Yaddaşımızı yaşadanlar...

 

Yaddaşlarda özü belə qalıb - saçları ağarmış uzun, arıq bir qoca...

Yaddaşlarda bir də sözü qalıb: "Kimdən, nədən danışım, oğlum?.."

İndi özü yoxdur. Sözləri isə yaşayır. Söhbət 1899-cu il təvəllüdlü Xeyrulla Əbil oğlu Abıyevdən gedir.

1918-ci ildə Azərbaycanın ilk milli ordusu yarananda ölkəmizin hər yerindən gələn gənclər onun sıralarında şərəfli bir döyüş yolu keçərək azadlıq üçün çarpışdılar, böyük bir hürriyyət xoşbəxtliyi yaşadılar.

Hərbi rütbəsi feldfebel olan Xeyrulla kişi bir vaxtlar  Sabirabad rayonunun Qaralar kəndində yaşayırdı. O, 1918-ci ildə milli orduda hərbi xidmətə başlayan gənclərdən biridir. Vaxtilə bu qoca döyüşçünün -  Xeyrulla kişinin söylədikləri o dövrün tam bir mənzərəsini göz önündə canlandırır. O mənzərəyə baxmaq hamı üçün xoşdur: "Nə qədər Qasımçapanda davada olduq?! Nə qədər yol getdik?! Ordan - Hacıqabuldan bizi gətirdilər Kürdəmirə. Kürdəmirdə də bir neçə ay qaldıq. Zavod vardı, o zavodun evlərində qalırdıq. O zavodun da yiyəsi İsrafil Kərimovun bacanağı idi. Sonra bizi apardılar Qusara. Orada da bir neçə ay qalandan sonra gətirdilər Bakıya. Bir-iki ay da Bakıda qaldıq. Yığdılar bizi, böyük parad oldu. Yusifbəy Nəsibbəyov, Səməd Paşa Mehmandarov, Əliağa Şıxlinski, bir adlarını xatırlamadığım xeyli insan iştirak edirdi. Bizim zavodun müdiri Abasqulu da generallarla bir sırada durmuşdu. Bölüklər bir-birinin ardınca gəlib salam verib keçirdi..."

Elə həmin vaxtlar - əsgərlik illərində Azərbaycanın bir çox yerində olub. Qarabağda da vuruşub. "Ermənilər Qarabağda yenə baş qaldırmışdılar. Gecənin birində bizi yığıb apardılar Qarabağa. Bərdəni, Tərtəri keçdik, Ağdama çatdıq. Ağdamın hündür məscidi vardı. Alayın axundu da vardı. Cümə günü gəlib gündüz namazı qılırdı. Matəmdə hədis danışırdı. Gedəndə bizimlə Qarabağa getdi. Orada biz and içdik ki, xainlik etməyəcəyik...  Hərbi nazirimiz Səməd Paşa Mehmandarov, general Əliağa Şıxlinski oradaydı. Həmin gün Quranın altından keçib Əsgərana tərəf irəlilədik. Gedə-gedə bu sözləri oxuyardıq:

 

On beş min türk oğlu

yalquz qəhrəman

Azərbaycan torpağında

verdi can.   

Onları biz aldıq

düşmən əlindən,

Onlar xilas oldu

düşmən zülmündən.

 

Əlimizə keçdi

sevgili Vətən.

Yaşa, sən çox yaşa,

ey əziz Vətən!

Qəlblərdə bu arzu

nədən bulundu,

Sarıldıq silaha

bağrın yarıldı.

Arş, iləri! İləri!

Azərbaycanın

şanlı əsgəri.

 

Bizi apardılar Daşbaşının o tərəfinə. Ermənilər dağın başında - biz ətəyində. İrəli çıxanımızı vururdular. Bir komandir var idi -  Salyandan idi. Komanda verdiyi yerdə ağzından vurdular...

Bizim rota komandirimiz gürcü idi. Özü öz qıçından vurdu, qayıtdı geri. Əliheydər Zeynalov vardı. Bölüyün yarısına o komandirlik edirdi, yarısına mən. Hamımız İsrafil İsrafilbəyova tabe idik. Bizə gətirib Ülfət Əfəndi adlı bir türkü komandir təyin etdilər. İsrafil İsrafilbəyov gəldi, adyutantı da yanında. Ülfət Əfəndi komanda verdi, əlində tapança taburun qabağında gərdiş eləməyə başladı...

