İctimai nəqliyyatda da kart sistemi tətbiq olunacaq

 

Yaxın günlərdə Bakıda ictimai nəqliyyatda vahid kartla ödəmə sisteminin avadanlıqlarının quraşdırılmasına başlanılacaq.

Nəqliyyat nazirinin müavini Musa Pənahovun sözlərinə görə, vahid kartla ödəmə sisteminin tətbiqi istiqamətində işlərin əsas hissəsi başa çatıb. O həmçinin qeyd edib ki, bu istiqamətdə ödəmə sistemləri və bank mərkəzləri ilə əlaqə qurulacaq, ödəmə kartlarının yayılması, həm sürücülər, həm də sərnişinlər arasında maarifləndirmə işlərinə başlanılacaq. Kartla ödəmə sisteminin əvvəl paytaxtın mərkəzində, daha sonra isə şəhərətrafında və qəsəbələrdə fəaliyyət göstərən avtobuslarda tətbiq olunacağını deyən M.Pənahov bildirib ki, bu avtobus sürücülərinin maaş sisteminə keçməsinə də imkan verəcək.

Sistemin tətbiqinə may ayından etibarən mərhələli şəkildə başlanılacağını qeyd edən nazir müavini Bakıda avtobusların kartla ödəmə sisteminə keçid prosesinin ilin sonuna kimi yekunlaşacağının nəzərdə tutulduğunu söyləyib.

 

 

Azərbaycan.- 2013.- 6 aprel.- S. 9.