Azərbaycan zirvəsi

 

Öz taleyini yaşayan insanlar olduğu kimi, bütöv toplumun, xalqın taleyində böyük rol oynayan, hətta bir çox cəhətdən onu müəyyənləşdirən şəxsiyyətlər də olur. Xalqımızın tarixində və taleyində otuz ilə yaxın zaman kəsiyində müstəsna təsirə malik olmuş ümummilli liderimiz Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir. Həmin xeyirxah təsir mənim və ailəmizin həyatında da özünü göstərmişdir və mən xoşbəxtəm ki, bu böyük şəxsiyyəti yaxından tanımaq, müşahidə etmək, onunla ünsiyyətdə olmaq imkanı da qismətimə düşüb.

Heydər Əliyevin hakimiyyətə ilk gəlişi mənim yeniyetməlik çağlarıma təsadüf etmişdir. Azərbaycan SSR KP MK-nın birinci katibi seçiləndən dərhal sonra Heydər Əliyev qısa müddətdə respublikada idarəçilik sistemini xeyli möhkəmləndirdi. Kadrlara qarşı tələbkarlıq, tapşırılan iş üçün məsuliyyət artırıldı. Rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizəyə başlandı. Sovet hakimiyyəti tarixində ilk dəfə sosialist cəmiyyətində vəzifədən sui-istifadə, rüşvət və korrupsiya kimi mənfi halların olduğu və onlara qarşı mübarizənin vacibliyi Azərbaycan KP MK-nın 1969-cu il avqust plenumunda elan edildi.

Azərbaycana rəhbərliyə başlayandan az sonra - 1970-ci ildə Heydər Əliyev o vaxtacan maliyyə nazirinin birinci müavini vəzifəsində çalışan atam Baxşəli Həsən oğlu Baxşəliyevi respublikanın maliyyə naziri təyin etdi və o, 1987-ci ilin oktyabr ayınacan bu mühüm vəzifədə çalışmaqla, Azərbaycan tarixində bu postu ən uzun müddətə tutan dövlət məmuru oldu. Ümummilli liderimizin o dövrdə ölkəmiz və xalqımız üçün gördüyü nəhəng işlər haqqında ilk məlumatları da mən atamdan almış, bu bənzərsiz şəxsiyyət haqqında təsəvvürlərim onun söhbətləri əsasında formalaşmışdır. Atam daim Heydər Əliyevin əvvəlkilərdən fərqlənən tamamilə yeni tipli bir rəhbər olduğunu vurğulayar, onun respublikanın sosial-iqtisadi və mədəni inkişafı, İttifaq miqyasında nüfuzunun və çəkisinin artması istiqamətində göstərdiyi böyük, titanik fəaliyyətindən ağızdolusu danışardı. Hər il yayda İttifaqın paytaxtı Moskvaya etdiyi səfərlər zamanı atam Heydər Əliyevin çoxşaxəli fəaliyyəti sayəsində respublikamızın nüfuzunun ilbəil artmasını əyani şəkildə hiss edir və bununla bağlı təəssüratlarını bizimlə bölüşürdü.

Atamın sözlərindən bu qənaət hasil olurdu ki, Heydər Əliyevin Azərbaycanın hərtərəfli tərəqqisi üçün göstərdiyi gərgin fəaliyyətin mərkəzində insan dayanırdı - o, hədsiz məşğulluğuna baxmayaraq, ölkənin strateji inkişafı üçün lazım olan kadrların yetişməsinə böyük əhəmiyyət verir, mövcud kadr potensialından maksimum səmərəli istifadə olunmasına çalışır, bu baxımdan dəyər verdiyi insanları hər cür diqqət və qayğı ilə əhatə edirdi. Bir müddət sonra - atam ilk dəfə infarkt keçirdiyi zaman ailəmiz bunun canlı şahidi oldu: Heydər Əliyev vaxt tapıb xəstə yatdığı dövrdə iki dəfə atama zəng etdi, onun səhhəti ilə maraqlandı. 1982-ci ildə SSRİ rəhbərliyinə getdiyi zaman isə Heydər Əliyev respublikanın o vaxtkı baş nazirinə atamın qiymətli bir kadr olduğunu söyləmiş, ona qayğı ilə yanaşmağı tövsiyə etmişdi.

