Azərbaycana olan etimadın daha bir göstəricisi

 

 Sürətli inkişaf dövrünü yaşayan Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə çevrilməsi və bu statusu uğurla daşıması bütün dünyanın, xüsusən bu regionu özünün iqtisadi mənafeyi baxımından vacib tərəfdaşı kimi görən Avropanın qəbul etdiyi inkarolunmaz reallıqdır. Təsadüfi deyil ki, Cənubi Qafqazı əhatə edən hər hansı beynəlxalq layihənin Azərbaycanın maraqlarını nəzərə almadan həyata keçirilməsi mümkün deyil. Azərbaycanla hesablaşır, məsləhətləşir və hər bir əməkdaşlıq məsələsində əsas tərəfdaş kimi qəbul edirlər.

Bütün bu amillər Azərbaycan Respublikasının dünyada artan nüfuzunun və imicinin birbaşa göstəricisidir. Əlbəttə, beynəlxalq miqyasda qazandığımız yüksək etimadın kökündə ilk növbədə ölkəmizin etibarlı siyasi və iqtisadi tərəfdaş olması, dünyanı narahat edən hər bir məsələdə qətiyyətli və prinsipial mövqe tutması, sülhə və əmin-amanlığa layiqli töhfələr verməsidir. Azərbaycan Ordusunun bölmələri ayrı-ayrı ölkələrdə sülhün və əmin-amanlığın təmin olunmasında iştirak edir, beynəlxalq terrorçuluqla mübarizədə öz sözlərini deyirlər. Eyni zamanda Azərbaycan bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında əsas tərəfdaşlardan biridir. Ölkəmiz beynəlxalq miqyaslı bütün məsələlərdə üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməklə etibarlı tərəfdaş olduğunu hər zaman nümayiş etdirmişdir. Bunun da məntiqi nəticəsi olaraq Azərbaycanın beynəlxalq nüfuzu sürətlə yüksəlməkdədir.

Dinamik inkişaf edərək regionun lider dövləti statusunu təmin edən Azərbaycanın artıq müxtəlif xarakterli - idman, səhiyyə, iqtisadiyyat və sair tədbirlərin keçirildiyi məkana çevrilməsi də ölkəmizin yüksələn nüfuzundan xəbər verir. Xüsusilə qeyd etməliyik ki, Azərbaycan bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə bir mərkəz kimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Ölkəmizin humanitar əməkdaşlığın gündəliyini müəyyənləşdirən təşəbbüslər irəli sürməklə və bu istiqamətdə genişformatlı tədbirlər keçirməklə multikulturalizmə böyük önəm verən məkana, eyni zamanda siyasi tədbirlərin keçirildiyi ünvana çevrilməsi dünyanın qəbul etdiyi reallıqdır.

Konkret olaraq ötən ilin timsalında Azərbaycanın hansı beynəlxalq mötəbər tədbirlərə layiqli şəkildə ev sahibliyi etdiyini görə bilərik. Mövzusundan asılı olmayaraq həmin tədbirlərin hər biri Azərbaycanın beynəlxalq miqyasda siyasi nüfuzunun artmasına təsirsiz ötüşmədi. 57-ci "Eurovision" mahnı müsabiqəsi, futbol üzrə qadınlararası dünya çempionatı, İkinci Beynəlxalq Humanitar Forum, İqtisadi Əməkdaşlıq Təşkilatının XII Zirvə toplantısı, Avronest Parlament Assambleyasının ikinci sessiyası, GT3 və klassik "Formula-1" avtomobil yarışları, VII İnternet İdarəçilik Forumu, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyası, 23-cü Krans Montana Forumu kimi tədbirlər Azərbaycanı dünyaya bir qədər də yaxından tanıtdı. Bununla əlaqədar ölkəmizə gələn yüz minlərlə əcnəbi Azərbaycandakı yüksəlişi öz gözləri ilə gördü.

Bir faktı da xüsusi qeyd etmək lazımdır - Azərbaycan dünyada analoqu olmayan nadir ölkələrdəndir ki, o, eyni zamanda həm Avropa, həm də Asiyanı təmsil edən müxtəlif beynəlxalq qurumlarda, o cümlədən Avropa Şurasında, İslam Əməkdaşlıq Təşkilatında təmsil olunur. Bu baxımdan Azərbaycanın bu cür tədbirlərə ev sahibliyi etməklə sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa verdiyi töhfələr sanballı olmaqla bərabər çağdaş çağırışlarla daha çox səsləşir.

