Azərbaycan Respublikası Prokurorluğu orqanlarında vətəndaşların müraciətlərinə baxılmasına diqqət artırılır

 

Vətəndaşlarla görüşlərin keçirilməsini, onların müraciətlərinə vaxtında baxılması və haqlı tələblərinin təmin edilməsini bütün dövlət təsisatlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirən Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq, vətəndaşların yerlərdə qəbulu üzrə təsdiq edilmiş qrafikə uyğun olaraq, Baş prokuror Zakir Qaralov aprelin 5-də Ağstafa rayon prokurorluğunun binasında Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının sakinləri ilə görüşmüşdür.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilmiş görüşdə 200-ə yaxın vətəndaşın müraciətinə baxılmış, onların problemlərinin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, təsərrüfat, əmlak, mülki xarakterli mübahisələr, eləcə də sosial məsələlərlə bağlı müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti üzrə müvafiq icra orqanlarında operativ həlli üçün təxirəsalınmaz zəruri tədbirlər görülmüşdür.

Vətəndaşların qaldırdıqları və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun həlli barədə Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilmiş, konkret ərizə və şikayətlər üzrə yerində tədbirlər görülmüşdür.

Eyni zamanda, qeyd edilən rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirilmiş, respublikamızın mühüm strateji əhəmiyyət kəsb edən qərb bölgəsində ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilmiş, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılmışdır.

Baş prokuror Zakir Qaralov həmçinin Ağstafa rayonundan olan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə görüşmüşdür. Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından onlara ərzaq yardımı göstərilmişdir.

 

 

Azərbaycan.- 2013.- 7 aprel.- S. 3.