Mixail Qorbaçovun "perestroyka"sı dönəmində atam 1970-ci illərin "durğunluq dövrü" adlandırılması ilə heç cür razılaşmır, "Bəlkə də haradasa durğunluq olub, amma Azərbaycanda yox!" - söyləyirdi. O, əksinə, bu illərdə Azərbaycanda böyük inkişaf yaşandığını bildirir, həmin inkişafın sükanı arxasında Azərbaycanın böyük oğlu - Heydər Əliyevin durduğunu ağız dolusu söyləyirdi. O, haqlı olaraq, deyirdi ki, məhz Heydər Əliyevin rəhbərliyi dövründə kənd təsərrüfatının, xüsusilə, üzümçülük və pambıqçılığın inkişafı nəticəsində ən ucqar kəndlərdə belə, əhalinin maddi rifahı yaxşılaşmış, yeni sənaye sahələrinin təməli qoyulmuş, elm, təhsil və mədəniyyət sahəsində böyük uğurlara imza atılmışdır. Ümumiyyətlə, atam XX əsrin 70-80-ci illərini Azərbaycanın sosial-iqtisadi və mədəni yüksəliş dövrü kimi səciyyələndirirdi. Bu illərdə respublikamızın sosial-iqtisadi tərəqqisi yolunda əsl dönüş yarandı: 250-dən çox zavod, fabrik istifadəyə verildi, 630 min nəfərlik yeni iş yeri açdı. Heydər Əliyevin təşəbbüsü ilə SSRİ hökuməti respublikada xalq təsərrüfatının inkişafı üçün beş xüsusi qərar qəbul etdi. 1971-85-ci illərdə iqtisadiyyata sərmayə qoyuluşunun həcmi 32 milyard rubl təşkil edirdi ki, bu da sovet dövrünün əvvəlki 50 ilində istifadə olunan vəsaitdən 2,1 dəfə çox idi.

1985-ci ildə Cənubi Qafqazda ən iri poladəritmə zavodu istifadəyə verildi, dərin dəniz özülləri zavodu tikildi. Sənayedə struktur dəyişiklikləri aparıldı. Bakı Məişət Kondisionerləri Zavodu qısa müddətdə tikilib, 1975-ci ildə istifadəyə verildi. "Ulduz", "Azon" cihazqayırma zavodları, Sumqayıt Kompressorlar Zavodu, Bakı Elektrik Qaynaq Avadanlığı Zavodu işə düşdü. Onlarla istehlak malları istehsal edən, o cümlədən Abşeron, Siyəzən broyler fabrikləri, Bakı Şampan Şərabları Zavodu, habelə Bakıda 2 evtikmə kombinatı, Sumqayıt və Mingəçevirdə evtikmə zavodları, Sumqayıt Şüşə Zavodu, Ələt Ağac Emalı Kombinatı və s. müəssisələr istifadəyə verildi. Araz, Tərtər, Şəmkir su-elektrik stansiyaları, "Azərbaycan" DRES-i işə salındı. Azərbaycanın enerji müstəqilliyi təmin olundu.

Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-82-ci illərdə kənd təsərrüfatının dinamik inkişafı, respublikanın və bütövlükdə ölkənin iqtisadiyyatında onun rolunun artması ən mühüm iqtisadi nəticələrdən biri idi. Kolxoz və sovxozların maddi-texniki bazası daha da möhkəmləndi. Böyük meliorasiya proqramı həyata keçirildi. Baş Mil, Abşeron, Lənkəran, Şəmkir kanalları, Araz, Arpaçay, Sərsəng, Yuxarı Xanbulançay, Şəmkir və b. dəryaçalar istifadəyə verildi. Bərdə, Ağcabədi, Sabirabad, Beyləqan iri pambıqçılıq rayonlarına çevrildilər. Lənkəran-Astara, Quba-Xaçmaz zonalarında tərəvəzçilik daha da inkişaf etdirildi. Üzüm plantasiyaları 1970-ci ildəki 121,6 min hektardan 1985-ci ildə 268 min hektara çataraq 2,2 dəfə artdı. İri heyvandarlıq kompleksləri tikildi. Respublikaya min baş cins qaramal gətirildi. Kənd təsərrüfatının ümumi məhsulunun həcmi 1981-85-ci illərdə 1966-70-ci illərin səviyyəsinə nisbətən 2,6 dəfə çoxaldı.

Geniş iqtisadi quruculuq sayəsində 1969-85 illərdə əmək məhsuldarlığı sənayedə 2,1, kənd təsərrüfatında 1,8 dəfə, xalq təsərrüfatında gəlir 335 % və ya Ümumittifaq göstəricisindən 2 dəfə çox artdı.

Həmin illərdə yaradılmış iqtisadi, elmi-texniki və mədəni potensial gələcəkdə respublikanın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratdı. XX əsrin 70-80-ci illərində SSRİ-də öz iqtisadiyyatını müstəqil idarə etməyə qadir olan 2 respublikadan biri Azərbaycan idi.

