Tibbi sosial ekspertiza işinin təkmilləşdirilməsi
ilə bağlı müşavirə keçirilmişdir
Aprelin 5-də Respublika Tibbi Sosial Ekspertiza Mərkəzində
əhaliyə göstərilən tibbi-sosial
ekspertiza xidmətinin təşkili və əlillərin
reabilitasiyası sahəsində mövcud
vəziyyətin və qarşıda duran
vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilmişdir.
Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə
əlaqələr şöbəsindən AzərTAc-a
bildirmişlər ki, müşavirədə əmək və
əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov
və respublika üzrə Tibbi Sosial Ekspertiza
komissiyalarının sədrləri iştirak etmişlər.
Tədbirdə
vətəndaşlara göstərilən tibbi-sosial ekspertiza
xidmətinin təkmilləşdirilməsi, eyni zamanda,
tibbi-sosial ekspert komissiyalarının (TSEK) reabilitasiya göstəricilərinin
daha da yüksəlməsi istiqamətində səylərini
artırmalarının vacib olduğu bildirilmişdir.
Vurğulanmışdır
ki, respublikada ilkin əlilliyin profilaktikasının gücləndirilməsi,
əlilliyə görə göndərişlərin TSEK-ə
səhiyyə müəssisələri tərəfindən təqdim
edilməsi, əhaliyə göstərilən tibbi-sosial
ekspertiza xidmətinin sadələşdirilməsi və səhiyyə
müəssisələri tərəfindən TSEK-ə əsassız
göndəriş hallarının azaldılması
üçün Səhiyyə Nazirliyinə məktub göndərilmiş
və bu istiqamətdə işin təşkilinə başlanılmışdır.
Tədbirdə
əlilliyi doğuran faktorların öyrənilməsi, əlilliyin
müəyyən edilməsi və ilkin əlilliyin
profilaktikası, vətəndaşlara xəstəliyinə
görə əmək zəmanətinin verilməsi, hər
bir əlilə fərdi reabilitasiya proqramının tərtib
edilməsi və digər məsələlər müzakirə
edilmişdir.
Qeyd
edilmişdir ki, cari ilin mart ayında tibbi-sosial ekspertiza ilə
bağlı 200 nəfərdən çox şəxs nazirlikdə
qəbul edilmiş, onlara lazımi izahat verilmiş,
qanunvericilik daxilində köməklik göstərilmişdir.
Azərbaycan.- 2013.- 6 aprel.- S. 9.