İqtisadi modernləşməyə xidmət edən siyasət

 

 İqtisadi modernləşməyə xidmət edən islahatların uğurla davam etdirilməsi ölkəmizi bugünkü nailiyyətlərə gətirib çıxarıb. Azərbaycan Konstitusiyasında da milli iqtisadi inkişaf modelinin əsas prioritetləri hüquqi kontekstdən göstərilmiş, insanların firavan yaşayışının təmin olunması dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyada mülkiyyətin çoxnövlülüyü, təbii sərvətlərin xalqa məxsusluğu, habelə hər bir vətəndaşın sosial təminat, əmək, azad sahibkarlıq, mülkiyyət, mənzil toxunulmazlığı və s. hüquqları, eləcə də dövlətin üzərinə götürdüyü digər iqtisadi öhdəliklər əksini tapmışdır.

Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən dövlət başçısı İlham Əliyev ötən 10 ildə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirmiş, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir. Ötən illərdə uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların - davamlı və tarazlı inkişafı stimullaşdıran dövlət proqramlarının, ictimai həyatın bütün sahələrini əhatə edən fərman və sərəncamların nəticəsi olaraq respublikamız son illərdə dünyanın sürətli inkişaf yolunda olan, qlobal maliyyə-iqtisadi böhrandan uğurla çıxan dövlətlərindən biri kimi tanınır.

Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixdə təsdiq etdiyi "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı", habelə 14 aprel 2009-cu il tarixli "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə qeyri-neft sektorunda mühüm nəticələr əldə edilmişdir. Bu və digər inkişaf proqramları nəticəsində bölgələrin siması dəyişmiş, sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, yerlərinin açılması naminə sistemli addımlar atılmışdır. Regionların inkişafına xidmət edən kompleks tədbirlərin davamlı səciyyə daşıması isə tamamilə təbiidir: inkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlığın, məşğulluq ənənələrinin saxlanılması vacib şərtlərdəndir. Dövlət başçısı İlham Əliyevin son 10 illik iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqətin yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması məhz bu reallığa əsaslanır.

İqtisadi sahədə keçid dövrünü geridə qoyan respublikamızın inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələdə əsas məqsədlərdən birimilli iqtisadiyyatın rəqabətqabiliyyətliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Son illərdə dövlət başçısının imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir. "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanmasında məqsəd respublika iqtisadiyyatındakı pozitiv meyilləri daha da sürətləndirmək  mövcud potensialı davamlı inkişaf naminə tam səfərbər etməkdir. Bu məqsədlərə nail olunması üçün rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, sənayeləşmə siyasətinin sürətləndirilməsi, mütərəqqi təcrübəyə əsaslanan sənaye zonalarının yaradılması, müəssisələrin texnoloji cəhətdən yeniləşdirilməsi, intensiv metodların tətbiqinin daha da genişləndirilməsi və digər tədbirlər nəzərdə tutulur. 2020-ci ilədək respublikada ümumi daxili məhsulun 2 dəfəyədək artımını nəzərdə tutan həmin sənədə qeyri-neft sektorunun inkişafını, ölkənin ixrac potensialının gücləndirilməsini strateji hədəflər kimi müəyyənləşdirmişdir.