Respublikada geniş sosial-mədəni quruculuq proqramı həyata keçirilirdi. Bakı, Sumqayıt, Gəncə və digər şəhərlər böyüyür, ətrafında yeni yaşayış massivləri salınırdı. Azərbaycanda 20 mln m2 mənzil sahəsi istifadəyə verildi, yüzlərlə müasir binalar tikildi, yollar körpülər, kənd və qəsəbələr salındı. Azərbaycan az vaxt içərisində inkişafın başlıca keyfiyyət ölçülərinə görə müttəfiq respublikalar içərisində önə çıxdı. Sürətli sosial-iqtisadi inkişaf nəticəsində ictimai əmək bölgüsündə istər idxal, istərsə də ixrac edilən məhsulların həcminə görə İttifaq miqyasında Azərbaycanın rolu xeyli artdı.

Respublikada elm, təhsil, ədəbiyyat, incəsənət və memarlığın inkişafına da diqqət artırıldı. Ali, orta ixtisas, ümumtəhsil məktəbləri, teatr, klub, muzey, kitabxanalar şəbəkəsi xeyli genişləndi. 1971-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə milli hərbi kadrlar yetişdirilməsi üçün C.Naxçıvanski adına respublika orta ixtisaslaşdırılmış internat məktəbi təşkil olundu. Yüksək ixtisaslı mütəxəssis kadrlar hazırlanmasına diqqət artırıldı. 17 mindən çox azərbaycanlı övladları SSRİ-nin 170 aparıcı ali təhsil ocağına göndərildi.

Azərbaycanda onlarla yeni elmi tədqiqat müəssisələri yaradıldı. 1975-ci ildə EA-nın nəzdində "Xəzər" Elmi Mərkəzi fəaliyyətə başladı. 1978-ci ildə mərkəzin əsasında Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutu, 1981-ci ildə isə Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyi təşkil edildi.

Respublikada kitab çapı və mətbuat xeyli inkişaf etdi. 1969-cu ildə "Qobustan" almanaxı nəşr edilməyə başladı. 1990-cı ildə ildə 168 qəzet, 91 jurnal, 1300-dən çox kitab çap olundu. 1976-87-ci illərdə Azərbaycanda ilk dəfə böyük informasiya tutumlu 10 cildlik "Azərbaycan Sovet Ensiklopediyası" nəşr edildi.

Xalqın mədəni və mənəvi dəyərlərinə diqqət artırıldı. Nizami, Əcəmi, Nəsimi, Tusi, Vaqif, Aşıq Ələsgər, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Hüseyn Cavid kimi görkəmli elm, ədəbiyyat və incəsənət xadimlərinin yubileyləri, Azərbaycan teatrının 100 illiyi təntənə ilə qeyd olundu. Azərbaycan tarixinə və Azərbaycan dilinə aid qiymətli araşdırmalar yüksək dövlət mükafatlarına layiq görüldü. 1974-cü ildən ali məktəblərdə Azərbaycan tarixinin tədrisinə ayrılan saatlar artırıldı. 1977-ci ildə Nizami irsinin yenidən öyrənilməsi haqqında qərar qəbul olundu, bu sahədə səmərəli işlər görüldü. Cənubi Azərbaycanla bağlı mövzuların ədəbiyyatda inikası üçün geniş imkanlar açıldı. 1979-cu ildə "Azərbaycan Yazıçılar İttifaqı"nın Cənubi Azərbaycan üzrə katibi seçildi. Vaxtilə "pantürkist" kimi damğalanmış Hüseyn Cavidin nəşi 1982-ci ildə İrkutsk vilayətindən gətirilərək Naxçıvanda dəfn edildi.

Heydər Əliyevin rəhbərliyi dövründə erməni separatçıları açıq çıxışlardan çəkinirdilər. 1977-ci ilin noyabrında onların Dağlıq Qarabağ məsələsini növbəti dəfə qaldırmaq cəhdinin qarşısı qətiyyətlə alındı.

Qısa müddətdə Azərbaycan SSR-in sürətli sosial-iqtisadi və mədəni inkişafı SSRİ rəhbərliyində Heydər Əliyevə böyük nüfuz qazandırdı. Heydər Əliyev 1976-cı ildə Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd seçildi. 1982-ci ilin dekabrında Heydər Əliyev Sov. İKP MK Siyasi Bürosuna üzv seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi və bu imkanlardan da Azərbaycanın inkişafı naminə istifadə etdi. Bütövlükdə 1969-87-ci  illər Azərbaycanın quruculuq salnaməsinə parlaq səhifələr kimi daxil oldu. Bu dövrdə müstəqil Azərbaycan Respublikasının təməli qoyuldu.

