Vaşinqtonda BMT Təhlükəsizlik
Şurasında Azərbaycan-Ermənistan münaqişəsi
ilə bağlı qəbul edilmiş qətnamələrin
icra edilməməsi məsələsi
müzakirə olunmuşdur
Vaşinqtonun aparıcı araşdırma mərkəzlərindən
biri olan Ceymstaun Fondu aprelin 5-də BMT Təhlükəsizlik
Şurasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı ilk qətnamənin qəbul
edilməsinin 20-ci ildönümü ilə
əlaqədar "Birləşmiş Millətlər Təşkilatı
və Ermənistan-Azərbaycan münaqişəsi: Əsaslara
baxış" adlı tədbir təşkil etmişdir.
Mərkəzi
Asiya-Qafqaz İnstitutunun sədri Frederik Starın moderatorluq
etdiyi tədbirdə Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin
müavini Tofiq Musayev, "Heritage" Fondunun baş elmi
işçisi Ariel Koen məruzə ilə
çıxış etmişlər. "BMT-nin Təhlükəsizlik
Şurasının qətnamələrinin hüquqi əhəmiyyəti"
mövzusunda çıxış etmiş Tofiq Musayev beynəlxalq
sülh və təhlükəsizliyin qorunub saxlanılması
baxımından beynəlxalq hüququn norma və prinsiplərinə
riayət olunmasının vacibliyindən
danışmışdır. T.Musayev BMT Təhlükəsizlik
Şurasının Ermənistanın işğalçı
qoşunlarının Azərbaycan ərazilərindən
çıxarılmasını tələb edən dörd qətnamənin
icra edilmədən qalmasının hazırkı mərhələdə
münaqişənin həllində irəliləyişə
mane olan əsas amil kimi dəyərləndirmiş və Ermənistanın
danışıqlarda tutduğu qeyri-konstruktiv mövqeyin
heç bir beynəlxalq hüquqi əsasa malik
olmadığını bildirmişdir. "Heritage" Fondunun
baş elmi işçisi Ariel Koen
çıxışında münaqişənin həllini
beynəlxalq güclərin mövqeyi, eləcə də
regional reallıqlar kontekstində təhlil edərək Minsk
qrupunun həmsədrlərindən biri olan ABŞ-ın bu
istiqamətdə səylərini artırmasına ehtiyac
olduğunu qeyd etmişdir.
Öz
növbəsində, Mərkəzi Asiya-Qafqaz İnstitutunun sədri
Frederik Star Cənubi Qafqaz regionunda sabitliyin bərqərar edilməsi
naminə yeni yanaşmaların zəruri olduğunu
vurğulamış və bölgənin gələcəyinin
hər üç region ölkənin qarşılıqlı
əməkdaşlığından asılı olduğunu
bildirmişdir.
Xatırladaq
ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də
işğal olunduqdan sonra BMT Təhlükəsizlik
Şurası aprelin 30-da Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı 822 nömrəli qətnamə qəbul edərək
işğalçı erməni qoşunlarının Azərbaycan
torpaqlarından dərhal və şərtsiz
çıxarılmasını tələb etmişdir.
Yusif BABANLI
Vaşinqton
Azərbaycan.- 2013.- 7 aprel.- S. 1.