Dilavər adlı bir oğlan vardı, getdi səngərdən xəbər gətirə bilmədi. Ülfət Əfəndi mənə dedi: "Oğlum, sən get bir xəbər gətir". Allah, Məhəmməd, ya Əli deyib özümü səngərə yetirdim. Şəki alayının tabor komandiri mənə dedi: "Oğlum, burdan belə bizim əsgərlərdi, o biri tərəf gavurlar". Tez gəlib məlumat verdim. Səhərisi yürüş elədik, düşmən əlində olan kəndləri qaytardıq, neçə pulemyot, qədər silah-sursat ələ keçirdik. Əsgəranın hər iki tərəfi dağdı. Gürcülərdən Tutaladze, Nicaladze adlı polkovniklər var idi. Onlar dəbərtdilər erməniləri, hamımız hücuma keçdik. Əsgəran qalasını da ermənilərdən azad elədik. Yürüş elədik irəli. Şuşukənddən bizi top atəşinə tutdular. General Əliağa Şıxlinski topları qurdurdu. Toplardan elə atəş açdılar ki, güllələr hətta daşlara dəyəndə onları parça-parça edirdi. isə Şuşukənddə. Şuşa qalasını da aldıq. Sonra yürüş elədik Keşiş kəndinə.

Bir əsgərimiz vardı, yana-yana danışırdı ki,  mən Göyçədənəm. Evdə 11 nəfər idik. Ermənilər hamımızı qırıblar. Təkcə mən qalmışam...

Əliağa Şıxlinski elə ki, faytondan düşürdü, elə bil qızıl quş yeriyirdi. Yusifbəy Nəsibbəyov isə çox cavan idi. İsrafil İsrafilbəyov Əliheydər Zeynalova deyirdi ki, tələsmə, həmişə əsgəri yaxşı başa sal... Hacı Zeynalabdin Tağıyev hər əsgərin payını bayramlarda ayrıca göndərərdi. Allah ona rəhmət eləsin. Onun Bakıda fabriki, zavodu, teatrı vardı. Biz əsgər olanda teatra da gedərdik. Cabbar Qaryağdıoğlu, Hüseyn Sarabski, Xan Şuşinskiyə ilk dəfə orada qulaq asmışam".

Yenidən Qarabağ uğrunda 1918-1920-ci illərdə gedən savaşlara qayıdırıq:

Oğlum, o döyüşdən sonra Səməd Paşa bizim hər birimizi bağrına basıb dedi: "Övladlarım, mən rusların çox davasında olmuşam, Port-Arturda döyüşmüşəm. Amma belə igidlik, belə şücaət görməmişəm..."

Bir neçə gündən sonra Keşiş kəndini almışdıq ki, bizə xəbər gəldi ki, geri çəkilin. Biz çəkildik Şuşa qalasına... 20-ci il idi. Bir neçə gün Şuşa qalasında qalandan sonra barışıq oldu".

Vaxtilə jurnalist, tədqiqatçı M.Əlizadənin Azərbaycan Xalq Cümhuriyyətinin ilk əsgərlərindən olan Xeyrulla kişinin həyat yolundan bəhs edən "Səməd Paşa əsgərlərin pədəri..." yazısını oxuduqca istiqlalımızın mürəkkəb, çətin, ziddiyyətli, amma şərəfli bir dövrünün qalib obrazları göz önündə canlanır. Axtarsaq, onlara indi Azərbaycanın hər kəndində, şəhərində rast gəlmək mümkündür. Zaman onların sayını azaltsa da, sıralarını seyrəltsə , şərəfli ömür yoluna yaddaşlarına toxuna bilməyib. İndi üzünə həsrət qaldığımız Qarabağın 1918-ci ildə üzümüzə bağlanan qapılarını onlar açmışdılar. Vaxtilə Naxçıvandan Dərbəndədək bütün sərhədlərimizi qoruyan, hər kəndimizə, şəhərimizə cavabdeh olanlar da onlardı.

Söhbətləri ilə bir ordunu yerindən qaldıra bilən bu insanların könlünü xoş etmək, xatirəsini yaşatmaq üçün bu gün ən vacib olanı istənilən yolla o müqəddəs torpaqlara qayıtmaq indi onların bizə söylədiklərini qürurla, fəxrlə gələcək nəsillərə çatdırmaqdan ibarətdır... 

 

Səməd paşa

əsgərlərin pədəri

Çağırır: - Ey

silahbaşı, iləri!

Belə imiş bu millətin

qədəri,

Getməliyiz, getmək

düşdü ellərə,

Düşmən ayaq basmasın

bu yerlərə.

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2013.- 6 aprel.- 10.