Bütün bunlara görə də atam M.Qorbaçovun təhriki ilə İttifaq miqyasında Heydər Əliyevə qarşı aparılan böhtan və qaralama kampaniyasını ürək ağrısı ilə qarşılayır, bu haqsızlıqla heç cür barışa bilmirdi. 1987-ci ildə Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdığı zaman atam təzəcə təqaüdə çıxmışdı və ağır xəstə idi. O, bu xəbəri böyük narahatlıqla qarşıladı və demək olar, səhərəcən yata bilmədi. Narahatlığını bizimlə - övladları ilə bölüşərək: "Azərbaycan müdafiəsiz qaldı, indi görərsiniz, xalqımızın başına nə bəlalar gələcək, ermənilər hansı oyunlardan çıxacaqlar, axı, onların qarşısını alan yeganə qüvvə Heydər Əliyev idi" - deyirdi. Bundan bir neçə gün sonra atam dünyasını dəyişdi və... Qarabağ ətrafında məlum olaylar başladı. Ermənilərin SSRİ rəhbərliyi, şəxsən Qorbaçov tərəfindən dəstəklənən torpaq iddiaları atamın narahatlığının nə qədər əsaslı olduğunu, eyni zamanda, Heydər Əliyev şəxsiyyətinin xalqımızın taleyi üçün necə önəm daşıdığını sübut etdi.

XX əsrin sonunda xalqımızın milli istiqlala qovuşması üçün növbəti tarixi şərait yarandı. 1988-ci ildən vüsət alan xalq hərəkatı Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi, xalq hərəkatının içərisindən çıxmış siyasi qüvvələrin hakimiyyətə gəlməsi ilə nəticələndi. Lakin müstəqilliyin ilk mərhələsində ölkədəki qeyri-sabit vəziyyət, Azərbaycan dövlətinin və parlamentinin başında duranların siyasi naşılığı, düşünülməmiş hərəkətləri, 25 nəfəri iqtidardan, 25 nəfəri isə müxalifətdən olan deputatların müxtəlif siyasi oyunlara cəlb edilməsi hakimiyyət böhranını günbəgün dərinləşdirirdi.

1992-ci il fevral ayının 26-da Xocalıda faciə baş verdi. Bunun ardınca Şuşa,  Laçın, daha sonra Kəlbəcər işğal olundu. Gəncə hadisələri baş verdi. Siyasi didişmələr və silahlı qruplaşmaların mübarizəsi ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxardı.

Sonrakı illərdə Azərbaycan davamlı hakimiyyət dəyişiklikləri ilə, Qarabağın və ətraf ərazilərin itkisi ilə üzləşdi, iqtisadi tənəzzül, xaos və anarxiya girdabına yuvarlandı. Bütün bu müddətdə xalqımızın əksəriyyəti kimi mən də yalnız Heydər Əliyevin gənc dövlətimizi bu ağır vəziyyətdən qurtara biləcəyini düşünür, onun yenidən siyasi hakimiyyətə qayıdışını arzulayırdım. Hər dəfə ölkədəki vəziyyətdən söhbət düşəndə, 1970-80-ci illəri həyatının ən gözəl illəri kimi xatırlayan rəhmətlik anam Azərbaycana nicat verəcək şəxsiyyətin ancaq Heydər Əliyev olduğunu söyləyirdi.

Nəhayət, 1993-cü ilin keşməkeşli yayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə qayıtdı və böyük təcrübəyə malik müdrik dövlət adamı kimi addım-addım ölkəni düşdüyü fəlakətli vəziyyətdən çıxartmaq istiqamətində titanik fəaliyyətə başladı. Heydər Əliyev Milli Məclisin 15 iyun tarixli iclasında Ali Sovetin sədri seçildi. Səsvermədən sonra proqram nitqlə çıxış edən Heydər Əliyev respublikanın o vaxtkı ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk etdiyini və bunun aradan qaldırılması üçün əlindən gələni əsirgəməyəcəyini bildirdi, qarşıda duran əsas vəzifələri müəyyənləşdirdi.

