BANM lisey şagirdləri arasında gələcək tələbələrini görür

 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, prorektoru Ramiz Hümbətov, ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kəmalə Paşayeva və məktəbin 10 tələbəsi akademik Zərifə Əliyeva adına liseyin  müəllim və şagirdləri ilə görüş keçirmişlər.

Tədbiri giriş sözü ilə liseyin direktoru Məhəbbət Vəliyeva açmışdır. O,  kollektiv adından qonaqları salamlayaraq, Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıqlarından məmnunluq hissi keçirdiklərini qeyd etmişdir. Lisey haqqında  qonaqlara məlumat verən direktor bildirmişdir ki, liseyin 2012-ci ilin buraxılış ilində 600-dən çox yüksək bal toplayan 10 məzunu bu gün Bakı Ali Neft Məktəbinin tələbəsidir. O qeyd etmişdir ki, liseyin builki məzunları arasında da Bakı Ali Neft Məktəbinin tələbəsi olmaq istəyənlər çoxdur.

Tədbirdə çıxış edən Elmar Qasımov Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan uğurlu təhsil islahatlarından danışmışdır. Qeyd etmişdir ki, BANM-in yaradılması və qısa zaman ərzində yüksək uğurlar əldə etməsi məhz dövlət başçısının "Neft kapitalını insan kapitalına çevirək" devizinin əyani sübutudur. O həmçinin bildirmişdir ki, ARDNŞ-nin nəzdində fəaliyyət göstərən BANM-in yaradılmasında əsas məqsəd gündən-günə inkişaf edən ölkəmizin və şirkətin həyata keçirdiyi beynəlxalq layihələrdə işləyə biləcək ingilisdilli, müasir biliklərə malik kadrların hazırlanmasıdır.

Rektor Heriot-Vatt Universiteti ilə əldə olunmuş razılaşmaya əsasən, Bakı Ali Neft Məktəbində tədrisin təşkili, onun gedişinə nəzarət, biliklərin qiymətləndirilməsi və müxtəlif proseslərin həmin universitetin tələblərinə uyğun həyata keçirildiyini və bunun nəticəsi olaraq BANM-in məzunlarına həm Bakı Ali Neft Məktəbinin, həm də sözügedən universitetin diplomlarının veriləcəyini də diqqətə çatdırmışdır.

BANM-in rektoru akademik Zərifə Əliyeva adına liseyin direktoruna  əməkdaşlıq əlaqələrinin genişləndirdiyinə görə və liseyin 7 müəlliminə Bakı Ali Neft Məktəbinə qəbul olunmuş yüksək səviyyəli şagirdlər yetişdirdiklərinə görə "Təşəkkür" plaketi təqdim etmişdir. Müəllimlərə kompyuter də hədiyyə verilmişdir. Şagirdlərə BANM haqqında ətraflı məlumatları özündə əks etdirən xüsusi hazırlanmış bukletlər paylanılmışdır.

Tədbirin sonunda E.Qasımov liseyin şagirdlərinin BANM haqqında suallarını cavablandırmışdır.

 

 

Azərbaycan.- 2013.- 6 aprel.- S. 11.