Kaspi Təhsil Mərkəzi
tərəfindən V Beynəlxalq təhsil sərgisi təşkil
olunmuşdur
Aprelin 6-da Bakıda Kaspi Təhsil Mərkəzi tərəfindən V Beynəlxalq təhsil sərgisi təşkil olunmuşdur.
AzərTAc
xəbər verir ki, sərginin açılışında
çıxış edən təhsil nazirinin müavini Qulu
Novruzov Azərbaycanda beynəlxalq təhsil sərgilərinin ənənə
halını aldığını bildirmişdir. Bu ənənənin
təməli Kaspi Tədris Mərkəzi tərəfindən
qoyulmuşdur. Hər il sərgidə iştirak edən
universitetlərin sayı
artır. Hər dəfə bu sərgilərdən sonra biz gənclərimizin
xarici təhsil müəssisələrinə qəbul
olunduğunun şahidi oluruq. Belə sərgilər Azərbaycan
gənclərinin daha yaxşı təhsil alması
üçün dünyanın ən qabaqcıl universitetlərinin
proqramlarından bəhrələnmək imkanını
yaradır.
Sərgidə
əsasən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində tələbələrin
göndərilməsi üçün nəzərdə
tutulan universitetlər iştirak edirlər.
Kaspi
Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva
demişdir ki, sərginin məqsədi xarici mütəxəssislərin
iştirakı ilə dünyanın qabaqcıl universitetlərindəki
təhsil imkanları barədə tələbə və gəncləri
maarifləndirmək və Kaspi Təhsil Mərkəzinin
köməyi ilə onların həmin universitetlərə
çıxışlarını təmin etməkdir.
Sərgidə
8 ölkəni təmsil edən 14 müxtəlif universitet və
təhsil müəssisəsi təmsil olunmuş, eyni zamanda,
dünyanın ən yaxşı 150 ali təhsil ocağı
siyahısında olan Qlazqo, Aston, Reading universitetlərinin, həmçinin
müxtəlif təqaüd proqramlarının təmsilçiləri
iştirak etmişlər.
Sərgidə
təmsil olunan universitetlər və digər ölkələrin
təhsil sistemi ilə yaxından tanışlıq imkanı
yaradılmışdır. Xaricdə təhsilə
maraqlı olan gənclərin universitetlərin nümayəndələri
ilə görüşləri və birbaşa konsultasiya
almaları üçün sərginin növbəti
günü Kaspi Təhsil Mərkəzində seminar və təqdimatların
təşkili planlaşdırılır.
Azərbaycan.- 2013.- 7 aprel.- S. 3.