Sumqayıt Təlim-Tədris
Mərkəzində buraxılış imtahanları
keçirilmişdir
Azərbaycan Dövlət Neft Şirkətinin
Sumqayıt Təlim-Tədris Mərkəzində (STTM) gənc
mütəxəssis-fəhlələrin ilk
buraxılış imtahanı olmuşdur.
"Azərikimya" İstehsalat
Birliyinin, ARDNŞ-nin Təlim-Tədris və
Sertifikatlaşdırma İdarəsi rəhbərliyinin, həmçinin
KİV nümayəndələrinin iştirakı ilə
keçirilən imtahan zamanı tornaçı ixtisası
üzrə texniki peşə təhsili almış 12 nəfər
gənc imtahan komissiyası qarşısında öz nəzəri
biliklərini və praktiki bacarıqlarını
nümayiş etdirmişlər.
İmtahan
başlamazdan əvvəl ARDNŞ-nin Təlim-Tədris və
Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris
Mərkəzinin pedaqoji kollektivi bu cür müasir texniki təlim-tədris
ocağının yaradılması, gənclərin yüksək
səviyyədə müxtəlif
ixtisaslara yiyələnməsi üçün diqqət
və qayğı göstərmiş ölkə rəhbərinə minnətdarlıqlarını
bildirmişlər. Qeyd edilmişdir ki, ikimərtəbəli tədris
korpusuna, ixtisaslaşmış auditoriyalara malik, peşə təhsili
üzrə müasir tədris vasitələri və texniki
avadanlıqlarla, maşın-mexanizmlər, qurğu və dəzgahlarla
təchiz edilmiş STTM-də ötən ilin sentyabrında
test imtahanı yolu ilə qəbul olunmuş 100 nəfər gənc
müxtəlif peşələr - aparatçı,
tornaçı, maşinist, elektrik və qaz
qaynaqçısı, nəzarət-ölçü
cihazları üzrə yüksək
texniki təhsil almaq imkanı əldə etmişdir.
İxtisasdan
asılı olaraq hər biri 6 və 10 ay davam edən kurslar
zamanı gələcək mütəxəssislər STTM-in
ixtisaslaşmış emalatxanaları ilə yanaşı
"Azərikimya"nın müəssisələrində də
istehsalat təlimi keçirlər.
Tədbirdə
iştirak edən "Azərikimya" İB-nin
Müşahidə Şurasının sədri, Milli Məclisin
deputatı Muxtar Babayev və
ARDNŞ-nin Təlim-Tədris və Sertifikatlaşdırma
İdarəsinin rəisi Fuad Süleymanov STTM-in rəhbərliyini
və gənc tornaçıları ilk buraxılış
münasibətilə təbrik etmiş, məzunlara gələcək
əmək fəaliyyətlərində uğurlar
arzulamışlar.
Akif ƏLİYEV
Azərbaycan.- 2013.- 6 aprel.- S. 11.