Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyətinin növbəti iclası keçirilmişdir

 

Cari ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətinin iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Akif Əlizadə 2013-cü ilin Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) ili elan edilməsini Prezident İlham Əliyevin İKT sektorunun inkişafına göstərdiyi xüsusi qayğının bariz nümunəsi kimi qiymətləndirmişdir. Qeyd olunmuşdur ki, Prezidentin müvafiq sərəncamından irəli gələn məsələlərin həllində alimlərimizin öhdəsinə mühüm vəzifələr düşür. Azərbaycanda İKT sektorunda yüksək nailiyyətlər əldə olunmuşdur. Respublikamız regionda liderliyini qoruyub saxlayır, ölkəmizdə informasiya cəmiyyətinin formalaşmasına elmi dəstək verilir.

Akademik AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə əməkdaşlığının perspektivlərini yüksək qiymətləndirmişdir.

Sonra İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev "İnformasiya cəmiyyətinin formalaşmasının multidistiplinar elmi-nəzəri problemləri və onların ölkəmizdə araşdırılması vəziyyəti haqqında" elmi məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, qlobal informasiya cəmiyyətinin lokomotivi olan internet dünya əhalisinin 35 faizini əhatə edir. Son 10 ildə ölkəmizdə İKT sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur. Azərbaycanın süni peykinin Yerətrafı orbitə çıxarılması ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinin dinamik inkişafına bariz nümunədir.

Dövlət başçısı tərəfindən təsdiqlənən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf konsepsiyasında qeyri-neft sektorunun inkişafının əsasını məhz İKT onun hərəkətverici təsiri altında biliklər iqtisadiyyatının formalaşması təşkil edəcəkdir.

Məruzə ilə bağlı müzakirələrdə akademiklər Arif Həşimov, Əhliman Əmiraslanov, Telman Əliyev, Akif Hacıyev digərləri çıxış etmişlər. İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyətini yüksək qiymətləndirən alimlər 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nda qeyd edilmiş məsələlərə elmi dəstək verilməsinin zəruriliyini vurğulamışlar.

Tədbirdə həmçinin bir sıra elmi-təşkilati kadr məsələlərinə baxılmışdır.

Sonda AMEA-nın rəyasət heyəti tərəfindən informasiya cəmiyyətinin formalaşmasının müxtəlif məsələlərinə həsr olunmuş araşdırmaların səmərəliliyinin artırılmasına dair qərar qəbul olunmuşdur.

 

 

Azərbaycan.- 2013.- 6 aprel.- S. 8.