Son illərdə Azərbaycanı dünyaya tanıdan ən mühüm faktorlardan biri də dinamik iqtisadi inkişafdır. Prezident İlham Əliyevin yeni dövrün tələblərinə uyğun, zamanın nəbzini tutmaqla həyata keçirdiyi düşünülmüş, sürətli və davamlı inkişaf strategiyasının nəticəsi olaraq artıq Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vurub. Bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır.

Bu istiqamətdə ən böyük nailiyyətlərdən biri də ondan ibarətdir ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. İnkişafın Azərbaycan modeli əsasında Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin nəticəsi olaraq ölkəmiz əsas məqsədlərinə çatıb. Azərbaycanda sərbəst bazar münasibətlərinə və inkişaf qabiliyyətinə malik sosialyönümlü, diversifikasiya olunmuş iqtisadiyyat formalaşıb, dünya təsərrüfat sisteminə inteqrasiya tam təmin olunub. Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində əvvəllər qazanılmış uğurlar daha da möhkəmləndirilib, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənib, strateji valyuta ehtiyatları artıb, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb. Bütün bunlar isə, təbii ki, həm də Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinə və dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət edən çox mühüm amillərdir.

Azərbaycanın iqtisadi sahədə nümayiş etdirdiyi belə inkişaf dinamikası dünya miqyasında da yaxından izlənməkdə, ölkəmizin bu sahədə qazandığı təcrübə, əsasını qoyduğu sürətli tərəqqi modelinin xüsusiyyətləri diqqətlə öyrənilməkdədir. Təsadüfi deyil ki, qlobal maliyyə böhranının yaratdığı fəsadlara qarşı dayanıqlıq həddini araşdıran dünyanın bir çox aparıcı mərkəzləri indi Azərbaycana daha çox maraq göstərməkdə, onun inkişaf dinamikasını tədqiq etməkdədirlər. Dünyanın nüfuzlu beynəlxalq qurumları daim öz hesabatlarında Azərbaycan iqtisadiyyatının dinamik inkişaf tempini qoruyub saxlayacağını bəyan edirlər. Məsələn, "Standard and Poor" beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini artırıb, halbuki inkişaf etmiş Avropa ölkələrinin kredit reytinqləri aşağı salınıb. "Moody's" beynəlxalq reytinq agentliyi respublikamızın dünyada potensial investor olmasını öz hesabatında xüsusi qeyd edib. Bu beynəlxalq reytinq agentliyi hesab edir ki, Azərbaycan regionda xalis kreditor mövqeyi çox güclü olan dövlətdir. "Moody's" ölkəmizdəki investisiya mühitini ciddi şəkildə təhlil edərək şəffaf biznes mühitini və xarici sərmayədarların fəaliyyəti üçün təmin edilmiş cəlbedici şəraiti təqdir edir. Agentliyin analitiklərinin fikrincə, Azərbaycanın investisiya imkanları çox cəlbedicidir. Bu, xarici sərmayə qoyuluşlarının artım dinamikası üçün əlverişli imkanlar yaradır. Eyni zamanda, xaricə sərmayə qoyuluşları üçün münasibətləri formalaşdırır. Dünya İqtisadi Forumunun 2012-2013-cü illər üzrə "Dünya Rəqabətlilik Hesabatı" rəsmi olaraq dünya ictimaiyyətinə təqdim edilib. Hesabata əsasən, Azərbaycan rəqabətlilik reytinqinə görə 144 dövlət arasında 46-cı yerdə qərarlaşmışdır.

Məlum olduğu kimi, ötən il Davos Forumu kimi tanınan Dünya İqtisadi Forumu çərçivəsində təşkilatçılar ölkəmizin dünyada artan rolunu, həmçinin ötən illərdə Davos Forumunda fəal iştirakını nəzərə alaraq Azərbaycanın xüsusi ölkə panelini də təşkil etmişdilər. Paneldə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İKT məsələləri üzərində xüsusi dayanmış, ölkəmizdə internet azadlıqlarının, internetin, həmçinin onun xidmətlərinin artımındakı müsbət rolundan danışmış, ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının və təhsilin prioritet sahələr olduğunu bir daha bəyan etmişdir.

