“Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidməti heyətinin professional
inkişafına dəstək” tvinninq layihəsinin
təqdimatı olmuşdur
Aprelin 5-də "Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidməti heyətinin professional
inkişafına dəstək" tvinninq layihəsinin təqdimatı
olmuşdur.
Tədbirdə
çıxış edən Dövlət Miqrasiya Xidmətinin
(DMX) rəis müavini Pərviz Musayev bildirmişdir ki, DMX-nin
2009-cu ildə Avropa İttifaqının institusional quruculuq aləti
olan tvinninq layihəsində iştirak etmək
üçün Avropa Komissiyasına təqdim etdiyi layihə
Avropa Komissiyası tərəfindən bəyənilərək
həyata keçirilməsi məqsədəuyğun hesab
edilmişdir. 2013-2015-ci illəri əhatə edən bu layihədə
DMX-nin əsas tərəfdaşı Niderland
Krallığının İmmiqrasiya və Pasportların
Verilməsi İdarəsi və Krallıq Əlaqələri
Nazirliyinin Repatriasiya və Geriqaytarma Xidməti, digər tərəfdaşları
isə Latviyanın Vətəndaşlıq və Miqrasiya
İdarəsi, Rumıniyanın Baş Miqrasiya Müfəttişliyidir.
Qeyd
edilmişdir ki, layihənin əsas hədəfi Azərbaycan
Respublikasının miqrasiya sahəsindəki qanunvericiliyinin
Avropa İttifaqının müvafiq qanunvericiliyinə və
standartlarına uyğunlaşdırılmasını daha səmərəli
həyata keçirmək üçün Avropa
İttifaqına üzv ölkələrin təcrübəsinin
ölkəmizdə tətbiq edilməsi, sistematik təhlil yolu
ilə qeyri-qanuni miqrasiyanın qarşısının
alınması, ictimaiyyəti maarifləndirmə və məlumatlandırma
kampaniyalarının, həmçinin xidmətin əməkdaşlarının
peşəkar bacarıqlarının artırılması, əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin
hüquqlarının təmin olunması istiqamətində
aparılan işlərin daha da
yaxşılaşdırılmasıdır.
Ümumilikdə,
layihə çərçivəsində miqrasiya
qanunvericiliyi, qanunsuz miqrasiyaya qarşı mübarizə,
DMX-nin əməkdaşlarının
professionallığının yüksəldilməsi
üçün təlim-tədris metodlarının
inkişafı və ictimaiyyətin miqrasiya məsələləri
barədə maarifləndirilməsinin artırılması,
qanuni miqrasiyanın gücləndirilməsi nəzərdə
tutulmuşdur.
Vurğulanmışdır
ki, tvinninq proqramı qarşılıqlı əməkdaşlığa
söykənən layihədir. Miqrantların
hüquqlarının qorunmasını daim diqqət mərkəzində
saxlayan DMX bu məqsədlə xarici dövlətlərlə əməkdaşlığa
xüsusi diqqət yetirir. Layihə Azərbaycan Respublikası
və Avropa İttifaqı arasında əməkdaşlığı
gücləndirmək yolunda mühüm əhəmiyyət
daşıyır. Avropa Komissiyası tərəfindən
maliyyələşdirilən
layihə ölkəmizdə qanunsuz miqrasiyaya
qarşı mübarizənin səmərəliliyinə,
yaşayış icazəsi üçün müraciətlər
barədə qərarların qəbulu prosesinin sürətləndirilməsi
və keyfiyyətinin artırılmasına yardım göstərəcəkdir.
Niderland
Krallığının Azərbaycandakı səfiri Arjen
Uijterlinde, Avropa İttifaqının Azərbaycandakı
nümayəndəliyinin əməkdaşı Federika Berne
çıxış edərək bu cür görüşlərin
və qarşılıqlı əməkdaşlığın
müsbət töhfələr verəcəyini bildirmişlər.
Niderland
Krallığının Daxili İşlər və
Krallıq Əlaqələri Nazirliyinin Repatriasiya və
Geriqaytarma Xidmətinin rəisi xanım Rodia Maas isə layihədən
gözlənilən nəticələr barədə məlumat
vermişdir.
Digər
tərəfdaş ölkələr - Latviya və Rumıniya
tərəfindən layihə rəhbərləri öz
ölkələrinin miqrasiya haqqında qanunvericiliyinin Avropa
İttifaqı qanunvericiliyinə
uyğunlaşdırılması prosesində bu ölkələrin
təcrübəsi barədə danışmışlar.
Tədbirdə
eləcə də Rumıniya Respublikası və Niderland
Krallığının bu sahədəki qabaqcıl təcrübəsinin
öyrənilməsi ilə bağlı məsələlər
müzakirə edilmişdir.
AzərTAc
Azərbaycan.- 2013.- 6 aprel.- S. 11.