Marksist-leninçi ideologiyanın artıq keçmişdə qaldığını söyləyən natiq yeni ideologiyanın hansı zəmində yaranmasının yollarını göstərdi: "Marksizm-leninizm ideyasına müstəqil Azərbaycan Respublikası artıq dönməməlidir. Ancaq eyni zamanda, biz mənəviyyatsız, ideyasız yaşaya bilmərik. Bizim indiki ideyamız isə milli tarixi ənənələrimiz əsasında, millətimizin keçdiyi tarixi yol əsasında, xalqımızın keçdiyi tarixi yol əsasında, bizim ulu babalarımızın yaratdığı ümumi bəşəri dəyərlər əsasında, Nizami Gəncəvinin, Xaqaninin, Fələkinin, Nəsirəddin Tusinin, Bəhmənyarın, Nəsiminin, Füzulinin, Vaqifin, Seyid Əzim Şirvaninin, Mirzə Ələkbər Sabirin, Üzeyir Hacıbəyovun, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Səməd Vurğunun, Cəfər Cabbarlının, Mirəsədulla Mirqasımovun, Yusif Məmmədəliyevin, Mustafa bəy Topçubaşovun və tarix boyu alimlərimizin, tarixçilərimizin, ədəbiyyatçılarımızın, filosoflarımızın qoyduğu mənəvi dəyərlər əsasında bizim xalqımız, şübhəsiz ki, öz bugünkü mənəviyyatını inkişaf etdirməlidir".

Beləliklə, Heydər Əliyevin Azərbaycan Respublikası Alı Sovetinin sədri vəzifəsində fəaliyyət göstərdiyi qısa zaman kəsiyində ölkənin həm daxili, həm xarici siyasətində böyük işlər görüldü, müstəqil Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının təməli qoyuldu.

Heydər Əliyev parlamentdəki fəaliyyətində ilk addım olaraq xalqla birbaşa təmasa keçdi. Milli Məclisin bütün iclasları, mətbuat konfransları, brifinqlər, problem məsələlərə həsr olunmuş müşavirələr canlı yayımla televiziya ekranlarında göstərildi. Xalq hər şeydən xəbərdar oldu. Tədricən problemlərin həlli yolları ilə əlaqədar konstruktiv tədbirlər həyata keçirilməyə başladı. Xalqın itirilmiş inamı özünə qaytarıldı. Ən başlıcası isə sabitlik yarandı. Heydər Əliyev Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. O, ilk növbədə, sabiq hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa başladı, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı.

Ölkənin mənafeyini qorumaq istiqamətində hərtərəfli ölçülüb-biçilmiş addımların atılmasının gərəkliyini vurğulayan Heydər Əliyev Azərbaycanın dövlətçilik mənafeyini hər şeydən uca tutaraq müxtəlif dövlətlərin bütövlükdə Qafqaz və bilavasitə respublikamız üzərində qurulmuş iqtisadi maraq və nüfuz dairəsi uğrunda mübarizələrini nəzərə alaraq, çevik manevrlər və xüsusi taktiki gedişlər etdi.

Beləliklə, xarici siyasət xəttində mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. İlk növbədə, müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə, müsəlman dünyası və İranla, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı. Azərbaycan müstəqillik qazandıqdan sonra İslam Konfransı Təşkilatına üzv oldu. Heydər Əliyev müsəlman ölkələri arasında əməkdaşlığı möhkəmlətməyi, sülh şəraitini təmin etməyi, mənəvi dəyərlərimizi, mədəniyyətimizi, ənənələrimizi qoruyub saxlamağı və inkişaf etdirməyi əldə rəhbər tutan bu beynəlxalq təşkilatla yaxından əməkdaşlıq etmək, onun vasitəsi ilə müsəlman dünyasının haqq işimizdə bizə dəstəyinə nail olmaq prinsiplərini xarici siyasətimizin vacib istiqaməti hesab edərək bu təşkilatın bütün imkanlarından səmərəli istifadə etmək zərurətini vurğulamışdı. 1993-cü ilin ikinci yarısından başlayaraq bu istiqamətdə görülən işlər sanki yeni nəfəs aldı, İKT ilə ölkəmiz arasındakı əlaqə və təmaslar intensivləşməyə və fəallaşmağa başladı. Nüfuzlu dövlətlərlə pozulmuş münasibətlər bərpa edildi. Özünə xas olan uzaqgörənliklə o, müharibə şəraitinə baxmayaraq, hərbi-siyasi və sosial-iqtisadi problemlərlə yanaşı, Azərbaycan elmi və mədəniyyətinin məsələləri ilə də yaxından məşğul olmağa başladı və özünün ilk görüşlərindən birini 21 sentyabr 1993-cü ildə həmin vaxt ciddi böhran yaşayan Azərbaycan Elmlər Akademiyasında keçirdi. Bu, bir tərəfdən, ölkə rəhbərinin alimlərimizə bəslədiyi böyük ehtiram, Azərbaycan elminin gələcəyinə göstərilən hədsiz qayğı və diqqətlə, digər tərəfdən, ölkəni 1993-cü ilin iyununadək idarə etmiş səriştəsiz insanların respublikada elm adamlarına münasibətdə yol verdikləri ədalətsizlikdən irəli gələn narahatlıqlarla bağlı idi. Elə həmin görüşdə Heydər Əliyev belə narahatlıqların əsassız olduğunu təsdiqlədi: "Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq... Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir. 1945-ci ildə bu akademiyanı yaradan alimlər çox böyük şücaət göstərmişlər. Ötən dövrdə bu akademiyanın çərçivəsində Azərbaycan elmi çox inkişaf etmişdir. Əmin ola bilərsiniz ki, Elmlər Akademiyası da, institutlar da fəaliyyət göstərəcəklər və biz buna imkan yaradacağıq".

