Dövlətin maliyyə dəstəyi sahibkarlara işlərini daha səmərəli qurmağa imkan verir

 

Sahibkarlığın inkişafı, əslində çox böyük islahatlar deməkdir və Azərbaycanda uğurla aparılır. Məhz bunun nəticəsidir ki, ölkədə dövlətin maliyyə dəstəyi ilə indiyədək yüzlərlə müxtəlif  təyinatlı yeni müəssisələr açılmışdır. Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyi hesabına təkcə ötən il 2419 sahibkarlıq subyektinə 218 milyon manat güzəştli kredit verilmişdir ki, onun da 83 faizi regionların payına düşmüşdür.

Ümumiyyətlə, ötən il fond tərəfindən maliyyələşdirilmiş 94 istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə başlamışdır. Bunun 84-ü aqrar sənaye kompleksi, o cümlədən 15-i quşçuluq, 7-si heyvandarlıq, 4-ü ət emalı, 9-u istixana, 11-i kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı kompleksi, 11-i çörək zavodu, 7-si üzümçülük, 2-si taxılçılıq, 5-i meyvə-tərəvəz emalı müəssisəsi, 10-u isə digər sənaye sahələridir. Hazırda güzəştli kreditlər hesabına ölkədə 13 quşçuluq fabriki, 3 heyvandarlıq kompleksi, 12 soyuducu və taxıl anbarı, 8 istixana kompleksi, 3 ət emalı, 2 konserv və 7 çörək zavodu tikilır.

Bunlardan əlavə, Azərbaycan İnvestisiya Şirkətinin dəstəyi ilə ötən il Hövsanda süd emalı zavodu, Ağstafada aqroservis müəssisəsi və yeni sement zavodu fəaliyyətə başlamışdır. "Aqrolizinq"in xətti ilə kənd təsərrüfatı texnikası, avadanlıqlar və damazlıq heyvanlar gətirilərək güzəştli şərtlərlə fermerlərə verilmişdir. İl ərzində rayonlarda aqroservis filialları tikilmiş, ölkəyə müxtəlif təyinatlı 1785 kənd təsərrüfatı texnikası və avadanlıq gətirilmişdir.

Dövlət dəstəyi sahibkarlara işlərini daha səmərəli şəkildə qurmaq üçün əlavə imkanlar yaradır. Azərbaycanın sürətli iqtisadi inkişafında kənd təsərrüfatının, onun əsas hərəkətverici qüvvəsi olan özəl sektorun, kiçik və orta sahibkarlığın rolu daha da artır. Odur ki, ötən illərdə olduğu kimi, cari ildə də sahibkarlara dövlət dəstəyi davam etdir. Qeyd edək ki, bu dəstək, konkret desək, güzəştli kreditlər hesabına reallaşan layihələr, həm də yeni iş yerlərinin yaradılması deməkdir. Ümumiyyətlə, regionlarda fəaliyyət göstərən sahibkarlara və iş adamlarına yüz min manatlarla güzəştli kreditlər verilir. Bu kreditlər hesabına yalnız Şəmkirdə rayonun iqtisadi potensialına uygun olaraq, meyvə-tərəvəz və üzüm emalı müəssisələrinin, soyuducu  anbar kompleksinin, kiçik və ya orta həcmli  istixanaların, həmçinin kiçik və orta həcmli üzümçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələri həyata keçirilib. Yeri gəlmişkən qeyd edək ki, son dövrdə SKMF tərəfindən Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 2700-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 95,8 milyon, o cümlədən müasir texnologiyaların tətbiqinə əsaslanan 29 layihənin maliyyələşdirilməsinə 44,9 milyon manat  güzəştli kreditlər verilib. Bunun nəticəsində təxminən 18 min nəfər yeni iş yerı ilə təmin olunub.

İqtisadi İnkişaf Nazirliyi müntəzəm olaraq yerlərdə sahibkarlığın inkişafı ilə bağlı müxtəlif tədbirlər keçirir. Tədbirlərdə yerli icra orqanlarının nümayəndələri ilə bərabər, sahibkarlar da iştirak edirlər. Həmin tədbirlər çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə rayonlarda fəaliyyət göstərən  sahibkarlara güzəştli kreditlər verilir, mövcud problemlər müzakirə olunur, konkret tədbirlərin görülməsi üçün fikir mübadiləsi aparılır.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş  konfransda dövlət başçısı İlham Əliyev  sahibkarların fəaliyyətinə əngəl törədən  mənfi meyilləri kəskin tənqid etmişdir: "Biz sahibkarlara subsidiyaları veririk, amma əfsuslar olsun ki, bəzi hallarda bu sahədə şəffaflığa nail ola bilmirik. Subsidiyalar ya ünvana çatmır, ya kimsə onları mənimsəyir, özünə götürür. Bəzi hallarda, ümumiyyətlə, istehsal olunan məhsulun həcmi, torpaq sahələri artırılır ki, subsidiyalar daha çox götürülsün".

Göründüyü kimi, dövlət başçısı sahibkarlığın inkişafı üçün bütün tədbirləri görür. Bu inkişafa hərtərəfli dəstək verən Prezident sözügedən konfransda bir daha vurğulamışdır ki, ölkəmizin gələcəyi həm də sahibkarlığın inkişafından asılıdır: "Mən daim sahibkarlarla görüşürəm, həm Bakıda, həm bölgələrdə açdığım müəssisələrin sayı bəlkə də indi yüzlərlə, minlərlə ölçülür. Ancaq hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara köməklik göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onları incitməməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Sahibkarları incidən şəxslər cəzalandırılacaqlar.  Onlara yalnız köməklik göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər".

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2013.- 6 aprel.- S. 9.