Avropa İttifaqı Azərbaycanda turizmlə bağlı Tvinninq layihəsi həyata keçirir

 

Bakıda işə başlayan "AİTF-2013" 12-ci Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi çərçivəsində "Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin imkanlarının gücləndirilməsi" adlı Tvinninq layihəsinin təqdimatı keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər ölkəmizin turizm sahəsində qazandığı uğurlardan söz açmışdır.

Bildirmişdir ki, Avropa İttifaqı tərəfindən yeni innovasiya sistemlərinin yaradılması və idarəetmənin güclənməsi istiqamətində layihənin maliyyələşdirilməsi turizmin inkişafı baxımından böyük nəticədir. Buna görə Avropa İttifaqına öz təşəkkürümüzü bildiririk. Avstriya və Litvanı öz etibarlı tərəfdaşımız kimi görürük.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Roland Kobia bildirmişdir ki, bu layihə çox məhsuldar olacaqdır. Layihənin əsas məqsədi Azərbaycan iqtisadiyyatının diversifikasiya prosesində ölkənin turizm sektorunun göstəricilərini yaxşılaşdırmaqdır. Azərbaycanda bu layihənin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki biz bu ölkənin turizm imkanlarından xəbərdarıq. İndiyədək 20 ölkədə Tvinninq layihəsini reallaşdırmışıq, bütün nəticələr də yüksək olmuşdur. İnanırıq ki, bu layihə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlığı daha da gücləndirəcəkdir.

Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiç ölkəsinin turizm sahəsində çox böyük təcrübəsinin olduğunu və bunu Azərbaycan tərəfi ilə bölüşməyə hazır olduqlarını söyləmişdir. Bildirmişdir ki, Azərbaycanın gözəl hotelləri, dadlı mətbəxi, rəngarəng təbiəti, qonaqpərvər xalqı vardır. Turizmin inkişafı üçün bundan əlverişli şərait ola bilməz.

Litvanın Azərbaycandakı səfiri Arturas Jurauskas layihənin Azərbaycanda turizm sektorunun inkişafına öz töhfəsini verəcəyini bildirmişdir. Onun qənaətinə görə, bu layihə, həmçinin qanunvericilik bazasının təkmilləşdirilməsinə və  turizm şöbəsinin fəaliyyətinin gücləndirilməsinə yardım edəcəkdir.

Tədbirdə diqqətə çatdırılmışdır ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ümumi dəyəri 900 min avro təşkil edən layihə 4 komponentdən ibarətdir. Layihə 15 ay müddətində icra olunacaqdır. Bu müddət ərzində AvstriyaLitvadan olan mütəxəssislər Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsi ilə əməkdaşlıq edəcəklər. Həmçinin turizm şöbəsinin əməkdaşları üçün AvstriyaLitvaya təcrübə və müqayisə məqsədli səfərlər təşkil olunacaqdır.

Layihənin sonunda Azərbaycanda yerləşən bir turizm zonası seçiləcək və bu zonanın biznes və investisiya potensialını gücləndirmək üçün layihə üzvləri tərəfindən ətraflı təhlil aparılacaqdır.

 

 

Azərbaycan.- 2013.- 6 aprel.- S. 8.