Neft gəlirlərinin insan kapitalına çevrilməsi İKT sektorunda daha uğurla reallaşır

 

2020-ci ildə bu sahənin gəlirinin 8 milyarda çatacağı gözlənilir

 

Həyata keçirilən mühüm iqtisadi siyasət nəticəsində Azərbaycan son 9 ildə dinamik inkişafını qoruyub saxladı, dünyanın aparıcı ölkələri sırasına daxil oldu və orta gəlirli ölkələr siyahısında yerini möhkəmlətdi. Ötən il Azərbaycanda qeyri-neft sektorunun inkişafı xüsusilə artaraq 9,7 faizə çatmışdır. Mütəxəssislər bu artımı daha çox İKT sektorunun inkişafı ilə əlaqələndirirlər.

Qənaətə görə  Azərbaycanda İKT sektorundan qazanılan gəlirlərin artımı dünyada bu sahədə olan artımdan 2,5-3 dəfə çoxdur. Bu cür sürətli inkişafda cəmiyyətin bütün təbəqəsinin, xüsusən gənclərin rolu diqqətlə öyrənilir. Cəmiyyətin çox böyük insan resurslarını təşkil edən gənclik bu sahəyə daha çox meyil göstərir, odur ki, qazanılan uğurlarda gənclərin rolu daha böyükdür. Mütəxəssislərin apardığı araşdırmalardan məlum olub ki, informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışanların ən qocamanı 50 yaşına çatmayıb, yəni gənc nəslin innovativ potensialı daha güclüdür. Bu sahədə həyata keçirilən bütün yerli və beynəlxalq layihələrin aparıcı qüvvələri də məhz gənclərdir. Yeni texnologiyaların tətbiqi və gənclərin informasiya-kommunikasiya sektorunun inkişafında rolu ölkədə daim müzakirə olunur, onların bu sahəyə daha yaradıcı yanaşmaları üçün imkanlar yaradılır. 

Nazirlər Kabinetinin 2012-ci ilin yekunlarına, 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı proqram xarakterli nitqində Prezident İlham Əliyev Azərbaycanda İKT-nın inkişafını xüsusi vurğulamışdı. Bu ilin əvvəllərində ilk telekommunikasiya peykimizin orbitə çıxarılması həm ölkəmizin nüfuzu, həm müasirlik, həm də yeni texnologiyaların inkişafı üçün bütün cəhətlərdən böyük nailiyyətdir. Bu əlbəttə, müasirliyə və sürətli inkişafa atılan addımlardan biridir. Kosmik sənayenin inkişafı, Azərbaycan peykinin orbitə çıxarılması həm də ölkəmizdə yüksək texnologiyaların geniş tətbiqi üçün bütün şəraitin yaradılması deməkdir. Bu uğurlara müvafiq olaraq Azərbaycan Prezidenti 2013-cü ili "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan etmişdir. İstər siyasətdə, iqtisadiyyatda, elmdə, təhsildə, istərsə də idmanda və mədəniyyətdə gənclərin birgə əməkdaşlığı təmin olunur.

Cənubi Qafqaz, Orta və Mərkəzi Asiya ölkələri arasında da rəqəmli televiziya yayımının ilk dəfə Azərbaycanda tətbiq olunmasına başlanılmış və indi ölkə əhalisinin 90 faizinin bu yayım texnologiyasına çıxış imkanı təmin olunmuşdur.   

Həyata keçirilməsi bu il nəzərdə tutulan və vacib işlər sırasında FTTH modeli üzrə optik infrastrukturun genişləndirilməsini nəzərdə tutan "Fiber to Home" ("evə optika") layihəsi yer alır. 500 milyon ABŞ dolları məbləğində qiymətləndirilən bu layihə yüksək gəlirli hesab edilir. Layihənin əsas məqsədi ucqar kənd yaşayış məntəqələri daxil olmaqla bütün ölkə ərazisinin 10-100 M/bitsaniyə sürətində yüksəksürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını 85 faizə çatdırmaqdır ki, bu da Azərbaycanın 2017-ci ilə bu sahədə dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmasına imkan verəcək. Müasir dövrdə günümüzün əsas tələbindən biri yüksək texnologiya və kommunikasiya vasitələrindən sürətlə yararlanmaqdır. Bu sahənin regionda inkişafı orada yaşayan gənclərin də maraq obyektinə çevrilir, fəaliyyətinin artmasına, açılan yeni iş yerlərində onların işlə təmin olunmasına səbəb olur. Bu gün Azərbaycan gəncliyinin inkişafı, aktual məsələlərinin həlli üçün geniş maddi və mənəvi imkanları var.  

