Rüstəm
İbrahimbəyovun açıqlaması onun
antiazərbaycançı mövqedə olduğunu
bir daha təsdiqlədi
Erməni sevgisini gizlədə bilməyən bu şəxsi artıq Azərbaycan xalqı Əkrəm
Naibovla birlikdə itirdi
Yenə
də erməni sevgisi, erməni xislətinə uyğun
yanaşma və insanları təslimçi sülhə
çağırış. Burada təəccüblü
heç nə yoxdur. Çünki bu, Rüstəm İbrahimbəyovun
dəyişməz simasıdır. Azərbaycan xalqı
artıq bu şəxsi Əkrəm Naibovla birgə dəfn
edib. Rüstəm İbrahimbəyov ermənini bizə
düşmən hesab etmir. Bu azmış kimi, kinorejissor son
açıqlamasında Dağlıq Qarabağın Azərbaycana
məxsusluğunu şübhə altına alır,
torpaqlarımızın hərbi yolla işğaldan azad edilməyini
cinayət adlandırır.
Rüstəm
İbrahimbəyov son açıqlamasında deyir: "Mən
əminəm ki, erməni xalqı bizə düşmən
deyil. Onlar da azərbaycanlılar kimi, baş verənlərin
qurbanıdır. Hər iki tərəf - həm Azərbaycandakı,
həm də Ermənistandakı əhali köçmək məcburiyyətində
qalıb. İnsanları orduya çağırırlar və
onlar öz Vətən borclarını yerinə yetirməlidirlər.
Mən onları bu borcu yerinə yetirməyə
çağırmıram. Daha vacib olanı kitabları
yandırmamaq və iki millətin bir-birini əbədi olaraq
düşmən kimi görməməsidir".
Əsrlər
boyu Azərbaycan xalqına düşmən olan,
soyqırımı aktları, faciələr törədən,
bələkdəki körpələri süngüyə
keçirən erməni quldurları deyilmi?! Məgər
R.İbrahimbəyov tarixi bu qədərmi saxtalaşdıra bilər?
O çox gözəl bilir ki, bu millətin başına gətirilən
bütün oyunlar, qətliamlar, etnik təmizləmə əməliyyatları,
torpaqlarımızın işğalı məhz erməni
daşnaklarının cinayətidir.
R.İbrahimbəyovun
digər fikirlərinə diqqət yetirin: "Azərbaycan və
Ermənistan vaxtilə bir dövlət olublar. Nə qədər
ki, biz bir dövlətdə yaşayırdıq, heç bir
torpaq iddiaları yox idi. Bunlar yalnız arzu xarakteri
daşıyırdı, nəinki hərbi əməliyyat məqsədi.
Onlar Qarabağı özlərininki, biz də öz
torpağımız sayırıq. Məncə, bu, müzakirə
mövzusudur. Bu, danışıqlar və elmi
araşdırmalar mövzusudur".
Bu
fikirləri ilə R.İbrahimbəyov tarixi saxtalaşdıran
Ermənistanın Qarabağı öz torpağı
sayması ilə bağlı iddialarına haqq qazandırmırmı?
Doğrudanmı, ermənilərin torpaq iddiaları olmayıb
və ya bunun müzakirəsinə ehtiyac varmı?
Azərbaycan
Prezidenti İlham Əliyev dəfələrlə beynəlxalq
konfranslarda, keçirdiyi bütün görüşlərdə
birmənalı olaraq deyir: "Azərbaycanın ərazi
bütövlüyü bütün dünya tərəfindən
tanınır. Azərbaycanın ərazi
bütövlüyü danışıqlar mövzusu deyil, ola
da bilməz. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq
hüquq normaları, Azərbaycanın ərazi
bütövlüyü əsasında həllini
tapmalıdır. Azərbaycan məsələnin ancaq beynəlxalq
hüquq normaları əsasında həll olunmasını məqbul
hesab edir. Beynəlxalq təşkilatların qərar və qətnamələri
qeyd-şərtsiz icra edilməlidir". Məhz bu qətiyyətli
addımlardan sonra dünya birliyi Azərbaycan həqiqətlərini
qəbul edərək ölkəmizin ərazi
bütövlüyünü tanıdığı halda,
R.İbrahimbəyov utanmadan bunun müzakirə mövzusu
olduğunu dilə gətirir. Bunlar yalnız Ermənistanda orta
məktəblərdə keçilən dərsliklərdə
yazıla bilər. Görünür, R.İbrahimbəyov erməni
ədəbiyyatını, orta məktəb dərsliklərini
tez-tez nəzərdən keçirərkən, hansısa
"tarixçinin" fikirlərini bəyənib.
