AMEA-nın Tarix İnstitutu ilə
Türkiyə Başbakanlıq Atatürk Kültür Dil və Tarix Yüksək Qurumu Atatürk Araşdırma Mərkəzi
arasında birgə əməkdaşlıq protokolu
imzalanmışdır
Aprelin 5-də Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunda Türkiyə Başbakanlıq Atatürk Kültür Dil və Tarix Yüksək Qurumu Atatürk Araşdırma Mərkəzinin əməkdaşları ilə görüş olmuşdur.
AzərTAc
xəbər verir ki, görüşdə institutun direktoru,
Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü
Yaqub Mahmudov imzalanacaq müqavilə haqqında məlumat
vermişdir. Bildirmişdir ki, müqavilənin məqsədi
birgə ümumtürk tarixinin araşdırılması,
ortaq türk tarixinin yaradılması və yazılmasına
nail olmaqdır. Bunun üçün Azərbaycan alimləri dəfələrlə
Türkiyədə olmuş və türk tarixçiləri
ilə Bakıda görüşlər keçirilmişdir və
sonda birgə ortaq türk
tarixinin yaradılması üçün razılıq əldə
olunmuşdur. Əsas məqsədimiz dünyada bir türk
xalqı, türk dövlətləri olaraq öz
haqqımızı özümüzə qaytarmaqdır.
Bildiyiniz kimi, müxtəlif dövrlərdə türklərin
tarixi haqları tapdalanmış, onların tarixi təhrif
olunmuş, türk xalqlarının mədəniyyətləri
mənimsənilmişdir. Həmçinin əlifbalarımız
əlimizdən çıxmış və tariximiz dünyaya
düzgün təqdim olunmamışdır. Bunun
üçün qardaş ölkənin alimləri ilə belə
qərara gəldik ki, həm Türkiyənin, həm də Azərbaycanın
görkəmli dövlət xadimlərinə eyni mövqedən
yanaşaq. İnanıram ki, yaratdığımız ortaq
türk tarixi gələcək nəsillərə dəyərli
töhfə olacaqdır. Müqavilə əsasında
soyqırımı tarixləri birlikdə
araşdırılacaq, bu sahədə ayrı-ayrı problemlər
birlikdə işləniləcək, birgə konfranslar təşkil
ediləcək, alimlərimizin, doktorantlarımızın, tələbə
və magistrlərin mübadiləsi aparılacaq,
ümumtürk tarixinin yazılması üçün
türk dünyasının görkəmli dövlət xadimlərinə,
məşhur tarixi abidələrimizə aid kitablar nəşr
olunacaqdır. Güman edirəm ki, gələcəkdə bu
işdə bizə Mərkəzi Asiyanın türk dövlətləri
və xalqları da qoşulacaqlar.
Türkiyə
Başbakanlıq Atatürk Kültür Dil və Tarix Yüksək
Qurumu Atatürk Araşdırma Mərkəzinin sədri
professor Mehmet Ali Beyhan ortaq
türk tarixinin yazılması istiqamətində imzalanacaq
müqavilənin əhəmiyyətini
vurğulamışdır.
Sonra
Tarix İnstitutu ilə Atatürk Araşdırma Mərkəzi
arasında elmi, mədəni və digər müxtəlif
istiqamətli əlaqələri əhatə edən birgə əməkdaşlıq
protokolu imzalanmışdır. Sənədi Tarix
İnstitutunun direktoru Yaqub Mahmudov və Atatürk
Araşdırma Mərkəzinin sədri Mehmet Ali Beyhan
imzalamışlar.
Azərbaycan.- 2013.- 6 aprel.- S. 8.