2012-ci ilin dekabrında BMT-nin 67-ci Baş Məclisi Azərbaycanın əlaqələndiricisi olduğu "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsinə xüsusi qətnamə ilə ikinci siyasi dəstəyini vermiş və bu layihə üzrə xüsusi alyansın yaradılmasını tövsiyə etmişdir. İkinci layihəyə əsasən Avropa Yaxın Şərq Yüksək Sürətli İnformasiya Şəbəkəsinin (EPEG) Azərbaycanda əsas və ehtiyat qovşaqlarının quraşdırılması tamamlanmışdır. İnternet şəbəkəsinin regional resurslar və xidmətləri serverlərinin ünvanlarının idarə olunması üçün regional sistemin ölkəmizdə qurulması Azərbaycanın region ölkələrinə internet xidmətlərinin ixracını da xeyli artırmışdır. BMT-nin İnkişaf Proqramı ilə birgə layihələrin reallaşdırılması Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına müsbət təsir göstərir. Əvvəllər layihələr Azərbaycanda donor ölkələrin vəsaitləri hesabına reallaşdırılırdısa, indi Azərbaycan özü xarici ölkələrin bazarlarında investor rolunda çıxış etməyə hazırdır. Söhbət "Trans-Avrasiya Super İnformasiya Magistralı"nın (TASİM) çəkilməsindən gedir. BMT Baş Assambleyasının iki xüsusi qətnaməsi ilə dəstəklənən TASİM layihəsi Honkonqu Frankfurtla birləşdirərək geniş Avrasiya məkanını yüksəksürətli internetlə təmin edəcək optik lif magistralının çəkilməsini nəzərdə tutur. Azərbaycan belə beynəlxalq təşəbbüslərdə, məsələn, Rusiya, İran və Omanla tərəfdaşlıqda ötən ilin sonunda başa çatan Europe-Persiya Exspress Gateway (EPEG) informasiya magistralının çəkilməsində böyük təcrübəyə malikdir.

2012-ci il Azərbaycan beynəlxaq aləmdə İKT sahəsi üzrə genişmiqyaslı kütləvi tədbirlərin keçirilməsi ilə yadda qaldı. Ötən il "Baku Tel" BMT və Azərbaycan hökumətinin təşkilatçılığı ilə birlikdə internet üzrə ən böyük tədbir - İnternet İdarəçilik Forumu Bakıda keçirildi. İKT məhsul və xidmətlərinin ixrac həcminin artırılması üçün vergi güzəştlərinin tətbiqinə qərar verilmişdir. Bütün bunlar təsdiqləyir ki, Azərbaycanda bu sahəyə dəstək göstərilməsi ilə bağlı mükəmməl dövlət siyasəti vardır.

Yaxın perspektivdə Azərbaycanın təşəbbüskarı olduğu daha bir beynəlxalq layihənin inkişafı gözlənilir. Artıq bir neçə ildir gələcək konsorsiumun tərəfdaşları - Azərbaycan, Qazaxıstan, Çin, Rusiya və Türkiyənin nəhəng telekommunikasiya şirkətləri bu layihənin həyata keçirilməsinə hazırlıq görür və əlbəttə layihənin yerinə yetirilməsi Azərbaycana Xəzəryanı regionun  əsas informasiya mərkəzi olmasına imkan verəcək. Bu yaxınlarda təsdiq olunan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının əsas məqsədi yaxın 8-10 ildə ölkənin ümumi daxili məhsulu həcminin ikiqat artırılmasıdır. Buna qeyri-neft sektorunun, o cümlədən İKT sahəsinin inkişaf etdirilməsi sayəsində daha çox nail olmaq nəzərdə tutulur. Lakin bu məqsədə çatmaq üçün tələb olunan müddətə İKT bazarının həcminin 4-4,5 dəfə artırılması nəzərdə tutulur. 2011-ci ildə İKT sektorunun gəliri 1,7 milyard dollar olubsa, 2020-ci ilə bu göstəricinin 8 milyard dollara çatması planlaşdırılır. Beynəlxalq təşkilatlar ölkəmizdə İKT sektorunun inkişaf perspektivlərinə çox nikbin yanaşırlar. Onların proqnozlarına görə, sahə islahatlarının davam etdirilməsi və xüsusilə potensial investorlar üçün imtiyazlı şəraitin yaradılması 2025-ci ildə İKT sahəsinin gəlirinin  daha da artacağına imkan verəcək. Bu isə dünyanın inkişaf etmiş ölkələrində bu sahə üzrə nəzərdə tutulan gəlir səviyyəsi ilə tam uyğundur.    

Göründüyü kimi, informasiya-kommunikasiya texnologiyaları avadanlıqlarından istifadə olunma səviyyəsi Azərbaycanda sürətlə artmış, ölkəmizin sosial-iqtisadi inkişafında rolu yüksəlmişdir.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2013.- 7 aprel.- S. 1.