülməsinə də başlanılacaqdır. Bu obyektlərin köçürülməsi üçün 14 milyon manat əlavə vəsait ayrılmışdır. Bu vəsait hesabına Müşfiqabadda 3 yeni hündürmərtəbəli bina tikiləcək və həmin yarımçıq binada məskunlaşanlar tam şəkildə bu qəsəbəyə köçürüləcəklər. Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanalarında yaşayan məcburi köçkünlər isə Masazır qəsəbəsində tikilmiş evlərdə yaşayacaqlar.
AzərTAc
Azərbaycan.- 2013.- 6 aprel.- S. 7.