Xalqlar
dostluğundan gen-bol bəhs edən Rüstəm İbrahimbəyov
nəyə görəsə, 20 faiz ərazisi işğal
olunmuş və 20 il ərzində işğal altında
saxlanılan, 1 milyondan çox əhalisi yurdlarından didərgin
düşən öz xalqı ilə xarici aqressorun
arasında bərabərlik işarəsi qoyur. Sanki ermənilər
də azərbaycanlılar kimi Qarabağ müharibəsinin zərərçəkənləridir.
Bu
adam indi "Ziyalılar forumu" adlı qondarma qurumda təmsil
olunur və özünü həmin
aşağıladıqları millətin, ermənilərdən
aşağı tutduğu xalqın ziyalısı kimi təqdim
edir. Halbuki onun ermənipərəstliyi və erməni sevgisi
elə bu açıqlamaları ilə sübuta ehtiyacı
olmayan aksiomdur. 2008-ci ildə azərbaycanlı kinorejissorun rus
mətbuatına verdiyi erməni həsrətli müsahibə əvvəllər
azərbaycanlılarda təəccüb doğursa da, zaman
keçdikcə bu təəccüb öz yerini qınağa
və haqlı nifrətə verdi. Belə ki,
Kinematoqrafçılar İttifaqının tədbirlərinə
dəvətlilər müəyyənləşdirilərkən
Rüstəm İbrahimbəyovun ağlına ilk olaraq ermənilər
gəlirmiş. Bakıda keçirilən "Şərq-Qərb"
festivalına R.İbrahimbəyovun daşnak partiyasının
üzvü Roman Balayan və bakılı, sovet dövründə
Azərbaycanda mövcud olan nazirliklərin birində
çalışan Rudik Avanesovu dəvət etməsi də
bunun bariz örnəyidir. Məlumata görə, R.Balayan
Daşnaksütyun partiyasının fəallarındandır.
Lakin Balayan R.İbrahimbəyovla möhkəm dostluq əlaqələri
olan yeganə erməni deyil. Rüstəm İbrahimbəyovun
erməni sevgisi, ermənilərlə işbirliyi hələ
ötən əsrin 80-90-cı illərində bəlli idi. Hətta
bu ərəfədə kinorejissor ermənilərin
Bakını tərk etməsindən təəssüfünü
də gizlətməmişdi.
Rüstəm
İbrahimbəyovun ürəyindəki erməni sevgisi onun fəaliyyətində
də aydın hiss olunur. Azərbaycan xalqının qürur
yeri, dövlətimizin azadlığı uğrunda şəhid
olan yüzlərlə vətən övladının dəfn
olunduğu bir məkanda R.İbrahimbəyovun dostlarının
istirahət edəcəyi restoran tikmək ideyasını
başqa nə ilə izah etmək olar?! Xatırlatmaq yerinə
düşər ki, R.İbrahimbəyov bir neçə il
öncə Bakının mərkəzində "Kino evi"
açmaq niyyətində idi. Sonradan bəlli oldu ki, Şəhidlər
xiyabanının ətrafındakı meşə massivini əlinə
keçirərək orada özünün biznes
marağına xidmət göstərəcək restoranlar
kompleksi tikmək niyyətində olan Rüstəm İbrahimbəyov,
sən demə, kino adından sadəcə, istifadə
edirmiş. Hətta Rusiyada bəzi dairələrlə də
bu istiqamətdə danışıqlar aparan, özünə
"sponsorlar" tapan, həmin ərazidə biznes və
restoran şəbəkəsi yaratmağa çalışan
Rüstəm İbrahimbəyovun növbəti dəfə Azərbaycanın
milli-mənəvi dəyərlərinə münasibətini
ortaya çıxarır. Onun üçün ən əsas məsələ
biznes marağının təmin edilməsidir. Şəhidlər
xiyabanı, milli dəyər belələrini əsla
maraqlandırmır...
R.İbrahimbəyovun
bu gün "siyasətə atılması"na səbəb
də milli dəyərlərimizə qarşı yönəlmiş
tamahkar biznes planlarının həyata keçirilməsinə
izin verilməməsi olub. Beləliklə, göstərilən
bu faktlar bir daha Rüstəm İbrahimbəyovun ziyalı
deyil, saxtakar, eqoist, yalançı, milli dəyərləri
heçə sayan, düşmənlə əlbir olan bir şəxs
olduğunu təsdiqləyir. Belələrinin isə
xalqımızın adından danışmağa heç bir
haqqı çatmır.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2013.- 6
aprel.- S. 11.