Bakıda Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının növbəti
iclası keçirilmişdir
Aprelin 5-də Bakıda Avropa Olimpiya Komitəsinin
(AOK) Olimpiya Oyunları Komissiyasının
növbəti iclası keçirilmişdir.
AzərTAc
xəbər verir ki, hər il mütəmadi olaraq
görüşən AOK-un Olimpiya Oyunları
Komissiyasının üzvləri müxtəlif Olimpiya
Oyunları haqqında hesabatları müzakirə etməklə
yanaşı, Avropa ölkələrinin Milli Olimpiya komitələrinə
fərqli istiqamətlərdə tövsiyələrlə
çıxış edirlər.
Olimpiya
Oyunları Komissiyasının Bakı
yığıncağının əsas müzakirə
mövzusu ötən il London şəhərində
keçirilmiş XXX Yay Olimpiya Oyunları haqqında
Komissiyanın işçi heyətinin aparmış olduğu
tədqiqat, Avropanın Milli Olimpiya komitələrinin London
2012-də qazanmış olduqları nailiyyətlər və
qarşıda duran vəzifələr olmuşdur.
London
Yay Olimpiya Oyunlarının təşkilatçılığının
keçirilmə səviyyəsi müzakirə olunduqdan sonra
komissiya üzvləri Avropa Olimpiya Komitəsinin ümumi nailiyyətləri
ilə dünya göstəriciləri arasında müqayisəli
təhlil aparmışlar.
Günün
ikinci yarısı isə 2015-ci ildə Bakıda keçiriləcək
birinci Avropa Oyunlarının təşkili
ilə əlaqədar olaraq, Olimpiya Komissiyası üzvləri
Oyunların keçirilməsi üçün nəzərdə
tutulmuş idman obyektlərinə səfər etmişlər.
Qeyd
etmək lazımdır ki, 2012-ci ilin dekabrında Avropa Olimpiya
Komitəsinin Romada keçirilən iclasında 2015-ci il Birinci
Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında
qərar qəbul edilmişdir.
Qeyd
edək ki, Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları
Komissiyasının tərkibi Azərbaycanla yanaşı,
Böyük Britaniya, Danimarka, Finlandiya, İspaniya, İsrail,
İsveç, Türkiyə və s. ölkələrin Milli
Olimpiya komitələrini təmsil edən yüksək vəzifəli
şəxslərdən ibarətdir. Azərbaycan
Respublikasını Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları
Komissiyasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Çingiz Hüseynzadə təmsil edir.
Azərbaycan.- 2013.- 6 aprel.- S. 8.