Fransa mətbuatı bu ölkədə keçirilən Azərbaycan günlərindən bəhs etmişdir

 

Ötən ilin oktyabr ayından etibarən  Azərbaycanı fransızlara yaxından tanıtmaq istiqamətində Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin səfirliyinin dəstəyi ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində Fransada keçirilən "Azərbaycan günləri" bu ölkənin mətbu orqanlarında geniş işıqlandırılmaqda davam edir.

"Yonla əlaqə" qəzetində dərc olunan "Azərbaycan Şablidə" sərlövhəli məqalədə Xəzər dənizi sahilində yerləşən və Cənubi Qafqaz regionunun ən böyük ölkəsi olan Azərbaycanla bağlı mart ayının 1-3-də Şablidə təşkil edilən sərgi və konsertdən ətraflı bəhs olunmuşdur.

Qafqazın mirvari xəzinəsini əks etdirən sərgidə qədim xalçaların, misgərlik və keramika nümunələrinin, musiqi alətlərinin,  qədim xalçaların və zinət əşyalarının nümayişi ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti barədə şəhər sakinlərinin Azərbaycan barədə hərtərəfli və dolğun məlumatlar əldə etmələrində müstəsna rol oynadığını, şablililərin bu gün belə sərgi və konsertin təsiri altında olduqları vurğulanmış, konsertə xalqımızın ənənəvi musiqisi muğamın UNESCO tərəfindən dünyanın mədəni irs siyahısına daxil edildiyi xatırlanmışdır.

Məqalədə Azərbaycanın kənd təsərrüfatı nazirinin regiona səfərinin iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafına əməli töhfə verəcəyi bildirilmişdir.

Puatu-Şarant regionunun mətbu orqanı "Sudouest" qəzetinin 30 mart tarixli nömrəsində dərc olunan "La Roşelldə Azərbaycanla bağlı tədbirlər keçirilir" sərlövhəli yazıda qədim İpək Yolu üzərində yerləşən və Qafqazda mühüm geosiyasi mövqe tutan Azərbaycanı Fransada tanıtmaq istiqamətində Heydər Əliyev Fondu tərəfindən bu ölkədə keçirilən tədbirlər yüksək qiymətləndirilmişdir.

Məqalədə ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyova istinadən bildirilir ki, Fransada keçirilən tədbirlər siyasi, iqtisadi, təhsil və mədəniyyət sahələrində Azərbaycan ilə Fransa arasında əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyır.

La Roşelldə təşkil olunan sərgidə nümayiş etdirilən eksponatlar 9 milyonluq əhalisi olan, Avropa ilə Asiya arasında yerləşən, güclü iqtisadiyyata malik ölkəmizin mədəni dəyərləri və zəngin tarixinin fransızları heyrətə saldığı məqalədə yer almışdır.

Tələbə mübadiləsi proqramı çərçivəsində təhsil sahəsində əməkdaşlığın bünövrəsinin qoyulmasının vacibliyi barədə səfirin səsləndirdiyi fikirlər məqalədə diqqətə çatdırılmışdır.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

 

Paris.

 

Azərbaycan.- 2013.- 6 aprel.- S. 12.