Son illərin statistik göstəriciləri regionların sosial-iqtisadi inkişafına yönəlmiş çoxşaxəli tədbirlərin praktik nəticələr verdiyini təsdiqləyir. 2003-2012-ci illərdə ümumi daxili məhsulun orta illik artımı 13 faiz, qeyri-neft sektorunda 10,6 faiz təşkil etmişdir. ÜDM 3 dəfə, onun adambaşına düşən həcmi 2,7 dəfə, qeyri-neft sektoru 2,3 dəfə, əsas kapitala yönəldilən investisiyaların həcmi 7,3 dəfə artmışdır. Bu dövrdə ölkənin iqtisadiyyatı 3 dəfədən çox artmış və onun inkişafına 132 milyard dollar məbləğində sərmayə qoyulmuşdur. Dövlət büdcəsi 19 dəfə, strateji valyuta ehtiyatları 29 dəfə, iqtisadiyyatın kreditləşməsi 24,5 dəfə artmışdır. Əhalinin gəlirləri, orta aylıq əməkhaqları və pensiyaların orta məbləği müvafiq olaraq 6,9, 6,3 və 6,4 dəfə yüksəlmişdir. Bu müddətdə bir milyondan çox yeni yeri açılmış, yoxsulluq səviyyəsi 44,7 faizdən 6 faizə enmişdir. Əldə olunmuş dinamik iqtisadi artımın nəticəsidir ki, Azərbaycanın "yuxarı orta gəlirli" ölkələr sırasında mövqeyi daha da möhkəmlənmişdir.

2012-ci ildə ölkədə ümumi daxili məhsulun istehsalı 2,2 faiz artmış, prioritet təşkil edən qeyri-neft sektoru üzrə isə artım 9,7 faiz olmuşdur. İqtisadiyyata bütün maliyyə mənbələri hesabına 25,8 milyard ABŞ dolları məbləğində investisiya yönəldilmişdir və bunun da 75 faizi qeyri-neft sektorunun payına düşür. İllik inflyasiyanın 1,1 faiz həddində saxlanılması sosialyönümlü siyasət üçün əlverişli zəmin yaratmışdır.

Dünya İqtisadi Forumunun Azərbaycanda keçirilməsi ölkəmizin iqtisadi nailiyyətlərinin dünya birliyi tərəfindən təsdiq edilməsi deməkdir.

Prezident İlham Əliyevin ötən 10 ildə sahibkarlığın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər də ardıcıllığı, səmərəliliyi və sistemliliyi ilə diqqəti cəlb edir. Hələ 2004-cü il 1 fevral tarixində Bakı Biznes Mərkəzində yerli sahibkarlarla görüşən dövlət başçısı onları narahat edən məsələləri diqqətlə dinləmiş, sahibkarları dəstəklədiyini, adamlarına gələcəkdə də lazımi köməyi göstərəcəyini bəyan etmişdir. Dövlət rəhbəri inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, adamlarının fəaliyyətinə müdaxilə hallarını pisləmiş, bu münasibət konkret qərarlarla müşayiət olunmuşdur. Bu istiqamətdə tədbirlər davam etdirilir. Antiinhisar fəaliyyətinin gücləndirilməsi, inflyasiyanın qarşısının alınması üçün əsaslı tədbirlərin görülməsi, qeydiyyat sisteminin sadələşdirilməsi, yerlərdə regional iqtisad məhkəmələrin yaradılması, Rəqabət Məcəlləsinin hazırlanması və s. kimi tədbirlər də bunun əyani təcəssümüdür. Dövlət başçısı iqtisadiyyatın liberallaşdırılması, bazarın inhisardan, haqsız rəqabətdən azad olunması, özəl sektorun dəstəklənməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsində ciddi addımlar atmış, verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirmişdir.

Azərbaycanı zəngin və qüdrətli dövlətə çevirməyi qarşısına məqsəd qoyan Prezident İlham Əliyev iqtisadi sahədə böyük uğurların qazanılmasını təmin etməklə verdiyi hər bir vədini əməli işi ilə doğruldur. Ölkədə həyata keçirilən liberal iqtisadi siyasət, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi əldə edilən müsbət nəticələrdir. Respublikanın əldə etdiyi uğurlar vaxtaşırı dünyanın ən nəhəng reytinq təşkilatları və maliyyə institutlarının hesabatlarında da əksini tapmışdır. Bütün bunlar ölkədə aparılan iqtisadi siyasət strategiyasının düzgünlüyünün bir daha təsdiqidir.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.-2013.-7 aprel.-S.5.