Şərqşünaslıq İnstitutunun direktor müavini kimi mən də həmin görüşdə iştirak edirdim. Heydər Əliyevin parlaq nitqi görüş iştirakçılarına güclü təsir bağışladı, hər kəs onun ölkənin problemləri və onların həlli yolları barədə necə dəqiq təsəvvürə malik olduğuna heyran qaldı. Görüşdən sonra mən foyedə dayanmış ümummilli liderə yaxınlaşıb özümü təqdim etdim. Çöhrəsinə təbəssüm qondu, atamı xoş sözlərlə xatırladı, ailəmizin vəziyyəti ilə maraqlandı, institutumuzun durumu ilə bağlı suallar verdi. Bu, mənim bu nadir şəxsiyyətlə ilk görüşüm, ilk yaxın təmasım idi və mən uzun müddət bu ünsiyyətin xoş təsirindən çıxa bilmədim.

Hər bir cəmiyyət onun elmə, ziyalıya, alimə münasibəti ilə qiymətləndirilir. Ona görə akademiyaya olan münasibət məni çox sevindirir. İlk növbədə, akademiya işçilərinin maaşlarının iki dəfə artırılması ilə bağlı dövlət başçısının sərəncamını elm adamları böyük ruh yüksəkliyi ilə qarşıladılar. Məsələ təkcə maddi tərəfdə deyil, eyni zamanda, onun mənəvi tərəfi də var idi. Bütün cəmiyyət bir daha əmin oldu ki, Elmlər Akademiyası bu cəmiyyətə, müstəqil Azərbaycana lazımdır və dövlət imkan tapan kimi Elmlər Akademiyasını tam təmin etmək üçün əlindən gələni edir.

Sonra ən fərəhləndirici bir hadisə baş verdi. Bu da Azərbaycan Elmlər Akademiyasının Naxçıvan bölməsinin açılmasıdır. Hesab edirəm ki, bu təkcə Naxçıvanın həyatında yox, bütövlükdə Azərbaycan Elmlər Akademiyasının həyatında böyük hadisədir. İlk növbədə, o məsələlər ki bilavasitə Naxçıvanda öyrənilməlidir, arxeologiya, tarix sahələrində orada elmi potensial yaradılmalıdır. Bu baxımdan fərmanın böyük əhəmiyyəti var idi. Orada 500-ə qədər adam işləyəcək, yüksək məvacib alacaqlar. İşsizlik probleminin həllində də bunun rolu vardı. Bundan başqa, bu, Naxçıvanda elmi potensialın qorunub saxlanılmasına kömək olacaqdı. Bütövlükdə Elmlər Akademiyası üçün bunun əhəmiyyəti ondan ibarətdir ki, yenə də elmin xalqa lazımlığı bir daha təsdiq olundu.

Çox keçmədi ki, səriştəsiz şəkildə aparılan, reallığı, qüvvələr nisbətini nəzərə almayan və xalqın milli mənafelərinə ziyan vuraraq nəticədə yenicə müstəqillik əldə edən və ağır müharibə şəraitində olan Azərbaycanın beynəlxalq aləmdə təklənməsinə gətirib çıxaran yarıtmaz xarici siyasətdən imtina edildi. Böyük səylər nəticəsində qısa bir zamanda ölkədə hakimiyyət boşluğu aradan götürüldü, Azərbaycanın dövlətçiliyinə, ərazi bütövlüyünə qəsd edən separatçı qüvvələr, cinayətkar ünsürlər zərərsizləşdirildi, Gəncədəki gərginlik ocağı söndürüldü, ictimai-siyasi böhran aradan qaldırıldı, orduda təxirə salınmaz tədbirlər həyata keçirildi, azad vətəndaş cəmiyyətinin qurulması istiqamətində mühüm addımlar atıldı.