Bu il isə Azərbaycanın sürətli iqtisadi inkişafını nəzərə alaraq Dünya İqtisadi Forumunun bu ilin aprelində Bakıda keçirilməsi barədə razılığa gəlinib. Bu barədə məlumat Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşündə verildi. Qeyd edək ki, həmin görüşdə Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edildi. Bu əlaqələrin son illərdə inkişaf edərək yeni mərhələyə daxil olduğu bildirildi. Bu forumun, eyni zamanda Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa müsbət təsir göstərdiyi xüsusi qeyd olundu. Ümumi razılığa əsasən, Dünya İqtisadi Forumunun bu ilin aprelində Bakıda keçiriləcəyi və bunun mühüm hadisə olacağı vurğulandı.

Artıq bu gün "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusuna həsr olunan forum Bakıda öz işinə başlayır. İki gün davam edəcək forumun proqramının zənginliyi bu mötəbər tədbirdə müasir dövrümüz üçün olduqca əhəmiyyətli məsələlərin müzakirə olunacağını deməyə əsas verir. Belə ki, forumda əsasən enerji və təbii resurslar, sahibkarlıq və insan kapitalı, maliyyə və uzunmüddətli investisiya, telekommunikasiya ilə bağlı məsələlər müzakirə olunacaq. Forumun sessiyalarından biri "Azərbaycanın gələcəyinə baxış: yeni iqtisadiyyata doğru" mövzusunda keçiriləcək. Bu sessiyada Azərbaycanın getdikcə artan iqtisadi imkanları, Avropanın enerji təhlükəsizliyinin təminində rolu, ölkədə yaradılmış əlverişli investisiya mühiti, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektoruna, xüsusilə də innovativ texnologiyalara qoyulan investisiyalar və s. məsələlər müzakirə mövzusu olacaqdır.

Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi barədə qurumun rəsmi internet saytında yerləşdirilmiş məlumatda deyilir ki, Cənubi Qafqaz və Mərkəzi Asiya regionları ötən onillikdə mühüm iqtisadi inkişafa nail olmuşdur. Cənubi Qafqaz regionuna daxil olan Azərbaycanın iqtisadiyyatı ötən illər ərzində sürətlə inkişaf etmişdir. "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda forum isə bu region üçün gələcəklə bağlı perspektivlərin müəyyənləşdirilməsi baxımından çox gözəl imkan yaradacaq. Bu mənada forum regional və qlobal oyunçulara regionla bağlı əsas iqtisadi çağırışları və imkanları dəyərləndirmək üçün mühüm platforma olacaq, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda əməkdaşlığın və inteqrasiyanın inkişafına töhfə verəcək.

Onu da qeyd edək ki, sürətlə inkişaf edən Azərbaycan bu gün əsas beynəlxalq iqtisadi tərəfdaşlardan biri sayılır. Bu mənada Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi ən mütərəqqi hadisələrdən biri kimi dəyərləndirilməlidir. Ölkəmizin bu forumda dünyanın aparıcı iqtisadi və siyasi gücləri ilə bərabər təmsil olunması Azərbaycan üçün yeni prespektivlərə yol açacaq. O cümlədən Azərbaycanın iqitsadiyyatına, biznes əlaqələrinə, dövlətimizin beynəlxalq iqtisadi münasibətlərinə müsbət təsir göstərəcək. İqtisadiyyat sahəsində əməkdaşlıq və tərəfdaşlıq həm də siyasi, geopolitik münasibətlərin inkişaf etdirilməsinə əlavə təkan verir.

Bəli, Azərbaycan artıq bütün dünyada beynəlxalq tədbirlərin keçirildiyi mərkəz statusunu qazanıb. Bu gün çağdaş dünyamızı düşündürən bir sıra aktual məsələlər məhz Bakıda müzakirə olunur. Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi barədə qərar beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə verilən yüksək qiymətin bariz nümunəsidir. Ümumiyyətlə, tək bu forum deyil, eləcə də iqtisadiyyatla, idmanla, mədəniyyətlə, böyük siyasi-hüquqi məsələlərin araşdırılması ilə bağlı beynəlxalq konfransların, toplantıların Azərbaycanda davamlı olaraq keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun, imicinin artdığından xəbər verir. Beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı artıq böyük təcrübəsi olan Azərbaycan Dünya İqtisadi Forumuna da layiqincə ev sahibliyi etməklə növbəti bir uğura imza atacaq.

 

 

Arzuman MURADLI,

iqtisad üzrə fəlsəfə doktoru

 

Azərbaycan.-2013.-7 aprel.-S.5.