Azərbaycan nümayəndələri Dünya Avianəqliyyat Konfransında iştirak etmişlər

 

Kanadanın Monreal şəhərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) təşkilatçılığı ilə 6-cı Dünya Avianəqliyyat Konfransı keçirilmişdir.

Konfransın əsas məqsədi bazara çıxış, aviaşirkətlərin mülkiyyət formaları və onların milli mənsubiyyətinə nəzarət, istehlakçıların hüquqlarının qorunması və mülki aviasiya müəssisələrindən alınan vergilərin unifikasiyası kimi sahələrdə qlobal tənzimləmə sisteminin formalaşdırılması ilə bağlı təlimatçı sənədlərin və fəaliyyət planının hazırlanması olmuşdur.

"Hava nəqliyyatının davamlı inkişafı" mövzusunda keçirilən tədbirdə ölkəmizi DMAA-nın direktoru Fuad Quliyev və xarici əlaqələr şöbəsinin müdiri Eldar Bağırzadə təmsil etmişlər.

Konfransda avianəqliyyat sahəsinin inkişafı məsələləri müzakirə edilmiş, ICAO-nun aviasiya sistemində uçuşların təhlükəsizliyi və ətraf mühitin qorunması sahəsində fəaliyyəti ilə bağlı məruzələr dinlənilmişdir.

 

 

Azərbaycan.- 2013.- 6 aprel.- S. 9.