Azərbaycanın sənaye və energetika naziri CEIBC-yə üzv şirkətlərlə görüşmüşdür

 

Aprelin 5-də "Avropa" hotelində sənaye və energetika naziri Natiq Əliyevin Xəzər-Avropa inteqrasiya işgüzar klubuna (CEIBC) üzv şirkətlərlə görüşü olmuşdur.

AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə CEIBC-nin keçmiş prezidenti və baş icraçı direktoru Telman Əliyev açaraq klubdakı struktur dəyişiklikləri barədə iştirakçılara məlumat vermişdir. O, İtaliya, Moldova və Bolqarıstanın Azərbaycandakı səfirlərini salamlayaraq qonağa söz vermişdir.

Natiq Əliyev CEIBC-nin təşəbbüsünü yüksək qiymətləndirərək bildirmişdir ki, belə görüşlər biznesmenlərlə dövlət strukturları arasında dialoqun yaranmasına, fikir mübadiləsinə, ölkənin iqtisadi inkişaf perspektivləri barədə təkliflərin, qlobal məsələlərin həllinin və onların Azərbaycana təsirinin aşkara çıxarılmasının müzakirəsinə kömək göstərir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından kənarda qeyd edilən 90 illiyi ərəfəsində belə görüş çox mühüm tədbirdir.

2013-cü il həm də ona görə çox əlamətdardır ki, İlham Əliyevin  Prezident seçilməsinin 10 ili tamam olur. Bu, çox mühüm hadisədir. Belə ki, İlham Əliyev 10 ildir ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xətti həyata keçirərək ölkəni müvəffəqiyyətlə idarə edir və onun rəhbərliyi altında Azərbaycan dinamik inkişaf edir.

Bu il həmçinin prezident seçkiləri keçiriləcəkdir ki, bu da xalqımız üçün çox vacib hadisədir.

Natiq Əliyev bildirmişdir ki, bugünkü görüşün mövzusu Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən, parlaq və çoxillik tarixə malik olan energetikadır.

N.Əliyev qeyd etmişdir ki, Heydər Əliyevin neft strategiyası Azərbaycanı regionda lider ölkəyə çevirmiş, onun geosiyasi və geoiqtisadi mövqelərinin möhkəmlənməsi, dünya iqtisadiyyatına fəal inteqrasiyası üçün geniş imkanlar açmışdır. Azərbaycanın ötən 20 il ərzində formalaşmış energetika siyasəti ölkəmizi dünyanın siyasi-iqtisadi meydanında etibarlı tərəfdaşa və sabit enerji istehsalçısına çevirmişdir. Azərbaycanın dərin böhran keçirdiyi 1993-cü il ilə müqayisədə bu gün - 20 il keçdikdən sonra belə bir fakt aşkar olur ki, ölkəmiz tamamilə başqa bir iqtisadiyyata malikdir və öz iqtisadi göstəricilərinə görə bir çox ölkələri ötüb keçir. Hazırda Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində ulu öndər Heydər Əliyevin iqtisadi siyasət xətti davam etdirilir ki, bu da öz müsbət nəticələrini verir.

Sənaye sektorundan danışan nazir demişdir ki, 2012-ci ildə Azərbaycanda 33,9 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur. 2012-ci ildə Azərbaycanda həmçinin neft hasilatının həcmi 43,3 milyon ton təşkil etmişdir ki, bunun da 8,3 milyon tonunun daşınması ARDNŞ-in, qalan 35 milyon tonu xarici şirkətlərin payına düşür. Həmin il qaz hasilatı 26,9 milyard kubmetr olmuşdur ki, bunun da 6,8 milyard kubmetrinin daşınması ARDNŞ-in payına düşür.

Nazir həmçinin qeyd etmişdir ki, bu gün dövlətimizin inkişafı yataqlarda kəşfiyyat işlərini maliyyələşdirməyə imkan verir. 2012-ci ildə yeni "Ümid" və "Abşeron" yataqları istismara verilmişdir, "Asiman-Şəfəq" yatağında kəşfiyyat işləri davam etdirilir. Tədqiqat və kəşfiyyat işləri aparmaq üçün BP, Statoil və s. kimi xarici şirkətlərdən yeni təkliflər daxil olur.

N.Əliyev 2003-cü ildə Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş proqram üzrə enerji təchizatının yeni istiqamətlərinin inkişafından bəhs edərək bildirmişdir ki, Azərbaycanda elektrik stansiyalarının yeni müasir modulları quraşdırılır. 2020-ci ilin sonunadək alternativ və bərpa olunan enerji mənbələrinə dair dövlət strategiyasına uyğun olaraq 2021-ci ilədək bu sahədə 2 min meqavatlıq generasiya qurğuları yaratmaq və bununla da elektrik enerjisi istehsalının ümumi həcmində alternativ enerjinin xüsusi çəkisini 20 faizə çatdırmaq planlaşdırılır.

Nazir həmçinin bir sıra beynəlxalq layihələrin əhəmiyyətindən danışmışdır.

Görüşün sonunda Telman Əliyev nazir Natiq Əliyevə və İtaliyanın səfiri Mario Baldiyə CEIBC-nin sertifikatlarını təqdim etmişdir.

 

 

Azərbaycan.- 2013.- 6 aprel.- S. 8.