Xalqın geniş təbəqələrinin arzularını ifadə edən və onların qətiyyətli dəstəyinə söykənən Heydər Əliyevin ardıcıl səyləri pozucu qüvvələrin Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə qarşı yönəlmiş fəaliyyətinin qarşını almağa imkan verdi. Respublikamız onun başı üzərini almış qanlı vətəndaş qarşıdurmasından və parçalanıb məhv olmaq təhlükəsindən xilas oldu. Həyatımızda baş verən köklü dəyişikliklərin əsası məhz o vaxt qoyuldu.

l993-cü ildən bəri ölkə həyatının bütün sahələrində aparılan islahatlar özünün müsbət nəticələrini vermişdir: istər iqtisadiyyatda, istər siyasətdə, istərsə də mədəni həyatda böyük dəyişikliklər olmuşdur. Beləliklə, hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu yolu seçən müstəqil ölkəmiz dövlətçiliyini, müstəqilliyini itirmək təhlükəsindən xilas olaraq davamlı inkişaf tendensiyasına malik, gözəl perspektivləri olan respublikaya çevrilmişdir.

Fəxrlə deyə bilərik ki, respublikamız çoxlarını heyrətləndirən böyük transmilli layihələrin təşəbbüsçüsüdür. Nəzərə alsaq ki, "Əsrin müqaviləsi", onun mühüm tərkib hissələrindən olan Bakı-Tbilisi-Ceyhan, qədim İpək yolu, şimal-cənub nəqliyyat dəhlizi və s. layihələr reallaşmışdır, onda Azərbaycanın artıq beynəlxalq birliyin layiqli üzvü olduğunu deməyə əsasımız var. Həm ölkə daxilində, həm də xaricdə aparılan siyasətin, Azərbaycanda ardıcıl həyata keçirilən siyasi və iqtisadi islahatların, demokratikləşmə prosesinin hüquqi bazası yaradılmışdır.

1997-ci ildə mən AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru təyin olundum. Artıq ulu öndərin gərgin və yorulmaz fəaliyyəti, uğurlu daxili və xarici siyasəti nəticəsində Ermənistanla atəşkəsə nail olunmuş, ölkədə siyasi və iqtisadi sabitlik bərqərar edilmiş, dövlətimizin inkişafı üçün fövqəladə əhəmiyyətə malik "Əsrin müqaviləsi" imzalanmışdı. Ölkədə görkəmli tarixi şəxsiyyətlərin yubileylərinin, əlamətdar hadisələrin ildönümlərinin qeyd olunması ənənəsi bərpa olunmuşdu və bu işlər şəxsən Heydər Əliyevin rəhbərliyi ilə, onun sərəncamı əsasında yaradılmış komissiyalar tərəfindən həyata keçirilirdi. Mən də öz sahəmə aid olan komissiyaların işində iştirak edir, bununla əlaqədar ölkə başçısının yanında keçirilən iclaslara qatılırdım. Həmin iclaslardan ikisi xüsusilə xatirimdədir: Naxçıvan Muxtar Respublikasının yaradılmasının 75 illiyinə və Dədə Qorqud eposunun 1300 illiyinə həsr olunmuş iclaslar. Bu iclasların birində mən xaricdəki elmi mərkəz və kitabxanalarda Azərbaycanla bağlı məlumat və ədəbiyyatın qıtlığına diqqəti çəkdim. Heydər Əliyev qarşısındakı kağızda müvafiq qeyd edərək, bunun aradan qaldırılmasının zəruri olduğunu vurğuladı, sonra da təbəssümlə üzünü əyləşənlərə tutub: "Mənim qızımla bir oxuyub" - dedi. Çıxışıma Heydər Əliyevin bu cür diqqət yetirməsi mənim üçün çox qiymətli oldu, məni yeni elmi axtarışlara, ictimai fəallığımı artırmağa ruhlandırdı.

2000-ci ildə mən ilk dəfə Azərbaycan Milli Məclisinin deputatı seçildim, 2001-ci ildə isə o böyük şəxsiyyətin tövsiyəsi ilə deputat həmkarlarım məni Milli Məclis sədrinin müavini seçdilər. Bu mənə göstərilən böyük etimad idi. Bu statusum mənə ulu öndərimizlə müxtəlif tədbirlərdə daha tez-tez görüşmək, onun böyük şəxsiyyətinin çeşidli cəhətlərini daha dərindən anlamaq imkanı verdi. Onun daimi qayğısı sayəsində şərqşünas alimlərimiz daha həvəslə çalışmağa başladılar, vaxtilə institutumuzu tərk etməyə məcbur olmuş bir çox insanlar sevimli kollektivin sıralarına qayıtdılar, bütövlükdə Elmlər Akademiyası dirçəliş və inkişaf mərhələsinə qədəm qoydu...

