Dövlət sərhədinin etibarlı mühafizəsi uğurla davam etdirilir

 

Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirləri, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizəni mart ayında da uğurla davam etdirmişdir.

DSX-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, mart ayı ərzində dövlət sərhədini pozan 48 nəfər saxlanılmışdır ki, onların da 23 nəfəri Azərbaycan Respublikası, 8 nəfəri İran İslam Respublikası, 8 nəfəri Özbəkistan, 3 nəfəri Gürcüstan, 2 nəfəri Moldova, hər ölkədən 1 nəfər olmaqla Tacikistan, Qırğızıstan, Qazaxıstan və Şri-Lanka vətəndaşları olmuşdur. Rejim qaydalarını pozarkən yaşıl sərhəddə 14 nəfər, Xəzər dənizində 50 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülmüşdür.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 208 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 36 kiloqram 289 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 1 milyon 144 min manat olan qaçaqmal, o cümlədən ümumi çəkisi 643 qram olan 227 ədəd qızıl boyunbağı, 1060 manat, 3700 ABŞ dolları, 130 min İran rialı, müxtəlif markalı 102 mobil telefon, pnevmatik tüfəng, 4 ədəd pnevmatik tapança, qaz tapançası, 50 ədəd 16 millimetrlik patron, 400 qram barıt, 268 ədəd piston, 2 kq qırma, 25 ədəd giliz, 34 baş iribuynuzlu heyvan, 87 ədəd ətir, 5700 metr balıq tutmaq üçün tor, biri rezin olmaqla 14 qayıq, 5 ədəd rezin kamer, 1 qayıq mühərriki, müxtəlif növ dərman preparatları, spirtli içki və siqaretlər, sənaye və kənd təsərrüfatı malları saxlanılmışdır.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili üzrə tədbirlər davam etdirilir.

 

 

Azərbaycan.- 2013.- 6 aprel.- S. 8.