Burada bir məsələni qeyd etməyə bilmərəm. Heydər Əliyevin 33 illik fəaliyyətini müşahidə edəndə, həmişə bir şeyə qibtə etmişəm. Bu adam nə edibsə, günbəgün, ilbəil Azərbaycanın mənafeyi üçün edib. Onun bir amalı olub: Azərbaycanın inkişafı, Azərbaycanın tərəqqisi, Azərbaycan balalarının sabahı. Ona görə də onun bütün xidmətləri Azərbaycan naminə olub. Son illərdəki fəaliyyətini götürəndə baxırsan ki, bütün həyatını Azərbaycanın inkişafına sərf edir. Bəlkə bəzi adamlar müəyyən işlərin xalqımız üçün əhəmiyyətini tam dərk edə bilmirlər. İllər keçəndən sonra o adamlar da etiraf edirlər ki, doğrudan da, Heydər Əliyev Azərbaycanın tarixinə qurucu kimi daxil olub. Mən bunu cəsarətlə demək istəyirəm,  mən elmi işçiyəm, haqqa haqq deməyə öyrənmişəm, tarix boyu ən böyük azərbaycanlı Heydər Əliyev olub. Bunu qiymətləndirmək lazımdır. Mən çox təəssüf edirəm ki, bəzi adamlar ya başa düşmürlər, ya da bilərəkdən onun fəaliyyətini təhrif edirlər. Amma çox insafsız iş görürlər. Özü də elə adamlar təhrif edirlər ki, onlar özləri Azərbaycan üçün heç bir iş görməyiblər. Özləri görə bilmədiyi yetmir, iş görənə də şər, böhtan atırlar. Belələri xalqın qəzəbinə gələcəklər.

İstənilən şəxsin vətənə, xalqa xidməti onun gördüyü işlərlə, yaratdığı maddi sərvətlərlə, harada olursa-olsun vətəninin, xalqının mənafeyini hər şeydən uca tutması ilə ölçülür. Ulu öndər Heydər Əliyevin həyat yolunu nəzərdən keçirərkən bir daha əmin oluruq ki, onun çoxşaxəli yorulmaz və zəngin fəaliyyəti Azərbaycana, Azərbaycan xalqına fədakarcasına xidmətin bariz nümunəsidir. Bu sovet dövründə də belə olub, vətənimiz müstəqillik əldə edəndən sonra da.

Heydər Əliyevin həm ötən əsrin 70-80-ci illərində ölkəyə rəhbərlik edərkən, həm də son on ildə müstəqil dövlət qurarkən apardığı ümumi siyasət bu olmuşdur: Azərbaycanın ümummilli mənafelərini istənilən səviyyədə müdafiə etmək, bütün sahələrdə inkişafa nail olmaq, xalqın və ölkənin təhlükəsizliyini təmin etmək. Hesab edirəm ki, ulu öndər bütün hallarda öz istəyinə nail olmuşdur və ona görə də xalqının ümummilli liderinə çevrilmişdir. Təəssüf edirəm ki, onun xalqı üçün gördüyü işlərin mində birini görməyənləri insanlar bu gün ona qarşı böhtan kampaniyası aparırlar. Heydər Əliyev Azərbaycan tarixinə böyük qurucu kimi daxil olub. Hesab edirəm ki, I Pyotr və Mustafa Kamal Atatürk öz xalqlarının tarixində hansı yeri tuturlarsa, Heydər Əliyev də Azərbaycan xalqının tarixində o yerə sahibdir.

Ümummilli liderin vəfatı bütün xalqımız kimi məni də dərindən sarsıtdı. Heydər Əliyevin apardığı işlərin miqyasını və əhəmiyyətini bilən bir şəxs kimi bunun dövlətimiz üçün necə ağır bir itki olduğunu yaxşı anlayırdım. Amma mənə, eləcə də bütün xalqımıza təsəlli və ümid verən o oldu ki, Heydər Əliyevin qurduğu Azərbaycan dövlətinin sükanı arxasına onun siyasi kursunun ən layiqli davamçısı - cənab İlham Əliyev keçdi və onun ideyalarını yaşadaraq çiçəklənən Azərbaycanı daha uca zirvələrə aparmaqdadır. Bu yolda ulu öndərimiz daim bizimlədir, çünki onun ömrü vətənə fədakarcasına xidmətin bariz nümunəsi, dövlətimizin tarixinin parlaq səhifəsi, onu tanıyanların, onunla birgə çalışanların həyatının ayrılmaz bir parçasıdır.

 

 

Gövhər BAXŞƏLİYEVA,

Milli Məclisin deputatı, AMEA Şərqşünaslıq

İnstitutunun direktoru, filologiya üzrə elmlər

doktoru, professor

 

Azərbaycan.- 2013.- 7 aprel.- S. 2.